"İnsanlara mənəvi zərbə vurmaq söz azadlığı sayılmaz"

"İnsanlara mənəvi zərbə vurmaq söz azadlığı sayılmaz"İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Ramin İgidovla dünyada, xüsusi ilə də qərb ölkələri və avropada süni şəkildə yayılmaqda və artmaqda olan islamofobiyanın səbəbləri, nəticə və fəsadları və bu kimi hadisənin qarşısının alınması üçün həll və mübarizə yolları barədə müsahibə edib.

Müsahibənin tam mətnini sizə təqdim edirik.

Hacı Ramin, bilirsiniz ki, qərb ölkələrində islamofobiya ildən-ilə artmaqdadır. O ölkələrdə müsəlmanlara və İslam məkanlarına daha çox hücum olunur, müsəlmanlar daha çox ayrıseçkiliyə və təhqirə məruz qalırlar. Bizim suallarımız da elə bu barədə olacaqdır. Sizin fikrinizcə, qərb ölkələrində İslamofobiyanın artmasının əsas dəlil və amilləri nədir?

- Bismillahir-Rəhmanir-Rəhim. Öncə onu deyim ki, bəli, təəssüflər olsun ki, 1990-cı illərdən bəri qərb ölkərində islamofobiya kəskin formada artıq və inkişaf edir. Onlar bəzən bəzi dini radikal cərəyanlar və ekstremist hərəkatları əsas gətirərək, bütünlükdə dinə qarşı çıxırlar və bunu bəhanə edərək İslama qarşı fobiya ilə məşğul oldular.
Bəzən belə anlaşılır ki, qərbdə islamofobiya 2001-ci ildən, yəni 11 Sentyabr hadisələrindən sonra başlayıb, amma həqiqətdə belə deyil. Biz artıq islamofobiyanın ilk qığılcımlarının və ilkin vəziyyətinin 90-cı illərdən şahid olurduq.

İslamofobiyanı qərbdə müxtəlif yollarla insanlara aşıladılar. Həm media vasitəsi ilə, həm də filmlərdə islamofobiya ilə rastlaşırdıq. Uşaqların oyunlarında bunu müşahidə edir, sənədli (film) və reklam çarxlarında qarşılaşırdıq.

İlamofobiyanı Danimarkada yayanlar gah qəzetlərdə karikatura çəkməklə həzrət Peyğəmbərimizi (s) təhqir etdilər, gah Rahib Terri kimilərin vasitəsi ilə 2010-cu ilin 11 Sentyabrını Qurani-Kərimi yandırma günü elan etdilər, gah da 1993-cü ildə Amerikada məqalələr dərc olundu, "mədəniyyətlər qarşıdurması" adında Samuel adlı bir şəxsin kitabı çıxdı və biz artıq islamofobiyanın müxtəlif çalarlarını hiss edirdik və bu çalarlar bu günə qədər də getdikcə artmağa başladı.

Amma bunun səbəbləri nədir, bunun amilləri nədir? Buna gəlincə biz bilirik ki, bu islamofobiya belə səbəbsiz yerə başlamır, sıradan insanlar tərəfindən yaradılmır. Çünki əldə olunan məlumata görə Qərbin bir neçə dərin təşkilatı 57 milyon dollara qədər islamofobiya ilə məşğul olan aktiv təşkilat və qrumlara vəsait xərcləyib, yardımlar edib və radikal sağçıları himayə ediblər.

Avropada İslamın inkişafı, insanların islama gəlməsi onları qorxudurdu və bu məsələ onlarda din düşmənçiliyi yaradırdı. Onların əsas məqsədi bu qorxunu özlərindən uzaqlaşdırmaq idi.
Onların bu din düşmənçiliyi "islamofobiya" formasında cəmiyyətdə təzahür etdi. Onlar müsəlmanlar arasında yeni yaranmış radikal təkfirçi və ekstremist qruplaşmaları bəhanə edərək İslam dininə qarşı düşmənçilik kompaniyası yaratdılar və bununla geniş məşğul olmağa başladılar.

İslamofobiyanın ikinci amili müsəlmanların Avropaya və qərb ölkələrinə köçü ilə bağlıdır. Onlar bəzən bu köçün qarşısını almaq və müəyyən maneələr yaratmaq üçün islamofobiyanı gündəmə gətirirdilər.Yerli insanlar, sivil toplum və cəmiyyətlər müsəlmanları müdafiə etməsinlər və nəticədə onlar müsəlmanları öz ölkələrindən rahat bir şəkildə qova bilsinlər.
Digər bir amil kimi bunu göstərmək olar ki, onların məqsədləri bu idi ki müsəlmanlar üzərində iqtisadi cəhətdən hökmdarlıq etsinlər, müsəlmanların yerüstü və yeraltı təbii sərvətlərini ələ keçirsinlər. Buna görə də öz cəmiyyətlərində islamofobiyanı yayırdılar ki, hansısa müsəlman ölkəsinə etdikləri hücumları legitim və qanuni göstərə bilsinlər. Halbuki onların bu hücumlardan əsas məqsədi müsəlmanların sərvətlərini talayaraq öz iqtisadiyyatlarını gücləndirməkdir.
Mən elə hesab edirəm ki, bu, islamofobiyanın ən əsas amillərindən biridir.

İslamofobiyanın digər bir amili qərb istemarçılarının öz cinayətlərini ört-basdır etmək hədəfini daşıyır. Onlar Yaxın Şərqdə başlatdıqları müharibə və bu müharibələrdə törətdikləri vəhşicəsinə cinayətlərinə bəraət qazandırmaq və qanuni olduğunu göstərmək üçün islamofobiyanı gücləndirirlər və bunun üzərində siyasət aparırlar.

- Sizin fikrinizcə, islamofobiya və irqçilik kontrol edilməzsə, dünyada, xüsusi ilə də qərb ölkələrində daha böyük və qlobal bir böhrana çevirilə bilərmi?


- İslamofobiya, ümumiyyətlə təkcə bir xalqı deyil, bütün dünyanı təhdid altına alan bir məsələdir. Çünki islamofobiyadan doğan bir addım olduğu zaman onun əks tərəfi də olur, bunun qarışılıq verilməsi tərəfini də müşahidə edirik. Belə ki, məsələn Charlie Hebdo qəzeti əgər bizim həzrət Peyğəmbərimizə (s) qarşı hörmətsizlik elədisə də, 2015-ci ildə oraya biz hücumun şahidi olduq. Elə də başqa bir yerdə, Qurani-Kərimə hörmətsizlik olundusa da orda müəyyən bir yerdə sivillərə qarşı insanların təpkiləri oldu. Hətta fiziki qarşıdurmalar yarandı. Belə düşünürük ki, dünyada bunun qarşısı alınmazsa, sabitlik pozular, dünyanın ehtiyaclı olduğu sülh və barış aradan gedər. İstər-istəməz ekstremizm artar. Çünki bilirsiniz ki, bir məsələ əgər bir yerdə baş tutarsa və bunun da qarşılığı verildiyi zaman istər-istəməz burada günahsız insanlar zərər görür və münasibətlər pozulur. Eyni zamanda dinlər arası tolerantlığa böyük bir zərbə vurur və əqidəvi dözümlülük məsələsinə kölgə salır, milli və dini ayrıseçkiliyin yaranmasına səbəb olur və nəticə etibatı ilə insanlar arasında humanizm aradan gedir.

- Sizin fikrinizcə, dünyada islamofobiyanın qarşsını almaq üçün nə kimi çarə yolları tapmaq olar və bu problemi necə həll etmək mümkündür?

- Biz düşünürük ki, bu məsələnin həlli üçün səmimi yanaşma və xoş niyyət sərgilənməlidir. Əgər məsələnin həlli üçün xoş bir niyyət olmazsa, onun çarəsi düşünülməyəcək. İşin içində mənfur və pis niyyət varsa, bunun həllinə nə qədər çalışılsa da bir şeyə nail olmaq çətindir. Və təəssüflər olsun ki, biz hələ də Qərb ölkələrində bu məsələnin həlli üçün xoş bir niyyəti görmürük. Məsələn, peyğəmbərimiz (s) təhqir edildiyi zaman (qərb dövlətləri və ölkələrindən) etiraz səsləri eşitmirik. Amma həmin təhqir edən kəsə nəsə bir şey olduqda isə o zaman bütü dünya müsəlmanların əleyhinə əlbir olurlar.
Necə ki, 2015-ci ildə Charlie Hebdo üçün bunu etdilər və Charli-Ebdonun yanındayıq dedilər. Halbuki peyğəmbərimiz təhqir edildiyi zaman və bir dinə qarşı hörmətsizlik olunduğu zaman "hamımız müsəlmanların yanındayıq" deyən olmadı. Bu onu göstərir ki, nə qədər dünyada ikili standartlar var, bu məsələnin həlli üçün bir şey gözləmək çox absurddur.

Düşünürəm ki, islamofobiyanın qarşısının almaq üçün çarə yollarından biri də insanları maarifləndirməkdir. Əgər insanlar İslam, Peyğəmbər (s) və məsumlarımız haqqında doğru maarifləndirilərsə, o zaman insanların arasında islamofobiyanı aradan aparmaq olar.

- Bəzi qərb ölkələrinin rəsmiləri İslami müqəddəsləri "söz azadlığı" çərçivəsində təhqir edirlər. Bir haldakı bu məsələ bəzi hallarda xoşagəlməz hadisələrin baş verməsi ilə nəticələnir. Sizin bu barədə fikriniz nədir?

- Ümumiyyətlə bir söz deyim ki, söz azadlığının da çərçivəsi olmalıdır. Bir insanın azadlığı başqa bir insanın azadlıq hüquqarını pozmamalıdır. Bir insanın söz azadlığı digərlərinin azadlığına zərər vuracaq yerə qədərdir. Əks halda söz azadlığının çərçivəsi itir.
Burada insanlara vurulan fiziki zərbə deyil, mənəvi zərbədən söhbət gedir.

Bu gün kim deyə bilər ki, kimsə söz azadlığından istifadə edib başqalarına fiziki, maddi və mənəvi zərbə vura bilər, buna kimin haqqı çatır?
Bu gün əgər müsəlmanların müqəddəs şəxsiyyəti həzrət Məhəmməd (s) təhqir edilirsə, bu müsəlmanlara vurulan mənəvi zərbə deyilmi?! Belə olan halda burada hansı söz azadlığından danışıla bilər? İnsanların hislərinə toxunmaq və onların müqəddəs hislərini əzmək onlara vurulan mənəvi zərbə deyilmi?
Bu kimi məsələlərdə diqqətli olmaq lazımdır. Belə bir deyim də var: "Söymə ki, söyülməyəsən, döyülməyəsən" və ya "od olmayan yerdən tüstü çıxmaz". Əgər hər hansı xoşagəlməz bir hadisə baş verirsə, mütləq bunun bir səbəbi və başlanğıc nöqtəsi vardır. Bu gün qərb dövlətləri başa düşməlidirlər ki, (İslam və müsəlmanlara qarşı) etdikləri bu hərəkətlər və yol verilən təhqirlər yaxşı nəticələrlə sonlanmadı. Buna görə də qərar qəbul edilməlidir ki, söz azadlığı altında insanlara mənəvi zərbə vurulmasın və bu mövzuda insanların müqəddəs sərhədləri qorunsun və bu sərhədlər keçilməsin. Çünki bu sərhədləri aşmaq insanların mənəvi hüquqlarına təcavüz etməkdir.

- Qərb ölkələrində baş verməkdə olan islamofobiya problemi ilə mübarizədə və müsəlman azlıqların hüquqları və təhlükəsizliklərinin qorunmasında müsəlman ölkələrinin vəzifəsi nədir?

- Əlbəttə bu mövzuda İslam ölkələrinin üzərinə böyük məsuliyyətlər düşür və biz bunu unutmamalıyıq ki, bəzən islamofoblara müsəlmanların özü və ya özünü müsəlman adlandıran ekstremist və təkfirçi qruplaşmaların bəzi addımları bəhanə verir. Bu məsələni də biz qəbul etməliyik. Mən düşünürəm ki, bunun qarşısını almaq üçün üç əsas çarə yoluna ehtiyac var:
İlk növbədə müsəlmanların həqiqi və səmimi bir həmrəylik və vəhdətə ehtiyacları var. Bunun üçün təkcə konfransların keçirilməsi və yazı üzərində olan vəhdətlər kifayət etmir. Əgər müsəlmanlar belə bir vəhdətə çatarlarsa, o zaman islamofobiyanınn qarşını almaq üçün nəyəsə nail olmaq olar.

İkinci isə müsəlmanlar öz aralarında olan ekstremist və təkfirçi qruplaşma və firqələri ilk əvvəl özləri qınamalı və onları özlərindən kənarlaşdırmalıdırlar. Gərək bütün İslam və müsəlman ölkələri təkfirçilərə qarşı tədbir görsünlər. İŞİD kimi təhlükəli terror qruplaşmalarını bütün müsəlman ölkələri məhkum etməli, qınamalı və dışlamalıdrılar ki, dünyada müsəlmanların doğrudan da terrorçuları özlərindən hesab etmədiklərini görsün. Dünya anlasın ki, müsəlmanlar terrorçu radikalları və təkfirçiləri özlərindən hesab etmirlərsə, deməli "islamofobiya" deyil, "radikalofobiya" və ya “ekstrmizimfobiya” cərəyanı yaratmaq lazımdır.
Üçüncü məsələ isə müsəlman ölkələrinin islamofobiyaya qarşı konkret qərar qəbul etməsindən asılıdır. Məsələn, əgər hansısa bir qərb ölkəsində müsəlmanların hüquqları pozulursa və ya İslam və müsəlmanların müqəddəsləri təhqir edilirsə, müsəlmanları qarşı qanun qəbul olunursa və İslam peyğəmbərini (s) hörmətdən salmaq istəyənlərin işinə qanunilik donu geyindirilirsə, burada müsəlman ölkələri təkcə bəyanat yayıb qınamaqla kifayətlənməməlidirlər və onların etdiklərinin qarşısını almağa çalışmalıdırlar. Onlara əllərində olan imkanlar vasitəsi ilə, məsələn iqtisadi sanksiya və ya siyasi əlaqələrin dondurulması kimi vasitələr ilə təzyiq göstərməlidirlər. Mən elə başa düşürəm ki, bu kimi yollarla onlara praktiki olaraq və əməli şəkildə reaksiya verilməlidir.

Mən son olaraq İslam dünyasına həqiqi həmrəylik arzu edirəm. Bu həmrəyliyə doğurdan da böyük ehtiyac var. Əgər bu gün İslam dünyasında və yaxın şərqdə olan hadisələrə nəzər salsaq, görərik ki, bu hadisələrin əsas amili vəhdətin olmamasıdır. Əlbəttə demirəm ki, bu hadisələrdə və müsəlmanların bir biri ilə savaşmasında yad qüvvələrin təsiri yoxdur, əlbəttə ki var. Amma bir şey var ki, əgər İslam dünyası və müsəlmanlar həmrəy olsaydılar və aralarında vəhdət yaratsaydılar, bir müsəlman ölkəsinə bir şey olduğu zaman digərləri sakit və səssiz qalmasaydılar, o zaman çox şeylərə nail olmaq olardı və müsəlmanlar vahid güc olduğu təqdirdə onların dini və vətəni toxunulmaz qalardı.