Sizin Reklam Burada

"Real vəziyyətə uyğun olaraq rahat oturmamalıyıq"

"Real vəziyyətə uyğun olaraq rahat oturmamalıyıq"525-ci qəzet"in "Siyasi dialoq" rubrikasının növbəti qonağı Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevdir.

- Fuad müəllim, bildiyiniz kimi, bir ildən çoxdur ki, hakimiyyətlə siyasi partiyalar arasında dialoq başlayıb. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyətilə iş şöbəsinin müdiri Ədalət Vəliyev mütəmadi olaraq siyasi partiya liderləri ilə görüşür, onların fikirlərini, təkliflərini dinləyir. Siz ümumilikdə bu prosesi necə qiymətləndirirsiniz?

- Bəli, 2019-cu il noyabr ayında Prezident Administrasiyasında kadr islahatı baş verdi. Struktur dəyişikliyindən sonra Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyətilə iş şöbəsi yarandı. 2020-ci il fevral ayında həmin şöbənin rəhbəri Ədalət Vəliyevlə ilk görüşümüz oldu. Elə fevral ayından başlayaraq demək olar ki, iqtidar-müxalifət dialoquna start verildi. Hesab edirəm ki, pandemiya şəraitinin mövcudluğuna baxmayaraq, dialoqun qurulması çox uğurlu alındı və inkişaf etməkdə davam edir. Ədalət Vəliyevlə görüşlərimizdə fikir mübadilələri aparmışıq. Görüşlər zamanı partiya olaraq bir sıra təkliflər irəli sürmüşük. Çox müsbət haldır ki, bizim partiyamızın verdiyi təkliflərin bir neçəsi həyata keçirilib. Eləcə də bu müddət ərzində bir neçə videokonfrans şəklində görüşlərimiz oldu. Bu görüşlərdə 50-dən çox partiya iştirak edib. Hesab edirəm ki, bu inkişaf, ölkədə aparılan iqtidar-müxalifət dialoqu siyasi sistemin inkişafına öz müsbət təsirini göstərəcək. Bu istiqamətdə atılan addımlar milli həmrəyliyə və sağlam dialoqa xidmət edir. Sözsüz ki, siyasi dialoqun daha da inkişaf etdirilməsində Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi öz səmərəli fəaliyyəti ilə xüsusi rol oynayır.

- Bəzi həmkarlarınız ötən müddət ərzində artıq müəyyən nəticələrə nail olunduğunu bildirir. Siz necə düşünürsünüz, dialoqun nə kimi nəticələri olub?

- Bu görüşlərin nəticəsi olaraq siyasi partiyaların sayı çoxalıb. Keçən il təxminən 8 partiya qeydiyyatdan keçib. Partiyalara qurultayların keçirilməsinə imkanlar yaradılmışdı. Siyasi partiyaların dövlət tərəfindən ofislə təmin olunması qanunla nəzərdə tutulan məsələdir. 27 il ərzində bu qanun işləmirdi. Amma bu il yanvar ayından başlayaraq, 20-dən çox partiya ofislə təmin olunub. Əlbəttə ki, siyasi partiyalarla bağlı prosesin bu cür inkişafı çox müsbət haldır. Siyasi partiyalara fəaliyyət göstərmələrinə geniş imkanlar yaradıldı. Əvvəllər belə imkanlar yox idi. Biz özümüz ofis məsələmizi hələ bir neçə il qabaq dəfələrlə Dövlət Əmlak Komitəsinə etdiyimiz müraciətlərə etinasız yanaşılması nəticəsində məhkəmə vasitəsi ilə həll edə bildik. Amma bu bir il həm dialoqun baş tutması, həm ofislərin verilməsi, həm də siyasi partiyaların dövlət televiziyalarında çıxışları ilə müşahidə olundu. Bunlar çox müsbət haldır.

- Siyasi partiyalar dialoq çərçivəsində müxtəlif təkliflərlə çıxış edirlər. Siz də verdiyiniz təkliflərin bir neçəsinin həyata keçirildiyini bildirdiniz. Rəhbərlik etdiyiniz partiya nə kimi təkliflər verib və onların hansı reallaşıb?

- Bu təkliflər çərçivəsində korrupsiyaya qarşı mübarizə, seçki islahatının aparılması, parlament və digər seçkili hakimiyyət orqanlarının formalaşdırılması, siyasi dialoq mühitin yaradılması, "siyasi məhbus" problemilə bağlı təkliflər olunub. Həmçinin, dövlət başçısının yanında İctimai Şuranın yaradılması təklifini irəli sürmüşük. Misal üçün seçki islahatlarıyla bağlı olan təklifimizi oxucularınıza açıqlaya bilərəm.

Təklif edirik ki, seçkilər proporsional və majoritar qaydada keçirilsin, ilkin olaraq parlament seçkiləri yarı proporsional, yarı majoritar qaydada keçsin. Bir seçkidən sonra 100 faiz proporsional keçirilməsinin tərəfdarıyıq.

Partiyaların maliyyəşməsinə gəlincə, maliyyənin bölüşməsini, seçkilərdə iştirak edən partiyalar nəzərdə tutulur. O ayrılan maliyyə parlamentdə təmsil olan və olmayan partiyalar arasında bölünsün. Parlamentdə təmsil olunmayan partiyalara və seçkilərdə 3 faizdən yuxarı səs toplayanlara ayrılan vəsaitdən 5 faiz bölünsün. İndiki halda isə 100 faiz majoritar qaydada keçirilən seçkilərdə qazanılan faizləri əsas götürüb partiyaların maliyyələşməsi düzgün deyil. Partiyaların maliyyələşməsi ancaq proporsional qaydada keçirilən seçkilərdə olur.

Bəzi təkliflərimiz həyata keçib. Yuxarıda qeyd etdiyim partiyaların qeydiyyat və ofislə təmin olunması məsələsi, qurultayların keçirilməsi. Təklif etdiyimiz sosial məsələlərə aid olunan bəzilərinin artıq tətbiq edilməsinin şahidi olmuşuq. Mən başa düşürəm ki, verdiyimiz təkliflər ola bilər ki, təkcə bizim təkliflərimiz deyil. Əsas odur ki, vətəndaşların sosial problemləri həll olunsun, cəmiyyətimiz inkişafa doğru irəliləsin.

- Vətən müharibəsində iqtidar-müxalifət birliyinə şahidlik etdik. Əldə edilmiş qələbədən sonra, sizcə, bu həmrəyliyin davam etməsi nə dərəcədə vacibdir?

- Böyük Vətən müharibəsi bizim qələbəmizlə başa çatıb. Amma regiondakı cərəyan edən proseslər bizim bundan sonra daha ayıq olmamızı tələb edir. Biz rahat oturmamalıyıq. Diplomatik müstəvidə mübarizə aparılmaqla yanaşı, ictimai-siyasi təşkilatlar da öz fəaliyyətləri daxilində mübarizəsini davam etdirməlidir. Məlum məsələdir ki, üçtərəfli bəyannaməyə əsasən, erməni silahlıları dekabrın 1-ə qədər torpaqlarımızdan çıxmalı idi. Lakin hadisələrin gedişi göstərir ki, dekabrın 1-dən sonra bir qrup erməni bu qərara uymur. Onlara qarşı antiterror əməliyyatları aparılmalıdır və hesab edirəm ki, bu əməliyyatlar lokal şəkildə aparılır. Real vəziyyətə uyğun olaraq rahat oturmamalıyıq. Bu gün Azərbaycana qarşı informasiya müharibəsi gedir. Bu informasiya müharibəsində ermənilərin təxribatçı, qıcıq doğuran məlumatları ilə tez-tez rastlaşırıq. Düşmənin təxribatlarına qarşı soyuqqanlı yanaşmaqla cavabları layiqincə verilməlidir və verilir. Nəzərə almaq lazımdır ki, qonşu Rusiyada erməni və ermənipərəst qüvvələr, ermənipərəst mətbuat çoxluq təşkil edir. İctimaiyyət, cəmiyyət olaraq ayıq olmalı və informasiya müharibəsində əldə etdiyimiz uğurları daha da çoxaltmalıyıq. Siyasi partiyalar olaraq bu işdə fəallıq göstərməliyik. Bizim partiya 44 gün ərzində beynəlxalq təşkilatlara müharibə ilə bağlı çoxsaylı məlumatlar göndərmişdi. Biz bu fəaliyyəti indi də davam etdiririk. Hazırda işğaldan azad olunan torpaqlar, ərazilərin bərpa olunması ilə bağlı məlumatları yayırıq. Ermənilər öz təxribatlarını davam etdirirlər. Ona görə də beynəlxalq təşkilatlarla əlaqəsi olan partiyalar bu işlə məşğul olmalıdır. Qarabağda yaşayan soydaşlarımız öz evlərinə qayıdana qədər daima bu məsələləri gündəmdə saxlamalıyıq. Çünki bizim mənfur qonşumuz olan Ermənistan özünün bu məğlub vəziyyəti ilə barışmaq istəmir. Azərbaycan cəmiyyəti ilk növbədə 44 gün ərzində qurduğu birliyi bu gün də qorumalıdır. İstər Rusiya, istər Fransa, Amerikadan yayılan erməni və ermənipərəst qüvvələrin xəbərləri bizim üçün mühüm xəbər olmamalıdır. Çünki o xəbərlərin hansı məqsədlə yayıldığını bilirik. Amma bununla yanaşı, biz cəmiyyət olaraq öz sözümüzü də deməli, düşmənin yalanlarına uymamalıyıq.

- Ölkəmizdə aparılan siyasi islahatlar, yaradılan dialoq mühiti partiyaların cəmiyyətdəki roluna, iştirakçılığının artmasına necə təsir göstərib?

- Hesab edirəm ki, az da olsa öz təsirini göstərib. Son bir il ərzində bizi TV-lərə dəvət edirlər. Bu da istər-istəməz partiyaların cəmiyyətdəki rolunu, nüfuzunu artırıb. Artıq cəmiyyətin böyük bir hissəsi bizi görür, dinləyir, kimin səhv, kimin isə düz olduğunu ayıra bilir. ALDP olaraq bu imkanlardan yararlanaraq yeni üzvlər qazanıb. Bu da dolayısı ilə partiyanın inkişafına gətirib çıxarır.

- Dialoq prosesinin gələcəyini necə görürsünüz? Ümumiyyətlə, bu proses hara qədər davam edəcək?

- Hesab edirəm ki, bu, müddətsiz bir prosesdir. Cəmiyyət inkişaf etdikcə, həll olunan problemlərin əvəzinə digər problemlər ortaya çıxır. İqtidar-müxalifət dialoqu bu problemlərin həllində təkan verir, daha da sürətləndirir. Bütün demokratik ölkələrdə belədir.

- Əvvəllər də ölkəmizdə dialoq adına müxtəlif təşəbbüslər olub. Və bu prosesdə bəzi xarici dairələr - ATƏT, ABŞ səfirliyi vasitəçilik etməyə çalışıb. Sizin fikrinizcə, kənar müdaxilə olmadan aparılan dialoqun hansı üstünlükləri var?

- İqtidarla müxalifət arasında əlaqələr, dialoq xarici dövlətlərin səfirləri və beynəlxalq təşkilatların vasitəçiliyi ilə keçirilməməlidir. Biz bir ölkənin vətəndaşıyıq. Və müxalifət olaraq ölkənin inkişafını istəyirik. Baxışlarımız ola bilər ki, fərqli olsun. Bu fərqliliyi dialoq vasitəsilə aradan qaldırmaq olar. Bunun başqa yolu yoxdur. Lakin bunun üçün köklü siyasi islahatların aparılması lazımdır. Şəxsən mən başqa yol görmürəm. Kimlərsə vasitəçilik edəcəksə, onlar bizim Vətənimizi və vətəndaşlarımızı fikirləşməyəcəklər, onlar öz dövlətlərinin maraqlarını güdəcəklər.

- Bu prosesin daha da dərinləşməsi üçün qarşıda hansı addımların atılmasına ehtiyac var?

- Köklü siyasi islahat deyəndə, yuxarıda qeyd etdiyim proporsional seçkinin bərpası, sosial-iqtisadi islahatların aparılması, icra strukturlarının ləğvi, müxalifət nümayəndələrinin hakimiyyət strukturlarında təmsil olunması və s. kimi məsələlər, ölkəmizin daha da demokratikləşdirilməsi istiqamətində müsbət addım olar.

- Bəzi siyasi dairələr prosesə qatılmayıb. İmtina mövqeyini hələ də davam etdirirlər. Dialoqda iştirak edən partiyalara qarşı isə müxtəlif ittihamlar səsləndirirlər. Məsələn, Ağdam səfərində "avtobus müxalifəti" və s. kimi iddialar səsləndirdilər. Bu mövqeyi necə qiymətləndirirsiniz?

- Ağdama səfərə dəvət aldım və təşkil olunan tədbirdə iştirak etdim. Digər təşkilatların bu dəvəti qəbul edib və yaxud imtina etməsi onların hüquqlarıdır. Amma bu formada şərh edilməsini düzgün hesab etmirəm. Birincisi, bir güzgüyə baxsınlar, sonra başqaları haqqında nəsə desinlər. Bunlar hələ də 80-ci illərdə qalıblar. İllər boyu bunlar siyasi oyunda iştirak ediblər, hakimiyyətlə siyasi alver edərək, parlamentdə "təmsil" olunublar. Xalqı yox, öz şəxsi maraqlarını fikirləşiblər. Məgər Vətən müharibəsində dövlətin yanında olmağımız siyasi oyundur? Qarabağ bizi, iqtidar-müxalifəti birləşdirən məsələdir. Bunlar isə həmişə müxalifəti parçalayan partiyalar olub, sifarişlə işləyən partiyalardır. Sifariş gələndə bir yerdə olurlar, bir müddət keçəndən sonra ayrılırlar. İqtidar qalıb kənarda, bizim fəaliyyətimizi müzakirə edirlər, öz aləmlərində gözdən salırlar. Bizim Qarabağa səfərimiz sizə niyə belə toxunur? ALDP olaraq hakimiyyətlə açıq şəkildə mübarizə aparır və açıq şəkildə dialoqda iştirak edirik. Sizin kimi, illər boyu gündüz hakimiyyəti tənqid edib, axşam isə onlarla görüşməmişik. Sizlər xalqın son ümidini bununla da qırdınız. Amma xalqımız hər şeyi görür. Xalq lazımi qiyməti verəcək, orada iştirak edənlərə də, etməyənlərə də. Bizim işimiz isə sizinlə deyil. Biz hakimiyyətlə mübarizə aparırıq. Və bu mübarizəni xalqın rifahına görə aparırıq, sizin kimi şəxsi maraqlara görə yox.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər