Pakistan, Azərbaycan və Türkiyə qardaşlığı düşmənlərə bir mesajdır”

Pakistan, Azərbaycan və Türkiyə qardaşlığı düşmənlərə bir mesajdır”Qaiser Navab: “Hər üç ölkə daim zülm və işğala qarşı çıxış edirlər”

Dost və qardaş Pakistan həmişə Azərbaycanın yanında olub, ona mənəvi dəstək verib. Beynəlxalq hüquq prinsip və normalarına əsaslanıb rəsmi Bakınin mövqeyini müdafiə edib, daim Ermənistanın işğalçılıq siyasətini pisləyib. Buna görə, rəsmi İslamabad təzyiqlərə məruz qalsa, qınanılsa da tutduğu haqlı mövqeyindən çəkinməyib. Heş bir qüvvə Pakistanı yolundan döndərə bilməyib. Bütün sahələrdə dost və qardaş Pakistanla Azərbaycanın yaxşı və normal əlaqələri var. Bu qardaşlığın bəzi qüvvələrin narahatlığına səbəb olduğu da aydındır.

“Xalq Cəbhəsi”nin strateji kommunikasiyalar və dayanıqlı inkişaf məqsədləri üzrə üzrə ekspert, müstəqil jurnalist, Pakistan Gənclərinin lideri, Pakistan-Azərbaycan Məzunları Assosiasiyasının təsisçisi Qaiser Navabla söhbəti də elə bu istiqamətdə olub.

- Azərbaycanla Pakistan arasında dostluq və qardaşlıq münasibətlərinin əsasında nə dayanır?

- Birinci əsas odur ki, hər ikisi müsəlman ölkələridir və hisslər, ümumi maraqlar var. Həmçinin, hər ikisi ədalətin tərəfdarıdır, bir-birinə daha yaxındırlar. Hər iki ölkə xarici işğala qarşıdır Qarabağın Ermənistan tərəfindən, Kəşmirin isə Hindistan tərəfindən işğalı məsələsi var. Hər iki ölkə zülmə, işğala qarşı mübarizə aparır və bu yoldan heç kim onları çəkindirə bilməz.

- Pakistan hər zaman Azərbaycanı dəstəkləyib, lakin bu, çoxlarının narahatlığına səbəb olub. Niyə?

- Pakistan Azərbaycanı sırf ləyaqətinə, haqlı mübarizəsinə, haqqına görə dəstəkləyib, beynəlxalq hüququ müdafiə edib. Pakistanın Azərbaycana bu qeyd-şərtsiz dəstəyi kimlərəsə, hansısa ölkələrə ziyan vurur, çünki orada narahatlıq doğuran maraqlar var. Pakistan Azərbaycan qardaşlığı bu maraqların qarşısını alır. Çünki bu maraqlar heç də yaxşı işə hesablanmayıb. Pakistan Azərbaycanın haqlı savaşında yanında olub.

- Pakistan, Azərbaycan və Türkiyə qardaşlığı region və dünyaya hansı mesajlar verir?

- Pakistan-Azərbaycan və Türkiyə qardaşlıq, dostluğun rəmzidir, güvən və birmənalı dəstək üç qardaş kimi simvollaşdırılır. Düşmənlərə xəbərdarlıq göndərir və bütün dünyada sülhsevər ölkələrə nümunədir. Birlik bu üç qardaşın azadlığına və ləyaqətinə böyük bir mesaj əks etdirir, çünki hər üç ölkə daim zülm və işğala qarşı çıxış edirlər və uğurlara imzalar atırlar.

- Sizcə, bu birlik hansı ölkələri narahat edə bilər və niyə?

- Bütün faşist ideologiyasında olan dövlətləri narahat edə bilər. Bu üçbucaqlı qardaşlıq daim zülmə, basqıya, təcavüzə qarşıdır. Bundan əlavə, bu ölkələrin nümunəvi birliyi maraqları təhlükə altında olan ölkələrə narahatlıq yarada bilər. Ermənistan və Hindistan hökuməti ən diqqətçəkən nümunələrdir. Bu ölkələrin maraqları həmişə təhlükə altındadır. Bu maraqların arxasında işğalçılıq siyasəti dayanır.

- Pakistan generalları dəfələrlə Bakıda səfərlərdə olublar, hər iki ölkə birgə hərbi təlimlərdə iştirak ediblər...

- Pakistanla Azərbaycan arasında hərbi əməkdaşlıq qarşılıqlı ola bilər. Dünyanın ən güclü müdafiə və hərbi güclərindən biri olan Pakistan kimi Azərbaycan hərbi əməkdaşlıqdan faydalana bilər. Azərbaycan Pakistandan hərbi texnika, o cümlədən reaktiv təyyarələrin əsas alıcısıdır. Hər iki ölkənin hərbi sahəsini gücləndirmək üçün müntəzəm olaraq hərbi təlimlərə qoşulur. Sentyabrda “Üç Qardaş - 2021” (Türkiyə, Pakistan, Azərbaycan) birgə beynəlxalq təlimi yada salaq. Keçirilən tarixi təlim hər üç tərəf arasında daha dərin bir əlaqəni nümayiş etdirdi. Hər biri iqtisadi və diplomatik cəbhələrdə birlikdə çalışır və hər biri terrorizmə qarşı mübarizəyə sadiq olduqlarını bildirirlər. Bununla birlikdə, bu istiqamətdə hərbi əməkdaşlıq daha yaxın münasibətlərə aparan yolda əhəmiyyətli bir növbəti addımdır. Azərbaycan, Pakistan və Türkiyə Kəşmir, Kipr və Qarabağ kimi milli maraqlar mövzusunda müxtəlif beynəlxalq forumlarda bir-birlərini davamlı olaraq dəstəkləyirlər.

- Bu yaxınlarda Hindistanın xarici işlər naziri Ermənistanda səfərdə olub. Bu səfəri Pakistana, yoxsa Azərbaycana mesaj kimi qəbul etmək olar?

- Hindistanın xarici işlər nazirinin Ermənistana səfəri narahatlıq əlamətidir, həm Pakistan, həm də Azərbaycan üçün. Çünki Hindistanın özü Kəşmiri qanunsuz olaraq işğal edib. Bu kontekstdə Pakistan və Azərbaycan daha da güclənməlidir həm Ermənistana, həm də Hindistana güclü mesaj vermək üçün əməkdaşlığını möhkəmləndirməlidir. Hindistan Pakistanın Azərbaycanla əməkdaşlığından narahatdır. O, bu əməkdaşlığın qonşu ölkələrə yayılmasından qorxur.

- Azərbaycan Qarabağı azad edib, lakin Ermənistan hələ də sülh müqaviləsini imzalamaqdan imtina edir. İmtina səbəbləri nə ola bilər?

- Ərazilərini itirmək qorxusundan sənədi imzalamaqdan imtina edir. İndiki hökumət bu taktika ilə müxaliflərə qarşı çıxmaq və ictimai rəyi lehinə çevirmək istəyir. Üstəlik, Hindistan kimi digər beynəlxalq amillər də Ermənistan hökumətinə təsir edir. Hindistanın xarici işlər nazirinin Ermənistana səfəri də İrəvanın bu sənədi imzalamaqdan çəkindirmək məqsədi daşıyıb. Bəzi beynəlxalq qüvvələr üçün belə məsələlərdə sülh müqaviləsinin imzalanması sərf etmir.

- Pakistan-Azərbaycan dostluğu qonşumuz İranı da narahat edir. Necə bilərsiz, bu, İranın bölgədəki siyasətinə necə təsir göstərir?

- Realist düşüncəyə görə, hər bir ölkənin qoruduğu öz milli maraqları var. Pakistan və Azərbaycan münasibətləri qarşılıqlı münasibətlərə əsaslanır, burada əməkdaşlıq və ikitərəfli maraqlar dayanır. İranın da öz milli marağı var, onu qoruyur. Bundan əlavə, maraqlar beynəlxalq siyasətdə təhdidlərlə bağlı qavrayışlar, siyasi məqsədlər üçün də istifadə edilir. Beləliklə, əməkdaşlıq və quruculuq siyasəti, təhlükə qavrayışı maraq dairəsinə daxildir.

- Heç kimə sirr deyil ki, İran həmişə işğalçı Ermənistanı dəstəkləyib. İşğalçı xristian ölkəsinin yanında olması İslam məntiqinə necə sığır?

- Bayaq qeyd etdiyim kimi, hər bir ölkə öz mənafeyini, marağını qorumaq hüququna malikdir. Dinin roluna gəldikdə, bu, beynəlxalq siyasətdə maraq dairəsində deyil. Beləliklə, İranın Ermənistanla və ya hər hansı başqa ölkə ilə münasibətlərinin kökündə milli əsaslar dayanır. Beynəlxalq aləmdə dostluq və düşmənçilik siyasətinə gəlincə, daimi dost və ya düşmən yoxdur, tək daimi olan milli maraq var.

- Pakistan və Azərbaycanın gənclər və media sahəsində əməkdaşlığı genişləndirmək üçün təklifləriniz nədir?

- Birinci təklif, media sahəsində əməkdaşlıq, körpü qurulmalıdır, müntəzəm olaraq münasibətlərdə olmalıyıq. Təcrübədə olmalıyıq. İnformasiya mübadiləsi aparmalıyıq. İkincisi, təhsil sahəsində əməkdaşlığa önəm verməliyik. Bu da hər iki ölkəni bir-birinə daha da yaxınlaşdıra bilər. Təqaüdlər, seminarlar, yay məktəbləri, tələbə və mədəni mübadilə proqramları və s. layihələri həyata keçirmək olar. Mədəniyyət, idman, turizm sahələrində də əməkdaşlığımızı güclüəndirə və genişləndirəbilərik. Bütün sahələrdə təcrübələrimizi bölüşməliyik. Biz qardaş ölkələrik, qardaşlığımızı qorumalıyıq. Bu bizim regionda, dünyada birgə gücümüz, mövqeyimiz deməkdir.