"DYP-nın icazəsiz şəkil çəkməsi və video çəkilişlər aparması yolverilməzdir"

"DYP-nın icazəsiz şəkil çəkməsi və video çəkilişlər aparması yolverilməzdir"Avrasiya.net SİA-ya istinadən yazıçı-publisist İlham Əliyevin müsahibəsini təqdim edir:

- Son illərin ən çox danışılan mövzularından biri də sürücülərin polislər tərəfindən tez-tez cərimələnməsidir. Bu paradoksallığı nə ilə izah edərdiniz?

- Bütün dünyada olduğu kimi Azərbaycanda da qəbul edilən qanunlar insanların daha rahat yaşaması üçündür. Problemlər varsa, o problemlərin aradan qaldırılması üçün birgə səy göstərilməlidir. Hər bir vətəndaş üzərinə düşən vəzifəni yerinə yetirməli, öz vicdanı ilə özünə sual verməlidir ki, dövlət mənim üçün bu işləri görüb, bəs mən dövlətimin inkişafı üçün nə etməliyəm? Bəzən insanlar qanunlardan öz iddialarını reallaşdırmaq üçün istifadə edirlər. Məsələn, polis haqqında qanun var. Eyni zamanda sürücülərin yol hərəkəti haqqında qanununda 32-ci maddəsində sürücülərin vəzifələri və onların üzərinə düşən vəzifələr var. Bütün bu qanunvericiliyin tələblərinə uyğun olaraq istər sürücü, istər polis bu vəzifələri yerinə yetirsə sürücü polis münasibətlərində normal inkişaf olar.

- Bəzən mütəmadi şəkildə polislərin özləri də qanunu pozur. Bu barədə nə deyərdiniz?

- Konstitusiyanın 32-ci maddəsinə görə hər bir şəxsin toxunulmazlıq hüququ var. Yəni, onun icazəsi olmadan hər hansı bir şəkil və video çəkilişlər aparmaq yolverilməzdir. Amma bəzən bu çəkilişlər polis xidməti vəzifəsindədir. Bu zaman hər hansı bir çəkiliş aparılması polisə şəxsi zəmində problem yaratmamalıdır. Çünki bu onun şəxsi işi deyil, xidməti vəzifəsidir.

- Pulsuz parkinq yerlərində hətta zolaqlar çəkilib ki, burada pulsuz şəkildə maşın saxlayıb istirahət etmək olar. Amma baxırıq ki, burada qanunsuz şəkildə pul yığılır. Bütün bunlar niyə baş verir?

- Avropanın bir sıra şəhərlərində hər hansı bir maşın saxlanılmasına görə cərimələr yazılmır və insanlar yolun sağ tərəfində, bəzən də sol tərəfində də maşınlarını saxlayıb işinin dalınca gedə bilər. Azərbaycanda, deyək ki, Bakıda avtomobillərin saxlanılmasına görə kimdənsə rüsum tələb etməsi qeyri-qanunidir, kobud da olsa talançılıqdır.

- Ölkəmizdə taksi fəaliyyətini necə dəyərləndirirsiniz?

- Taksi fəaliyyəti ilə məşğul olmaq müəyyən qurumun öhdəlikləridir, yəni, lisenziya alıb taksi fəaliyyəti ilə məşğul olmaq olar. Çox təəssüflər olsun ki, Bakı şəhərində bu gün elə insanlar var ki, ya işsizdir, ya da işi var və gecə hansısa işdən sonra taksi fəaliyyəti ilə məşğul olmağa meyl göstərir. Bəzən taksi sürücüləri idarə etməni kobud şəkildə həyata keçirirlər. Sərnişinlərə təhlükə yaratmağa çalışırlar. Bu da yolverilməzdir.