Sizin Reklam Burada

"Məhsullarımızı “Made in Azerbaijan” sloqanı ilə “Organic Karabakh” brendi altında dünya bazarlarına çıxarmaq olar"

"Məhsullarımızı “Made in Azerbaijan” sloqanı ilə “Organic Karabakh” brendi altında dünya bazarlarına çıxarmaq olar"Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyinin (AOPE) təsisçisi və sədri Emin Əliyevlə müsahibə:

– Sizin “Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyi”nin təsisçisi və sədri olduğunuzu bilirik. Bu təşkilatı niyə yaratdığınızı deyə bilərsinizmi?

– Təxminən, on ildir ki, təbii və sağlam qidalarla qidalanırıq. Paralel olaraq, həm də orqanik və sağlam qidalanmanı təbliğ edirik. Dəfələrlə beynəlxalq tədbirlər və sərgilərdə iştirak etmişik. Ölkəmizdə bir neçə tədbirin təşkilatçısıyıq. 2016-cı il, dekabrın 6-da ölkə iqtisadiyyatının inkişafı ilə bağlı strateji yol xəritələri təsdiqləndikdən sonra Azərbaycanda biznes assosiasiyalarının yaradılması ilə bağlı siyasi xəttformalaşdı və biz də bu fürsətdən yararlanmaq üçün İqtisadiyyat Nazirliyinə müraciət etdik. Təklifimiz müsbət qarşılandı və təşəbbüsümüzə dəstək verildi. 2019-cu ilin iyun ayında ədliyyə orqanlarına müraciət etdik və 2 ay sonra dövlət qeydiyyatına alındıq. Bu məqamda mənim üçün vacib olan bir məqama diqqəti yönəltmək istərdim.

Azərbaycanda hal-hazırda qırxadək biznes assosiasiyaları, ictimai birliklər fəaliyyət göstərir. Bütün ictimai birliklər, məhz eyni sahənin kommersiya subyektlərinin birləşməsi əsasında yaradılmışdır. Təsisçisi olduğum ictimai birlik isə bir ideyanın əsasında yaradılmışdır. Biz ölkəmizdə orqanik istehsalın və ixracın populyarlaşdırılması üçün çalışırıq və bütün qüvvələrimizi bu istiqamətdə səfərbər etmişik. Hal-hazırda 13 üzvümüz var. Digər assosiasiyalardan digər bir fərqimiz də budur ki, biz üzvlük haqqı almırıq və əsas məqsədimiz ilkin olaraq bu sahədə fəaliyyət göstərən subyektlərin inkişafı üçün töhfə verməkdir. Çünki bu sahənin ölkəmizdə potensialı böyük olsa da inkişafı bizi qəti olaraq qane etmir.

– Hazırda dünyada orqanik məhsullara tələb nə dərəcədədir? Və artan dünya əhalisi fonunda orqanik yetişdirmə insanlığı nə qədər təmin edə bilər?

– Hal-hazırda dünyanın 179 ölkəsində orqanik kənd təsərrüfatı məhsulları istehsalı var. 1999-cu ildə dünya üzrə orqanik məhsul yetişdirilməsi 11 milyon hektarda idisə, 2019-cu ildə artıq 70 milyon hektara çatmışdır. Beynəlxalq Orqanik Kənd Təsərrüfatı Federasiyası (İFOAM) və FİBL Araşdırma İnstitutunun hesabatlarına görə, dünyada 3 milyona yaxın istehsalçı 70 milyon hektaradək sahədə orqanik məhsullar yetişdirir. Ən çox orqanik məhsullar yetişdirilən ölkələr sırasında Avstraliya öndə gedir. Bu ölkədə təxminən 30 milyon hektar orqanik kənd təsərrüfatı məhsulları yetişdirilən sahə var. İkinci yerdə 4 milyon hektarla Argentina, üçüncü yerdə 2,5 milyon hektaradək sahə ilə ABŞ gəlir.

Bununla belə, dünya üzrə orqanik məhsul istehsalı ənənəvi kənd təsərrüfatı ilə müqayisədə cəmi 1 faiz paya sahibdir. Hazırda qardaş Türkiyədə ümumi əkinçilik sahələrində orqanik məhsul yetişdirilən ərazilərin payı təqribən 2 faizdir. Qardaş ölkədə orqanik məhsul bazarının dəyəri 600 milyon dollar səviyyəsindədir ki, həmin məhsulların da çox hissəsi ixrac edilir. Orqanik istehsalçıların bütün dünyanı orqanik məhsul ilə təmin edəcəkləri ilə bağlı iddiası yoxdur. Bu mümkün də deyil. Lakin bu da faktdır ki, hal-hazırda dünyada orqanik məhsul istehlakı artan trend üzrə inkişaf edir. Belə deyim, insan nə ilə qidalanırsa özü də odur. Bu baxımdan,uzun və sağlam ömür yaşamaq istəyiriksə qidalarımıza diqqət etməyimiz zəruridir.

Bununla yanaşı, ölkənin iqtisadi siyasəti baxımından məsələyə nəzər saldıqda görürük ki, bütün dünyada orqanik məhsullar ixrac məhsulları hesab edilir və ölkə iqtisadiyyatına ciddi qatqı təmin edir. Avropa İttifaqına daxil olan ölkələrdə 1990-cı illərdən etibarən əhalinin “sağlam qida” ilə təmin olunmasında orqanik əkinçilikdən istifadə edilir. Hazırda bu məhsulların əkin sahələri ümumi əkin sahələrinin 2-3%-ni təşkil edir. Onların becərilməsinə daha çox əmək sərf olunur. Amma bu məhsullar zərərvericilərə qarşı davamsızdır. Orqanik əkinçilikdə məhsuldarlıq aşağıdır. Bu qaçılmazdır. Lakin məhsullar ekoloji cəhətdən təmizdir. Buna görə də belə məhsulların qiyməti daha yüksək olur. Hazırda İEÖ-lərin əksəriyyətində orqanik kənd təsərrüfatı məhsullarının becərilməsinə dövlət tərəfindən də dəstək verilir. Bu sahədə Almaniya və Avstriya daha çox fərqlənir.

– Azərbaycan istehlakçısının orqanik məhsullara marağı varmı? Ümumiyyətlə bu sektorun bir biznes sektoru kimi ölkədə perspektivi nədir?

– Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının əsası 90-cı illərin sonlarında qoyulmuşdur. 2008-ci il, 13 iyun tarixində “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuş, normativ hüquqi və informasiya-məlumat bazası formalaşdırılmışdır. 2019-cu ildə “Orqanik məhsul istehsalı haqqında qanun” layihəsi hazırlanmışdır. Güman edilir ki, yaxın zamanlarda bu qanun layihəsi parlamentin müvafiq komitələrində müzakirə edilərək plenar iclasa tövsiyə ediləcək və müasir tələblərə uyğun qanun qəbul ediləcək. “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı qarşıya mühüm vəzifə kimi qoyulub.

“Strateji yol xəritəsi”nin 4.2-ci bəndində qeyd edilir: “Ölkədə tətbiq edilən ənənəvi istehsal metodlarına əlavə olaraq, nəzərdə tutulmuş əsas bitkiçilik məhsullarının orqanik təsərrüfat metodları əsasında yetişdirilməsi dövlətin tənzimləmə standartları əsasında təşviq ediləcəkdir. Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsinin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər nəticəsində yaranan istehsalçıların dəyər zənciri boyunca yüksək dəyər gətirən sahələrdə fəal iştirakı təmin ediləcəkdir”. Yol xəritəsində qarşıya qoyulan vəzifələrin vaxtında icra edilməsi təmin edilərsə ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edən fermerlərin sayının 50 faiz, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsal həcminin isə 200 faiz artacağı proqnozlaşdırılır.

Prioritet çərçivəsində tədbirlərin əhatə dairəsini nəzərə alaraq, təxminən 15 milyon manat həcmində vəsaitin tələb ediləcəyi proqnozlaşdırılır. Əsas risklərə fermerlərin ekoloji təmiz kənd təsərrüfatının inkişafına yetərincə maraq göstərməməsi, bu sahədə qaydaların hazırlanması prosesinin uzanması, yerli kadrların kifayət qədər olmaması və beynəlxalq standartlara uyğun işlək sertifikatlaşdırma prosesinin təşkil edilməməsi daxildir. Ölkəmizdə ekoloji təmiz məhsul istehsalı ilə bağlı müvafiq qanunvericilik aktlarının olması müsbət haldır. Lakin bu hüquqi bazadan çox az hallarda tam əhatəli yararlanılır, bir çox hallarda isə statistik məlumatların toplanması zamanı bəzi çətinliklərlə üzləşilir. Nəticədə ölkəmizin orqanik istehsalı ilə bağlı dolğun məlumat bazası formalaşmır. Çox təəssüf ki, kənd təsərrüfatı, meşəçilik və balıqçılığın müxtəlif sahələri üzrə çoxsaylı statistik göstəricilərin olmasına baxmayaraq, ölkəmizdə orqanik məhsullar haqqında konkret statistika aparılmır. Kənd təsərrüfatı sektoru üzrə əsas statistik məlumatlar ümumi məlumatlardır.

Ölkəmizdə orqanik olaraq yetişdirilən fındıq, qoz, fıstıq, quru meyvələr, yumurta dünya bazarında böyük tələbat görür. Paxlalılar, tibbi aromatik bitkilər, pambıq və zeytun kimi məhsullar da orqanik istehsal məhsulları arasında yer alır. Bitki mənşəli istehsalla yanaşı, orqanik heyvan məhsulları istehsalı da son illərdə olduqca maraq görür. Ət, süd, pendir, qatıq, yumurta və bal orqanik bazarda artıq öz yerini almaqdadır. Böyürtkən, moruq, adaçayı, itburnu, kəklikotu kimi bitkilər isə orqanik məhsul olaraq böyük potensiala malikdir. Adı çəkilən məhsulların orqanik məhsul kimi dünya bazarlarına çıxması üçün əlverişli imkanlar olsa da bəzi çətinliklər və maliyyə məsrəfləri vardır. Həmin xərclərin bir hissəsini dövlət və yaxud donor təşkilatları öz üzərinə götürərsə, proses sadələşə bilər. Onu da qeyd edək ki, ölkəmizin meşə massivlərində yabanı şəkildə yetişən və tam orqanik məhsul sayılan meyvələrin sertifikatlaşdırılaraq dünya bazarlarına çıxarılması üçün isə nəyisə gözləməyə ehtiyac yoxdur.

Biz aidiyyati mərkəzi icra hakimiyyəti orqanları ilə danışıqlara başlamışıq. Yaxın zamanda ölkəmizdə yabanı və təbii şəkildə yetişən bir çox məhsulların beynəlxalq orqanik sertifikatlarla təmin edilərək Azərbaycan brendi olaraq dünya bazarlarına çıxarılmasını təmin edəcəyik. Biz pandemiyadan öncə ölkəmizin orqanik xəritəsinin hazırlanması təklifi ilə çıxış etmişdik. Bunun üçün xarici tərəfdaşlarla müzakirələr də aparmışdıq. Hesab edirik ki, bu xəritənin olması çox zəruridir. Nəticədə biz beynəlxalq sertifikasiya təşkilatları ilə əməkdaşlıq çərçivəsində sadəcə məhsullar üzrə orqanik sertifikatlaşmanı deyil, həm də bölgələr, rayonlar üzrə orqanik sertifikatlaşmanı təşkil etməyi planlaşdırırdıq.

Bu isə o deməkdir ki, orqanik bölgə olaraq sertifikatlaşmış ərazidə istehsal edilmiş məhsullar da orqanik məhsul sayılacaq və ya onların sertifikatlaşması daha sadə prosedurlardan keçəcəkdir. Hal-hazırda ən böyük çatışmazlığımız bu sahədə kadr çatışmazlığının olmasıdır.

– Qarabağın azad edilməsi ilə əkinə yararlı xeyli ərazilər əldə etdik. Bu, ölkəmizdə orqanik təsərrüfatın inkişafına nə kimi töhfə verə bilər?

– 2020-ci ilin 27 sentyabr tarixindən başlayaraq Vətən müharibəsi gedişində azad edilmiş Qarabağ torpaqlarımızın ilkin müşahidələri nəticəsində demək olar ki, burada da orqanik məhsul yetişdirmək potensialı vardır. Belə ki, azad edilmiş ərazilərin hesabına təxminən 600 min ha yeni əkinəyararlı sahə əkin dövriyyəsinə cəlb edilmişdir. Qeyd edək ki, bölgənin iqlimi, eyni zamanda zəngin mineral tərkibli su ehtiyatları bu bölgənin aqrar potensialını daha da artırır. Nəzərə alsaq ki, bu ərazilərin çox böyük bir hissəsində məskunlaşma olmamış və ya olduqca seyrək olmuşdur və torpaq sahələrinin böyük bir əksəriyyəti uzun illər istifadəsiz qalmışdır.

Bu ərazilərdə orqanik məhsul yetişdirilməsi imkanları daha da yüksəlir. Orqanik təsərrüfat yaratmaq istəyən fermerlərin ən böyük çətinlikləri əsasən sertifikatlaşdırma öncəsi müddətin uzun olması (3 il), ənənəvi təsərrüfatdan orqanik təsərrüfata keçid dövrünün subsidiyalaşdırılmaması sayılır. Qeyd edək ki, orqanik məhsulların potensialının olması, ixrac məhsulları sayılması və əlavə dəyərli məhsul hesab edilməsi bütün hallarda, hətta 3 illik sertifikasiya öncəki dövr tələb edilsə belə Qarabağda orqanik məhsul yetişdirilməsini zəruri edir. Qarabağ ərazisində orqanik təsərrüfatın yaradılması zamanı yuxarıda qeyd edilmiş hər iki ağırlaşdırıcı hal tamamilə aradan qaldırılmış hesab edilə bilər.

Belə ki, torpaq sahələri qeyri-üzvi gübrələr, pestisidlər və digər bu qəbildən olan kimyəvi tərkibli dərmanların istifadəsindən “əziyyət” çəkməmişdir. Eyni zamanda burada ənənəvi təərrüfat olmadığından orqanik təsərrüfata keçid dövrü də olmayacaqdır. Beləliklə, Qarabağ ərazisinin orqanik təsərrüfatlarla məşhurlaşdırılması və burada yetişdirilmiş orqanik sertifikatlı məhsulları “Made in Azerbaijan” sloqanı ilə “Organic Karabakh” brendi altında dünya bazarlarına çıxarmaq olar. Hətta bölgəyə beynəlxalq orqanik sertifikasiya şirkətlərinin dəvət edilərək müəyyən edilmiş ərazilərdə araşdırmalara başlayaraq bütün bir bölgənin orqanik sertifikatlaşdırılmasının təmin edilməsi məqsədəuyğun olardı. Dərin təəssüf hissi ilə bildirmək istərdim ki, aqrar sahədə fəaliyyət göstərən şəxslər, hətta dövlət orqanları belə orqanik istehsalın mahiyyətini anlamaq və onun potensialını anlamaqdan məhrumdurlar.

Kənd Təsərrüfatı Nazirliyinin işğaldan azad edilmiş ərazilərdə orqanik istehsalın yaradılması sahəsində ya proqramı yoxdur, ya da vardırsa onu bu sahədə püxtələşmiş fiziki və hüquqi şəxslərlə, mütəxəssislərlə birgə etməkdən imtina edir. Artıq azad edilmiş bölgələrdə ənənəvi üsulların tətbiqi ilə əkin işləri aparılır. Bu isə o deməkdir ki, artıq torpağa qeyri-üzvi gübrələr verilmiş və torpaq qatının zədələnməsi prosesinə “start” verilmişdir.

– Təşkilatınızın başqa nə planları var? Orqanik istehsalat “hərəkatınız” ancaq əkinçiliklə məhdudlaşır, yoxsa başqa sferaları da əhatə edir?

– Şəxs olaraq çox aktiv insanam. Buna görə də həm biznes fəaliyyətim, həm də ictimai fəaliyyətim rəngarəngdir. Qarşımıza qoyduğumuz planlar üzrə bəzən tələb olunandan daha sürətli, bəzən isə olduqca asta sürətlə irəliləyirik. Fəaliyyətimiz dövründə sadəcə orqanik məhsul istehsal və ixracı deyil, ölkəmiz üçün əhəmiyyətli hesab etdiyim digər məsələlərdə də aktivlik göstərmişəm. Məni narahat edən məsələlərdən biri də ölkəmizin torpaq ehtiyatlarının ilbəil deqradasiya olunaraq azalmasıdır.

Belə ki, 4,5 milyon hektar əkinəyararlı ərazimizin təxminən 60-65%-i az, orta və yüksək səviyyədə deradasiya olunub və demək olar ki, istehsal prosesindən çıxmışdır. Digər narahat edən məqam isə ölkəmizin meyvə-tərəvəz istehsalında xarici sortların geniş vüsət almasıdır. Milli meyvə-tərəvəz sortlarımız xəstəliklərə və zərərvericilərə qarşı dözümlülükdə, yüksək məhsuldarlıqda xarici sortlara “uduzur”. Bunu aradan qaldırmaq üçün milli sortlarımız üzərində seleksiya işləri başlanmalı və işlər sürətlənməlidir. Hal-hazırda “Quba alması” adı altında yapon sortu “Fuji”, Avstraliya sortu “Granny Smit” və ya “Golden” sortları, “Zirə pomidoru” adı altında isə Hollandiya və İsrail pomidorları satmaqdayıq və öz sortlarımız itib-batmağa doğru gedir.

Eyni zamanda heyvandarlıq sahəsində də xarici cinslərə “məğlub oluruq”. Bunların qarşısı alınmalıdır. Bu məsələlər mənim ictimai fəaliyyətimin prioritet sahələrindəndir. Bundan başqa biz ölkəmizin ekoloji balansının və müxtəlifliyinin qorunub zənginləşdirilməsi istiqamətində də fəallıq göstəririk. Belə ki, 2019-cu ilin dekabr ayında Şamaxı şəhərində dekorativ ağac olan Sakura (Yapon gilası) parkının salınması layihəsini icra etmişik. Bu ilin mart ayında isə işğaldan azad edilmiş Zəngilan rayonumuza yüzdən çox meyvə ağacı qələmi göndərərək onların əkilməsini təmin etmişik. Aprelin 4-də isə Şəki şəhərində 3000-dən çox ağacın (əksəriyyəti meyvə ağacı olmaqla) əkilməsini hədəfləyən “Zəfər parkı” layihəsini uğurla təhvil verdik. Bu cür layihələrimiz bundan sonra da davam edəcəkdir. Əsas amalımız özümüzdən sonrakı nəsillərə daha güclü və sağlam Azərbaycanın təhvil verilməsində aktiv iştirak etməkdir!

Azərbaycan24

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər