Sizin Reklam Burada

İşğalçı Ermənistan beynəlxalq məhkəməyə verilməlidir - Ekspert

İşğalçı Ermənistan beynəlxalq məhkəməyə verilməlidir - EkspertQHT sədri, beynəlxalq məsələlər üzrə ekspert Emin Əliyev Rusiya və Azərbaycan prezidentləri və Ermənistanın baş nazirinin birgə imzaladığı məlum 10 noyabr bəyanatına və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını boşaldılması məsələsiylə bağlımediaya müsahibə verib.

Avrasiya.net həmin müsahibəni tgəqdim edir:

- 10 noyabr bəyanatını necə dəyərləndirirsiniz və Minsk qrupunun aqibəti necə görünür?

- Azərbaycan bu savaşın birmənalı qalibidir. Ermənistan-Azərbaycan müharibəsi döyüş meydanında ölkəmizin tam qələbəsi ilə nəticələndi. On milyonluq Azərbaycan xalqı Ali Baş Komandanın əlavə əmrlərini gözləyirdi. Xalqımız hər zaman deyirdi ki, biriləri bu Ermənistanı başa salsın ki, türk millətinin səbrini test etmək bu günə qədər heç kəsə fayda verməyib. Ona görə də torpaqlarımız mümkün ən tez zamanda boşaldılmalıdır. Əgər başa sala bilmirlərsə də, o zaman kənara çəkilsinlər, biz özümüz onları başa salaq. Müharibənin zirvəsi Şuşanın azad edilməsi hesab edilsə də ordumuzun Xankəndinin 2 kilometrliyində müharibəni dayandırması bir qədər xalqı məyus etdi. Amma Azərbaycan xalqı və ordusu erməniləri çox yaxşı başa saldı. Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş nazirinin birgə imzaladığı 10 noyabr bəyanatı və Ermənistanın məğlubiyyəti qəbul etməsi bu bəyanatın ən üstün göstəricisidir. Hesab edirəm ki, bu sənəd hələ son deyil. Bunun ardınca silsilə sənədlər imzalanacaqdır. Bundan başqa milli qanunvericilikdə dəyişikliklər ediləcək. Hətta referendumun keçirilməsi belə mümkün ola bilər. Amma bir nüansı da inkar etmək olmaz ki, bu sənəd müharibənin dayandırılması, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması kimi ciddi bəndləri özündə ehtiva etməklə yanaşı, ölkə ictimaiyyətində bir çox sualların yaranmasına səbəb oldu. Hesab edirəm ki, 30 ildən çox davam edən münaqişə 9 bəndlik bir bəyanatla yekunlaşası deyil və Ermənistanın məğlub elan edilməsi, bunun nəticəsində müəyyən maddi kompensasiya öhdəliklərinin üzərinə qoyulması, separatçı ermənilərin (Araik Arutyunyan başda olmaqla) Azərbaycan Respublikasına mühakimə edilmək üçün təhvil verilməsi kimi şərtlərin qoyulduğu daha bir müqavilənin imzalanması ilə nəticələnəcəkdir. Mütləq işğalçı Ermənistanın 30 il işğal altında saxladığı ərazilərimizə vurduğu ziyana görə beynəlxalq məhkəmə yolu ilə kompensasiya ödəməlidir. Baxın, Birinci və İkinci Dünya müharibələrindən sonra dəymiş ziyana görə kompensasiyaların ödənilməsi prosesi həyata keçirilib. Məsələn, Körfəz müharibəsindən sonra İraqdan Küveytə vurduğu ziyanın ödənilməsini tələb edən BMT-nin 687 saylı qətnaməsi qəbul olunub. O zaman BMT Kompensasiya Komissiyası dəymiş ziyanın məbləğini 52.4 milyard dollar müəyyənləşdirib. Həmin vəsaitin isə 48.7 milyard dollarının ödənilməsinə artıq nail olunub. Bu baxımdan, dəymiş ziyanın məbləği hesablanandan sonra Azərbaycan da beynəlxlaq məhkəməyə müraciət edərək işğalçı Ermənistan tərəfindən kompensasiyanın ödənilməsini tələb etmək hüququna malikdir. O ki qaldı, Minsk qrupuna, hesab edirəm ki, bu qrup BMT-dən mandat aldığına görə onun fəaliyyətinə də elə BMT son qoymalıdır. Artıq bu qrupun fəaliyyəti heç bir dövlətin marağında deyildir. İlkin təəssüratımız bundan ibarətdir ki, sülh danışıqları, sülhün dayanıqlılığına nəzarət regionun iki qüdrətli dövləti - Türkiyə Respublikası və Rusiya Federasiyası tərəfindən həyata keçiriləcəkdir.

- Türk ordusu Azərbaycanda olacaqmı? Bu sual hal-hazırda ölkə ictimaiyyətini ən çox narahat edən suallardan biridir.

- Açıq demək lazımdır, xalqımız 20 yanvarı, 366-cı alayı və buna bağlı digər faciələri unutmayıb və unutmamalıdır da! Bu xalqın haqqıdır ki, qeyd etdiyim faciələrin bir daha baş verməməsi üçün ehtiyatlı davransın, hökumətin ayıq-sayıq olması və qəti qərarlar verməsini istəsin, yeri gəlsə dəstək vermək üçün dövlətin yanında olsun. Müharibə başlayan gündən Türkiyənin ali rəhbərliyinin və əziz türk millətinin Azərbaycanın haqq savaşında onu tərəddüdsüz və birmənalı dəstəkləməsi isə millətimizin diqqətindən kənarda qalmadı. Bundan sonra da millətimiz arzu edir ki, bizi tərəddüd etmədən dəstəkləyən Türkiyə, sülhyaratma missiyasının daxilində də yer alsın. Azərbaycan ali rəhbərliyi də dəfələrlə bildirmişdir ki, Türkiyə bu işdə yer alacaqdır. Hesab etmirəm ki, hər hansı bir dövlətin hüquqi olaraq ixtiyarı olsun ki, Azərbaycanın öz ərazisində Türkiyə sülhməramlılarının da olması istəyinə qarşı çıxsın. Lakin təəssüf ki, nəticənin əldə edilməsi uğrunda hüquqi yanaşma ilə siyasi yanaşma bir çox hallarda fərqli yollarla meyl göstərirlər.

- Naxçıvan və Azərbaycanın qərb ərazilərini birləşdirəcək olan koridor Ermənistanın hansı bölgəsindən keçəcək? Və bu koridor Ermənistanın İranla əlaqəsini kəsəcəkmi?

- Əslində o koridor ötən əsrin 90-cı illərinin əvvəlinə qədər var idi və Bakı ilə Naxçıvanı birləşdirirdi. Lakin Ermənistanın Azərbaycana təcavüzü dərinləşdikcə o koridor artıq keçid üçün təhlükəli olmağa başladı və bu səbəbdən bağlandı. İşğal altında qalmış 132 km-lik Azərbaycan-İran sərhəd xətti boyunca Bakı-Şərur dəmir yolu xətti keçir. Bundan başqa bu dəmir yolu ilə parallel Zəngilan rayonuna qədər uzanan avtomobil yolu da var. Onu da deyim ki, dəmir yolu xətləri ermənilər tərəfindən dağıdılmış, relslər çıxarılaraq talan edilmişdir. Avtomobil yolu isə müasir tələblərə cavab vermir. Hesab edirəm ki, bütün bu yollar tamamilə yenidən qurulacaqdır. İlkin olaraq belə mülahizə irəli sürmək olar ki, öncədən mövcud olan dəmir yolu xətti və avtomobil yolları yenidən qurulacaq və dövrün tələblərinə uyğun formalaşdırılacaqdır. Lakin bəzi ekspertlər Ermənistan-İran sərhəd zolağı-yəni öncəki yol-nəqliyyat xətləri ilə üst-üstə düşməyən yeni yolların çəkilməsi barədə danışırlar. Mən özüm o bölgədən olan bir şəxs kimi deyə bilərəm ki, bölgənin coğrafi quruluşu, relyefi, su və torpaq quruluşu onu göstərir ki, yeni yolların çəkilməsi ilə bağlı qərarın verilməsi əlavə çətinliklərin yaranmasına, vaxtın uzanmasına, külli miqdarda maliyyə vəsaitinin ayrılmasına gətirib çıxaracaqdır. Yeri gəlmişkən, bunu da deyim ki, Naxçıvan ilə koridorun açılması bu bəyanatın ən ali və strateji hissəsi hesab edilməlidir.

- Paşinyan öz hakimiyyətini qoruya bilsə, sizcə o Azərbaycan və Türkiyə ilə yaxşı münasibətlər qura bilərmi? Çünki nəticədə o da bölgədən rus faktorunun çıxarılmasında maraqlıdır.

- Nikol Paşinyanın uzaqgörən bir siyasətçi və dövlət adamı olduğunu düşünmək üçün heç bir əsasımız yoxdur. Əgər o həqiqətən də verdiyiniz sualda göstərildiyi kimi sərhəd qonşuları olan Türkiyə və Azərbaycanla xoş bir münasibət qurmaq istəyirdisə bunu minlərlə erməni əsgərininin ölümünə bais olmadan etməli idi. Bu məqamda onu vurğulamaq istərdim ki, hansısa bir dövlətlə xoş münasibətlər yaradaraq digər dövlətlərə arxa çevirmək feodalizm dövrünün diplomatiyasının prinsipləridir. Paşinyan daha dərin düşünərək bölgənin bütün dövlətləri ilə xoş münasibət yarada bilərdi. Lakin o bu tarixi şansı əldən verdi. 45 günlük müharibənin Ermənistana bütün sahələrdə vurduğu zərbənin nəticələrini 45 ilə belə aradan qaldırmaq çətin olacaq.

- Bu məğlubiyyətdən sonra sizcə Paşinyan öz taxtını rusyönümlü yeni rejimə buraxacaqmı?

- Nikol Paşinyan küçədən gəlmiş bir “lider”dir. Ona bundan sonra da etimad göstərmək və ya mühakimə etmək erməni xalqının daxili işidir. Fakt isə budur ki, Ermənistan müxalifəti və eləcə də digər siyasi qüvvələr rasional davranmadılar və şəraitə düzgün qiymət vermədilər. Bu məğlubiyyətdə onlar ən azı Paşinyan qədər rol oynayıblar. Doğrusu, düşünmürəm ki, Nikol Paşinyan hakimiyyəti əldən versin. Bilirsiniz ki, o özünü demokrat hesab etsə də artıq ölkəsində siyasi plüralizm demək olar ki, məhv edilib və kütləvi həbslər indi də davam edir. Bundan sonra da, Paşinyan dövlət hakimiyyətinin verdiyi bütün imkanlardan istifadə edərək opponentlərini sıradan çıxarıb hakimiyyətdə qalmağa çalışacaqdır. Yəni, qarşıdakı illərdə Ermənistanda siyasi sabitliyin baş tutması da heç real görünmür.

- Deyilir ki, Kəlbəcər boşaldılır. Hansı Kəlbəcər? 1992-ci ildə Ağdərə rayonunun bölünməsi ilə Kəlbəcər rayonunun ərazisi daha da böyüdü. İndi "Kəlbəcər boşaldılır" deyiləndə həmin hissə də nəzərdə tutulur?

- İmzalanan bəyanatda bütünlüklə Kəlbəcərin ermənilərdən boşaldılması göstərilib. Ümid edirik ki, 45 günlük müharibənin qalibi olan Azərbaycanın heç bir sualı cavabsız qalmayacaq və dövlətimizin maraqları tam təmin ediləcəkdir. Hesab edirəm ki, Ermənistan silahlı qüvvələri tez bir zamanda Azərbaycan ərazisini birmənalı şəkildə tərk etməlidir. Bundan başqa separatçı ünsürlər ölkəmizə təhvil verilməlidir və onlar Azərbaycan qanunvericiliyi ilə mühakimə edilməlidir. Biz münaqişə bölgəsində yaşayan erməniləri Azərbaycan Respublikasının vətəndaşı kimi qəbul etməyə hazırıq. Kim Azərbaycan Respublikasının vətəndaşı olmağa razılıq verəcəksə buyuracaq, istəməyən də yəqin ki, özünə pasport ala biləcəyi dövlət axtaracaq. Bunlar baş verdikdən sonra Azərbaycan Respublikası özü müəyyən edəcək ki, erməni əsilli vətəndaşlarımıza hansısa əlavə hüquq və imtiyazlar verilsin ya yox!

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər