Sizin Reklam Burada

“Saakaşvili Gürcüstan hakimiyyəti üçün bomba rolunu oynayır”

“Saakaşvili Gürcüstan hakimiyyəti üçün bomba rolunu oynayır”Fazil Əliyev : “O gəlişi ilə müxalifətin aktivləşməsinə, real gücə çevrilməsinə təkan verdi”

Ukraynada məskunlaşan Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili verdiyi sözü tutdu və oktyabrın 1-də ölkəsinə qayıtdı. Saakaşvili özünün “Facebook” hesabında Batumidən video yaydı və öz tərəfdarlarını oktyabrın 2-də keçiriləcək yerli özünüidarəetmə seçkilərində iştirak etməyə çağırdı. Gürcüstan hakimiyyəti əvvəlcə onun ölkə ərazisinə daxil olmadığını desə də, sonradan əməliyyat qrupu yaradaraq onu həbs etməyə müvəffəq oldu. Beləcə, Saakaşvili gəldi və ölkəsində həbs olundu. Hazırda o, Rustavi 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.

Oktyabrın 2-də isə seçkilər keçirildi və MSK-nın rəsmi məlumatına əsasən hakim “Gürcü Arzusu" proporsional siyahı üzrə 46,65 % seçici dəstəyi aldı, Saakaşvilinin qeyri-rəsmi lideri olduğu müxalif Vahid Milli Hərəkat Partiyası 30,7 % səs topladı. Bəzi şəhərlərdə təkrar seçkilərin keçirilməsi gözlənilir.

Müxalifət Saakaşvilinin olduğu Rustavi 12 saylı cəzaçəkmə müəssisəsi ərazisinə yığışıb. Müxalif millət vəkili Tako Çarkvianinin sözlərinə görə, mühacirlər də keçmiş prezidenti dəstəkləmək üçün həbsxana ərazisinə gəliblər.

Ukrayna Prezidenti Vladimer Zelenski onun müdafiəsinə qalxdı. Saakaşvili də öz növbəsində Zelenskiyə məktub yazaraq həbsinə göstərdiyi həssas münasibətə görə təşəkkürünü bildirdi. Onun eksdradisiyası məsələsi də gündəmdədir. Gürcüstan prezidenti Zurabişvili Saakaşvilinin əfv olunmayacağını deyib. Saakaşvilinin vəkili Giorgi Çiviaşvili isə deyib ki, sabiq prezident Gürcüstanda siyasi mübarizəsini davam etdirdiyi üçün Ukraynaya təhvil verilməsindən imtina edəcək.

Baş nazir İrakli Qaribaşvili “İmedi” telekanalının efirində deyib ki, Saakaşvili və onun komandası Gürcüstanda bir neçə müxalifət liderinin qətlini müzakirə ediblər. Məqsəd ölkədə iğtişaşlar yaratmaq və hakimiyyəti ittiham etmək idi.

Hakim "Gürcü Arzusu"nun lideri İrakli Kobaxidze də eyni fikirdədir. Söyləyib ki, Saakaşvili ölkəyə qarşı bir çox cinayətlər törətmiş biabırçı, patoloji bir insandır.
Saakaşvili isə sonadək mübarizə aparacağını deyib. Həbsxanada aclıq və tibbi yardımdan imtina edən sabiq prezident Gürcüstana xalqa azadlıq və demokratiyanı bərpa etməyə köməyə gəldiyini bildirib. O, dəmir barmaqlıqlar arasında da azad insan olaraq qaldığını deyib.

“Xalq Cəbhəsi” baş verən və gözlənilə biləcək hadisələrlə bağlı Gürcüstan Naminə Partiyanın sədri Fazil Əliyevlə müsahibə edib.

- Saakaşvili sözünü tutub Gürcüstana gəldi nə dəyişdi. Onun gəlişi proseslərə necə təsir göstərdi?

- Saakaşvilinin Gürcüstana gəlişi seçki öncəsi mühiti müsbət yönə dəyişdi. Ondan incimiş elektoratı bir yerə topladı və seçkilərə getməyə təşviq elədi. Saakaşvili gəlməsəydi, çox güman ki, tərəfdarlarının yığdığı səs bu qədər olmazdı, daha az olardı. Bundan başqa Saakaşvili Gürcüstanı tərk edəndən sonra lideri olduğu partiyadan parçalanmalar olmuşdu ki, o vətənə qayıtdıqdan sonra həmin tərəflər arasında olan soyuqluq götürüldü, birləşmə meylləri artdı. Bu da müxalifətin seçki aktivliyini, eyni zamanda seçicilərin müxalifətə olan inamını da artırdı və nəticədə müxalifət bu qədər səs topladı.

- Gürcüstanda həbs olunacağını bilə-bilə vətənə qayıtması nəyə hesablanmışdı?

- Saakaşvili Gürcüstana dönmək qərarını verdikdən sonra Avropa dövlətləri onun tərəfdarlarına müraciət etmişdilər ki, sabiq prezidentin dönüşünü elə təşkil etsinlər ki, xaosa, qarşıdurmaya çevrirlməsin. Saakaşvili də sakit bir yolla Gürcüstana daxil oldu və bir gün tərəfdarları ilə görüşdükdən sonra özü hakimiyyətə təslim oldu. Yəni Saakaşvili Gürcüstana gələndə bəyan etdi ki, burayadayam, bu hakimiyyətə bir xəbərdarlıq idi.

- Necə fikirləşirsiz, Saakaşvilinin qayıdışı elə hakimiyyətlə əvvəlcədən düşünülən birgə plan olub..

- Yox, mən deməzdim ki, Saakaşvilinin qayıdışı hakimiyyətlə razılaşdırılıb. Saakaşvili seçiciləırinə videomüraciət edəndə hakimiyyətin bütün strukturları xalqı inandırmağa çalışdı ki, o, burada yoxdur, Ukraynadadır. Sonda hakimiyyət Batumiyə böyük güc göndərəndə Saakaşvili artıq Tiflisdəydi. Hakimiyyətin Saakaşvilinin ölkə ərazisinə daxil olmasında xəbərsizliyi xalq arasında ona olan inamı azaltdı. Eyni zamanda ölkə sərhədlərinə nəzarəti itirməsi, güc strukturlarının sayıqsızlığı hakimiyyəti gülünc vəziyyətə qoydu. Yəni bütün bunlar onu deməyə əsas verir ki, Saakaşvilinin ölkəyə qayıdışından hakimiyyətin xəbəri olmayıb. Bu da hakimiyyət üçün biabırçılıqdır. Pat vəziyyətinə düşən hakimiyyət Saakaşvilini ölkədən çıxarmaq istəyir. Ukrayna prezidenti Zelinski Saakaşvilinin Ukrayna vətəndaşı olduğunu əsas gətirərək ölkəsinə qayıtmasında israrlıdır. Amma Saakaşvili Gürcüstandan getmək istəmir. Burada qalıb mübarizə aparmaq istəyir. Hadisələrin gedişatı onu göstərir ki, Saakaşvilinin Gürcüstana dönüşü heç də ABŞ və Avropa tərəfindən təşkil edilməyib. Bu planda Ukrayna və Türkiyə iştirak edib. Onu da deyim ki, Türkiyə ilə Gürcüstan hakimiyyəti arasında bir soyuqluq var. Bu yaxınlarda Gürcüstanda 1 milyard dollarlıq tender qazanan NK türk şirkəti faşist qüvvələri tərəfindən ölkədən qovulmuşdu. Hətta işə Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan qarışmış və rəsmi Ankaranın etirazını Gürcüstan hakimiyyətinə çatdırmışdı. Düşünürəm ki, Saakaşvili su və hava yolu ilə deyil, quru yolla ölkəyə daxil olub. Gürcüstanla Azərbaycan, Rusiya, Ermənistan və Türkiyə sərhəddir. Saaskaşvili ölkəsinə Rusiyadan keçə bilməzdi, Moskvaya düşmən kəsilib. Azərbaycanla Gürcüstan arasında olan isti münasibətlər isə Saakaşvilinin bu ölkədən Gürcüstana getməsini mümkünsüz edir. Ermənistan sərhədləri isə faktiki olaraq Rusiya tərəfindən nəzarətdədir. Bu da onun Ermənistandan keçməsini inandırıcı saymır. Həm də o buna risk etməzdi. Məntiqlə onun Türkiyə vasitəsilə ölkəyə daxil olduğu inandırıcıdır. Bəlkə hakimiyyət bunu bilir, amma Türkiyə ilə münasibətlərin pisləşməməsi üçün susur.

- Mişa gəlsə də müxalifət seçkidə məğlub oldu. Məğlubiyyət müxalifət düşərgəsindən qopmalar, dağılmalara səbəb ola bilərmi?

- “Gürcü Arzusu”nun qələbə mərasimləri keçirməsi hələ çox tezdir. 47 faizə yaxın səs toplaması tam qələbə demək deyil. Hələ müxalifətin gücü tükənməyib. Ölkənin beş böyük şəhərində təkrar seçkilər keçiriləcək. Saakaşvilinin ölkədə olması müxalifətin gücünü artırır, seçki fəallığı güclənir. İnsanlar Saakaşvilinin azadlığı üçün imza toplama aksiyalarına start verəcəklər, onun saxlanıldığı həbsxana qarşısında aksiyalar keçirilir. Yəni onun ölkəyə qayıdışı müxalifətin zəiflənməsinə yox, daha da güclənməsinə gətirib çıxaracaq, həmçinin siyasi palitraya əlavə rənglər qatacaq. Çox güman ki, ABŞ və Avropa Gürcüstanda müxalifətin fəallığını görüb proseslərə baş vursun. Əvvəllər verdiyim proqnozlar özünü doğrultmaqdadır. Düşünürəm ki, ölkədə qarşıdurmaların baş verməməsi üçün super dövlətlərin təsiri və iştirakı ilə ölkədə koalision bir keçid hökumət formalaşmalıdır. Demokratik institutlar, o cümlədən məhkəmə və süçki komissiyasının yenidən formalaşdırılması və gələn il parlamnet seçkilərinin keçirilməsi planlaşdırıla bilər.

- Hakimiyyət Saakaşvilini hansı şərtlər əsasında azad edə bilər. Azad etməsə nə baş verə bilər?

- Düşünürəm ki, hakimiyyət Saakaşvilinin deportasiya etməyə çalışacaq. Çünki Saakaşvili Gürcüstan hakimiyyəti üçün bomba rolunu oynayır. O, qayıdışı ilə həm seçkilərin gedişatına mənfi təsir göstərdi, hakimiyyətin müəyyən planlarının qarşısını aldı, həm də müxalifətin aktivləşməsinə, real gücə çevrilməsinə təkan verdi. Ona görə hakimiyyət çalışacaq ki, Zelinskinin müraciətini əsas götürüb onu Ukraynaya təhvil versin. Amma Saakaşvilinin bunu istəməməsi hakimiyyət üçün əlavə problemlər yaradır. Çox güman ki, təkrar seçkilər keçirilənədək onun həbsxanadan azad olunacağı real görünmür. Ancaq hər şey ola bilər, əgər super güclər işə qarışıb Saakaşvilinin azad edilməsi tələbini irəli sürsələr, o, müəyyən şərtlərlə azad oluna bilər. Amma təkrar seçkilərə qədər onun azad olunacağı o qədər də inandırıcı görünmür. Əgər təkrar seçkilərdə müxalifət qalib gələrsə o zaman onun azad olunma prosesi sürətlənə bilər. Yox məğlub olarsa gedə bilər. Prezident Zurabaşvili onu əfv etmək barədə düşünmür. Çünki özü Bdzinanın əlində oyuncaq, qeyri adekvat prezident kimi mərkəzin əmrlərinə tabedir.

- Bu dəfə də seçkilərin saxtalaşdırıldığı iddia olunur...


- Əvvəlkilər kimi bu dəfə də seçki saxtakarlıq üzərində keçirildi. Hakim partiya seçkinin saxtalaşdırmaq üçün bütün dövlət resurslarından istifadə etdi və hətta güc strukturlarını da bu prosesə cəlb etdi. Bunu seçkiləri izləyən ABŞ institutları da hesabatlarında təsdiqlədilər. Bundan başqa digər demokratik institutların da seçki ilə bağlı ürək açmayan fikirləri var. Onlar da seçkilərin şəffaf keçirilmədiyi, hətta pul paylama və zorakılıq hallarının müşahidə olunduğu qənaətindədirlər. Hakimiyyət bu seçkilərdə ən çox Kvemo Kartli və Cavaxetiyada üstünlük əldə etdi. Gürcülərin kompakt yaşadığı bölgələrdə hakim partiya qalib gələ, qazana bilmədi. Əsas beş şəhər - Tiflis, Kutaisi, Rustavi, Poti və Batumi daxil olmaqla 20-yə yaxın böyük sənaye mərkəzlərində seçkiləri qazana bilməyən hakimiyyət təkrar seçkilərə getmək zorunda qalıb. Bu da o deməkdir ki, müxalifət təkrar seçkiləri qazanmaq şansındadır. Tiflisi merliyi uğrunda mübarizədə hansı tərəfin qalib gələcəyi önəmlidir. Digər şəhərlərdə də hakimiyyət qələbə qazanarsa, müxalifət və ya əksinə müxalifət qələbə qazanarsa, hakimiyyət çıxılmaz vəziyyətə düşəcək. O zaman gələn il parlament seçkilərinin keçiriləcəyi qaçılmaz olacaq.

- Avropa Saakaşvilinin həbsinə görə rəsmi Tiflisə təzyiq edə biləcəkmi?

- Qərb həmişə ölkədə insan azadlıqlarının pozulmasına, seçkilərin demokratik keçirilmədiyinə görə rəsmi Tiflisi ittihamlayıb. Bu gün 100 min Gürcüstan vətəndaşı iş üçün Avropaya gedib, orada kölə vəziyyətindədirlər. Avropa institutları Gürcüstana artıq mesajlar verir ki, ölkə demokratiya yolundan uzaqlaşsa, zorakılıq meylləri artsa, o zaman Gürcüstan vətəndaşlarının Avropaya vizasız gediç-gəliş məsələsinə yenidən baxıla bilər. Yəni vizasız rejim ləğv oluna bilər. Bundan başqa Avropadakı Gürcüstan vətəndaşları qeyri-qanuni miqrant sayılaraq ölkəyə deportasiya oluna bilər. Bu da rəsmi Tifilis üçün fəlakət demək olacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər