"Azərbaycanı “sülh danışıqlar” çərçivəsinə salıb, məsələnin həllini uzadıblar"Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Baku News-un suallarını cavablandırıb.

- Fuad müəllim, prezident İlham Əliyev Qarabağ məsələsində hərbi-siyasi reallıqların yarandığını vurğuladı və ölkə ictimaiyyətinə, beynəlxalq aləmə, o cümlədən, Ermənistana yeni mesajlar verdi. Verilən mesajları necə qiymətləndirərsiz?

- Bu il iyul ayında sərhəddə, Ermənistan tərəfindən törədilən təxribata verilən cavab onlar üçün gözlənilməz idi. Bundan sonra Ermənistanın baş naziri, müdafiə naziri qondarma “DQR”-ə səfər etdilər. Baş nazirin həyat yoldaşı 18-27 yaşlı qadınların hərbi təlimlərdə iştrak edəcəklərini bəyan edir. Müdafiə naziri Gəncəni vurulmaqla hədələyir. Bütün bunlar, bu savaş ritorikası cavabsız qalmamalı idi. Və dövlət başçısı onların cavabını verdi. Ən əsası beynəlxalq ictimayyətə də bildirdi ki, Ermənistan beynəlxalq hüququ yerə vurursa, Azərbaycan da beynəlxalq hüququ gözləmiyəcək. Hesab edirəm ki, bu çox vacib ismarıcdır. Ermənistana deyilən fikirlər, dolayısı ilə başda BMT olmaqla digər beynəlxalq təşkilatlara da aiddir. Bu təşkilatlar, özlərinin verdikləri qərarlara hörmətsizlik edirlər, beynəlxalq hüququ yerə vururlar. Azərbaycanı “sülh danışıqlar” çərçivəsinə salıb, məsələnin həllini uzadıblar. 27 ildən çoxdur ki, haqlı olduğumuzu, beynəlxalq hüquqa əsaslanıb işğalda olan torpaqlarımızı azad edə bilmirik. Bəli, dövlət başçısı demişkən – danışıqlara yer qalmayıb. Azərbaycan anti-terror əməliyyata başlamalıdır.

- Bu çıxışdan sonra ehtiyatda olan hərbi vəzifəlilər qanunvericiliyə uyğun olaraq təlim toplantılarına çağırıldılar. Bəzi vətəndaşlar bunu səfərbərlik kimi başa düşərək panikaya düşdü....

- Birincisi, niyə panikaya düşürlər? Vətənimizi bəyəm təkcə əsgərlərimiz qorumalıdır? Xeyir, bu bizim hamımızın borcudur. Düzdür, Azərbaycan Ordusu güclüdür və istənilən zaman torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Amma müharibə olacağı zaman hər birimiz bu prosesdə iştirak etməliyik. Bu, hər bir azərbaycanlı vətəndaşın üzərinə düşən məsuliyyətdir. İkincisi, bu ehtiyatda olan əsgər və zabitlərin təlim toplantılarına çağırışdır. Mənim yadımdadır ki, Sovet dönəmində, belə çağırışlar hər il olub. “Sbori” deyirdilər. Olurdu bir ay, və yaxud iki və üç aylıq təlimlər. Bu normaldır. Hesab edirəm ki, Azərbaycan müharibə şəraitində olduğuna görə belə təlimlər qısa müddətli ildə iki dəfə keçirmək olar.
"Əsgərlərimiz müharibənin başlamasını və onu əsir götürəcəkləri anı səbrsizliklə gözləyirlər" Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Moderator.az-a müsahibəsini təqdim edirik:

- Qüdrət bəy, Azərbaycan Respublikası Prezidentinin yerli televiziyalara verdiyi müsahibəsində diqqətinizi çəkən əsas məqamlar barədə fikirlərinizi almaq istərdik.

- Prezident həm yerli, həm də beynəlxalq ictimaiyyətə yönələn çoxlu sayda ciddi mesajlar verdi. Öz sözlərimlə ifadə etsəm, çıxışın əsas məğzi ondan ibarət idi ki, müstəqilliyimizi göz bəbəyi kimi qorumalıyıq və keçmişin nostalgiyası ilə yaşayıb müstəqilliyə qarşı çıxanlar vətən xainləridir. Prezident misallarla əsaslandırdı ki, Azərbaycan xalqı faşizm üzərində qələbəyə böyük töhfə versə də, Kreml ölkəmizin təbii sərvətlərini uzun illər vəhşicəsinə, böyük ekoloji fəlakət yaratmaqla talasa da etnik seperatizmi dəstəkləməklə Azərbaycana xəyanət etdi və nəticədə torpaqlarımızın 20 % -i Ermənistan tərəfindən işğal olundu. Müstəqillik illərində biz xarici investorları cəlb edib neft sənayesini yenidən qurmaqla, böyük maddi vəsaitlər hesabına həmin ağır ekoloji fəlakətin nəticələrini aradan qaldırmaqla şəhər və kəndlərimizi abadlaşdırmaqla, ölkəmizi faktiki olaraq yenidən qurmaqla məşğuluq.

Növbəti açıqlama ondan ibarət oldu ki, Paşinyan siyasi riyakarlığına görə əvvəlki sələflərindən heç nə ilə fərqlənmir və onunla Qarabağ probleminin həlli istiqamətində danışıq aparmağın mənası yoxdur. Biz bilirik ki, Paşinyan əhalinin ölkə daxilində mövcud olan problemlərdən diqqətini yayındırmaq üçün iyul ayında Tovuz istiqamətində erməni silahlı qüvvələrinin təxribat xarakterli hücumunu təşkil etdi. Həmin təxribatı xalqına qələbə kimi təqdim edib, Azərbaycan qarşısında danışıqları mənasız edən şərtlər irəli sürdü. Bundan sonra səfərbərlik elan edib, arvadının da əlinə silah verib Qarabağa yolladı. Əminəm ki, əsgərlərimiz müharibənin başlamasını və onu əsir götürəcəkləri anı səbrsizliklə gözləyirlər.

Prezident bəyan etdi ki, Ermənistan torpaqlarımızı işğal edib, ərazilərimizi məskunlaşdırırsa və beynəlxalq birliyin sərt təpkisi və sanksiyaları ilə üzləşmirsə, beynəlxalq hüquqa hörmət yalnız bizə qalmayıb ki. Əgər növbəti təxribat olarsa hərbi əməliyyatlar təkcə bizim ərazidə aparılmayacaq. Müsahibənin ümumi ab-havasından belə qənatə gəlmək olar ki, torpaqlarımızın azadlığı istiqamətində yaxın gələcəkdə ciddi addımlar atılacaqdır. Bu qənaətdəyəm ki, son açıqlamalar 26 ildir davam edən söz savaşına oxşamır. Müdafiə naziri Zakir Həsənovun ehtiyatda olan xüsusi ixtisaslı hərbçilərin Orduya çağırılması barədə əmri də bu qənaəti möhkəmləndirir. Kaş ki, qənaətimdə yanılmayaydım, qoy Allah qətiyyətimizi və cəsarətimizi əlimizdən almasın.

Başqa mühüm açıqlama Türkiyə, Gürcüstan və İrana yönəlmişdi. Prezident Türkiyənin qardaş ölkə olmasını, əməkdaşlığımızı genişləndirəcəyimizi bir daha vurğuladı. Gürcüstanın üzərindən Ermənistana silah daşınmasına icazə verilməməsini yüksək qiymətləndirdi və həmişə Gürcüstanın yanında olduğumuzu növbəti dəfə bəyan etdi. Gürcüstandakı bəzi gürcü familiyalı ermənilərin münasibətlərimizi pozmağa cəhd etdiyini də diqqətə çatdırdı. Prezidentin çıxışından Ermənistandan sonra ciddi nəticə çıxarmalı olan ikinci ölkə, həm də soydaşlarımızın vətəni olan İran olmalıdır. Prezident söylədi ki, əli müsəlman uşaqların, qadınların qanına batmış, bir milyondan çox müsəlmanı ev-eşiyindən didərgin salmış, islam məscidlərini, abidələrini dağıtmış, məscidlərdə donuz saxlayan ermənilərlə müsəlman olub necə münasibət qurmaq olar? Yeri gəlmişkən, ərəb ölkələrini İsraillə diplomatik əlaqələr qurmasına görə sərt tənqid edib hədələyən İran, Ermənistana İranın hava məkanından silah daşınmasına icazə verməsi bir yana, görəsən İsraildə səfirlik açan Ermənistana münasibətdə niyə "quzu" kimi susur? Ümumən müsahibəni yüksək qiymətləndirirəm. Xalqımız bunun ardınca real addımların atılmasını gözləyir.
Azərbaycan artıq dünyada söz sahibi olan ölkədir - Sadiq QurbanovMilli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinn sədri Sadiq Qurbanov

- Sadiq müəllim, sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasının 26-cı ili tamam olur. “Əsrin müqaviləsi”nin imzalanması dövrünü necə xarakterizə edərdiniz?

- Azərbaycan müstəqillik əldə etdikdən sonra 1990-cı illərin əvvəllərində bütün sahələr üzrə çətinliklərlə üz-üzə qalmışdı. Uzun illər keçmiş sovet respublikaları ilə mövcud olmuş, qurulmuş iqtisadi əlaqələrin qırılması, respublikda qeyri-sabitliyin mövcud olması, maliyyə və texniki təchizatın aşağı düşməsi, neft və qaz sənayesinin ağır böhran vəziyyətinə salmışdı. Elə bir iqtisadi-siyasi vəziyyət yaranmışdı ki, az qala müstəqilliyimizi itirirdik. Bütün bu çətinliklər, imkansızlıq Xəzər dənizində olan "Azəri", "Çıraq" və "Günəşli" kimi yataqların işlənməsinə də imkan vermirdi.

Həm siyasi, həm iqtisadi tənəzzülün qarşısını almaq, əldə edilmiş müstəqilliyini qoruyub saxlamaq üçün xalqımız üzünü Ümummilli Liderimiz Heydər Əliyevə tutdu və Onun təkidlə hakimiyyətə gəlməsini tələb etdi. Xalqın bu tələbi ilə ikinci dəfə Azərbaycana rəhbərliyə qayıdan Ulu Öndər Heydər Əliyev xalqı düşdüyü vəziyyətdən çıxarmaq üçün bütün var qüvvəsini səfərbər etdi. Dahi lider "Neft Azərbaycanın milli sərvətidir" devizi ilə çıxış edərək, respublikanın neft sənayesinin bərpası və inkişafı ilə yaxından məşğul olmağa başladı. Neft sənayesində yaranmış çətin vəziyyətdən çıxmaq və ölkəmizin karbohidrogen ehtiyatlarının mənimsənilməsi üçün iki variant var idi. Birinci variant, ölkəmizin maliyyə-iqtisadi vəziyyətinin əlverişli olmasını gözləmək, ikinci variant isə xarici neft şirkətlərini bu prosesə cəlb etmək. Dahi şəxsiyyət ikinci variantı seçdi və xarici iri neft şirkətlərini Azərbaycana dəvət etdi.

Qısa bir vaxtda "Yeni neft strategiyası" işlənib hazırlandı. 1994-cü ilin sentyabrın 20-də Azəri-Çıraq- Günəşli yataqlarının işlənməsi üzrə dünyanın 7 ölkəsinin 11 məşhur neft şirkəti ilə "Əsrin müqaviləsi" imzalandı. Bütövlükdə, "Əsrin müqaviləsi"ndən bugünkü günə qədər xarici neft şirkətləri ilə 26 neft sazişi imzalanmışdır. Bu sazişlərin nəticəsi olaraq Azərbaycanın neft-qaz sənayesinə təxminən 60 milyard ABŞ dolları həcmində sərmayə qoyulması nəzərdə tutulmuşdur ki, bu da respublikamızın gələcək inkişafının əsl qarantıdır.

- Ümummili Liderimiz Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının dövlətimiz və xalqımız üçün əhəmiyyəti barədə fikirlərinizi bilmək istərdik...

- Ulu Öndər Heydər Əliyevin "Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsində öz təbii sərvətlərinin sahibi olmaq arzusu əsas məsələlərdən biri idi. Bu gün iftixar hissi ilə deyə bilərik ki, Azərbaycan xalqı uzun illər boyu ürəyində gəzdirdiyi arzusuna çatmışdır və öz təbii sərvətlərinin, o cümlədən neftinin tam sahibidir və ondan necə istifadə olunmasını sərbəst surətdə müəyyən edir" fikirlərini yada salsaq, neft gəlirlərinin təyinatı üzrə xərclənməsinin ölkəmizə qazandırdığı uğurların, xalqımızın mənafeyinə xidmətinin aydın mənzərəsini yaradır. Eyni zamanda, bu saziş mahiyyət etibarı ilə təkcə Azərbaycan üçün deyil, bütün region, Avropa üçün böyük əhəmiyyət daşıyan bir sazişdir. Biz bu sazişin gözəl nəticələrini görürük. Artıq neçə ildir ki, Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin edibdir və digər ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında öz rolunu oynayır və bu rol getdikcə artmaqda davam edəcək. Belə ki, vaxtilə çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsi, onun ardınca yeni-yeni layihələrin gündəmə gətirilməsi və icrası ölkəmizin dünyanın enerji təhlükəsizliyinin təminatında rolunu artırır.

- Hazırda uğurla reallaşdırılan Cənub Qaz Dəhlizi nə kimi önəmə malikdir?

- “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycan üçün çox əhəmiyyətli layihələrdən biridir. Bu layihə Azərbaycanın mavi qazını Avropa bazarına çıxarmaq mümkün olacaq ki, bu da dövlət gəlirlərinin artması deməkdir. "Cənub Qaz Dəhlizi” layihəsi ölkəmizə 100 milyard dollardan artıq vəsaitin cəlb edilməsinə imkan yaradacaq. Avropa bazarı dünyada ən böyük bazarlardan biridir və 450 milyondan artıq istehlakçısı var.

Eyni zamanda, bu layihə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından da çox vacibdir. Belə ki, Avropa birinci mərhələdə TAP layihəsi vasitəsilə illik olaraq 10 milyard kubmetr, ikinci mərhələdə isə 20 milyard kubmetr mavi qaz alacaq. Həmçinin, qardaş Türkiyə "Cənub Qaz Dəhlizi” layihəsindən faydalanacaqdır. Baxmayaraq ki, qardaş ölkə artiq karbohidrogen yataqları istismar edəcək, lakin istismara qədər bu layihə ilə mavi qazdan asılılığını aradan qaldıra biləcək. Bir cümlə ilə desək, bu, Avropa ölkələri üçün çox əhəmiyyətli bir layihədir.

- Bütövlükdə, həyata keçirilən enerji layihələri Azərbaycanın gələcək inkişafı baxımından nə kimi perspektivlər vəd edir?

- Bu gün Azərbaycan regionda siyasi və iqtisadi əməkdaşlığın yaradılmasında və inkişafında təşəbbüskar ölkədir. Azərbaycan artıq dünyada söz sahibi olan ölkədir, Avropanın enerji təhlükəsizliyində xüsusi rola malikdir.Cənab Prezidentimiz İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində müasir qlobal çağırışların tələbləri ölkəmizdə təmin edilir.

Məhz belə doğru yanaşmanın nəticəsidir ki, dünyanın əksər ölkələrində pandemiyanın vurduğu ziyan, bizdə minumun səviyyədədir. Onu da qeyd edim ki, bu gün dünyanı maraqlandıran bərpaolunan alternativ enerji istehsal etmək üçün də respublikamızda münbit şərait var. Biz gələcəkdə bu enerji layihələri ilə də çox ölkələri qabaqlayacağıq.

Azertac
“Qarabağda vəziyyət qarışa, müharibə alovlana bilər” – Əfşar Süleymaniİranın Azərbaycandakı keçmiş səfiri, politoloq Əfşar Süleymaninin Yenisabah.az-a müsahibəsi:

- Əfşar bəy, Livanda yaşayan erməni ailərinin Dağlıq Qarabağa köçürülməsi haqqında danışarkən “bu işin görünən tərəfidir” demisiz. Bəs məsələnin görünməyən tərəfi nədir?

-Ümumiyyətlə, siyasətdə və diplomatiyada atılan publik addımlar adətən məsələnin görünən tərəfi olur. Böhranlı vəziyyətlərdə isə daha qapalı siyasət yürüdülür.

Konkret olaraq Ermənistanın Livanda yaşayan erməni ailələrinin Dağlıq Qarabağa və onun ətrafındakı rayonlara yerləşdirməsinə gəlincə, fikrimcə, İrəvanın bölgədə möhkəmlənməsinə xidmət edir. Digər tərəfdən, Ermənistan daima münaqişənin sülh yolu ilə həll olunmasına tərəfdar olduğunu bəyan edir. Lakin atdiğı addımlar göstərir ki, bu belə deyil. Artıq 30 ildir ki, Ermənistan “sülh” deyə-deyə Azərbaycanın ərazilərini işğalda saxlayır. Diqqət edin, bu ölkənin Baş naziri qondarma Dağlıq Respublikasına səfərlər edir, onun “prezidentinə” təbrik ünvanlayır, ərazilərin adlarını dəyişir və s. İndisə Azərbaycanın ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti aparır. Bütün bunlar göstərir ki, Ermənistan sülh məsələsində səmimi deyil.

Rusiyanın dəstəyinə arxalanan Ermənistan düşünür ki, bu yolla Azərbaycana təzyiq etməklə öz maraqlarını gerçəkləşdirə bilər. Ətraf rayonlar da onun əlində sadəcə təzyiq vasitəsidir. Bütün səylər Dağlıq Qarabağı əldən verməməyə yönəlib. PKK qüvvələrinin də Dağlıq Qarabağda yerləşdirilməsi Türkiyənin bu məsələdə mövqeyinə təsir etmək məqsədi daşıyır.

- Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasəti Dağlıq Qarabağda müharibənin alovlanmasına səbəb ola bilərmi?

- Təbii ki, ermənilər bütün imkanlarından istifadə edərək işğalçılıq siyasətini davam etdirirlər. Bu isə Azərbaycanı lazımi reaksiya vermək məcburiyyətində qoya bilər. Bu halda əlbəttə ki, orada vəziyyət qarışa, müharibə alovlana bilər. Hesab edirəm ki, bu halda böyük güclər də məsələyə müdaxilə edə bilərlər. Xüsusilə, Rusiya. Böyük güclər, o cümlədən Rusiya münaqişənin həllində maraqlı görünmür. Bu münaqişə onlar üçün sadəcə təzyiq vasitəsidir. ATƏT-in Minsk qrupu da bundan ötrü yaradılıb. Yəni, problemi dondurulmuş vəziyyətdə saxlmaq. Çünki Rusiyanın da, digər güclərin də öz maraqları var. Onlar bu münaqişədən öz maraqları üçün yararlanırlar.

- Bu məsələyə beynəlxalq aləmin laqeyd yanaşmasını nə ilə izah edərdiniz?

- Baxın, BMT-nin 4 qətnaməsi var, amma icra olunmur. Heç bir dövlət də səsini çıxarmır. Çünki beynəlxalq qurumlar da böyük güclərin təsir dairəsindədir və beynəlxalq rəyi böyük güclər müəyyən edir. Əgər onların mənafeləri təmin olunursa, o zaman hansısa addımlar atılır, əks halda susmağa üstünlük verilir.

ABŞ, Rusiya, Fransa kimi böyük dövlətlər lazım olanda beynəlxalq qurumları nəzərə almadan addımlar atırlar. Çünki gücdürlər. Yəni, Azərbaycan da reallıqları nəzərə almalı siyasətini buna uyğun qurmalı və ərazi bütövlüyünün təmin olunması istiqamətində addımlarını davam etdirməlidir.

- İraq və Suriyadan PKK qüvvələrinin Dağlıq Qarabağa yerləşdirildiyi barədə xəbərlər gəlir. Türkiyə bunu əsas gətirərək bölgədə antiterror əməliyyatlarına başlaya bilərmi?

- Əlbəttə ki, terror varsa ona qarşı mübarizə aparılmalıdır. Bu dövlətlərin borcudur. Digər tərəfdən, terrorçu qruplar konkret olaraq hansısa ölkənin maraqlarını təhdid edirsə, həmin dövlətin haqqıdır ki, buna qarşı mübarizə aparsın. Türkiyənin də buna haqqı çatır. Çünki PKK terrorçu təşkilat kimi tanınır.

- Sizcə, Azərbaycan indiki situasiyada hansı addımları atmalıdır?

- Azərbaycanın balans siyasəti yürütməsi yaxşı haldır. Tərəf, yaxud heç kimdən asılı olmamaq bir dövlət üçün əlbəttə yaxşıdır. Hesab edirəm ki, Azərbaycan bu siyasəti davam etdirməli, dövlətlərlə münasibətlərinə milli maraqlar kontekstində yanaşmalı, əsas hədəf ölkənin maraqlarının, ərazi bütövlüyünün, sevrenliyinin qorunması olmalıdır. Hansı dövlət bu məsələdə Azərbaycanla həmrəydirsə, yəni, onun ərazi bütövülüyünü, suverenliyinin təhdid etmirsə, əksinə, bu məsələlərdə ona dəstək nümayiş etdirirsə həmin ölkələrlə də sıx münasibətlə qurulmalıdır.

Azərbaycanda artıq siyasi islahatların yeni mərhələsi başlayıb - ALDP sədriAzərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev "525"-ci qəzetin "Siyasi dialoq" rubrikasının qonağı olaraq, geniş müsahibə verib. Müsahibənin I hissəsini təqdim edirik.

- Fuad bəy, bir müddətdir ki, Azərbaycanda belə demək mümkünsə, iqtidar-müxalifət dialoquna start verilib. PA-nın şöbə müdiri Ədalət Vəliyev mütamadi olaraq siyasi partiya liderləri ilə müzakirələr aparır. Sizin fikrinizcə, iqtidar-müxalifət dialoqunun aparılması nə üçün vacibdir.

- İlk olaraq onu qeyd edim ki, Prezident Administrasiyasında ilk dəfə olaraq xüsusi struktur - Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması hakimiyyətin siyasi partiyalarla müntəzəm iş aparmaq, sağlam əməkdaşlıq qurmaq istəyindən irəli gəlir. Bu şöbənin rəhbəri Ədalət Vəliyevin partiya sədrləri ilə ayrı-ayrılıqda görüşü dövlətin siyasi partiyalara verdiyi önəmin daha bir göstəricisi sayıla bilər. Bu eyni zamanda ölkədə siyasi mühitin saflaşdırılması, münasibətlərin normallaşdırılması deməkdir. ALDP bu görüşü yüksək qiymətləndirib. Bu görüşləri hakimiyyət-müxalifət arasında dialoqun ilk addımı hesab etmək olar. Bu gün həmin dialoqun baş tutması olduqca əhəmiyyətli və vacibdir. Düzdür, bunu istəməyən qüvvələr də mövcuddur. Amma əgər biz Azərbaycanda siyasi münasibətlərin sağlamlaşmasını, iqtidarla müxalifət arasında münasibətlərin saflaşmasını istəyiriksə, hakimiyyətlə dialoqa getməliyik. Bütün sivil və demokratik ölkələrdə hakimiyyət-müxalifət dialoqu baş tutub. Bu dialoq təkcə tərəflərin yox, bütövlükdə cəmiyyətimizin xeyrinədir. ALDP hakimiyətin təşəbbüsü ilə başladılan siyasi dialoqun, bu istiqamətdə atılan ilkin addımların müsbət qiymətləndirir, onun davamlı olmasına ümid edirik.

- Siyasi sistemin yeni konfiqurasiyasının formalaşmasında iqtidar- müxalifət dialoqu hansı rolu oynaya bilər?

- Hakimiyyət-müxalifət dialoquna aparan ilkin addımların atılması onu deməyə əsas verir ki, Dövlət başçısının təşəbbüsü və iradəsi ilə Azərbaycanda artıq siyasi islahatların yeni mərhələsi başlayıb, siyasi sistemin yeni konfiqurasiyası formalaşmaqdadır. Bu konfiqurasiyanı qorumalıyıq. Hakimiyyət-müxalifət münasibətlərinin yeni müstəviyə keçməsi üçün yaradılan fürsət və şəraiti qoruyub saxlamalıyıq. Müxalifətin istəyi siyasi münasibətlər sisteminin yenilənməsi və daha sivil, demokratik münasibətlər qurulmasıdır. Bu istək hakimiyyət rəhbərliyi tərəfindən dialoq vasitəsilə həyata keçirilirsə, bunun nəyi pisdir. Niyə buna mane olmalıyıq?

- Sizin rəhbərlik etdiyiniz partiya prosesdə nə dərəcədə aktiv cəlb olunub və dialoq çərçivəsində hansı məsələləri qaldırıb, nə kimi təkliflər irəli sürmüsünüz?

- ALDP həmişə istər müxalifət daxili, istərsə də müxalifətlə hakimiyyət düşərgəsi arasında dialoqun tərəfdarı olub. Biz ölkədə siyasi sistemdə də islahatların aparılmasını istəmişik. Eyni zamanda milli və dövlətçilik maraqlar naminə həmrəylik tərəfdarı kimi çıxışlar etmişik. Dəfələrlə digər siyasi partiyalara bu mövzuda müraciətlər etmişik. Müxalifətə ölkədə keçirilən bütün seçkilərdə seçkilərin demokratik və şəffaf keçirilməsində hökumətə dəstək olmaq təklifini vermişik. Təəssüflər olsun ki, müxtəlif obyektiv səbəblərdən çağırışlarımız nəticəsiz qalıb. O ki, qaldı dialoqda səsləndirdiyimiz təkliflərə, həmişə cəmiyyətimizi, ictimaiyyəti narahat edən problemləri, məsələləri qaldırmışıq. Konkret olaraq Seçki Məsəlləsində bir sıra dəyişikliklərin edilməsinin vacibliyi, proporsional seçki sisteminin tətbiq edilməsini, parlamentli respublika formasına keçid, seçkilərə qatılan, lakin parlamentə düşməyən siyasi partiyaların dövlət tətəfindən maliyyələşməsi, partiyaların qeydiyyat prosedurunun yumşaldılması, Bakı merinin seçki yolu ilə seçilməsi, Dağlıq Qarabağ münaqişəsinin həllində siyasi partiyaların fəaliyyətinin intensivləşdirilməsi, bu istiqamətdə hakimiyyətlə birgə addımlamağı ... və digər önəmli sosial, iqtisadi təkliflər səsləndirmişik. Ümid edirəm ki, hakimiyyət siyasi partiyaların təkliflərini nəzərə alacaq.

- Hakimiyyətin dialoq başlayandan bəri atdığı addımları necə qiymətləndirirsiniz? İlkin nəticələr Sizi qane edir?

- İlk addımları müsbət qiymətləndirirəm. Hələ nəticədən danışmaq tezdir. Hakimiyyət hələ müxalifətlə münasibət qurur, tənzimləyir. Düzdür, fikir mübadilələri aparmışıq, təkliflərimizi səsləndirmişik. Hə, partiyaların qeydiyyat məsələsini qeyd etmək olar, amma ümumillikdə, hələ ortada heş nə yoxdur. ALDP təmərküzləşmənin, qarşılıqlı anlaşma yolu ilə bütün məsələlərin həllinin tapılmasının tərəfdarıdır. Müxtəlif məsələ və problemlərə müxtəlif yanaşmalar ola bilər, bu təbiidir, amma sivil müxalifətçiliyi də davam etdirməyi bacarmalıyıq. Bizim istəyimiz budur. Hakimiyyət-müxalifət dialoquna atılan ilk addımlar onu göstərir ki, ölkə rəhbərliyi də bu məsələdə maraqlı tərəfdir. Bütün bunları nəzərə alarq deyə bilərəm ki, PA rəsmisi Ədalət Vəliyevin siyasi partiya rəhbərləri ilə görüşündən müsbət nəticələr gözləyirəm.

Ardı var
Türkiyə ilə müharibə ola bilərmi? – Yunan professorAxar.az-ın suallarını Afina Universitetinin professoru Panteon Kostas İfantis cavablandırır.

- Bu yaxınlarda NATO Baş katibi Yens Stoltenberq Türkiyə və Yunanıstanın danışıqlara hazır olduqlarını bildirib. Uzun çəkişmələrindən sonra razılığın ələ edilməsini necə qiymətləndirirsiniz?

- Vəziyyət çox gərgindir və uçurum astanasındadır. Hazırda vəziyyətdən çıxış yolunu təsəvvür etmək çox çətindir. Yunanıstan bir şey tələb edir, Ankara başqa şey istəyir.

- Qarşıdurma necə nəticələnə bilər?

- Nəyisə istisna etmək olmaz. Lakin hərbi qarşıdurma böyk bir səhv olar. Ortaq yol axtarmağa davam etməliyik.

- Vəziyyətin gərginləşməməsində başqa kimlər maraqlıdır?

- Hər şeydən əvvəl Vaşinqton və Berlin. Çünki onların bölgədə böyük maraqları var. Buna görə hərbi qarşıdurmanın qarşısını almaq üçün əllərindən gələni edəcəklər.
Sorosun Ermənistana təsiri Kremli narahat edir - ALDP sədri Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev Baku News-a müsahibə verib.

- Fuad müəllim, Ermənistanla müharibənin başlanması mümkündürmi?

- Sualın belə qoyulması ilə razı deyiləm. Biz işğalda olan torpaqlarımızı azad etmək üçün anti-terror əməliyyatlara başlamalıyıq. Hə, bu olan təqdirdə, Ermənistan Dağlıq Qarabağ separatçılarına hər hansı bir hərbi dəstək verəcəksə, bu demək olacaq ki, ermənilər müharibə yolunu seçiblər. Bu zaman hesab edirəm ki, layiqli cavab alacaqlar. Ermənistan rəhbərliyi bütün danışıqlardan imtina edib. Hər gün ermənilər atəşkəsi pozurlar. Ermənistan rəhbərliyi beynəlxalq normaları pozaraq qondarma “DQR”ə səfər edirlər. Paşınyanın xanımı əlində silah poza verib şəkil çəkdirir. Suriya və Livandan erməni əsilli ailələri qondarma “DQR”ə köçürürlər. Bunlar onu göstərir ki, ermənilər illər boyu iştrak etdiyi danışıqlarda sadəcə imitasiya ediblər. Bu münaqişənin həllinin uzadılması onlara xeyir verir.

- Bu illər ərzində Azərbaycan sülh danışıqların tərəfdarı olub. Amma 2016-cı il aprel döyüşlərindən sonra müharibə notları daha çox səslənir.

- Əslində Azərbaycan çox çətin bir durumda olub. Fikir verin, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrində ciddi və güclü erməni təşkilatları fəaliyyət göstərir. Rusiya isə regionda əsirlər boyu erməni faktorundan istifadə edib. Ermənistan respublikasını yaratmaq üçün, bizə torpaq payı verilməsinə “məsləhət” görüb. Burada sözsüz ki, din amili də var. İndi isə nə dəyişib? Ermənistanda Sorosun marionet rejimi var. Bu da Moskvanı ciddi narahat edir. Paşinyan demokrat libasında hakimiyyətə gəldikdən sonra siyasətini 180 dərəcədə dəyişdi. Onun və yaxınlarının adının korrupsiya işlərində hallanması ABŞ-dan dəstəyin azalmasına gətirib çıxarıb. Belə olan halda biz təbliğat mexanizmini gücləndirməliyik. Təkçə ABŞ, Fransa və Rusiyada yox, digər ölkələrdə bizim diaspor təşkilatlarının fəaliyyətlərini aktivləşdirməliyik. Bütün bunlarla yanaşı, əsas bizim hərbçilərimiz hazır olmalıdırlar və biz də, cəmiyyət olaraq onların arxasında durmalıyıq, onlara dəstək verməliyik.

- Son aylar, xüsusən də Tovuz döyüşlərindən sonra, Azərbaycanda Türkiyənin hərbi bazalarının yaradılması təkliflər irəli sürülür. Bu, Dağlıq Qarabağ torpaqlarınıb işğaldan azad olunmasında nə dərəcədə bizə kömək olacaq?

- Türkiyə və Azərbaycan hər il hərbi təlimlər keçirir. Hərbi mütəxəsisslər təcrübə bölüşürlər. Çox yaxşı olardı ki, hərbi bazalar da yaradılsın. Yeri gəlmişkən, Türk dövlətinə, qardaş türk xalqına Qarabağ məsələsində dəstəyə görə minətdarlığımı bildirirəm. Burada qardaş Türkiyənin hərbi qüvvələrinin bazalarının yaradılması, əslində Rusiyanın bu məsələyə qarışmasının qarşısını almaq məqsədilə olmalıdır. Amma hərbi bazaların yaradılması, o anlamına gəlməsin ki, türk hərbçilər bizim əvəzimizə işğalda olan torpaqları azad edəcəklər. Bunu bizim əsgər etməlidir, biz etməliyik.
Vüqar Biləcərinin son arzusu və ölümü... - Dostu danışdıAvqustun 29-da vəfat etmiş meyxanaçı, şair Vüqar Biləcərinin dostu, həmkarı Pünhan Əzimlinin Kult.az-a müsahibəsi:

- Meyxana aləmi son 2 ildə 2 gənc və dəyərli simasını itirdi...

- Hə, elədir. Aydın Xırdalanlını yenicə itirmişdik, indi də Vüqar rəhmətə getdi. Allah hər ikisinə rəhmət eləsin. Bu yaxınlarda Aydının xatirəsinə həsr etdiyimiz kitab işıq üzü görəcək. Sağlıq olsun, Vüqar üçün də belə bir kitab hazırlayacağıq. Hər iki kitab “Parlaq İmzalar” nəşriyyatında çıxacaq.

Sizə bir şey deyim. Mən həm Aydın, həm də Vüqarın dəftərlərini açanda gördüm ki, “Bismillahir-Rəhmanir-Rəhim” kəlamı ilə yazmağa başlayıblar. Bu da onların yaşadıqları həyatı və mənəvi ab-havanın göstəricisidir. Vüqarın mənəvi ab-havasına bələd idim. Dəfələrlə onun necə mənəvi dünyada olduğunu, möhkəmliyini, mərdliyini görmüşəm.

- Vüqar Biləcəri ilə nə vaxt dost olmusunuz?

- Vüqarla 9-cu sinifdə oxuyanda tanış olmuşam. Məktəbimizin qarşısında “Rəşidin çayxanası” deyilən yer vardı, o zamanlar orada keçirilən meyxana meydanlarının birində tanış olmuşduq. Onun qeyri-adi deyim tərzi var idi. Ənənəvi meyxanadan fərqlənirdi, elə bil, qəzəli musiqili deyirdi.

Hərdən zarafatla onun adını qəzəl dilində “Vüğar” deyə çağıranda, o, bu adın Həzrəti Əlinin ləqəblərindən biri olduğunu və “şir“ mənasını verdiyini söyləyirdi. Mən də ona deyərdim ki, sən özün də şir kimi oğlansan. Vüqar həqiqətən də şir kimi oğlan idi.

Söhbət adından düşmüşkən, şeirlərinin birində adını görün necə qeyd edib:

“Bitir, ey gül üzlüm, ömrüm, bitir intizari-eşqi
Gəlir ətri-baği-cənnət, tuta laləzari-eşqi.
Səni harda görsəm, ey şah, ölərəm qədəmlərində
Böyüyər kiçilməyiynən Vüqarın vüqari-eşqi”.

Hərdən öz aramızda danışırdıq. Deyirdi ki, Allah birinə söz, birinə səs verib, amma bəzilərinə də həm söz, həm səs, həm də bunları yerində idarə etmək bacarığı verib, demək, onu başqalarından fərqləndirib. Vüqar deyirdi ki, həmin adamlar Allahın onlara verdikləri bu neməti hara sərf etməli olduqlarını bilməlidirlər. O, bunu deyəndə əslində özünü nəzərdə tuturdu, amma bunu dilinə gətirmirdi. Çünki çox sadə insan idi.

- Vüqar hansı şairin yaradıcılığına daha çox müraciət edirdi?

- Vüqarın mütaliəsi yaxşı idi. Bir-birimizdən kitab alıb oxuyurduq. O, kitabımı mənə qaytaranda görürdüm ki, beytlərin mənasını, ərəb-fars tərkibli sözlərin anlamını da kitaba qeyd edib. Yəni şeiriyyatın o qədər dərinliyinə gedirdi.

Onun Füzuliyə böyük sevgisi var idi. Hər dəfə görüşlərdə Füzulidən mütləq nəsə oxuyardı. Hətta heykəlinin önündən ona baş əymədən keçməzdi. O, daşa deyil, Füzulinin yaradıcılığına baş əyirdi.

Bir şeir yazan kimi onu bir-birimizə dinlətmək üçün səbirsizlənərdik. Tanımadığım nömrədən bir beyt gəldiyi zaman onun Vüqar tərəfindən göndərildiyini anlayırdım.

- Ölümünə yaxın nə deyərdi, daha çox nə üçün darıxardı?

- Ölümündən bir neçə gün öncə xəstəxanadan çıxanda tələbəsi Elnur Xırdalanlının telefonundan bir beyt yazmışdı mənə:

Görmürəm çoxdandır, ey mehribanım, hardasan?

Tarı zülfündən asılmış yarı canım, hardasan?

- Vüqarın xəstəliyi ilə bağlı danışın, mümkünsə. Nə vaxtdan xəstə idi? Ümumiyyətlə, necə tutuldu bu xəstəliyə?

- Ayağında tromblaşma oldu. Ölümündən 2 gün öncə də müalicə alırdı. Həkim nəzarətində idi, özünü yaxşı hiss edirdi. Amma ayaqları ilə bağlı şikayətləri və narahatlıqları var idi.

- Vüqarın hansı arzuları var idi?

- Çox idi arzusu. Nə yaşı var idi ki?! O, qısa ömrünə böyük bərəkət sığdıra bilmişdi. Xəstə anasını sevindirmək üçün toy etmək istəyirdi. Fikirləşirdi ki, özü sağalandan sonra ailə qursun.

Bundan başqa, dostlarla ziyarətə getməyi düşünürdük, Vüqarı da çağırdıq. O isə Kərbəlanı tək ziyarət etmək istədiyini söyləmişdi.

- Narazı qaldığı insanlar, haqsızlıqla üzləşməsi haqda nəsə demişdimi?

- Təbii ki, hər kəsin həyatında olduğu kimi, Vüqarın da narazı qaldığı insanlar var idi. Vüqar onlar haqda kənarda arxalarında danışmazdı, həmişə məqamı gəlincə o insanların üzünə deyərdi.

- Bu sual ənənəvi olsa da, düşünürəm ki, hər birimiz üçün həssas nöqtələrə toxunur: Vüqar elə bu dəqiqə gəlsəydi, ona nə deyərdiniz?

- Vüqarı görə bilsəydim, ona hər zaman dediyim “Sən Allahın nemətisən, qədrini bil” sözünü və bir də onun yarım qalan şeirlərini tamamladığımı deyərdim.

- Vüqarın özünəməxsus dəst-xətti var idi. Sizcə, kimi onun davamçısı kimi görürsünüz?

- Bu üslub, bu tərz heç kimdə olmayıb. Əgər olubsa da, Vüqarda daha kamil, daha geniş forması idi. Onun yerini kiminsə doldura biləcəyinə inanmıram. Amma bir tələbəsi var idi - Elnur Xırdalanlı. Dəfələrlə Vüqarın yanına gedəndə Elnuru yanında görmüşəm.

- Vüqarla bağlı ən maraqlı xatirənizi bölüşün, mümkünsə.

- Vüqarla keçən hər gün bir xatirə idi. Bir gün dostumuz Feyzigilin bağında meyxana dedik, sonra otluqda güləşməyi təklif etdi, o zamanlar idmanla məşğul olurdu. Sonra ikimiz də yıxıldıq və bir müddət bir-birimizə baxaraq susduq, danışa bilmədik. Çox qəribədir ki, ikimiz də qəribə bir hal keçirdik həmin an. Bunu Vüqar da dedi mənə.

…15-16 yaşımız var idi, avtobusa minmişdik. Birdən baxdıq ki, cibimizdə pul yoxdur. Mən bunu Vüqara dedim, o da qayıtdı ki, narahat olma, düşəndə türk dilində danışarıq, guya turistik, səhv minmişik (gülür). Elə də etdik, sürücü bizə yol göstərdi, gedəcəyimiz ünvana çatdıq…

Nə deyim?.. Allah rəhmət eləsin.
 Hakimiyyətlə dialoq mütləqdir - ALDP sədriAzərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Baku News-a müsahibə verib. Müsahibəni təqdim edirik.

-Son dövrlər hakimiyyət Siyasi partiyalar, QHT-lər, media nümayəndələri ilə görüşlər keçirilir. ALDP hər zaman dialoq tərəfdarı olub. Hazırkı dialoq səviyyəsini necə qiymətləndirirsiniz?

- Hakimiyyət daxilində yenilənmə prosesi davam edir. Paralel olaraq Dövlət başçısının köməkçiləri cəmiyyət nümayəndələrilə görüşlər keçirirlər. Artıq bir neçə görüş olub və demək olar ki, bəzi məsələlər müsbət həll olunub. Siyasi partiyaların qeydiyyat məsələsi, pandemiya dövründə on-line qurultayların keçirilməsi kimi məsələləri misal çəkmək olar.

- Bəzi müxalifət qüvvələri bu görüşləri normal qəbul etmir. Görüşdə iştrak edənləri hakimiyyətlə işbirliyində olmaqda suçlayırlar. Onların belə ittiham etməyə hansısa əsas varmı?

- Hesab edirəm ki, kimin nə dediyindən asılı olmayaraq, bu görüşlər cəmiyyət üçün çox vacibdir. Görüşlərdən imtina edənlərin mövgelərilə razılaşmasam da, onlara normal yanaşıram. ALDP olaraq hesab edirik ki, hakimiyyətlə dialoq mütləqdir. Çünki keçirilən görüşlərdə mən cəmiyyəti narahat edən problemləri, məmurların özbaşınalığı, vətəndaşların sosial və digər problemlər ətrafında fikir mübadiləsi aparıram. Əgər bu “işbirliyi” nəticəsində vətəndaşların problemləri həll olunursa, bunun nəyi pisdir. Hər halda bizim bu məsələdə yanlış və yaxud haqlı olduğumuza cəmiyyət qiymət verəcək. Rəhim Qaziyevin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması bu görüşlərin nəticəsi kimi qiymətləndirmək olar.

- Fuad müəllim, Rəhim Qaziyevi buraxırlar. Tofiq Yaqubluya isə 4 il 6 ay həbs qərarını verirlər...

- Bu yanlış qərardır. Bildiyim qədər Tofiq bəyin səhhətində problemlər var, müalicə alırdı. İndi də bu qərara etiraz olaraq aclıq elan edib. Hesab edirəm ki, dövlət başçısı ona ünvanlanan çoxsaylı xahişləri və onun səhətində problemlərin olduğunu nəzərə alaraq əfv edəcək. Tofiq Yaqublunun azadlığa buraxılması dialoq mühitinə də müsbət təsir edəcək.
"Bu sözlər etibarlı siyasətin əxlaq fəlsəfəsini özündə əks etdirir"“Türkiyə Azərbaycana hərbi dəstəyini davam etdirməkdə qərarlıdır...“Bizi birləşdirən təkcə dövlətlərimizin maraqları deyil, həm də sadiqlik, etibar və qarşılıqlı dəstəkdir”

“Cənab Prezident Yunanıstanın səfirini qəbul etdiyi zaman istifadə etdiyi ritorika yalnız güclü dövlət başçılarına xasdır”


Azərbaycanla Türkiyənin hərbi-siyasi əməkdaşlığı, Tovuz hadisələri fonunda bu əməkdaşlığın daha da aktuallaşması və ümumilikdə münaqişə zonasında bir növ yeni situasiyanın yaranması ölkəmiz üçün əsas gündəm mövzusudur.

“AzPolitika.info” bu mövzuyla bağlı Milli Məclisin deputatı Sadiq Qurbanovun fikirlərini öyrənib:

-Ermənistanın Tovuzda törətdiyi hərbi təxribatdan sonra Türkiyənin Azərbaycana ən yüksək səviyyədə dəstək göstərməsinin şahidi olduq. Sizcə, ölkələrimiz arasındakı xüsusilə hərbi sahədəki əməkdaşlığın genişlənməsi və son birgə təlimlər nədən xəbər verir?

-Məlum olduğu kimi, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilib. Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib. Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirilib.

Bilirik ki, Türkiyə Azərbaycan müstəqillik qazandıqdan sonra onun Silahlı Qüvvələrinin formalaşmasına yardım göstərib. O zaman orduda kadr çatışmazlığı var idi. Sonrakı dövrdə də iki ölkə arasında hərbi-texniki əməkdaşlıq inkişaf etdi. Türkiyə Azərbaycanda kadrların hazırlanması, hərbi məktəblərin proqramlarının formalaşmasında böyük rol oynayıb. Hər il Azərbaycan və Türkiyə silahlı qüvvələri birgə hərbi təlimlər keçirirlər. Prezidenti İlham Əliyev avqustun 13-də Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib ki, hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəmi var, eyni zamanda, insanlar arasındakı əlaqələrin, xalqlar arasındakı qardaşlığın gücləndirilməsi üçün təlimlərin çox böyük əhəmiyyəti və faydası var. Prezident bununla bağlı deyib: “Bu, bir ənənədir. Bildiyiniz kimi, hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlim keçirilir. Ona görə bu təlimlərin keçirilməsi adi haldır. Burada hansısa bir fövqəladə hal axtarmaq lüzumsuzdur. Biz də müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur. Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür”;

-Sizcə, bu əməkdaşlığın əsas məqsədi və istiqamətləri nədən ibarətdir?

- Məlumat üçün deyim ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış Saziş cari ilin iyulun 2-də qüvvəyə minib. Bu saziş olduqca önəmlidir və ölkələrimiz arasındakı hərbi əməkdaşlığın yüksək səviyyəsini təsdiqləyən növbəti sənəddir.

Bununla yanaşı, iki ölkə arasında hərbi əməkdaşlığın bugünkü vəziyyətini 3 vacib məsələ müəyyənləşdirir. Bunlardan birincisi, NATO ilə əməkdaşlıq sənədləridir - bu çərçivədə NATO-nun aparıcı ölkələrindən olan Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsinə kömək göstərir. İkincisi, Azərbaycanın təhlükəsizlik sənədləri və iki ölkə arasında imzalanmış strateji müqavilələrdir. Üçüncüsü məsələ isə Türkiyənin milli regional maraqları və həmçinin, qardaş ölkənin milli təhlükəsizlik sənədləri ilə bağlıdır. Qeyd edim ki, 2009-cu ildən etibarən Türkiyənin milli təhlükəsizlik sənədlərində dəyişiklik prosesi başlayıb.

İki ölkə arasında hərbi əməkdaşlıq baxımından perspektiv planlar da mövcuddur. Buraya hərbi kadrların hazırlanması, maddi-texniki təchizat məsələlərindən tutmuş, müdafiə sənayesi sahəsində yeni birgə əməkdaşlığa qədər məsələlər daxildir. Perspektivdə iki ölkə arasında hərtərəfli hərbi əməkdaşlığın gücləndirilməsi istiqamətində yeni imkanlar mövcuddur. Artıq hər kəsə məlumdur ki, Türkiyə Azərbaycana taktiki və strateji dövrdə hərbi dəstəyini davam etdirməkdə qərarlıdır.

Onu da qeyd edim ki, Ermənistanın işğalı nəticəsində nəzarətdən kənar qalmış Azərbaycan sərhədlərindən qeyri-qanuni məqsədlərlə istifadə məsələsi də Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı üçün mühüm istiqamətlərdən hesab olunur. İki ölkə terrorizmdən əziyyət çəkməklə bu istiqamətdə ayrı-ayrılıqda və birgə mübarizənin bu günü və perspektivlərini həmişə diqqət mərkəzində saxlayır. Həmçinin, iki ölkə arasında hərbi təhsil, kadrların hazırlanması sahəsində əməkdaşlığın inkişafı prioritet sahələrdən biridir. Bu istiqamətdə ciddi planların olduğu məlumdur.

-Ermənistanın ayrı-ayrı ölkələrlə hərbi əməkdaşlığının Azərbaycana yaratdığı potensial təhlükə kifayət qədər ciddidir. Bunu Tovuzdakı təxribat da bir daha təsdiqlədi. Sizcə, son zamanlar bu mövzunun ölkə rəhbərliyi səviyyəsində qaldırılması və prezidentin Yunanıstan səfirilə görüşü zamanı bu əməkdaşlığa cəlb olunan ölkələrə açıq mesajlar verməsi nəyə hesablanıb?

- Təbii ki, Azərbaycan haqlı olaraq, Ermənistan, Yunanıstan və Kipr arasındakı hərbi əməkdaşlıqdan narahatdır. Çünki Ermənistan ərazilərimizi işğal etmiş ölkədir. Xocalıda soyqırımı aktı törədib, bir milyon azərbaycanlını evlərindən didərgin salıb, tarixi, mədəni, dini abidələrimizi dağıdıb, işğal edilmiş ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirib, beynəlxalq hüququ pozur, BMT Təhlükəsizlik Şurasının və başqa təşkilatların qətnamələrinə əməl etmir.

Ermənistan aqressiv davranır. Dövlət sərhədində son gərginliklər Ermənistanın təxribatıdır, terror aktı törətmək üçün sonuncu cəhd zamanı təmas xəttini keçmək istəyərkən erməni zabiti saxlanılıb və o, artıq etiraf edib ki, onun qrupu bizim hərbçilərimizə və mülki şəxslərə hücum etmək məqsədi güdüb. Sirr deyil ki, Ermənistan Azərbaycana düşmən mövqedədir və bu onların qərarı olub.

Sözsüz ki, Ermənistanın istənilən ölkə ilə sıx hərbi əməkdaşlığı narahatlıq doğurur. Ermənistanın təxribatından dərhal sonra Azərbaycan Rusiyadan Ermənistana intensiv silah təchizatına reaksiya göstərib. Aktiv toqquşmalar iyulun 16-da dayandırılıb və iyulun 17-dən başlayaraq 2 sentyabra qədər Rusiyadan Ermənistana Xəzəryanı dövlətlərin hava məkanı vasitəsilə çoxsaylı yük reysləri həyata keçirilib. Ermənistanla hərbi əməkdaşlıq bizi narahat edən məsələdir. Çünki bu, Azərbaycan üçün mühüm təhdid törədir. Ermənilər bu silahlardan istifadə edərək bizim hərbçilərimizi, mülki şəxsləri öldürürlər.

-Son zamanlar Türkiyənin Azərbaycana göstərdiyi dəstəyə paralel olaraq, Azərbaycan rəhbərliyi də Türkiyəyə qarşı ayrı-ayrı ölkələrin apardığı aqressiv siyasətlə bağlı ortaya açıq mövqe qoyur, qardaş ölkəni dəstəkləyir. Sizcə, bu dəstək ölkələrimizin gələcək birgə fəaliyyətində hansı rola malikdir və bu əməkdaşlığın hansı perspektivləri var?

- Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginlikdə Azərbaycan Türkiyəni dəstəklədi və dəstəkləyir. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Beynəlxalq ictimaiyyət növbəti dəfə Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq səviyyəsində olmasına şahidlik etdi. Bizi birləşdirən təkcə dövlətlərimizin maraqları deyil, bizi birləşdirən sadiqlik, etibar və qarşılıqlı dəstəkdir. Beynəlxalq tədbirlər zamanı dəfələrlə bu qarşılıqlı dəstəyin şahidi olmuşuq.

Yunanıstanın Azərbaycandakı səfirini qəbul edərkən ölkə başçısı tərəfindən səsləndirilmiş sözlər həmin dəstəyin və əməkdaşlığın bariz sübutudur: “Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik”.

Bu, sadəcə siyasi mesaj kimi qəbul olunmamalıdır. Bu sözlər etibarlı siyasətin əxlaq fəlsəfəsini özündə əks etdirir. Mövcud yanaşma isə yalnız özünə inanan və potensialına güvənən siyasi liderlərə məxsus olan keyfiyyətdir. Cənab Prezident Yunanıstanın səfirini qəbul etdiyi zaman istifadə etdiyi ritorika da yalnız güclü dövlət başçılarına xasdır. Prezidentin “mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz” ifadəsi Azərbaycanın açıq diplomatiyasına işarə edir. Dövlət başçısı tərəfindən həmin görüşdə səsləndirilmiş sözlər ümumən Azərbaycanın mövqeyini, gücünü və beynəlxalq münasibətlər sistemində yerini nümayiş etdirir.