Sizin Reklam Burada

“İran islamçıların iqtidarda qalması üçün əlindən gələni edir” – İraq türkmənlərinin lideri

“İran islamçıların iqtidarda qalması üçün əlindən gələni edir” – İraq türkmənlərinin lideriBazar günü İraqda parlament seçkiləri keçiriləcək. Təbii ki, seçiləcək millət vəkillərinin oturduğu parlament də yeni hökumti formalaşdıracaq. Əhali uzun illərdir firavanlıq, asayiş arzusundadır, bu seçki həmin arzularına çatdıra biləcəkmi insanları? Üstəlik, bu ölkə əhalisinin 10 faizinə bərabər olan 4 milyonluq türkmən xalqı seçkidən sonra sıxıntılarından qurtula biləcəkmi, ən azından milli kimliklərini hökumətə tanıda biləcəklərmi, yaşadıqları tarixi şəhərlərində ən azı yerli idarəetmədə rol ala biləcəklərmi? Bütün bu suallara cavab almaq üçün İraqın keçmiş millət vəkili, Türkməneli Partiyasının sədri, türkmən xalqı arasında böyük nüfuz sahibi Riyaz Sarıkahya ilə söhbətləşdik. Gəlin müsahibəyə birlikdə nəzər salaq:

- Bazar günü keçiriləcək seçkilərə İraqdakı türkmən partiyaları blok şəklində qatılacaq. Birləşmiş İraq Türkmənləri Cəbhəsi adı altında yaratdığımız ittifaqa İraq Türkmən Cəbhəsi, Türkməneli Partiyası, Ədalət Partiyası, Haqq Partiyası, Qərar Partiyası, İradə Partiyası, eləcə də Türkmən Vəfa Hərəkatı, Türkmən Əməliyyat Birliyi və Millətçi Hərəkat Birliyi daxildir. Bu doqquz siyasi partiyanın birlikdə hazırladığı seçki siyahısı əvvəlkilərdən çox fərqlənir. Əslində, seçki prosesinin özü də dəyişib. Əvvəlki seçkilədən fərqli olaraq bu dəfə vilayət və rayonlar daha çox seçki dairələrinə bölünmüş vəziyyətdədir. Məsələn, ötən seçkidə Kərkük və Mosul hər biri bir seçki dairəsi idisə, indi Kərkük 3, Mosul isə 8 dairəyə bölünüb. Çox qarışıqlıq var. Kəndin yarısı bu dairədə, digər yarısı başqa dairədə səs verəcək. Hesab edirik ki, bu dəfə islamçı şiə partiyaları xeyli səs itirəcəklər. Əvəzində isə demokratik və mədəni partiyalar səslərini artıracaqlar. Eləcə də, sünnilər bu seçkidə əvvəlkindən daha çox səs alacaqlar. Çünki onlara Ərəbistandan, Körfəz ölkələrindən böyük dəstək var. Amma bu seçkilər İraqın böyük problemlərini azalda bilməyəcək. O cümlədən, türkmən partiyaları olaraq bizim də bu seçkidən elə böyük gözləntilərimiz yoxdur. Çünki, 4 milyonluq türkmən əhalisi İŞİD-in baş qaldırdığı vaxtlar öz torpaqlarından qaçqın düşərək İraqın dörd bir yanına səpələndilər, böyük bir hissəsi də xaricə köçdü. İŞİD illərdir məğlub edilsə də, qaçqınların çoxu hələ də evlərinə qayıtmayıb. Siyasi təsir imkanları böyük mərkəzlər var ki, türkmənlərin seçkili orqanlarında yer almamasına çalışırlar. Hazırda onlar İraqda sadəcə üç qüvvəni – şiə, sünni və kürdləri təşkilatlandırırlar. Təəssüf ki, bu gün İraqda 4 milyonluq türkmən xalqının sadəcə 1 naziri və 1 nazir əvəzedicisi var. Hansı ki, Maliki hökuməti dönəmində 3 nazir və 4 nazir əvəzi postu bizim idi. Bu gün istər Bağdadda, istərsə də Kərkükdə bütün yüksək postlara ərəblər, ya da kürdlər təyin olunur.

- Bildiyimə görə, İraqın hər yerində narazılıq hökm sürür və çox güman ki, bu özünü seçkidə də göstərəcək...

- Bəli, yalnız türkmənlər deyil, bütün ölkə problem içindədir. Təsəvvür edin ki, İraqın cənubunda əsasən şiələr yaşayır, amma onların da arasında qarışıqlıq var. Neçə şiə partiyası ofislərini bağlamağa məcbur olub. Cənubda yaşayanlar partiyalara deyil, ayrı-ayrı müstəqil namizədlərə səs vermək istəyirlər. Səbəb də budur ki, partiyaların bir çoxu korrupsiyaya qurşanıb, özlərini varlandırıblar, xalq isə sosial sıxıntı yaşayır. Bu gün elektrik, içməli su problemi insanların çiynində yükdür. İnsanlar işsizlikdən əziyyət çəkir və idarəetmə sisteminin naşılığına son qoymaq üçün narazılıqlarını bildirirlər. Təbii ki, Qərb İraqda mülki sistemin qələbə qazanması üçün narazı xalqın hakimiyyətin əleyhinə çıxışlarımı tam dəstəkləyir. Hazırda cənubda şiələr iki bloka bölünüblər – islamçı şiələr və onlara qarşı çıxan liberal və ya demokrat təşkilatlar. Hətta prezident, baş nazir, parlament sədri də islamçılara qarşıdır, amma qorxularından səslərini çıxarmırlar.

- Türkmən partiyaları olaraq seçki siyahısını necə tərtib etmisiniz, kimlərin adları yazılıb, sədrlərin, yoxsa tamam fərqli insanların?

- Təbii ki, seçkidə bizim də namizədlərimiz var və onlara ciddi dəstək veririk. Biz bu dəfə belə razılaşdıq ki, heç bir partiyanın sədri deputatlığa namizəd olmasın. Doqquz siyasi partiyadan səkkizi bu qaydaya riayyət elədi, yalnız İradə Partiyasının sədri xanım Jalə Neftçi öz namizədliyini irəli sürdü.

- Yeri gəlmişkən, seçkidən neçə mandat qazanacağınızı düşünürsünüz?

- Bu dəfə namizədlərimizin sayını azaltmışıq. Ötən seçkidə təkcə Kərkükdən 24 nəfərlik siyahı üzrə seçkiyə qatılmışdıqsa, bu dəfə cəmi 7 namizədimiz var. İstəyirik ki, səslərimiz parçalanmasın, namizədlərimizi yetərincə dəstələyə bilək. Mosulda və digər yerlərdə də namizədlərimiz var. Ötən seçkidə Kərkükdə 3, Mosulda 4 millət vəkilimiz olmuşdu. Arzu edirik ki, bu dəfə heç olmaya millət vəkillərimizin sayı azalmayacaq.

- Seçkinin nəticəsinə uyğun olaraq yeni hökumət qurulacaq İraqda. Sizcə əvvəlkilər kimi olacaq, yoxsa dəyişiklik hiss ediləcək?

- Məncə yeni formalaşdırılacaq hökumət bir az Qərbyönümlü, bir az da Ərəbistana, Körfəz ölkələrinə meylli siyasət yürüdəcək. Yəni İranla bir az məsafə saxlayacaq. Təbii ki, İran bunu asanlıqla həzm etməyəcək. Amma yenə də düşünürük ki, İraq qonşu ölkələrlə, dünya birliyi ilə daha yaxşı əlaqələr quracaq və öz problemlərini azaldacaq. Bu seçkidə çox dəyişikliklər olacaq, yeni simalar seçiləcək və hökumətdə yer alacaq. Amma çəkişmələrin artacağını düşünürük. Qonşu ölkələr, xüsusilə də İran islamçıların iqtidarda qalması üçün əlindən gələni etməkdədir. Təbii ki, mövcud islamçı şiə partiyaları tutduqları yüksək postları asanlıqla əldən vermək istəməyəcəklər. Həm də nəzərə alaq ki, onların ixtiyarında silahlı qüvvə və böyük pullar var. Ölkəmizin yaxın gələcəyi qaranlıq görünsə də, biz bunu istəmirik və İraqın tezliklə asayişə qovuşmasını arzulayırıq.

- Nə zamandır Türkmən Məclisini yaratmaq istəyirsiniz, amma bəzi səbəblər buna mane olub. Bu gün gecdir, amma aylar öncəsi belə bir Məclisiniz qurulmuş olsaydı, həftə sonu keçiriləcək seçkiyə birgə gedə bilərdiniz...

- Türkmən Məclisinin qurulması bütün türkmənlərin arzusudur. Əslində doqquz türkmən siyasi partiyasının hamısı Məclis quraq deyir, yalnız İraq Türkmən Cəbhəsi Ankaranı inandırır ki, bu Məclis İranın təsiri altına düşəcək, kürdlərlə əməkdaşlıq edəcək və sair. İndiyədək məhz İraq Türkmən Cəbhəsinin mövqeyi üzündən Məclis qurulmayıb, nə vaxt təşəbbüs göstərmişik, onlar mane olublar. Təəssüf ki, Ankaradakı bəzi dostlar, eləcə də türkmən quruluşlar da əl altından maneə törədiblər. Məclis qurmaq bizim haqqımızdır. İraq konstitusiyasının 125-ci maddəsində bu hüquqlar təsbit olunub. Çalışırıq ki, heç olmaya seçkidən sonra Məclisi quraq və birbaşa İraq hökumətinin nəzarətində olsun, büdcədən maliyyə dəstəyi alsın. Təbii ki, Məclisin verəcəyi qərarlar da türkmənlər üçün birləşdirici, bəzən isə tövsiyyə xarakterli olmalıdır. Hətta deyirik ki, gəlin türkmənlərin Ali Siyasi Şurasını yaradaq. Bura bütün türkmən partiyalarının sədrləri, millət vəkilləri və hökumətdə rol alacaq nazirlər üzv olsun. Sonradan həmin Şura Türkmən Məclisinin qurulması üçün hazırlığa başlasın. Başa düşürük ki, İraqda heç bir siyasi mərkəz türkmənlərin vahid gücə çevrilməsini istəmir...

- Sizcə niyə?.. Amma bunun qarşılığında seçkiyə həvəslə hazırlaşırsınız...

- Bayaq dediyim kimi, türkmən partiyaları seçkiyə vahid siyahı üzrə, böyük həvəslə qatılıb. Hələ üç gün qalır, inşallah ki, nəticələr dövlətimizə böyük dəyişikliklər gətirəcək. Xalq olaraq biz türkmənlər də bunu istəyirik. Amma İraqın seçki sistemində həmişə saxtakarlıq böyük rol oynayıb, səslər saxtalaşdırılıb. Parlamentdə özünə saxta seçki yoluyla yer edən partiyalar korrupsiya və rüşvətxorluqda hökumətə də ortaq olublar. Hətta deyərdim ki, ayrı-ayrı nazirliklər bu partiyaların kassasına çevriliblər. Əlbəttə, bütün partiyalar pis deyil, aralarında yaxşıları da var. Hər halda, bu dəfə saxtakarlıq olmasın deyə bir sıra işlər görülüb və inanıram ki, nəticəsi olacaq.

- Seçki öncəsi İraqda ciddi canlanma var, özü də məhz şiə qruplar arasında. Bildiyim qədər, şiələr seçki prosesində üç cəbhəyə bölünüblər: Əli Sistani, Hadi əl-Amiri və Müktəda əs-Sədr qrupları...

- Şiə qruplar arasında ciddi rəqabətin olduğu açıqdır. Əli Sistani şiələrə çağırış elədi ki, seçkidə aktiv olsunlar. İraq əhalisinin seçkiyə münasibəti belədir: kimlərin ki, hansısa partiyaya rəğbəti var, gedib səs verirlər. Amma hansısa partiya ilə bağlılığı olmayanlar səsvermədə iştirak etmirlər. Çox istərdim ki, Sistaninin çağırışı əhalini fəallaşdırsın. Bizim türkmən əhali arasında da seçkidə fəallıq hər zaman aşağı olub. Çalışırıq ki, hamı səsverməyə qatılaraq istədiyi namizədə səs versin. Əgər türkmənlər seçkidə tam fəallıq göstərərsə, təkcə Kərkükdə 12 millət vəkili mandatından 4-nü qazana bilərik.

- Şiələrin bu üç qrupu arasında hansısa bağlılıq və ya fərq varmı, onlardan hansı İraq üçün daha münasib gələcək vəd edir?

- Əslində şiə partiyalar arasında, istər Müktəda əs-Sədr olsun, istər Əl-Hadi və digərləri, əsas hədəflərində elə də ciddi fərq yoxdur. Onlar çalışırlar ki, nə edək daha çox mandat qazanaq. Yəni maraqları ideologiya yox, mənfəətdir. Şiələr arasında əsas mübarizə islamçılarla müasirlər arasında gedəcək. Yəni islamçı qruplar öz aralarında mənfəət, müasirlərlə islamçılar isə idealogiya uğrunda mübarizə aparacaqlar. Kürdlər arasında da mübarizə xeyli güclənəcək. Amiri qrupu İranla əlaqələrə üstünlük verir. Amma Müktəda əs-Sədr əksinə, İranla məsafə saxlayıb, şiə olmasına baxmayaraq sünni-ərəb dünyası ilə əlaqələrə üstünlük verir. Hətta o, Səudiyyə Ərəbistanında səfərdə də olub. Əs-Sədr ölkədəki sağçı-islamçı qrupları öz ətrafında cəmləməkdədir. Amma təbii ki, bütün siyasi partiyaların İranla dərin köklü əlaqələri var və İranın onlara bu gün də təsiri güclüdür. Odur ki, onların bu seçkidə hamısının birdən yeniləcəyini gözləmək olmaz.

- Müktəda əs-Sədr qonşu ölkələri seçkilərə müdaxilə etməməyə çağırdı və edərlərsə irəlidə qarşılıq verəcəkləri ilə hədələdi. Xəbərdarlıq hansı ölkəyə ünvanlanıb sizcə?

- Əs-Sədr ədalətli seçki keçirilsin deyə belə bir çağırış edib. Çox güman ki, qonşu ölkələr dedikdə İranı nəzərdə tutub. Çünki bayaq dediyim kimi, İran şiə partiyalara dəstək verir.

- Sünni iraqlılar, eləcə də kürdlər seçki öncəsi çox rahat görünürlər. Niyə sakitdirlər, bəlkə sonda istədiklərini ala biləcəklərinə arxayındırlar...

- Dorudan da, bu dəfəki seçkidə sünnilərlə kürdlər çox rahatdırlar. Düşünürəm ki, alacaqları səslərdə artım olacaq. Həm də bu dəfəki seçkidə partiyalar arasında yarışdan əlavə, namizədlərarası mübarizə gedəcək. Kərkükdə seçkilər bir növ türkmənlər, kürdlər və ərəblər arasında gedir. Odur ki, kimliyindən asılı olaraq hər kəs öz millətindən olan namizədə səs verəcək.

- Son olaraq deyin: Bu seçkilər İraq türkmənlərinə və Türkməneli yurduna nə vəd edir?

- Seçkidən sonra ölkədə vəziyyət sabitləşəcəkmi, yoxsa qarışacaqmı, bunu indidən söyləmək olmaz. Yaxşılığa doğru olarsa, əslində türkmənlərin də arzuladığı ab-hava yaranar. Elə böyük gözləntimiz yoxdur, bayaq da dediyim kimi, ən azından ötən dəfəki millət vəkili sayımızı qorumağa çalışacağıq. Həm də bu dəfə daha fəal, sözünü deyə biləcək millət vəkillərini parlamentə göndərmək istəyirik. Çünki ötən seçkidə, xüsusilə də Kərkükdən seçilmiş millət vəkillərimiz passiv oldular, türkmənlər üçün heç nə edə bilmədilər. İstəyirik daha çox gənc və aktiv insanlar seçilsin. Əvvəllər parlamentdə millət vəkillərimiz maksimum 15 nəfər olub. Hansı ki, kürdlər hər dəfə ən azı 50 millət vəkili mandatı qazanıblar. Niyə, ona görə ki, mövcud seçki sistemi bu vəziyyəti yaradıb. Bütün bunları nəzərə alaraq, türkmən millət vəkilləri daha çox işləməyə məcburdur. Kürd millət vəkili 8 saat işləyirsə, bizimkilər 18 saat işləməlidirlər ki, nəsə əldə edə bilsinlər.

Vüsal Tağıbəyli

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər