Sizin Reklam Burada

ABŞ, İran, Avropa “İraq qazanı”nda qaynayır

ABŞ, İran, Avropa “İraq qazanı”nda qaynayırRiyaz Sarıkahya: “ABŞ Türkiyənin İraqa təsir etməsini istəmir

Aprel ayında Birləşmiş Ştatlar və İraq bu ölkədən bütün Amerika döyüş bölmələrinin çıxarılması barədə razılığa gəlsələr də bu reallaşmayıb. Amerika hərbçiləri guya İraqda «İslam Dövləti» terrorçu qruplaşması ilə mübarizə aparmaq məqsədilə yerləşdirilib. Ancaq ABŞ hərbçiləri əvvəlki kimi, İraq təhlükəsizlik qüvvələrinin öyrədilməsi təcrübəsini davam etdirəcəklər. İraq Yaxın Şərq üçün təhlükə mənbəyinə çevrilib. ABŞ İŞİD-lə yox ölkədə yerləşən İranla mübarizəni gücləndirib. Ötən ayın sonlarında ABŞ-ın Hərbi Hava Qüvvələri İraq və Suriyanın sərhəd rayonunda İran tərəfindən dəstəklənən qruplaşmaların obyektlərinə aviazərbələr endirib.

İraq parlamentinin vitse-spikeri Həsən Kərim Əl-Kəbi ABŞ səfirliyinin mütəmadi İraqın daxili işlərinə müdaxilə etməsinə reaksiya verərək, Vaşinqtonun tez bir zamanda qüvvələrini İraqdan çıxarmalı olduğunu söyləyib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Hatibzadə ABŞ-ın İraq-Suriya sərhəd bölgəsindəki İran dəstəkli Haşd əş-Şaabiyə mənsub Ketaib Seyyid əş-Şuhəda milis qruplarının istifadə etdiyi obyektlərə hava hücumunu pisləyərək Vaşinqtonu bölgədə sabitliyi pozmağa cəhd etməkdə günahlandırıb.

"Hizbullah"ın baş katibi Həsən Nəsrullah isə deyib ki, ABŞ-ın İraqdakı hərbi mövcudluğu, Vaşinqtonun İraqın razılığının alındığına dair açıqlamasına baxmayaraq adi bir işğaldır. ABŞ həmçinin heç bir şey qazanmadan Əfqanıstandan qovuldu.

Onu da qeyd edək ki, İŞİD terror təşkilatı 2017-ci ilin sonu və 2018-ci ilin əvvəlində İrada nəzarətində olan bütün coğrafi əraziləri itirib və məxfi obyektlərinə çəkilərək, terror hücumlarını həyata keçirməyə başlayıb. İraqda yaşayan türkmənlər də həm terrorun qurbanı olublar, həm də ölkədə böyük güclərin çəkişmələrindən zərər görüblər.

İraq parlamentinin sabiq deputatı, Türkməneli Partiyasının başqanı Riyaz Sarıkahya “Xalq Cəbhəsi”nə müsahibəsində öncə İraqdakı mövcud siyasi vəziyyətlə bağlı fikirlərini söyləyib:

- İraqda nə siyasi, nə iqtisadi, nə hərbi sahədə sabitlik var. Ölkənin cənubunda etirazlar hələ də davam edir, İŞİD-ə qarşı əməliyyatlar aparılır. İraqda sabitliyin olmasını istəyirik, amma təəssüflər olsun ki, bu gün ona nail olmaq mümkün deyil. İraqın sabiq baş naziri Heydər əl-Abadinin istefasından sonra il yarımdır ki, konsensus əsasında hökuməti Mustafa əl-Kazimi qurub. Amma bu hökumət də uğurlar əldə edə bilmədi. Ölkənin daxili siyasi vəziyyətində bir gərginlik yaşanır. İraq hələ də özünə gələ bilməyib. Koronavirus pandemiyası yayıldıqdan sonra vəziyyət daha da pisləşdi. Bir tərəfdən Avropa və ABŞ, digər tərəfdən İranın ölkəyə təsirləri Bağdadda ciddi formada özünü göstərir. Bunların təsiri İraq hökumətinin təsirindən daha çoxdur. 2021-ci ilin oktyabr ayında növbədənkənar seçkilərə hazırlaşırıq. Normalda isə seçkilər gələn ilin may ayında keçirilməlidir. Seçkiləri qabaqlayıblar, seçim əsasında ciddi dəyişikliklər oldu. Bu il bölgələr üzrə seçkilər keçiriləcək. Məsələn, əvvəllər Kərkük bir bölgə idi, amma bu il 4, Mosul isə 8 bölgəyə ayrılıb. Bu mexanizm üsulunun hələ müsbət effekt verə biləcəyi məlum deyil. Partiyalar da bu seçkilərə toparlanırlar. Xalq bu seçkilərə də ümid bağlamır. Seçki məsələsində İraq hökuməti BMT və digər beynəlxalq təşkilatlarla razılaşmadı, gözləmə mövqeyi tutdu. 2018-ci ildə keçirilən seçkilər saxtakarlıqlarla yadda qaldı. Parlamentin indiki üzvlərinin əksəriyyəti həmin saxtakarlıqla mandat əldə ediblər. Hökumətdəki olan hər partiyanın nüfuz edə biləcək bəlli bir nazirliyi var. Saxta mandata sahib olan millət vəkilləri və ana partiyanın bəlli nazirliklərinin başları ancaq pul qazanmağa qarışıb. Düşünürəm ki, bu seçkilər də İraqa müsbət heç nə gətirməyəcək.

- ABŞ-ın İraq siyasətinə münasibətinizi və bu siyasətin İraq-Türkiyə münasibətlərinə təsirini bilmək istərdik.

- Təbii ki, ABŞ İraqda sabitliyin bərpasına nail ola bilmədi, ölkənin və əhalinin təhlükəsizliyini qorumadı. Xalq bu məsələdə ABŞ-dan narazı və şikayətlidir. Bundan başqa ABŞ İraq dövlətinə arzu edilən yardımı göstərmədi. İraqda İranpərəst qüvvələrlə ABŞ arasında qarşıdurmalar da mövcuddur. Bu da İraqdakı sabitliyin pozulmasını gücləndirir. ABŞ Türkiyənin də İraqa təsir etməsini istəmir. İranın ölkəyə təsirinə göz yumub, amma Ankaranın burada olmasının qarşısını almağa çalışır. Xalq ABŞ-dan İraq üçün çox şeylər gözlədi, ümid etdi, amma rəsmi Vaşinqton xalqın gözləntilərini həyata keçirmədi.

- ABŞ-ın İraq başda olmaqla bölgədən çəkiləcəyi təqdirdə vəziyyətin necə dəyişə biləcəyini düşünürsünüz?

- İraqda İran-ABŞ çəkişməsi mövcuddur. Biz ABŞ hərbisinin ölkədən çıxmasını istəyirik. Amma digər məsələlərdə işbirliyində olmasından bir zərər görəcəyimizi də düşünməliyik. Əgər ABŞ bölgədən çəkilərsə o zaman ərəb dövlətləri və Türkiyənin bura təsiri artar. İran onsuz da burada böyük təsir gücünə malikdir.

- Türkiyənin Orta Şərqdəki siyasəti və buradakı mövqeyi ilə bağlı fikirlərinizi bilmək istərdim.

- Türkiyənin tarixən Orta Şərqdə bir rolu olub. Orta Şərq xalqlarının - ərəblər, farslar, kürdlər, əfqanlarla mədəni bağları olub. Rəsmi Ankara fələstin məsələsi başda olmaqla Orta Şərqdə sabitliyin, barışın tərəfdarı kimi çıxış edib. Suriyada Əsəd rejiminə qarşı sərt mövqe nümayiş etdirib, suriyalılara qucaq açıb. Orta Şərq qaynayan bir qazandır, burada baş verən hadisələrə müdaxilə edən qüvvələr asanlıqla buradan təmiz formada çıxa bilmir. Türkiyənin İraq, Suriyanın ərazi bütövlüyünün dəstəkləməsi siyasəti var. Son aylarda Türkiyə Misir və ərəb dünyası ilə münasibətlərini təmin etmək üzrədir. Amma Türkiyə ehtiyatla davranır, çünki burada onun mənffəti var. Orta Şərqdə təkcə Türkiyə yox, ABŞ, Avropa, İran, Rusiya da var, Çin də artıq gəlib. Bunlarla birlikdə Orta Şərqə yeni nəfəsin, sabitliyin gəlməsini arzulayırıq. Bölgədə sabitliyin bərpasını, xalqlar arasında münasibətlərin, işbirliklərinin olmasını istəyirik.

- Riyaz bəy, Kərkükdəki vəziyyətdən danışaq, necədir, İraq hökumətinin türkmənlərə münasibətini necə qiymətləndirirsiniz? Türkmənlərin hüquqlarını qorumaq üçün hökumət hansı addımları atır.

- İraq türkmənlərinin mərkəzi Kərkük hesab olunur. Kərkük, Mosul, Diyalə türkmənlərinin fərqli sıxıntıları, problemləri var. Məsələn, Bayat bölgəsi və Mosuldakı türkmənlər əzab, əziyyət içindədirlər, İŞİD onların yaşayış məskənlərini dağıtdı, didərgin düşüblər. Türkiyədə, İraqın ərəb şəhərləri – Bağdad, Mosul, Kərbəlada yaşayırlar, hələ də evlərinə dönə bilmirlər. Kərkükdə də vəziyyət pisdir, iki ildir ərəb siyasəti yürüdülür. Səddamın prezidentliyi dönəmində də bu siyasət vardı, sonradan kürdçülük siyasəti yürütdülər, indi yenə ərəb siyasəti mövcuddur. Dövlət idarələrində vəzifələrdə ərəblər oturub. Şəhər baxımsız qalıb, demək olar ki, həyat ölüb. Təhlükəsizliyimizə belə zəmanət istədiyimiz formada deyil. İŞİD-in qorxusundan, zülmündən qaçıb Kərkükə gələn yüz minlərlə ərəb bir daha geri dönmək istəmir. Demoqrafik dəyişim Kərkükdə ciddi sıxıntılar yaşatdı. 9 türkmən partiyası son iki ayda seçim ittifaqında toplandılar. İraq siyasi tarixində ilk dəfə olaraq türkmən partiyalar bir ittifaqda koalision formada cəmləşiblər. Xalq bu addımı alqışladı, ümidverici bir addım atılıb. Amma İraq hökuməti türkmənlərin haqq və hüquqlarını qorumaq istəyində deyil, buna biganə yanaşılır. Bu hökumətin acızliyindən xəbər verir. İŞİD-dən ən çox zərər görən türkmən bölgələri olub. Hökumət bu barədə fikirləşmir ki, türkmənlərə dəyən maddi, mənəvi zərər ödənilsin, ən azından hüquqları və haqları qorunsun.

- İraq türkmanları, etnik qohumluq, dil, həyat, ədəbiyyat, adətlər və s. məsələlərə görə digər türk etnik qruplarla müqayisədə Azərbaycan xalqına yaxındır. Türkməneli-Azərbaycan münasibətləri necə inkişaf etdirilə bilər? Təkliflərinizi bilmək istərdim.

- İraqda türkmənlər Azərbaycan xalqının bir parçasıdır. Anadoluda yerləşən türkmənlər, xüsusən də Talaf bölgəsində İran üzərindən gəlib orada məskunlaşan türkmənlər Azərbaycandan olan qardaşlarımızdır. Bir neçə il öncə Azərbaycana, Bakıda səfərdəydim, özümü Kərkükdə olduğu kimi hiss edirdim. Tariximizi, keçmişimiz, mədəniyyətimiz, dilimiz, dinimiz, müsiqimiz eyni. Azərbaycanın Kərkükdə Mədəniyyət mərkəzlərinin açılmasını istərdik. Türkməneli bölgələrinin buna daha çox ehtiyacı var. Kərbəla, Nəcəf kimi müqəddəs yerlərin azərbayucanılar üçün də ziyarətgah olduğundan bu yerlərdə də nümayəndəliklərin açılmasını istərdik. Ticari iş birliyi də əhəmiyyətli ola bilər və azəraycanlı iş adamlarının bölgəyə sərmayə yatırmalarının faydası ola biləcəyini düşünürəm. İran, türk və Qərb şirkətləri zatən buradadırlar. Azərbaycanlı qardaşlarımızın da burada təsirini arzulayırıq. Səddamın dövründən bu yana türkmən iş adamlarının qarşısı elə kəsilmişdi ki, bu gün onlar Azərbaycana gəlmək imkanından belə məhrumdurlar. Bağdadda çox az bir təsir gücündəydilər. Sonradan bunu siyasi bir çevrəyə saldılar. İraqdakı iqtisadi düzən elə bir səmtdə siyasiləşdirildi ki, türkmən iş adamları üçün maneələr yarandı. İşbirliyinin tərəflərə bir xeyri olar. Azərbaycanlı qardaşlarımız da türkmənelini öz parçaları qəbul edirlər. Biz türk dünyasının bir parçasıyıq. Azərbaycanın burada gözü olmalıdır. Azərbaycanın Bağdaddakı səfirliyindən çox gözləntilərimiz var. Türkməneli bölgəsini ziyarət etməsini gözləyirik. İranlılar, amerikalılar, türklər, Qərb diplomatları ziyarət ediblər. Nədən qardaşlarımız bura gəlməsinlər?

