15 avq 14:15musahibe

Ermənistanın silahlandırılmasına Azərbaycan dövləti laqeyd qala bilməz - Komitə sədri

Ermənistanın silahlandırılmasına Azərbaycan dövləti laqeyd qala bilməz - Komitə sədriSon günlər ən çox müzakirə olunan mövzulardan biri ermənilərin Tovuz istiqamətindəki hərbi təcavüz cəhdi zamanı istifadə etdikləri silahlar və bundan dərhal sonra Rusiyanın Ermənistana böyük miqdarda silah-sursat göndərməsidir.

“AzPolitika.info” bu mövzuyla bağlı Milli Məclisin komitə sədri, YAP-çı deputat Sadiq Qurbanovun fikirlərini öyrənib:

- Sadiq müəllim, Ermənistanın Tovuz istiqamətində Azərbaycan ərazilərinə növbəti təcavüz cəhdinin qarşısı alındıqdan sonra ortaya çıxan məlumatlar düşmən ölkənin son aylarda külli miqdarda silah aldığını göstərir. Bunu nə ilə izah etmək olar – Ermənitanın təhlükəsizliyi probleminin olması, yoxsa təcavüzkar siyasəti davam etdirmək niyyətilə?

- Bilirsiniz ki, Ermənistan 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra təhlükəsizlik siyasətini Rusiya ilə hərbi-siyasi əməkdaşlıq üzərində qurub. 15 may 1992-ci ildə Rusiyanın təşəbbüskarı olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olub. Buna adekvat olaraq da Ermənistan bu günə qədər təhlükəsizlik sahəsində əməkdaşlığı əsasən Rusiya və KTMT-yə üzv olan Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan ilə inkişaf etdirməyə çalışıb.

Düzdür, Ermənistanın KTMT çərçivəsində digər dövlətlərlə əməkdaşlıq perspektivi yüksək olmayıb. Bunda təbii ki, Azərbaycan dövlətinin apardığı siyasətin də rolu böyük olub. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin KTMT-yə üzv dövlətlərlə geniş ikitərəfli əlaqələr qurması, eləcə də bu ölkələrin də təmsil olunduğu bir sıra beynəlxalq təşkilatlarda – İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında apardığı aktiv fəaliyyət nəticəsində Ermənistan Rusiyadan başqa, KTMT-yə üzv digər ölkələrin hər hansı dəstəyindən məhrum olub. Elə Ermənistanın Tovuz istiqamətində Azərbaycan ərazilərinə növbəti təcavüz cəhdi zamanı da KTMT-nin 6 üzvündən 4-ü müxtəlif beynəlxalq təşkilatlarda Azərbaycanı dəstəkələyən mövqe nümayiş etdirdi.

Ona görə də Ermənistan əsasən Rusiya ilə hərbi-siyasi əməkdaşlığı inkişaf etdirir. Eyni zamanda, bu ölkənin ərazisində Rusiyanın 102-ci hərbi bazası fəaliyyət göstərir. Yəni, Ermənistan faktiki olaraq müstəqil ölkə olmadığından, onun özünün təhlükəsizliyini təmin etmək problemi də yoxdur. Odur ki, son aylardakı silahlanmanı Ermənistanın təhlükəsizlik probleminin olması ilə bağlamaq doğru olmazdı.

İkincisi, Almaniyada fəaliyyət göstərən “Bonn International Center for Conversion” (BICC) təşkilatının hazırladığı “Global Militarisation Index'” məruzəsinə görə Ermənistan Avropada ən çox silahlanmış dövlətdir. Məruzə hazırlanarkən, əhalinin hər min nəfərinə düşən hərbçi sayı, Ümumi Daxili Məhsulda (ÜDM) silahlanmaya ayrılan xərclər, hərbi xərclər, səhiyyə xərcləri, ordunun say tərkibi və ağır silahların sayı nəzərə alınıb. Bu fakt da düşmən ölkənin son aylarda külli miqdarda silah almasının onun təhlükəsizlik problemi ilə bağlı olmadığını təsdiqləyir. Deməli bu silahlanma birbaşa Ermənistan hakimiyyətinin təcavüzkar siyasəti davam etdirmək niyyətilə, bir növ onun faşist mahiyyəti ilə bağlıdır. Beynəlxalq ictimaiyyət də artıq bunu görməli, Ermənistanın təcavüzkar siyasətinə son verməsi üçün əməli addımlar atmalıdır.

- Ancaq Ermənistanın silahlanmasında yalnız Rusiya deyil, Azərbaycana dost hesab olunan bəzi ölkələrin də iştirak etdiyi ortaya çıxdı. Ermənistanın Serbiyadan silah alması faktı buna əyani misaldır. Sərhəddə münaqişənin getdiyi bir zamanda Serbiyadan İrəvana silah göndərilməsi təcavüzə dəstək deyilmi?

- Bu faktın ortaya çıxması, əslində Ermənistan rəhbərliyinin Azərbaycanla sərhəddə hərbi təxribatı əvvəlcədən hazırladığını göstərdi. Məlum oldu ki, döyüş başlamadan bir neçə gün əvvəl və toqquşmaların gücləndiyi dövrdə Ermənistana Serbiyadan çoxlu sayda silah-sursat, o cümlədən minaatan və müxtəlif kalibrli döyüş sursatı göndərilib. Yəni, Ermənistan rəhbərliyi xeyli əvvəldən bu təcavüz cəhdinə hazırlıq görüb.

Təbii ki, Serbiyanın hərəkətləri Azərbaycan cəmiyyətində birmənalı sərt reaksiyalara səbəb oldu. Başqa cür ola bilməzdi. Həqiqətən də, çətin günlərdə Serbiya həmişə Azərbaycanın dəstəyini hiss edib. Bir neçə ay əvvəl rəsmi Bakı koronavirusla mübarizə üçün Belqrada humanitar yardım göndərdi. Bundan əlavə, Azərbaycan Kosovonun müstəqilliyini tanımır və dəfələrlə Serbiyanın suverenliyinə, ərazi bütövlüyünə birmənalı dəstəyini bəyan edib. Ona görə də Serbiyadan İrəvana silah göndərilməsi ölkə ictimaiyyəti tərəfindən qəzəblə qarşılandı.

Bu faktla əlaqədar Azərbaycan hökumətinin də reaksiyası özünü çox gözlətmədi. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Serbiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Danitsa Veinoviç Belqradın Ermənistana böyük miqdarda silah-sursat verməsinə dair məlumatla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırıldı.

Xarici İşlər Nazirliyi tərəfindən Serbiyanın Ermənistanın işğalçı siyasətinə və Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən təcavüzünə dəstək xarakteri daşıyan qeyri-dost addımının Azərbaycan xalqında və rəhbərliyində dərin təəssüf doğurduğu bildirildi.

Serbiyadan İrəvana silah göndərilməsi faktının ortaya çıxması bu ölkənin özündə də ciddi narazılıqlar yaratdı. Serbiyanın Ticarət və Telekommunikasiya naziri Rasim Ljajic bildiridi ki, Bakının beynəlxalq təşkilatlardakı səsi Serbiya üçün olduqca vacibdir. Avqustun 7-də Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək, iyul ayında Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirib, vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksək səviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd edib.

Bu çərçivədə Serbiyanın Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboyşa Stefanoviç Azərbaycana ziyarətə gəldi. O, jurnalistlərə dedi ki, bu səfər və görüşlər vasitəsilə bizim daha yüksək səviyyəli əməkdaşlığa nail olacağımıza inanır.

Bütün bunlar Azərbaycan dövlətinin gücündən, beynəlxalq imicindən xəbər verir. Azərbaycan dövlətinin mövqeyi ilə hesablaşılır, onun dostluğunu itirmək istəmirlər.

- Ortaya çıxan faktlardan biri də bu oldu ki, sərhəddə münaqişənin getdiyi bir dövrdə Ermənistana Rusiyadan xeyli müasir silahlar göndərilib. Rusiyanın işğalçı dövləti silahlandırması Moskvanın Azərbaycana dost olmayan münasibətindən xəbər vermirmi?...

- Bəli, qeyd etdiyiniz kimi, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində iyulun 12-də Ermənistanın atəşkəsi pozmasından bir neçə gün sonra - iyul ayının 17-dən avqust ayının 4-nə qədər Rusiyadan Ermənistana təyyarə ilə 7 reys silah daşınıb. Gürcüstan silahların özünün hava sərhədindən daşınmasına icazə vermədiyi üçün təyyarə reysləri Rostov-Minvod-Aktay-Türkmənbaşı-Novşer-Rəşt-Mehri-İrəvan olmaqla, 3 xarici ölkə üzərindən keçməklə göndərilib.

Bu ölkələrdən Qazaxıstan və Türkmənistanın Azərbaycanla yaxın siyasi və iqtisadi münasibətləri olmasına baxmayaraq, Azərbaycana düşmən olan Ermənistana göndərilən silahların özlərinin hava məkanı üzərindən daşınmasına razılıq vermələri faktı təəccüb və təəsüf doğurur. Ola bilsin, daşınan yükün təyinatından xəbərsiz olublar. Ümid edirəm ki, buna aydınlıq gətiriləcək.

Rusiyanın işğalçı dövləti silahlandırması isə, əlbəttə, haqlı olaraq Azərbaycan ictimaiyyətində narazılıq yaradır. Bilirik ki, Rusiya daim Ermənistanı silahlandırıb. Elə son günlərdə Rusiya Ermənistana xeyli silah verib. Bu silahlara radio elektron mübarizə vasitələrindən “Krasuxa”, “Avtobaza”, “Nebo-M” daxildir. Bu texnika ilə hədəf ölkənin radio danışıqlarını “söndürmək”, dinləmək və pilotsuz döyüş aparatlarına qarşı istifadə etmək mümkündür.

Digər tərəfdən, Rusiya Ermənistana satdığı silahları dünya silah bazarı qiymətinə deyil, daxili bazar qiymətinə satır ki, bu da Ermənistana olduqca ucuz başa gəlir. Hətta məlumatlara görə, Rusiya bəzi silahları Ermənistana hədiyyə kimi verir. Ancaq nəyə görə, buna aydınlıq gətirilmir.

Hər halda Rusiyanın Ermənistana hansı əsaslarla silah satdığı məlum deyil. Belə ki, silah satışı haqqında müqavilənin nə vaxt imzalandığı haqqında hər iki ölkənin KİV-də heç bir məlumata rast gəlinmir.

Təbii ki, təcavüzkar və faşist siyasət yürüdən Ermənistanın silahlandırılmasına Azərbaycan dövləti laqeyd qala bilməz. Məlum olduğu kimi, avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib. Prezident İlham Əliyev Vladimir Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat verib. Həmçinin dövlətimizin başçısı Ermənistanın növbəti təcavüz aktı nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və bir nəfər mülki şəxsin həlak olduğunu vurğulayıb. Ölkə başçısı Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olduğunu qeyd edib.

Prezident Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra - iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırıb. Eyni zamanda, ölkə başçısı Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirib və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb. Yəqin ki, bu məsələ ciddi şəkildə araşdırılacaq.

Düşünürəm ki, Azərbaycan Prezidentinin bu cür prinsipial mövqe ortaya qoyması Moskvanın öz siyasətində müəyyən korrektələr etməsinə gətirib çıxaracaq.
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.