23 apr 11:47musahibe

Bu, ermənilərə ilk mesajımız ola bilər – Millət vəkili

Bu, ermənilərə ilk mesajımız ola bilər – Millət vəkili
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edirik:

- Qüdrət bəy, Qarabağla bağlı xarici işlər nazirlərinin vasitəçilərlə birgə apardıqları danışıqların nəticələrinə dair açıqlamaya və Ermənistan Xarici İşlər Naziri Mnasakanyanın son bəyanatına münasibətinizi bilmək istərdik.

- Azərbaycan 1994-cü ildə Ermənistan tərəfindən torpaqlarımızın işğal edilməsinin qarşısını ala bilmədiyini görüb, onunla atəşin dayandırılması haqqında saziş imzalamağa məcbur oldu. Müharibələrdə kimin haqlı olmasından asılı olmayaraq uduzan tərəf qalib tərəfin bütün tələblərinə boyun əyib, onun kapitulyasiya haqqında təqdim etdiyi sənədə imza atır.

Şükürlər olsun ki,o zaman atəşkəs haqqında saziş imzalamaqla Azərbaycan daha alçaldıcı sülh müqaviləsi imzalamaqdan xilas oldu. Biz müharibəni uduzarkən mövcud olan beynəlxalq vəziyyət hazırda dəyişməyib. Ermənistandan fərqli olaraq bizim hərbi-siyasi müttəfiqlərimiz yoxdu. Bunu Ermənistan xalqı da, rəsmiləri də bilir. Ona görə də bizi aşağılayan və sümüklərimizi belə sızıldadan açıqlamalar verməkdən çəkinmirlər. Mətbuatda vicdan və ləyaqət əzabının yuxularını ərşə çəkdiyi çarəsiz vətəndaşlarımızın Qarabağın bizim olmasını özümüzə sübut etməyə çalışmasını, ah-nalə edib türk olduğumuz üçün türk dövlətlərindən, müsəlman olduğumuz üçün müsəlman ölkələrindən, hüququn aliliyindən danışdıqları üçün Qərbdən imdad diləmələrini, hamısının mənasız olduğunu başa düşənlərin isə Allahdan kömək istəməsini görüncə adamın ürəyi parça-parça olur.

Ancaq hər bir azərbaycanlının keçirdiyi bu hisslər heç nəyi dəyişmir. Müharibəyə başlayacağımız halda İranın, Rusiyanın və Qərbin dəstəklədiyi Ermənistana qarşı yanımızda olacaq müttəfiq tapa bilməmişik. Hərbi-siyasi müttəfiqlərimiz olmadığı üçün bitərəfliyimizi elan edib , “Qoşulmayanlar Hərəkatına” üzv olmuşuq. Bütün bu reallıqları bilə-bilə hazırda müharibə etmək təşəbbüsü ilə çıxış edən soydaşlarımıza demək istəyirəm ki, bu intihara bərabər olardı. Ona görə də biz status-kvonun qorunub saxlanması üçün danışıqları davam etdirib ermənilərin alçaldıcı – “işğal olunmuş ərazilərin məskunlaşdırılması” siyasətinə və Qarabağın müstəqilliyinin onlar üçün keçilməz bir şərt olması barədə açıqlamalarına dözməkdəyik. Vəziyyəti dəyişə bilərikmi?! Düşünürəm ki, hə! Bunun üçün zaman itirmədən bazar iqtisadiyyatının elementləri olan iqtisadiyyatdan real bazar iqtisadiyyatına keçməliyik. Bunu bizdən ixracatımızın 90%-dən çoxunu təşkil edən xam neftin maya dəyərindən aşağı satılması da tələb edir. Yubanmadan Dünya Ticarət Təşkilatına üzv olmalıyıq. İslahatları həyata keçirmək məqsədilə Birinci vitse-prezidentin sədrliyi ilə, xaricdən dəvət olunmuş peşəkar mütəxəssislərin də qatıldığı, xüsusi Komissiya yaradılmalı, qarşıya qoyulan vəzifələr bir il ərzində əsasən yerinə yetirilməlidır. İqtisadiyyatda şəffaflıq təmn olunmalı, mülkiyyət növündən asılı olmayaraq biznes fəaliyyəti ilə məşğul olan bütün şirkətlərin maliyyə dövriyyəsi,gəlirləri və ödədikləri vergilər barədə ictimaiyyətə ətraflı məlumat verilməlidir. Dövlət mülkiyyəti geniş miqyasda, bəzən investisiya qoyuluşu qarşılığında simvolik məbləğə belə, özəlləşdirilməlidir. Yerli və xarici şirkətlərə investisiya müsabiqələrinə qatılmaq üçün xüsusi dəvətnamələr göndərilməlidir. Dövlət satınalmaları və tenderlərin keçirilməsində aşkarlığı təmin etmək üçün qanunvericilikdə ciddi dəyişikliklər edilməlidir. Nəhayət ki, Ələt azad iqtisadi zonası fəaliyyətə başlamalı,Naxçıvan MR azad iqtisadi zona elan olunmalıdır. Bundan başqa müqavilə əsasında formalaşan peşəkar ordu quruculuğu tez bir zamanda yekunlaşmalı, Ordunun rəhbərliyi xalqın etimad göstərdiyi milli kadrlarla gücləndirilməlidir. Məhkəmə-hüquq islahatları dərinləşdirilməli, mülkiyyət toxunulmazlığını təmin edəcək müstəqil məhkəmə hakimiyyəti formalaşdırılmalıdir.

Qarabağ probleminin həllində əsas söz sahibi Rusiya olduğundan onunla danışıqlara başlanılmalıdır. Əgər Rusiya ərazi bütövlüyümüzün bərpa olunmasına mane olmazsa, biz MDB-yə üzv olan ölkələrin Avropa İttifaqı modelində inteqrasiya olunması təşəbbüsü ilə çıxış edib, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ola bilərik. Yox, əgər Rusiya bu şərtləri qəbul etməzsə Azərbaycan digər GUAM ölkələri ilə birlikdə Qərbə və NATO-ya inteqrasiya yolu tutmalıdır. İndi seçim edib qərar vermək zamanıdır. Əgər heç bir halda Ermənistana təzyiq göstərilməsinə nail ola bilməsək islahatları başa çatdırıb Böyük Vətən müharibəsinə başlamalıyıq. Azərbaycan dağılsa belə, Ermənistanı da kimin müdafiə etməsindən asılı olmayaraq məhv etməliyik. Bu xalqımızın ləyaqət məsələsidir. Bundan öncə isə erməniləri belə bir müharibənin olacağına inandırmalıyıq.

Hesab edirəm ki, hazırda İlham Əliyev ali baş komandan kimi həm qeyd etdiyim islahatları həyata keçirib xalqı Böyük Vətən müharibəsi üçün səfərbər etmək, həm də Orduya “torpaqları azad et” əmrini vermək gücündə olan dövlət adamıdır. Buna heç kim şübhə etməsin. Sadəcə kadr islahatları davam etdirilməli, Prezidentin komandası çəkinmədən problemləri və onların həllinə dair öz fikirlərini Prezidentə deməyi bacaran, peşəkar kadrlarla gücləndirilməlidir.

Xalqımız isə islahatların dərinləşdirilməsinə dəstək olmalı, Qarabağın azadlığı üçün daha ciddi kadrlarla, daha çevik xarici siyasət yürüdülməsini tələb etməlidir. Xalqımızın əzmini nümayiş etdirmək üçün mayın 28-i Respublika günü bütün ictimai-siyasi qüvvələrin iştirakı ilə “Azadlıq” meydanında bir milyon insanın iştirak edəcəyi “İşğala son qoy, torpaqlarımızı azad et” tələbi ilə mitinq keçirmək ermənilərə ilk mesajımız ola bilər.
XƏBƏR LENTİ
SORĞU