- Türkmənlər Qarabağ münaqişəsində həmişə Azərbaycanı dəstəkləyiblər. Hətta əllərinə silah alıb Qarabağda döyüşmək istədiklərini dilə gətirdilər. Kərkükdə Qarabağın azad edilməsi və ermənilər üzərində qələbə necə qarşılandı?

- İraq türkmənləri Qarabağı öz torpaqları hesab edirlər. Qarabağın ermənilərin işğalından azad edilməsi xəbərini sevinclə qarşıladıq. Qarabağ işğalda olduğu bir zamanlarda çox sayda türkmən əlinə silah alıb orada vuruşmağa hazır olduqlarını bəyan etmişdi. Hətta millət vəkilləri də bu aksiyaya qoşulmuşdular. İŞİD-dən bir çox bölgənin azad edilməsində şücaət göstərən Muxtar Musəvi adlı türkmən komandanı olmuş millət vəkili də Qarabağın Qurtuluş Hərəkatına qoşulmağa hazır olduğunu bildirmişdi. Azərbaycanın qələbəsini sevinc göz yaşlarımızla, qürurla qarşıladıq.

- Azərbaycan-Türkiyə qardaşlığı gücləndikcə düşmənlərin naharatlıq və təşvişini necə başa düşmək olar?

- Azərbaycan-Türkiyə iki dövlət bir millət anlaşıyı çərçivəsində addımlayır, qardaş dövlətlərdir. Bu qardaşlıq türk birliyinin yaranmasıa bir ümidverici stimuldur. Türk millətini bir-birindən ayrı salıblar. Zaman-zaman türk birliyini zəiflətmək üçün müxtəlif ölkələrdə türklərə qarşı qətliamlar həyata keçiriblər. İstəməyiblər ki, bu birlik yaransın, güclənsin. Artıq bu gün türk birliyinin formalaşması zamanı gəlib çatıb. Türk birliyinin olması sülh, barış deməkdir. Ümid edirəm ki, türk birliyi yaranacaq, güclənəcək. Azərbaycan-Türkiyə iki dövlət, bir millətdir. Ümummilli lider Heydər Əliyev belə deyib. Türkün düşməni həmişə narahat və təşviş içində olub.

- Turan dövləti qurmaq ideyası yüzillərdən bəri dünya türklərinin ürəyində yaşayan, bəzən alovlanan, bəzən yavaşıyan, amma heç zaman sönməyən bir ideyadır... Bu ideya gerçəkləşə bilərmi?

- Turan ideyasını addım-addım reallaşdırmaq olar. Türk birliyinin möhkəmlənməsi üçün türk dövlətləri arasında sağlam mühit formalaşmalıdır, bütün sahələrdə işgüzar əlaqələr qurulmalıdır. Ən qısa zamanda hədəfimiz türk birliyinə nail olmaqdır. Bu birliyin yaranması biz türkmənləri də sevindirər, baxmayaraq ki, biz İraq vətəndaşlarıyıq. Amma İraqda türk dünyasına bir körpüyük. İraq da bizim vətənimizdir buradakı heç bir xalqa, dövlətə qarşı çıxış etməmişik. Sadəcə, biz milli haqlarımızı konistitusion çərçivədə qorunmasını tələb etmişik. Türk olaraq doğulduq, türk olaraq yaşamaq üçün mücadilə apardıq. Türk öz tarixini qorumalı və onu yaşatmalıdır. Bu şanlı tarixdir. Türkün tarixi həmişə qəhrəmanlıqla, mərdliklə, cəsarətlə yazılıb. Türk tarixdə belə qalıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər