08 sen 09:39musahibe

Vüqar Biləcərinin son arzusu və ölümü... - Dostu danışdı

Vüqar Biləcərinin son arzusu və ölümü... - Dostu danışdıAvqustun 29-da vəfat etmiş meyxanaçı, şair Vüqar Biləcərinin dostu, həmkarı Pünhan Əzimlinin Kult.az-a müsahibəsi:

- Meyxana aləmi son 2 ildə 2 gənc və dəyərli simasını itirdi...

- Hə, elədir. Aydın Xırdalanlını yenicə itirmişdik, indi də Vüqar rəhmətə getdi. Allah hər ikisinə rəhmət eləsin. Bu yaxınlarda Aydının xatirəsinə həsr etdiyimiz kitab işıq üzü görəcək. Sağlıq olsun, Vüqar üçün də belə bir kitab hazırlayacağıq. Hər iki kitab “Parlaq İmzalar” nəşriyyatında çıxacaq.

Sizə bir şey deyim. Mən həm Aydın, həm də Vüqarın dəftərlərini açanda gördüm ki, “Bismillahir-Rəhmanir-Rəhim” kəlamı ilə yazmağa başlayıblar. Bu da onların yaşadıqları həyatı və mənəvi ab-havanın göstəricisidir. Vüqarın mənəvi ab-havasına bələd idim. Dəfələrlə onun necə mənəvi dünyada olduğunu, möhkəmliyini, mərdliyini görmüşəm.

- Vüqar Biləcəri ilə nə vaxt dost olmusunuz?

- Vüqarla 9-cu sinifdə oxuyanda tanış olmuşam. Məktəbimizin qarşısında “Rəşidin çayxanası” deyilən yer vardı, o zamanlar orada keçirilən meyxana meydanlarının birində tanış olmuşduq. Onun qeyri-adi deyim tərzi var idi. Ənənəvi meyxanadan fərqlənirdi, elə bil, qəzəli musiqili deyirdi.

Hərdən zarafatla onun adını qəzəl dilində “Vüğar” deyə çağıranda, o, bu adın Həzrəti Əlinin ləqəblərindən biri olduğunu və “şir“ mənasını verdiyini söyləyirdi. Mən də ona deyərdim ki, sən özün də şir kimi oğlansan. Vüqar həqiqətən də şir kimi oğlan idi.

Söhbət adından düşmüşkən, şeirlərinin birində adını görün necə qeyd edib:

“Bitir, ey gül üzlüm, ömrüm, bitir intizari-eşqi
Gəlir ətri-baği-cənnət, tuta laləzari-eşqi.
Səni harda görsəm, ey şah, ölərəm qədəmlərində
Böyüyər kiçilməyiynən Vüqarın vüqari-eşqi”.

Hərdən öz aramızda danışırdıq. Deyirdi ki, Allah birinə söz, birinə səs verib, amma bəzilərinə də həm söz, həm səs, həm də bunları yerində idarə etmək bacarığı verib, demək, onu başqalarından fərqləndirib. Vüqar deyirdi ki, həmin adamlar Allahın onlara verdikləri bu neməti hara sərf etməli olduqlarını bilməlidirlər. O, bunu deyəndə əslində özünü nəzərdə tuturdu, amma bunu dilinə gətirmirdi. Çünki çox sadə insan idi.

- Vüqar hansı şairin yaradıcılığına daha çox müraciət edirdi?

- Vüqarın mütaliəsi yaxşı idi. Bir-birimizdən kitab alıb oxuyurduq. O, kitabımı mənə qaytaranda görürdüm ki, beytlərin mənasını, ərəb-fars tərkibli sözlərin anlamını da kitaba qeyd edib. Yəni şeiriyyatın o qədər dərinliyinə gedirdi.

Onun Füzuliyə böyük sevgisi var idi. Hər dəfə görüşlərdə Füzulidən mütləq nəsə oxuyardı. Hətta heykəlinin önündən ona baş əymədən keçməzdi. O, daşa deyil, Füzulinin yaradıcılığına baş əyirdi.

Bir şeir yazan kimi onu bir-birimizə dinlətmək üçün səbirsizlənərdik. Tanımadığım nömrədən bir beyt gəldiyi zaman onun Vüqar tərəfindən göndərildiyini anlayırdım.

- Ölümünə yaxın nə deyərdi, daha çox nə üçün darıxardı?

- Ölümündən bir neçə gün öncə xəstəxanadan çıxanda tələbəsi Elnur Xırdalanlının telefonundan bir beyt yazmışdı mənə:

Görmürəm çoxdandır, ey mehribanım, hardasan?

Tarı zülfündən asılmış yarı canım, hardasan?

- Vüqarın xəstəliyi ilə bağlı danışın, mümkünsə. Nə vaxtdan xəstə idi? Ümumiyyətlə, necə tutuldu bu xəstəliyə?

- Ayağında tromblaşma oldu. Ölümündən 2 gün öncə də müalicə alırdı. Həkim nəzarətində idi, özünü yaxşı hiss edirdi. Amma ayaqları ilə bağlı şikayətləri və narahatlıqları var idi.

- Vüqarın hansı arzuları var idi?

- Çox idi arzusu. Nə yaşı var idi ki?! O, qısa ömrünə böyük bərəkət sığdıra bilmişdi. Xəstə anasını sevindirmək üçün toy etmək istəyirdi. Fikirləşirdi ki, özü sağalandan sonra ailə qursun.

Bundan başqa, dostlarla ziyarətə getməyi düşünürdük, Vüqarı da çağırdıq. O isə Kərbəlanı tək ziyarət etmək istədiyini söyləmişdi.

- Narazı qaldığı insanlar, haqsızlıqla üzləşməsi haqda nəsə demişdimi?

- Təbii ki, hər kəsin həyatında olduğu kimi, Vüqarın da narazı qaldığı insanlar var idi. Vüqar onlar haqda kənarda arxalarında danışmazdı, həmişə məqamı gəlincə o insanların üzünə deyərdi.

- Bu sual ənənəvi olsa da, düşünürəm ki, hər birimiz üçün həssas nöqtələrə toxunur: Vüqar elə bu dəqiqə gəlsəydi, ona nə deyərdiniz?

- Vüqarı görə bilsəydim, ona hər zaman dediyim “Sən Allahın nemətisən, qədrini bil” sözünü və bir də onun yarım qalan şeirlərini tamamladığımı deyərdim.

- Vüqarın özünəməxsus dəst-xətti var idi. Sizcə, kimi onun davamçısı kimi görürsünüz?

- Bu üslub, bu tərz heç kimdə olmayıb. Əgər olubsa da, Vüqarda daha kamil, daha geniş forması idi. Onun yerini kiminsə doldura biləcəyinə inanmıram. Amma bir tələbəsi var idi - Elnur Xırdalanlı. Dəfələrlə Vüqarın yanına gedəndə Elnuru yanında görmüşəm.

- Vüqarla bağlı ən maraqlı xatirənizi bölüşün, mümkünsə.

- Vüqarla keçən hər gün bir xatirə idi. Bir gün dostumuz Feyzigilin bağında meyxana dedik, sonra otluqda güləşməyi təklif etdi, o zamanlar idmanla məşğul olurdu. Sonra ikimiz də yıxıldıq və bir müddət bir-birimizə baxaraq susduq, danışa bilmədik. Çox qəribədir ki, ikimiz də qəribə bir hal keçirdik həmin an. Bunu Vüqar da dedi mənə.

…15-16 yaşımız var idi, avtobusa minmişdik. Birdən baxdıq ki, cibimizdə pul yoxdur. Mən bunu Vüqara dedim, o da qayıtdı ki, narahat olma, düşəndə türk dilində danışarıq, guya turistik, səhv minmişik (gülür). Elə də etdik, sürücü bizə yol göstərdi, gedəcəyimiz ünvana çatdıq…

Nə deyim?.. Allah rəhmət eləsin.
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.