Sizin Reklam Burada

Təhsil jurnalisti:"Yaxşı müəllim sorağıyla ən ucqar dağ kəndinə də getmişəm"

Təhsil jurnalisti:"Yaxşı müəllim sorağıyla ən ucqar dağ kəndinə də getmişəm"“Bu gün dünyanın təhsil sferasında apardığım araşdırmaların təməlində Azərbaycan məktəbindən, Azərbaycan müəlliminin fəaliyyətindən əldə etdiyim təcrübə dayanır.”

Bu sözlər müsahibimiz, təhsil sahəsi üzrə tədqiqatçı-jurnalist Böyükağa Mikayıllıya aiddir. Jurnalist dünyanın aparıcı ali təhsil müəssisələri, məşhur müəllif məktəbləri, yaradıcılıq akademiyaları, təhsil sistemləri, qlobal təhsil layihələri, məktəbəqədər təhsil müəssisələri ilə bağlı bir çox tədqiqatların müəllifidir. Bu tədqiqatların nəticəsi olaraq “Dünyanın təhsil mənzərəsi” adlı kitabı nəşrə hazırlanır. Jurnalistin 1200-dən artıq məqaləsi, “Azərbaycanın təbiət abidələri” (Azərbaycan, ingilis, rus dillərində), “İşıq”, “Yaradıcılıq axtarışları”, “Müasir dərs, yeni yanaşmalar”, “Bir ömrün simfoniyası”, “Bir səma altında” (Azərbaycan, rus, Ukrayna dillərində), “Dünyanın Kıbrısı, Kıbrısın dünyası” (Azərbaycan, ingilis, türk dillərində), “Yanuş Korçak: Dahi pedaqoqlar silsiləsindən” (Azərbaycan, ingilis, rus dillərində) kitabları çap olunub. Məqalələri xarici ölkələrin elmi, ədəbi jurnallarında dərc edilib. B.Mikayıllı təhsil sahəsində bir sıra beynəlxalq və respublika miqyaslı layihənin ideya müəllifi və koordinatorudur. O, Azərbaycanın ilk elmi jurnal platforması olan informa.az (Master Journal List - Online Journal Broswer & databases of Azerbaijan, Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə) portalının baş əlaqələndiricisidir. Elə müsahibəmiz zamanı bu mövzularla bağlı bir çox məsələlərə aydınlıq gətirib.

AzEdu.az jurnalist, araşdırmaçı Böyükağa Mikayıllı ilə müsahibəni təqdim edir.

Əvvəlcə gəlin müsahibimizi tanıyaq:


Böyükağa Mikayıllı 25 May 1972-ci ildə Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olub. Ukrayna Çap Akademiyasının Beynəlxalq jurnalistika, Nəşriyyat və Redaktə işi fakültəsini bitirib. Ailəlidir və iki qızı var. B.Mikayıllı 2000-ci ildən pedaqoji mətbuat sahəsindədir. “Azərbaycan müəllimi” qəzetində müxbir, 16 il Respublika Təhsil Şurasının orqanı “Təhsil və zaman” qəzetinin redaktoru vəzifəsində çalışıb. “Azərbaycan məktəbi” jurnalının şöbə redaktoru olub. Hal-hazırda Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-metotik nəşri “Məktəbəqədər və ibtidai təhsil” jurnalının məsul katibidir.

27 ildir ki, mətbuatdasınız. Əvvəla istərdim ki, jurnalistikaya, xüsusi ilə də təhsil jurnalistikasına gəlişiniz barədə danışasınız...

Jurnalistika sahəsində 1993-cü ildən, konkret təhsil jurnalistikasında isə 2000-ci ildən fəaliyyət göstərirəm. Həmin ilin yanvarından “Azərbaycan müəllimi” qəzetində müxbir kimi çalışmağa başlamışam. Pedaqoji sahə ilə bağlı ilk yazılarım da bu qəzetin səhifələrində dərc olunub. 2002-ci ildə Respublika Təhsil Şurasının orqanı “Təhsil və zaman” qəzeti fəaliyyətə başladı. Qeyd edim ki, bu qəzetin yaradılmasında mən də iştirak etmişəm. Elə həmin ildən 2018-ci ilə kimi bu qəzetin redaktoru, eyni zamanda Respublika Təhsl Şurasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri və Şuranın katibi kimi çalışdım. 2013-cü ildə Respublika Təhsil Şurası İdarə Heyətinin üzvü seçildim.

“Qabaqcıl müəllimlərin iş təcrübəsinin öyrənilməsi üçün Azərbaycanın ən ucqar bölgələrinə qədər gedib çıxmışıq.”

Böyükağa müəllim, təhsil sahəsində yazılarınızda daha çox hansı problemlərə toxunmusunuz?

Hansı problem daha çox aktual olubsa, o problemlərə toxunmağa çalışmışam. Xüsusilə “Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi və yayılması” rubrikası altında dərc olunan yazılarımı qeyd etmək istərdim. Bu rubrika altında respubikamızın demək olar ki, bütün bölgələrindən olan 200 nəfərdən artıq müəllimin iş təcrübəsini öyrənib “Təhsil və zaman” qəzetində respublikaya yaymışam. Bu işin əhəmiyyəti onda idi ki, ölkənin pedaqoji ictimaiyyəti ən yaxşı müəllimi tanıyır və müəllimlər onun qabaqcıl təcrübəsindən bəhrələnmək imkanı əldə edirdilər. Digər bir əhəmiyyətli cəhət bundan ibarət idi ki, müəllimələrdə daha yaxşı işləməyə stimul yaranırdı. Sonralar müəllimlərin qabaqcıl pedaqoji təcrübəsindən bəhs edən “Yaradıcılıq axtarışları” və “Müasir dərs, yeni yanaşmalar” adlı kitabların çap olundu. Bu kitablar qabaqcıl müəllimlərin iş təcrübəsinin öyrənilməsi ilə bağlıdır və bu iş təcrübəsinin öyrənilməsi üçün biz Azərbaycanın ən ucqar bölgələrinə qədər gedib çıxmışıq. Bu kitabları mən müəllimlərlə birgə işimizin nəticəsi hesab edirəm. Ona görə də birinci kitabın üz qabığında təcrübəsini öyrəndiyim bütün müəllimlərin adını qeyd etmişəm. İş təcrübəsinin öyrənilməsi uzun müddət tələb edir, bəzən bir müəllimin iş təcrübəsini öyrənmək həftələrlə vaxt aparırdı. Günlərlə müəllimin dərslərini izləyirdik, eyni zamanda o müəllimin ictimai nüfuzunu, cəmiyyətdəki mövqeyini müəyyənləşdirirdik, ailəsi və yaşam tərzi ilə tanış olurduq. Bu proseslərdən sonra artıq biz o müəllimin fəaliyyəti öyrənərək “Təhsil və zaman” qəzetində təqdim edir, qabaqcıl müəllimlərin, məktəbəqədər təhsil işçilərinin forumlarında, Azərbaycanda və xaricdə keçirilən beynəlxalq təcrübə mübadilələrində müzakirəyə çıxarırdıq. Harada bir yaxşı müəllim sorağı almışamsa, ucqar bir dağ kəndində də olsa, ora getməyə tələsmişəm. Əgər məqaləm maraqlı alınıbsa, demək ki, müəllim yaxşı dərs keçib, müəllim istedadlıdır. Belə müəllimlərin dərsindən hiss etdiklərimi, duyduqlarımı ürəyimə yazmışam. Mən bu dərslərə 45 dəqiqəlik bir fiziki zaman kimi deyil, müəllim və şagirdlərin ömür yaşantılarının təkrarsız, bənzərsiz bir parçası kimi baxmışam. Bu dərslərdə özümü şagirdlərdən biri kimi hiss etmişəm.

Diqqət yetirdiyim problemlərdən biri də köçkün məktəbləri ilə bağlı olub. Qəzet yaranandan “Şuşa məktəbləri məcburi köçkünlük illərində”, “Kəlbəcər məktəbləri məcburi köçkünlük illərində” və s. rubrikalar altında qaçqın, köçkün məktəblərinin problemlərini araşdırmışam. 2000-ci illərin əvvəllərində köçkün məktəbləri olduqca şəraitsiz binalarda, bəzi hallarda isə topraq döşəməli qamış daxmalarda fəaliyyət göstərirdilər. Bu məktəblərin hər birinin problemini öyrənir, eləcə də onların yaxşı işlərini göstərirdik. Bütün bunlarla bərabər təhsildə toxunduğum problemlər arasında Azərbaycanda dərslik, pedaqoji kadr hazırlığı, məktəb tarixi, orta məktəblərin, məktəbəqədər müəssisələrin mövcud durumu, müəllimlərin qayğıları, nailiyyətləri, tənqidi təfəkkürə doğru, Təhsil Akademiyasının yaradılmasının zəruriliyi, müəllimin geyim mədəniyyəti, fəal təlim metodlarının, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi yolları, ixtisasartırma təhsili müasir dövrdə, ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımlar, tariximizin öyrədilməsi, iqtisadi təhsil müasir dövrdə, musiqiçi kadrlar necə hazırlanır?, görkəmli müəllimlərimiz, görkəmli alimlərimiz, pedaqoji fikir tarixi, elm və orta məktəb əməkdaşlığı, elmi-pedaqoji nəşrlərin mövcud durumu, ölkədə kadr hazırlığı sahəsində vəziyyət, dünyanın ölkələrinin təhsil, elmi jurnal təcrübəsi və s. məsələləri də olub. “Döyüşən məktəblər” rubrikasında döyüş bölgəsində yerləşən məktəblərin, müəllimlərin problem və qayğılarını, nailiyyətlərini gündəmə gətirməyə çalışmışam.

Qarabağın təbiət abidələri” adlı kitab hazırlamaq arzum idi...

Böyükağa müəllim, gəlin indi də kitablarınızdan, tədqiqatlarınızdan danışaq. Bildiyimə görə 8 kitab müəllifisiniz. Bəzi kitablarınız xarici dillərə tərcümə olunub...


İlk kitabım “Azərbaycanın təbiət abidələri” adlanır. Bu kitabın ideyasını Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına layihə kimi tədqim etdim, çox bəyənildi. Azərbaycanın qərb bölgəsində təbiət abidələri ilə bağlı tədqiqatlar aparmağıma vəsait ayırdılar. Ekologiya üzrə mütəxəssislərdən ibarət qrup yaradıb Gəncə, Gədəbəy, Daşkəsən, Şəmkir, Göygöl, Yevlax, Samux, Daşkəsən rayonlarının ərazisində axtarışlar apardıq. Yaşı min illərlə ölçülən ağacları, mağaraları, ümumiyyətlə Azərbaycanın flora və faunasına aid olan bir çox abidələri siyahıya aldıq, onların haqqında geniş məlumat toplayıb 3 dildə, nəfis tərtibatda “Azərbaycanın təbiət abidələri” adlı vəsait hazırladım. 2009-cu ildə çap olunan bu vəsait, əsasən orta məktəblərdə müəllim və şagirdlərə paylandı, maraqla qarşılandı. Tədqiqat qrupumuz elə abidələri aşkara çıxarmışdı ki, onların adı heç kəsə bəlli deyildi. O zaman bu kitabın “Qarabağın təbiət abidələri” adlı davamını çap etmək istəyirdim. Amma məlum səbəblərdən bu, mümkün olmadı. Düşünürəm ki, 30 illik erməni işğalından azad olunan Qarabağımızda bu arzumu reallaşdıra biləcəyəm.

İkinci kitabım “İşıq” adlanır. Sənədli romandır. 5 ilə yazdığım bu kitab 2013-cü ildə çap olunub. Burada Azərbaycan pedaqoji fikir tarixinin, elm və təhsil mühitinin müəyyən bir dövrünü canlandırmağa çalışmışam. Kitabda Azərbaycan pedaqoji fikir tarixinin, elminin, mədəniyyətinin, incəsənətinin inkişafına təkan vermiş görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığı xatirələr, sənədlər əsasında təqdim edilir. “İşığ”ı ərsəyə gətirmək üçün dünyanın görkəmli alimlərinin, çoxsaylı elm, sənət xadimlərinin həyat və yaradıcılığını oxudum, təhlil etdim. Öyrəndiklərimin, əldə etdiyim təcrübənin cəmindən “İşıq” yarandı.

Bəs “Bir səma altında” kitabı? Bu kitabın maraqlı adı var. Kitabın ideyası haqqında nə deyə bilərsiniz?


Bu kitbda mənim Ukrayna təhsili, elmi, mədəniyyəti, tarixi, qədim şəhərlərin arxitekturası, müəllif məktəbləri haqqında yazılarım, Ukraynada iştirak etdiyim Beynəlxalq təcrübə mübadiləsi təlim keyfiyyətini yüksəldən vasitə kimi mövzusunda konfransların nəticələri haqqında məlumatar da yer alıb. Bu məlumatları bu kitabda ona görə dərc etmişəm ki, bunlar müəllimlər, təhsil tədqiqatçıları üçün maraqlıdır. Kitabın ideyasına gəldikdə, onu dünyaya sülh arzularımın ifadəsi adlandırıram. Təsadüfü deyil ki, bu kitab rus və Ukrayna dillərinə tərcümə olundu. Bu kitab Ukraynada fəaliyyət göstərən UNESCO nəzdində Beybəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasi ilə əməkdaşlığımıza yol açdı. Bu gün bu əməkdaşlıq fəaliyyətimizin əsas istiqamətini təşkil edir. Hələ 2017-ci ildə akademiyanın Azərbaycan nümayəndəliyinin yaradılması haqqında razılığa gəlmişik. Akademiya uşaq və gənclərin mənəvi inkişafı, onların yaradıcılıq potensialının aşkara çıxarılması istiqamətində əsaslı işlər aparır. Ötən 3 il ərzində biz bu yaradıcılıq akademiyası ilə birgə Ukraynada və Azərbaycanda olmaqla 3 beynəlxalq festival təşkil etmişik. Azərbaycanda təşkil etdiyimiz festival “Dünyanın səsini duyaq” adlanırdı. Dünyanın 12 ölkəsindən uşaq və gənclər öz yaradıcılıq işlərini onlayn qaydada müsabiqəyə təqdim etmişdi. Azərbaycanlı uşaq və gənclər də festivalda fəal iştirak etdilər, uğuru nəticələrə imza atdılar. Festivala UNESCO-nun Beynəlxalq Mərkəzi, UNESCO nəzdində Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası, “Resurs” Gənclərin İnkişafı Mərkəzi İctimai Biriyi, Azərbaycan Xalçaçıları İctimai Birliyi, Qaçqın və Məcburi Köçkün Qadınların İnkifaş Mərkəzi, Educenter Azərbaycan, “Təhsil dünyası” qəzeti təşkilati və informasiya dəstəyi verirdi. Bu festivalı biz Ukraynada da təşkil etdik. Əminliklə deyə bilərəm ki, bu festival uşaq və gənclərin yaradıcılıq potensiallarını meydana çıxarmaq baxımından müstəsna bir platformadır.
Qeyd edim ki, “Bir səma altında” kitabı UNESCO Beynəlxalq Mərkəzinin xüsusi mükafatına layiq görülüb. Bu kitabın adı altında beynəlxalq festival keçirilib. Həmin festivala bizi də dəvət etmişdilər. Biz böyük nümayəndə heyəti ilə festivala qoşulduq, Azərbaycanlı istedadlı şagirdlər festivalda qran-pri mükfatına layiq görüldülər.

Kıbrıs mənə ana vətənim qədər doğmadır.”

Böyükağa müəllim, “Dünyanın Kıbrısı, Kıbrısın dünyası” kitabınız “Bir səma altında” silsiləsindən çap olunub. Mümkünsə Kıbrıs tədqiqatlarınızdan danışardız...


Bu kitabda Akdənizin inci suları ilə əhatələnmiş, Türk dünyasının ayrılmaz parşası olan Kıbrıs adasının tarixindən, adanın ən qədim sakinləri olan türklərin milli-mənəvi dəyərlərindən, adət-ənənələrindən, adanın dünyada tanınan görkəmli şəxsiyyətlərinin həyatından bəhs edirəm. Quzey Kıbrıs Türk Cümhuriyyətinin yaradılması, xüsusilə 1950-ci illərdən sonra adada baş verən siyasi hadisələr, rum millətçilərinin türklərə qarşı törətdikləri soyqırım, Türkiyə Cümhuriyyətinin həyata keçirdiyi Barış hərəkatı, Kıbrıs türklərinin öz haqları uğrunda apardıqları qəhrəmanlıq mübarizəsini apardığım tədqiqatlara, oxuduğum ədəbiyyatlara rəğmən, faktlara istinad edilməklə oxucuma çatdırmağa çalışıram. Barış hərəkatından sonra Quzey Kıbrıs Türk Cümhuriyyətinin həyatında müsbətə doğru baş verən dəyişikliklər, ictimai-siyasi sabitliyin bərpa olunması, ölkənin dinamik inkişaf yoluna qədəm qoyması, xüsusilə təhsil sahəsinin inkişafı, dünyanın qabaqcıl universitetləri ilə rəqabət apara biləcək ali təhsil müəssisələrinin yaradılması adada tədqiqatlarımın əsas hədəfi idi. Quzey Kıbrısı addım-addım gəzmişəm. Kıbrıs türkünün məişətini, həyat tərzini, arzu və istəklərini, inancını, tarixdən bu günə yaradıcılıq imkanlarını, sarsılmaz ruhunu, bu ruhun yaratdığı, miras qoyduğu əzəmətli tarixi abidələri, mədəniyyət incilərini dünya oxucusuna çatdırmaq istəmişəm. Hesab edirəm ki, kitabın Azərbaycan dili ilə yanaşı, ingilis və türk dillərində də çap olunması onun oxucu dairəsinin genişləməsinə yol açacaq. Kıbrıs mənə ana vətənim qədər doğmadır. Bu kitabda bir türk dövləti olan Kıbrısa öz məhəbbətimi ifadə etməyə çalışmışam. İstəmişəm ki, Kıbrısın dünyada tanınmasında, onun haqq səsinin eşidilməsində mənim də bir jurnalist kimi rolum olsun. Lefkoşada rumların türklərə qarşı törətdikləri soyqırımı özündə yaşadan “Barbarlıq muzeyi”ndə hönkürtü ilə ağladım. Bu muzey insanın insana qarşı vəhşiliyinin ən bariz nümunəsidir. İnsan burada insanın törətdiyi əmələ görə utanc hissi keçirir. “Barbarlık muzeyi” haqqında yazarkən ermənilərin xalqımıza qarşı törətdiyi Xocalı soyqırımı ilə paralellər aparmışam. Kıbrısa təhsil təcrübəsini öyrənməyə getmişdim. Amma bu ölkənin zəngin tarixi, zəngin mədəniyyəti, zəngin mənəviyyata malik olan insanları ilə tanış olmağım məni Kıbrısı öyrənməyə sövq etdi. Kıbrısla bağlı araşdırmlarım bu gün də davam edir. Gələcəkdə bu ölkəyə yenə də səfər etməyi, orada yarım qalan işlərimi tamamlamağı düşünürəm. Kıbrıs Akdeniz dəryasında özü də bir dəryadır. Onun dərinliklərinə endkcə qarşına dünyanın ən qiymətli mirvariləri çıxır. Mən inanıram ki, Quzey Kıbrıs Türk Cümhuriyyəti çox uzaq olmayan bir zamanda dünya dövlətləri tərəfindən tanınacaq. Buna bu ölkənin, onun insanlarının mənəvi haqqı var.

Quzey Kıbrıs haqqında kitabınızda türk dünyasının görkəmli şəxsiyyətlərindən də bəhs etmisiniz...

Bəli, o şəxsiyyətlərdən ki, onlar Kıbrısın adını dünyada tanıdıblar, ömürlərini Quzey Kıbrısın azadlıq mübarizəsinə həsr ediblər. Məsələn, kitabda türk dünyasının böyük şairi, yazıçısı Namik Kamal, Quzey Kıbrıs azadlıq hərəkatının liderləri Fazil Kiçik, Rauf Denktaş, iki dəfə Nobel mükafatına təqdim edilmiş, dünyaşöhrətli şair Osman Türkayın həyatını araşdırmışam. Bu şəxsiyyətlərin hər biri keçdikləri şərəfli ömür yolu ilə bütün zamanlar üçün əsl örnəkdir, nümunədirlər.

Bəs yəhudi əsilli polyak pedaqoq Yanuş Korçak haqqında araşdırma aparmaq ideyası haradan yarandı?

Siz bir sıra görkəmli tarixi şəxsiyyətlər haqqında araşdırmalar aparmısız, amma kitabı yalnız Yanuş Korçak haqqında yazmısınız.

Yanuş Korçak haqqında çoxdan məlumatlı idim. Gözləyirdim ki, bir məqam yaransın, araşdırmaya başlayım və bu böyük pedaqoqun qiymətli fikirlərini Azərbaycan oxucusuna çatdırım. Əldə etdiyim ilkin məlumat bu idi ki, Yanuş Korçak haqqında Azərbaycan dilində elmi, yaxud publisistik, bədii əsər yoxdur. “Dünyanın təhsil mənzərəsi” adlı kitabım üçün apardığım tədqiqatlarla əlaqədar, dostum, Respublika Təhsil Şurası İdarə Heyətinin üzvü Samir Mehdizadə ilə birlikdə Polşada olarkən Yanuş Korçak haqqında tədqiqat aparmağa imkan tapdım. Korçakın dünyanın müxtəlif ölkələrindəki tədqiqatçıları ilə əlaqələr yaratdım. Polşadan başlamış Ukrayna, Rusiya, Almaniya, Amerika, Braziliya, İsrail, Argentinaya qədər Yanuş Korçakın tədqiqatçılarını tapdım. Arxivlərdə oldum, xaricdən Korçak tədqiqatçılarından çoxlu ədəbiyyat əldə etdim. Nəhayət ki, Yanuş Korçakın həyatı ilə yanaşı, pedaqoji, bədii əsərlərini, publisistik, tibbi məzmunlu məqalələrini, eləcə də onun 30 il çalışdığı, özünəməxsus təlim-tərbiyə mühiti qurduğu «Yetimlər evi»ni təhlilə cəlb edə, Yanuş Korçakın kimsəsiz uşaqların təhsili, yaşayışı, həyata adaptasiya olunmaları yolunda fədakarlığını qələmə ala bildim. Oxucum əsərdə Yanuş Korçakın uşaqlıq illərindən tutmuş, ömrünün sonuna qədər keçdiyi keşməkişli həyat yolunu izləmək imkanı əldə edir, əsl müəllim, tərbiyəçi, həkim obrazı ilə qarşı-qarşıya dayanır. Yanuş Korçakın iki dünya müharibəsi, qlobal pandemiyalar, aclıqlar, lokal münaqişələr dövründə özünü unudaraq, uşaqların gələcəyi naminə çalışması, yaratdığı elmi-pedaqoji konsepsiya, tərbiyə nəzəriyyəsi elmi-publisistik üslubda təqdim edilir. Düşünürəm ki, bu üslubda oxumaq oxucu üçün daha rahatdır. Əsərdə Yanuş Korçakı uşaqların yaxın dostu, sirdaşı, xilaskarı kimi göstərməyə çalışmışam, eyni zamanda, dahi pedaqoqun ayrı-ayrı əsərlərindən aforizmə çevrilmiş fikirlərinə də yer vermişəm. Görkəmli şəxsiyyətlərin, elm, sənət adamlarının, həmçinin yetirmələrinin Yanuş Korçak haqqında ayrı-ayrı zamanlarda səsləndirdikləri ifadələrin maraq doğuracağına inanıram. Qeyd edim ki, dahi pedaqoq Yanuş Korçak 1942-ci il avqust ayının 5-də faşistlər tərəfindən “Yetimlər evi”nin uşaqları ilə birlikdə qaz kamerasında qətlə yetirilib. Onun bir neçə dəfə almanların yaratdıqları həbs düşərgəsindən qaçmaq imkanı olsa da, o, uşaqları tək qoymur, onlarla birlikdə ölümü qəbul edir. Yanuş Korçak kimi pedaqoqların simasında ictimai mənafeyi, uşaqların həyatını hər şeydən, hətta öz həyatından da üstün tutan bir müəllimi, bir ictimai xadimi, ziyalını görmək mümkündür.
Sualınızın ikinci hissəsinə gəlincə, deyə bilərəm ki, araşdırdığım görkəmli şəxsiyyətlərin hər biri haqqında kitab nəşr etdirməyi düşünürəm. Qeyd edim ki, “Yanuş Korçak” kitabı “Dahi pedaqoqlar silsiləsindən” ilk kitabımdır və seriyadan olan araşdırmalarım bu gün də davam edir.

“Dünyanın təhsil mənzərəsi” adlı kitab üzərində işləyirsiz. Bu aspektdə tədqiqatları nə zaman başlamısınız və indi hazırda araşdırmalarınız nə yerdədir?

Bu istiqamətdə araşdırmalara 2013-cü ildən başlamışam. Öncə Ukraynanın bir sıra ali məktəblərini, bu ölkədə həyata keçirilən və dünyada Universal-onlayn kimi tanınan qlobal təhsil layihəsini, daha sonra bir sıra müəllif məktəblərinin tarixini və onların yaradıcılarını, inklyüziv təhsil sahəsində bu ölkənin təcrübəsini “Şir balası” Uşaq Elmi Reabilitasiya Mərkəzinin, İRÇ (İnklyüziv Resurs Mərkəzi) bazasında araşdırdım. Sonra Quzey Kıbrısın ali təhsil müəssisələri, ümumilikdə təhsil sistemini araşdırmağa başladım. Bu barədə yuxarıda qeyd etmişəm. Ukrayna və Kıbrısdakı araşdırmalarımız dünyanın təhsil sferasındakı araşdırmalarımda bir təkan rolunu oynadı. Polşaya, Almaniyaya, Çexiyaya səfərlərimiz təşkil olundu. Səfərlər çərçivəsində Berlin Humboldt, Berlin Texniki, Düsseldorf Henrix Heyne, Polşada Krakov Yagellon, Pedaqoji, Mariya-Küri Skladovkaya, Texniki, Praqa Karlovı, Qərbi Çexiya və digər nüfuzlu universitetlərdə araşdırmalar aparmaq, bu universitetlərin tarixini və müasir dövrdə fəaliyyətlərinin əsas istiqamətlərini öyrənmək imkanları əldə etdim. Daha sonra Sinqapurun, Rusiyanın, Böyük Britaniyanın bir sıra universitetləri, orta məktəbləri ilə əlaqə yaratdım. Bu universitetlərin inkişaf dinamikasını, eləcə də Kuba, Əfqanıstan kimi ölkələrdə təhsilin mövcud vəziyyətini tədqiq etdim. Sinqapurun təhsil sistemi, bu ölkədə riyaziyyatın tədrisi sahəsində tətbiq olunan və dünyada maraqla izlənilən, bəzi ölkələrdə istifadə olunan təlim texnologiyalarını araşdırdım.
“Dünyanın təhsil mənzərəsi” elə geniş bir mövzudur ki, onu tamamlamağa bir ömür yetməz. Bir məqamı xüsusi vurğulamaq istəyirəm. Dünyanın nə qədər orta məktəb və universitetlərində olmuşam, nə qədər müəllimlərin dərsini, fəaliyyətini öyrənmişəm, ancaq mənim üçün ən qiymətli olan dərs Azərbaycan müəlliminin dərsi olub. Mənim üçün dünyanın təhsil mənzərəsində Azərbaycan müəllimi, Azərbaycan təhsili birinci yerdə dayanır. Çünki mənim özümü də formalaşdıran və xarici təcrübəni tədqiq etməyə çıxışımın təməlində dayanan amil Azərbaycan məktəbindən, Azərbaycan müəllimindən öyrəndiklərimdir. Bu universitetləri, orta məktəbləri, akademiyaları, təhsil layihələrini araşdırmaqda məqsədim budur ki, Azərbaycan müəlliminin, təhsil işçisinin, təhsil tədqiqatçılarının qarşısında dünyanın təhsil mənzərəsinə pəncərə açım, bu tədqiqat işi ilə Azərbaycanın təhsil sisteminə fayda verə bilim. Azərbaycan oxucusu dünya təhsilindəki yenilikləri görə, nəticələr çıxara bilsin. Dünyanı görmək üçün ona elm və təhsil prizmasından baxmalısan. Bu zaman sənə hər şey aydın olacaq. Suqata Mitranın “Bulud məktəbi”, Salman Xan Akademiyası ilə tanış olduqda buna bir daha əminlik hiss etdim.



Redaktorlarımız, ekspert və rəyçilərimiz məqalələrin redaktəsi zamanı çox əziyyət çəkirlər.



Böyükağa müəllim, Təhsil nazirliyinin “Məktəbəqədər və ibtidai təhsil” jurnalının məsul katibisiniz. Bu gün Təhsil nazirliyi sistemində olan jurnalların dövrün tələbləri səviyyəsində dərc olunduğunu müşahidə edirik. Bu tələblərə “Məktəbəqədər və ibtidai təhsil” jurnalında necə riayət olunur?
“Məktəbəqədər və ibtidai təhsil” jurnalı 1970-ci ildən çap olunur. Jurnalın baş redaktoru yarandığı gündən, yəni 50 ildir ki, pedaqoji elmlər doktoru, professor Yəhya Kərimovdur. Jurnal 50 illik fəaliyyəti zamanı dövrün elmi-pedaqoji problemlərini peşəkarlıqla əks etdirməklə, məktəbəqədər təhsil işçiləri, ibtidai sinif müəllimləri, təhsil tədqiqatçıları, psixoloqlar, eləcə də valideynlər üçün əhəmiyyətli öyrənmə mənbəyi rolunu oynayıb. Bu gün jurnal işini öz zəngin ənənəsinə sadiq qalmaqla, xüsusən nüfuzlu beynəlxalq indekslərə üzvlük, məqalələrin beynəlxalq indekslərin tələb və tösiyələri çərçivəsində hazırlanması istiqamətində qurmağa çalışır. Amma biz bu istiqamətdə problemlərlə üzləşirik. Redaksiyaya daxil olan məqalələrin böyük qismi elmi-nəzəri, metodik baxımdan zəif olur. Yeni tələblərə uyğunlaşma bir qədər ləng gedir. Düşünürəm ki, elmi-nəzəri, metodiki jurnalların elmi səviyyəsi ölkədə elmi-tədqiqat mühitinin durumunu xarakterizə etmək baxımından mühüm rola malikdir. Jurnalın yüksək elmi səviyyədə dərc olunması elmi-tədqiqatların keyfiyyətinə bağlıdır. Redaktorlarımız, ekspert və rəyçilərimiz məqalələrin redaktəsi zamanı çox əziyyət çəkirlər. Uzun illər əksər tədqiqatçıların “elmi yazıları” formal rəylər alaraq müxtəlif yollarla bəzi jurnallara yol tapa bilib. Elmlər doktorları, professorların verdiyi rəylərə rəğmən plagiat məqalələr, jurnalların fəaliyyət istiqaməti ilə uyğun gəlməyən yazılar, təəssüf ki, bəzi hallarda dərc olunub. Bununla belə yaxşı tədqiqat işləri də az deyil. Bu problemlə Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə reallaşdırdığımız informa.az (Master Journal List - Online Journal Broswer & databases of Azerbaijan) platformasında da rast gəlirik. Düşünürəm ki, elmi jurnallar elmi məqalələrin hazırlanmasına qoyulan tələblərə ciddi nəzarət etməlidirlər. Bu, ölkədə elmin inkişafına təkan verən mühüm amildir.
Yeri gəlmişkən, bu platforma haqqında məlumat verərdiniz...
Bu, Azərbaycanın ilk elmi jurnal portalıdır. İnforma.az–ın dəstəyilə yaradılan bu veb-portal Azərbaycanın ancaq elmi jurnallarının beynəlxalq standartlara uyğun çap olunmasına köməklik göstərəcək. Bu gün Azərbaycanda elmi jurnalların əksəriyyətinin veb saytı yoxdur. Veb saytı olan jurnallar isə öz saytlarını beynəlxalq standartlara uyğunlaşdırmaqda xeyli çətinlik çəkirlər. Bu səbəbdən xarici müəlliflər bu jurnalların məqalələrini oxuyub tanış ola və onlara istinad edə bilmirlər. Bu layihə Azərbaycanın elmi mühitində yenilikdir və olduqca aktualdır. Platforma imkan verir ki, yerli jurnalların da keyfiyyət göstəriciləri inkişaf etdirilsin və beynəlxalq standartların tələblərinə uyğunlaşdırmaqla xarici nüfuzlu elmi indekslərə üzv olsunlar. Bunun üçün elmi profilə və elmi standartlara ciddi riayət etmək lazımdır. Hazırda portala üzv olunan jurnallar ilkin elmi indekslərdən keçirilir və bu prosesi gələcəkdə daha ciddi beyəlxalq elmi indekslərlə davam etdirəcəyik.



Böyükağa müəllim, bu gün məktəbəqədər təhsilin ən böyük problemini nədə görürsünüz?

Birinci problem budur ki, Azərbaycanın heç də hər yerində məktəbəqədər təhsil proqramı – kurikulumu eyni səviyyədə istifadə olunmur. Daha dəqiq desək, Azərbaycanın rayonlarında istifadə olunsa da, Bakıda istifadə edilmir. Bakının məktəbəqədər təhsil müəssislərində 1997-ci ildə qəbul edilmiş proqram tətbiq edilməkdədir. Baxmayaraq ki, 1997-ci ildən bu yana iki dəfə yeni proqram qəbul edilib.
Digər bir problem, məktəbəqədər təhsilin vahid bir mərkəzdən idarə olunmamasıdır. Məktəbəqədər müəssisələr rayon icra hakimiyyətləri tərəfindən idarə olunduqları üçün vahid nəzarət prinsipi pozulur. İcra hakimiyyəti strukturlarında isə əksər hallarda məktəbəqədər təhsili yaxşı bilən mütəxəssis olmur. Hər bir rayonun məktəbəqədər müəssisələrə öz yanaşması var. Bu da istər-istəməz tədris resurslarının, vəsaitlərin düzgün paylanmamasına, təhsil proqramlarının tətbiqinin lazımı səviyyədə yerinə yetirilməməsinə, tərbiyəçilərin ixtisasartırma məsələlərinin həll olunmamasına yol açır. Əvvəllər tərbiyəçilər 5 ildən bir ixtisasartırmaya cəlb olunurdusa, bu gün artıq bu, həyata keçirilmir. Buna görə də onlar yeniliklərdən məlumatsız olurlar. Uşaqların məktəbəqədər təhsil müəssisələrində yerləşdirilməsi (cəmi 17 faiz), ümumiyyətlə təhsil aşağı səviyyədədir. Fikrimcə, məktəbəqədər təhsil müəssisələrinin idarəçiliyi, əvvəllərdə olduğu kimi Təhsil nazirliyinə verilərsə, problemlər tədriclə aradan qalxar. Problemlərdən biri də budur ki, məktəbəqədər təhsil müəssisələrinin böyük əksəryyətinin rəhbəri bu sahə üzrə mütəxəssis deyil. Məktəbəqədər təhsil müəssisələri haqqında qanun imkan verir ki, pedaqoji sahəni bitirən mütəxəssis məktəbəqədər müəssisəyə rəhbərlik etsin. Amma pedaqoji sahə üzrə mütəxəssisin məktəbəqədər sahəyə rəhbərliyi effektiv deyil. Hal-hazırda bağça müdirləri arasında həkim də, hüquqşünas da var və s. Qeyri-ixtisas mütəxəssislərlə heç bir sahəni inkişaf etdirmək olmaz, o cümlədən məktəbəqədər sahəni. Məktəbəqədər sahəni bitirən mütəxəssis ən azından bu sahənin ab-havasını bilir, onun idarə olunması haqqında məlumatlıdır. Hesab edirəm ki, bu məsələ Təhsil Nazirliyi tərəfindən nizamlansa öz həllini tapar.

Dünya üzərində bir çox orta məktəb və universitetlərdə tədqiqat aparmısınız. Bəs Azərbaycanda hansı müəssisələri tədqiq etmisiniz?

“Təhsil və zaman”ində “Region məktəbləri ilə tanışlıq”, “Ali təhsil müəssisələrimiz”, “Qabaqcıl təcrübənin ünvanı” rubrikaları fəaliyyət göstərirdi. Bu rubrikalar altında, adından da göründüyü kimi, təhsil müəssisələrinin fəaliyyətini araşdırırdıq. Lerik, Naxçıvanın, Gədəbəyin ən ucqar məktəblərindən tutmuş, Bakının mərkəzindəki məktəblərə qədər araşdırır, müasir təcrübəni, qabaqcıl müəllimləri müəyyənləşdirir, onların iş təcrübəsini ümumiləşdirirdik. Heç vaxt unutmadığım, sözün həqiqi mənasında qabaqcıl təcrübəyə malik məktəblər tanışlıq təcrübəmdə az olmayıb. Məsələn, görkəmli məktəbşünas Sona Tağıyevanın rəhbərlik etdiyi 189 nömrəli tam orta məktəb, SSRİ Xalq müəllimi Zahid Şöyübovun yaratdığı Xaldan məktəbi, Nəriman Hüseynovun direktoru olduğu Neftçi Qurban adına 288 nömrəli tam orta məktəb, Respublikanın əməkdar müəllimi Mayıl İsmayılovun yaratdığı Mingəçevir Təbiət, Riyaziyyat və Humanitar Elmlər Təmayüllü lisey xatirəmdə əsl təcrübə məktəbi kimi qalıb. Bu məktəblər respublikamız üçün əsl təcrübə laboratoriyası idilər. Bu məktəblərin yaradıcıları, sözün həqiqi mənasında məktəbşünas idilər. Onlar təhsil, məktəb mühitində formalaşıb məktəbə rəhbərliyə gəlmişdilər. Ona görə də zaman-zaman nümunə ola biləcək məktəblərini yarada bildilər. Mən bu məktəblərin iş təcrübəsi haqqında xaricdə tanış olduğum orta məktəb rəhbərlərinə də ürəkdolusu danışıram. Ali məktəblərə gəlincə isə, hələlik iş təcrbəsini öyrəndiyim Azərbaycan Dövlət Aqrar Universitetinin adını çəkə bilərəm. Bu universitet inkişaf yolunda inamla addımlayır. Azərbaycanın ən yaxşı universitetlərindən biridir, deyə bilərəm. Hər şey doğru hədəf seçimindən başlayır. Seçdiyin yol özünündürsə, bu yolla getməyə intellektin və iradən varsa, uğur əldə edəcəyin şübhəsizdir. Başqa universitetlərin getdiyi yolla gedib universitet qura bilərsən, amma bu universitet elə başqasının universiteti olacaq. Fərqlilik uğur yaradır: orta məktəb şagirdi üçün də, müəllim üçün də, universitet tələbəsi üçün də, universitet rektoru üçün də, elmi tədqiqatçı üçün də... Çox arzu edirəm ki, Azərbaycanda universitet quruculuğu ənənəsi yaransın, bütün parametrləri ilə özümüzə məxsus olan universitetlərimiz olsun. “Dünyanın təhsil mənzərə”sinin ikinci hissəsində Azərbaycanın bir neçə universitetinə yer verməyi düşünürəm.

Fəaliyyətiniz ərzində bir çox kitablar ərsəyə gətirmisiniz. Bunların arasında sizin üçün xüsusi yeri olan kitabınız hansıdır?

Düşünürəm ki, mənim üçün xüsusi yeri olan kitabı hələ yazmamışam. Bu kitabın nə vaxtsa yazılacağına inanıram.

Maraqlı müsahibəyə görə çox sağ olun.

Əslində siz sağ olun, gəldiniz. Maraqlı suallar qoydunuz, xatirələrimin bir qisminin vərəqlənməsinə vəsilə oldunuz...

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər