Sizin Reklam Burada

Niderlanddakı Azərbaycan diasporu ən aktiv diasporlardan biridir

Niderlanddakı Azərbaycan diasporu ən aktiv diasporlardan biridir Elsevər Məmmədov: "Mürəkkəb situasiyalarda biz hər zaman öz dövlətimizin və xalqımızın yanında olmalıyıq"

"Karantin ərəfəsində həm Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən, həm də Azərbaycanın Niderlanddakı səfirliyi tərəfindən ehtiyacı olan insanlara hər cür dəstək göstərilibdir"

Koronavirus pandemiyası dünyanın demək olar ki, hər bir ölkəsinə öz mənfi təsirini göstərdi, ayrı-ayrı dövlətlərin sosial-iqtisadi həyatını iflic etdi. Bır sıra ölkələr səhiyyə sahəsində ciddi probıemlə yaşayıb insanlarının sağlamlığını istənilən səviyyədə qorumağa müvəffəq olmadığı, koronavirusun vətəndaşlarına təsirinin qarşısını ala bilmədiyi halda, bir başqa ölkələrin isə sözügedən virusun iqtisadiyyata təsirini minimum səviyyəyə endirməyə nail ola istiqamətindəki səyləri nəticə vermədi. Nəticə etibarilə həmin ölkələrin iqtisadiyyatı ciddi zərərlə qarşılaşdı. Bu da nəticə etibarilə insanların sosial həyatına təsirsiz ötüşmədi.

Onu da qeyd etmək lazımdır ki, pandemiyanın ən ciddi zərər vurduğu bölgələr içərisində Avropa ölkələri ön sıralarda yer aldı. İtaliya, İspaniya, Almaniya kimi kifayət qədər inkişaf etmiş ölkələrin həm səhiyyə, həm də iqtisadiyyatı koronavirus qarşısında aciz qaldı. Koronavirus pandemiyasının qoca qitədə təsir göstərdiyi ölkələrdən biri də Niderland Krallığıdır. Bəs görəsən, Niderland Krallığında yaşayan azərbaycanlılar bu vəziyyətdən nə dərəcədə əziyyət çəkdilər? Yaxud Krallıqda yaşayan soydaşlarımız, orada fəaliyyət göstərən diaspor təşkilatlarımıza Azərbaycan dövləti tərəfindən hansısa yardım edildimi?

Bu və ya digər suallarla bağlı Benilüks Azərbaycanlıları Konqresinin prezidenti Elsevər Məmmədova müraciət etdik. "OLAYLAR"-a verdiyi müsahibədə Elsevər Məmmədov hazırda Niderland Krallığındakı Azərbaycan diasporunun vəziyyəti, dünyanın müxtəlif bölgələrində yaradılan Koordinasiya Şuralarının diaspor təşkilatlarımızın birlik və bərabərliyi, daha sıx birləşməsinə müsbət təsirləri barədə danışdıq.

- Elsevər bəy, öncə bilmək istərdim ki, yaşadığınız ölkədə koronavirus pandemiyasının yayılma tendensiyası nə dərəcədədir və orada yaşayan azərbaycanlılar arasında virusa yoluxma halı qeydə alınıbmı?

- Hal-hazırda Niderlandda koronavirus pandemiyasının yayılması 2-3 həftə əvvələ baxdıgımızda xeyli sayda azalıb. Yəni virusun yayılmasında azalma müşahidə olunur. Artıq may ayının 11-dən 12 yaşdan aşağı uşaqlar üçün məktəblər, futbol klubları və bir cox iş yerləri yenidən öz fəaliyyətlərinə başladılar. Artıq yavaş- yavaş hər şey öz keçmiş halına dönməyə başlayır. İyun ayının birndən sonra isə 12 yaşdan yuxarı uşaqlar öz dərslərinə başlayacaqlar. Niderland Krallığında yaşayan azərbaycanlılara gəlincə isə, soydaşlarımız arasında çox az sayda bu xəstəliyə tutulanlar oldu. Bizdə olan məlumata görə cəmi 2 azərbaycanlı bu virusa yoluxubdur.

- Məlumdur ki, pandemiya səbəbindən əksər ölkələrdə karantin rejimidir və iş yerləri bağlanıb. Təbii ki, bu durumdan Niderlandda yaşayan soydaşlarımız da sıxıntı keçirir. Onlara hansı formada dəstək və ya yardım göstərilir?

- Karantin regimi başladığı andan həm Beniluks Azərbaycanlıları Konqresi (BAK), həm də digər diaspora təşkilatları bu məsələyə çox ciddi yanaşdılar. Niderlandda yaşayan bir çox azərbaycanlılarla əlaqə saxlayıb, onlara necə dəstək ola biləcəklərini, onların nəyə ehtiyacları olduqları öyrənildi. Ehtiyacı olan insanlara hər cür dəstək ğöstərildi. Karantin zamanı başladığı andan Beniluks Azərbaycanlıları Konqresi (BAK) həm Azərbaycanda, həm də Niderlandda yüzlərlə aztəminatl ailələrə dəstək göstərdi. Mübarək Ramazan ayının son gününə qədər Azərbaycanda bu aksiyalarımız davam edəcəkdir. Belə mürəkkəb bir situasiyalarda biz hər zaman öz dövlətimizin və xalqımızın yanında olmalıyıq.

- Diasporla İş üzrə Dövlət Komitəsi, yaxud Azərbaycan dövləti tərəfindən Niderlandda yaşayan azərbaycanlılara yardım edilibmi?

- Karantin ərəfəsində həm Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən, həm də Azərbaycanın Niderlanddakı səfirliyi tərəfindən ehtiyacı olan insanlara hər cür dəstək göstərilibdir. Hər iki qurum dəfələrlə təşkilat rəhbərləri ilə əlaqə saxlayaraq Niderlandda yaşayan azərbaycanlılara hər cür dəstək ola biləcəklərini diqqətə çatdırıblar.

- Elsevər bəy, bəs hazırda Niderlandda Azərbaycan diasporunun vəziyyətini necə xarakterizə edərdiniz?

- Avropada diaspora təşkilatlaının fəaliyyətinə baxdıgımız zaman, deyə bilərəm ki, Niderlanddakı Azərbaycan diasporası ən aktiv diasporalardan biridir. Ən əsası odur ki, buradakı diaspor təşkilatları, lazım olan zamanlarda çox çevik bir şəkildə bir araya gəlib, çox əhəmiyyətli məsələləri müzakirə edib, onu həyata keçirə bilirlər. Azərbaycan diasporasının formalaşma tarixinə baxanda, görürük ki, diasporamız hələ çox gəncdir. Amma gördüyü işlər heç də az deyil. Bizim fikrimizə görə, güclü diasporamızın olması üçün, hər bir təşkilatın alt yapısı möhkəm olmalıdır. Bizim bu gün başqa inkişaf etmiş dövlətlərin diaspora təşkilatlarının təcrübəsindən istifadə etməyimiz lazımdır. Buna misal Yahudi diasporasını deyə bilərəm. Onlar hər zaman deyirlər ki, güclü diaspora qurmaq üçün, əvvala həmin ölkədə diasporanın alt yapısı güclü olmalıdır. Alt yapı deyildiyində, yənı həmin ölkədə yaşayan öz millətlərindən olan körpələr üçün həftə sonu məktəbləri, idman məktəbləri, milli,mədəni və dini təhsil alma mərkəzləri fəaliyyət göstərməlidir. Əgər bunların hamısı lazımi şəkildə fəaliyyət göstərsələr, demək ugur qazanmanız qaçılmazdır.

- Son aylar Avropada yaradılan Koordinasiya Şuraları diasporamızın bir qədər də təşkilatlanması, birlik, bərabərlik şəklində fəaliyyət göstərməsinə nə dərəcədə təkan verir?

- Bilirsiniz, nəyisə yaradanda, əsas ona baxmaq lazımdır ki, bu qurum nə məqsədlə yaradılır və bu qurumun məqsədi, məramı və niyyəti nədən ibarətdir. Bizdə burada həmin prosesi müşayət etdiyimiz zaman görürük ki, Koordinasiya Şuralarının yaradılmasında məqsəd Azərbaycan təşkilatlarının bir araya gəlmələri, bərabər fəaliyyət göstərmələri və gələcəkdə daha da güclü qurumlara çevrilmələrinə xidmət etməkdir. Ona görə də biz bunu ancaq alqışlaya bilərik. Beniluks Azərbaycanlıları Konqresi (BAK) olaraq hər zaman onlara dəstək verməyə davam edəcəyik. Çünkü burada amal birlik və bərabərlikdən gedir.

- Bəs diaspor təşkilatları olaraq Azərbaycan səfirliyi ilə yaxından əməkdaşlıq edirsinizmi?

- Təbii ki, həm Belçika Krallıgında, həm də Niderland Krallıgındaki səfirliklərimizlə çox sıx əlaqədə fəaliyyət göstəririk. Tam səmimi şəkildə deyə bilərəm ki, Belcika və Niderlandda yaşayan azərbaycanlılarımız bu məsələdə cox şanslıdırlar. Çünkü hər iki krallıgın səfirləri çox vətənpərvər insanlardır. Yüksək səviyyəli diplomat olmaqlarından başqa, həm də cox dəyərli insanlardılar. Hər iki diplomatik korpusun əməkdaşları azərbaycanlılar üçün əllərindən gələni etməyə çalışırlar. Bəzən başqa dövlətlərdə səfirliklərlə diaspora təşkilatları arasında problemlər müşahidə olunur. Lakin bizdə şükürlər olsun ki, hələ bu günə qədər heç bir zaman belə problem olmayıb.

- Avropada, Niderlandda Azərbaycan həqiqətlərini yaymaq istiqamətindəki fəaliyyətlər sizcə yetərlidirmi və hansı uğurlara imza atılır?

- Uğurlarımız təbii ki, çoxdur. Amma biz daha da çox çalışmalıyıq. Yuxarıda göstərdiyim kimi, bu gün Azərbaycan diaspora təşkilatlarının alt yapısı güclü olmalıdır. Təsəvvür edin ki, bir binanın bünovrəsi zəif olsa, onun üstündə nə qursanız, o dagılmaga məhkumdur. Beniluks Azərbaycanlıları Konqresi(BAK) məsələyə bu prizmadan yanaşır. Ona görə də biz bu il Niderlandda "Qarabag İdman Klubunun" rəsmi qeydiyyatdan keçməsinə nail olduq. Bu il Rotterdam şəhərinin mərkəzində Beniluks Azərbaycanlıları Konqresinin(BAK) və Qarabag İdman Klubunun ofisinin rəsmi açılışını həyata keçirtdik. Klubumuzun nəzdində müxtəlif idman növlərindən başqa, həm də "Həftə sonu Ana dili dərsləri" keçirilir. Bu il Konqresimizin nəzdində Haarlem şəhərində "Körpə fidanlar" uşaq musiqili teatr qrupu da yaradıldı. Ümumiyyətlə, biz bu gün çalışırıq ki, hər sahədə irəliləyək. Bu gün bizim körpələr nə qədər Avropada yaşasalar da, öz millətinə baglı olmalıdırlar.

- Bəs bu ölkədəki erməni diasporunun Sizin fəaliyyətə mane olmaq kimi cəhdləri olurmu?

- Təbii ki, erməni diasporası hər fürsətdən məharətlə istifadə etməyi bacarır. Azərbaycan təşkilatlarının fəaliyyətlərinə manə olmağa çalışırlar. Üzülərək deyim ki, bəzən də buna nail olurlar. Buna misal olaraq ermənilər Hollandiya Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkını şərləyərək məhkəməyə verdilər. Azərbaycan təşkilatları da hər vürsətdən istifadə edərək onların təxribatlarının qarşısını ala bilmişdi. Dəfələrlə Niderlanddakı supermarketlərdən "Artsach" markalı yeməklərin satışına manə olunmuşdur, film festivalında erməni filmi təqdimatdan çıxarılmışdır, turizm sərgilərində erməni təxribatı əngəllənmişdir, sözdə erməni soyqırımına abidə qoyulmasının qarşısı alınmışdır. Bundan başqa Bakı küçəsinin barelyefinin açılmışına nail olunmuşdur, Xocalı soyqırımı abidəsi ucaldılmışdır. Eyni zamanda Niderlandın azadlıgı ugrunda alman faşistlərinə qarşı savaşan Niderlandın Milli qəhramanı Medo ləqəbli azərbaycanlı Məmmədov Məmmədin xatirəsinə abidə ucaldılmışdır və Oosterwij şəhərindəki küçələrdən birinə onun adı verilmişdir.

Amma hesab edirəm ki, Azərbaycan diasporası bu gördüyü işlərlə kifayətlənməməlidir. Torpaqlarımız işgalda oldugu muddətcə biz durmadan çalışmalıyıq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər