"Rusiya onlara “İsgəndər” kompleksi verməyib"

"Rusiya onlara “İsgəndər” kompleksi verməyib"Keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovun Axar.az-a müsahibəsi:

- ANAMA Şuşada İsgəndər-M raketinin qalıqlarını tapdığını elan etdi və rəsmi fakt ortaya qoyuldu. Necə düşünürsüz, 44 günlük müharibə zamanı “İsgəndər”dən Ermənistan istifadə edib?

- 3 il bundan öncə bu mövzu ilə bağlı mənim bir yazım getmişdi. O vaxt da deyirdim ki, nə “İsgəndər” raketləri, nə də Su-30 qırıcı təyyarələri ermənilərin birbaşa ixtiyarına verilir. 44 günlük müharibə zamanı biz bir daha gördük ki, ermənilər bizə qarşı əsasən “Elbrus”, Toçka-U, “Smerç” raketlərindən istifadə edib. Hətta müharibədən sonra Ermənistanda belə bir qalmaqal yaşandı ki, niyə Azərbaycana qarşı “İsgəndər” raketlərindən istifadə edilmədi. Səbəb əslində bəlli idi.

Bu gün Ermənistan siyasi elitası da yaxşı bilir ki, Rusiya onlara “İsgəndər” kompleksi verməyib. Bu, sadəcə, gözdən pərdə asmaq üçün atılan bir addım idi. Ermənistan ictimaiyyətində göstərilməyə çalışıldı ki, Rusiya Ermənistana dəstəkdir, onu qoruyur, onun yanındadır. Bu gün Ermənistanda “İsgəndər” kompleksinin olması ilə bağlı məlumatı heç kəs dana bilməz. Lakin bu raketlər istər müharibədən öncə, istərsə də müharibə zamanı ermənilərin deyil, rusların nəzarətində olub.

- ANAMA-nın Şuşa ətrafında aşkar etdiyi iki ədəd “İsgəndər” raketinin qalıqlarının “M” modifikasiyasına aid olması da ciddi suallar doğurur...

- İndiki halda bir yox, bir neçə versiya səslənir. Misal üçün ortaya çıxan məlumatlara görə, guya müharibə zamanı ermənilər “İsgəndər” raketlərindən istifadə edib, raketlər partlamayıb. Bəzi iddialara görə, bu fuqaz və ya kaset başlıqlı raketlərdir. Yəni müxtəlif fikirlər səslənir. Mənim şəxsi görüşümə görə, məsələ tamamilə fərqlidir. Ümumiyyətlə, “İsgəndər” raketləri ilə bağlı qalmaqalın indiki halda ortaya çıxması qəribə deyil?

Hazırda Ermənistan-Rusiya münasibətləri gərgin vəziyyətdədir. Xüsusilə bu gün Ermənistanda antirusiya meyilli qüvvələrin Kremlə qarşı əsas arqumenti Rusiyanın müharibədə Ermənistana kömək etməməsidir.

Düşünürəm, bu gün Şuşada “İsgəndər”lərin partlaması ilə bağlı yayılan xəbərlər Kreml tərəfindən məqsədyönlü şəkildə idarə edilir. Ermənistandakı rusiyameyilli qüvvələr də daxili auditoriyaya göstərir ki, baxın, əslində Kreml Ermənistana kömək edib, raket qalıqları da bu köməyin sübutudur. “İsgəndər” raketləri ilə bağlı iddianın indiki halda ortaya atılması Ermənistanın Qərbə meyillənməsinin qarşısının alınmasına xidmət edir.

Xüsusilə diqqət edirsinizsə, bu iddialar məhz Ermənistanda keçiriləcək parlament seçkiləri öncəsi dövriyyəyə buraxılıb. Yəni Rusiya müharibədə Ermənistana dəstək verib, Qərb isə heç zaman bu dəstəyi bizə verməyəcək. Bu baxımdan deyə bilərəm ki, bu məsələ ikitərəflidir. Yəni Rusiya həm özünü ifşa edir, digər tərəfdən, Ermənistanda olan ruspərəst qüvvələr üçün arqument verir ki, baxın, biz Ermənistana kömək etmişik.

- Sualı konkretləşdirək. Şuşada tapılan isgəndər-M raketinin qalığıdır. Bu da Rusiyanın arsenalına daxildir. Beləliklə, Azərbaycana İsgəndər-M hardan atılıb?

- “İsgəndər” raketlərinin qalıqları müharibədən 4 ay sonra tapılır. Məgər 4 ay öncə bilinmirdi bu raketlərin atılması? Ümumiyyətlə üst-üstə düşməyən məlumatlar çoxdur. Sadəcə, Vikipediyaya baxdıqda görə bilərsiniz ki, “İsgəndər” raketlərinin ballistik trayektoriyası 50 km hündürlükdədir. Yəni bu raket 50 kilometr hündürlükdən yerə düşür. Lakin təqdim olunan görüntülər isə bu təəssüratı bağışlamır.

Ümumiyyətlə, ANAMA-nın bu məlumatı verməsi də olduqca təəccüblüdür. Çünki bu məlumatı Müdafiə Nazirliyi deməli idi. Əgər “İsgəndər” raketləri atılıbsa, bununla bağlı radar və peyk görüntüləri olmalıdır. Bu, təkcə bizdə yox, Türkiyədə, Gürcüstanda, İranda belə olmalıdır. Yəni belə bir raketin atılmasını heç kəsin görməməsi, ANAMA-nın aşkarlaması olduqca maraqlı məqamdır. Digər tərəfdən, cənab Prezidentin özü də açıqca deyib ki, biz belə bir şey görməmişik.

Məncə, bu barədə düşünməliyik!