Sizin Reklam Burada

"Biz vətənə, millətə, dövlətə xeyirli övlad olmaq uğrunda çalışmışıq" - Toğrul Əlixanov

"Biz vətənə, millətə, dövlətə xeyirli övlad olmaq uğrunda çalışmışıq" - Toğrul ƏlixanovAvrasiya.net daha bir gənc, savadlı, deputat seçiləcəyi təqdirdə Xızımız və dövlətimiz üçün ürəklə çalışan, problemlərimizin həllində bizə yardımçı olan, 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən namizədliyini irəli sürən layiqli namizəd Toğrul Əlixanovun "Xızı səhifəsi" nə verdiyi müsahibəni təqdim edir.

Adı Toğrul, soyadı Əlixanovdur. 1990-cı ildə Sumqayıt şəhərində doğulub və hal – hazırda da bu şəhərdə yaşayır. 2007 – ci ildə 11 saylı tam orta məktəbi bitirib. 2008 – ci ildə ADMİU-nun “Beynəlxalq münasibətlər, Beynəlxalq mədəni əlaqələr” ixtisasına qəbul olub və 2012-ci ildə həmin ali məktəbi fərqlənmə ilə bitirib. 2009-cu ildə ABŞ-da Vaşinqton şəhərində təcrübə proqramı keçib. 2012-ci ildə Türkiyənin İzmir şəhərində yerləşən Yaşar Universitetinə “Biznesin idarə edilməsi” ixtisasına qəbul olub və 2014-cü ildə fərqlənmə ilə magistr dərəcəsi alıb. 2014-cü ildə ikinci dəfə magistr dərəcəsi almaq üçün (qiyabi) Moskva Texniki İnstitutunun “Maliyə işi” ixitisasına qəbul olub. Müxtəlif layihələrdə iştirak edib. Müxtəlif sertifikatlar, diplomlar və fəxri – fərmanlarla təltif olunub. ADMİU Tələbə Gənclər Təşkilatının sədr müavini, fakultə Həmkarlar İttifaqının sədri, Yaşar Universitetində Turizm Klubunun prezidenti vəzifələrində çalışıb.

2014-2015-ci illərdə “Olefin” Elmi Tətqiqat İnstitutunda Beynəlxalq şöbənin rəhbəri vəzifəsində çalışıb. 2015-ci ildən etibarən dünyanın ən böyük kimya şirkəti olan BASF-da layihələr üzrə satış mütəxəssisi kimi fəaliyyət göstərir. Ailəlidir.

- Toğrul müəllim, sizi cari ildə Milli Məclisə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyə nə, daha doğrusu, hansı şərtlər sövq etdi?

- Bilirsiz, valideynlərim bizi hər zaman vətənpərvər ruhda böyüdüblər. Biz daim vətənə, millətə, dövlətə xeyirli övlad olmaq uğrunda çalışmışıq.

Ölkə başçımız parlamentin buraxılması haqqında sərəncamı imzaladıqdan sonra vətəndaşlara müraciətində, gənclərə inandığını və yeni çağırış parlamentin üzvlərinin gənclərdən ibarət olmasını istədiyini bildirdi. Canab Prezidentin bu fikrini bir çağırış kimi dəyərləndirdim. Düşündüm ki, ölkə başçısı bu çağırışı edirsə, bir ziyalı gənc kimi seçki marafonunda iştirak etməliyəm. Öz fikirlərimi geniş kütləyə çatdırmalıyam, seçicilərin etimadını qazanacağım təqdirdə, millət üçün daha böyük əzm və iradə ilə çalışmalıyam.

- Şəhər üzrə ən çox namizədin iştirak edəcəyi 44 saylı Sumqayıt-Xızı seçki dairəsi.üzrə mübarizəyə başlayırsınız. Niyə məhz bu dairəni seçdiniz?

- Mən Sumqayıtda məhz bu dairənin ərazisində dünyaya gəlmişəm. Bu dairənin ərazisində təhsil almışam, məni burda tanıyanlar, bilənlər çoxdur. Mən də öz növbəmdə 44 saylı Sumqayıt-Xızı dairəsinin Sumqayıtda yerləşən ərazisini yaxşı tanıyıram, burda böyümüşəm. Hər küçəsini, hər dalanını bilirəm. İnsanlarını yaxşı tanıyıram. Onların problemlərini bilirəm. Xızıya gəldikdə isə açığı deyim ki, namizədliyimi irəli sürənə qədər Xızı şəhəri və ətraf kəndləri haqqında ciddi biliklərim yox idi. Lakin 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən namizədliyimi irəli sürəcəyimi özlüyümdə qətiləşdirdiyim zaman bölgəyə səfərə getdim. Demək olar ki, bütün kəndləri gəzdim, insanlarla söhbət etdim. Bölgənin potensialı haqqında məlumat topladım. Bu bölgəni daha da inkişaf etdirmək, insanların rifahını daha da yaxşılaşdırmaq üçün nələr edə bilərik bu barədə analiz elədim. İnsanlarla söhbət zamanı onu anladım ki, bizim kimi gənc, Xızı camaatı ilə yaxşı işlər görə bilər. Çox mehriban, qonaqpərvər və səmimi insanlardı.

- Seçkilərə qədər rəqiblərinizdən hansını tanıyırdınız və necə düşünürsünüz, hansı rəqiblər arasında daha gərgin mübarizə olacaq?

- Həqiqəti demək gərəkirsə, seçkilərə qədər heç bir namizədi tanımırdım. Lakin rəqiblərimi araşdırmağa başladıqca ayrı – ayrı sahələrdə hər birinin üstün cəhətlərinin olduğu anladım. Hər birinə seçki marafonunda uğurlar arzulayıram.

- Sizi rəqiblərinizdən fərqləndirən əsas xüsusiyyətlər hansıdır?

- Mən düşünmürəm ki, bu suala kimsə tam dolğun cavab verə bilsin. Çünki hələlik heç kim seçki platformasını ictimaətə açıqlamayıb. Lakin onu qeyd edə bilərəm ki, mən müxtəlif ölkələrdə yüksək keyfiyyətli təhsil almışam. Qlobal bir şirkətdə 5 illik təcrübəm var və düşünürəm ki, bu çox önəmlidir. Çünki dünya ölkələrinin praktikalarını görə bilmişəm. Onların müsbət və mənfi yönlərini araşdırmaq üçün kifayət qədər zamanım və təcrübəm olub. Ən əsas məqamlardan biri isə odur ki, artıq qeyd etdiyim kimi cənab Prezident qarşıdan gələn parlament seçkilərində gənclərə çağırış etdi və bildirmək istəyirəm ki, 44 saylı Sumqayıt – Xızı seçki dairəsindən qeydə alınmış namizədlərin siyahısına baxsanız görərsiniz ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən yeganə gənc namizəd məhz mənəm. Çünki müvafiq qanunda qeyd olunur ki, Azərbaycan Respublikasında gənc yaşı 14-29 yaş arası olan şəxslərdir.

- Etiraf edək ki, əvvəlki dövrlərdə parlament seçkiləri öncəsi deputatlığa namizədlərin çoxu seçicilər qarşısında vədlər verirdi. “Əgər məni deputat seçsəniz, “yeni yollar çəkəcəm”, “körpülər tikəcəm” və sair. Halbuki, bu gün deputatlarımızın çoxu seçici qarşısında hər hansı vədin verilməsini qəbul etmir. Bununla bağlı nə deyə bilərsiniz?

- Bu kimi vədlər absurd vədlərdir. Çünki Azərbaycan Respublikasının Konstitutsiyasında Deputatın hüquqları, vəzifələri və səlahiyyətləri aydın şəkildə göstərilib. Ümumiyyətlə deputatlığa namizəd hər hansı bir məsələnin həlli üçün səy göstərəciyi, bu problem barəsində məsələ qaldıracağı vədi verə bilər. Çünki Milli Məclisdə müzarikə olunan qanunlar səs çoxluğu hesabı ilə qəbul olunur. Yəni anlayacağınız, bu tək adamın görə biləcəyi iş deyil.

- Sizin platformanız nədən ibarətdir?

- Bizim seçki platformamız əsas dörd prinsipdən ibarətdir. Bura məhəlli tipli problemlərin, şəhər – kənd xarakterli problemlərin, ölkə daxili məsələlərin və Ermənistan- Azərbaycan Dağlıq Qarabağ probleminin həllinə nail olmaq üçün göstərəcəyimiz daxildir. Bütün bu səylərdə biz ilk olaraq deputat obrazını dəyişdirmək istəyik. Biz istəyirik ki, daim seçki dairəmizin ərazisində olaq, burda yaşayan insanlarla mütəmadi olaraq əlaqədə yaradaq. Onların problemlərini sistemli şəkildə həll etmək üçün birlikdə güc sərf edək.

Məhəlli tipli problemlər kimi biz Sumqayıt ərazisində olan binaların təhlükəsizlik məsələsini, uşaq oyun meydançaların yaradılması məsələsini, damların, fasadların təmiri prosesini daha da sürətləndirmək səylərini, bir çox küçələrin xüsusilə də qəsəbə və Xızı kənd küçələrinin yol problemlərini, su problemlərini görürük və bununla əlaqədar olaraq yerli icra hakimiyyəti orqanları ilə birlikdə işlər görməyə çalışacağıq.

Şəhər – Rayon tipli problemlər arasında bölgənin sosial-iqtisadi inkişaf planına öz töhfəmizi vermək, sahibkarlığı, xüsusilə də kiçik və orta sahibkarlığı daha da inkişaf etdirmək üçün müfaviq qanunlara əlavə və düzəlişlərin edilməsi ilə bağlı məsələ qaldırmaq, regiona Dövlət büdcəsindən vəsaitin artırılması üçün çalışmaq, regiona investisiya yatırımlarının artırılması üçün hüquqi bazanı təkmilləşdirməyə çalışmaq, işsizlik məsələsini həll etmək üçün Sumqayıt Texnologiyalar Parkının rezidentləri ilə görüş keçirdib, əsas işçi qüvvəsinin Sumqayıt və Xızı qeydiyyatında olan və habelə, bu ərazilərdə yaşayan insanardan təşkil olunmasına çalışmaq, nəqliyyat problemini, bəzi inzibati - ərazi problemlərini həll etməyə çalışmaq kimi məsələləri görürük. Bundan başqa Xızının yüksək aqrar və turzim potensialını dəyərləndirmək, bundan istifadə edərək orda yaşayan insanların sosial – iqtisadi rifahını artırmaq üçün səylər göstərəcəyik. Bundan başqa bu gün şəhərimizdə Sumqayıtın inkişafı üçün çox böyük əməyi olmuş yaşlı insanlarımız var. Lakin onların bir yerə toplanıb asudə vaxtlarını keçirə biləcəyi bir mərkəz yoxdur. Biz bu məsələyə baxılması üçün də yerli icra orqanları ilə birgə əməkdaşlığa səy göstərəcəyik.

Ölkə miqyasında olan problemlər arasında bizim gördüyümüz məsələlərə daxildir: Vətəndaşların ərizə və şikayətlərinə vaxtında baxılmasına nəzarət edilməsi və qaldırılan məsələlərin qanun çərçivəsində ədalətli şəkildə həlli üçün deputat fəaliyətinin göstərilməsi, pensiya yaşı məsələsi, yol hərəkəti haqqında qanuna, gömrük, səhiyyə, təhsil sahəsindəki qanunlara əlavə və dəyişikliklər məsələsi, gənclər siyasəti məsələsi. Biz çox istərdik ki, ekoloji problemlərin həlli üçün elekrik avtomobilləri gömrük rüsumundan azad edilsin belə praktika inkişaf etmiş ölkədərdə mövcuddur. Biz istərdik ki, gənc alimlərin elmi araşdırma işləri üçün sərf olunan zaman onların iş saatı hesab edilsin, bu onlara əlavə motivasiya olacaq. Çünki artıq elə bir dövrdə yaşayırıq ki, kəşflər kağız üzərində qalmamalıdır. Əksinə bu kəşfləri istehsalata yönəldib, ölkə iqtisadiyyatına əlavə dəyər qatmalıyıq.

Bizim Dağlıq Qarabağ və ərtaf yeddi rayonun işğalı kimi ciddi problemimiz var. Bütün azərbaycanlıların ən böyük məqsədi erməni separatçılarının işğalı altında olan Dağlıq Qarabağımızı və ətraf 7 rayonumuzu düşmən işğalından azad etməkdir. Bunun üçün hər birimiz, bütün azərbaycanlılar, o cümlədən Sumqayıt və Xızı sakinləri yorulmadan, əzmlə çalışmalıyıq. Keyfiyyətli nəticə əldə etmək üçün bizə inkişaf edən və Azərbaycanın mübarizəsinə ciddi töhfələr verməyə qadir olan Sumqayıt və Xızı sakinləri lazımdır! Bu məsələlərin həlli naminə xalq-dövlət birliyinin gözəl nümunəsinə çevrilməliyik və unutmamalıyıq ki, “BİZ BİRLİKDƏ BACARACAĞIQ!”

- Sumqayıtın inkişafı, sakinlərin sosial rifahının artırılması üçün hansı töhfələri verə biləcəyinizi düşünürsünüz?

- İlk olaraq yuxarıda da qeyd etdiyim kimi burda kiçik və orta sahibkarlığı daha da inkişaf etdirmək lazımdır. Bunu bacara bilsək regionda yaşayan bütün yaş qruplarından olan əhali üçün yeni imkanlar yaratmış olacağıq. Bunun üçün Mərkəzi Bank qarşısında regiona yönəldmiş kredit xəttinin artırılması və faiz dərəcəsinin aşağı salınması üçün məsələ qaldıracağıq. Sumqayıt həm də kimya şəhəridir. Bilirsiz ki, möhtərəm prezidentimiz, cənab İlham Əliyev Sumqayıt Texnologiyalar Parkında yeni istehsalat sahələrinin yaradılması ilə əlaqədər böyük işlər görülməsi üçün çox sayda sərəncamlar imzalayıb. Bundan sonra da dövlət büdcəsindən bura vəsaitin artırılması və xarici investisiya cəlb edilməsi üçün müvafiq dövlət orqanları ilə birgə sıx əməkdaşlıq içində olacağıq. Bu həm də bizim istehsal gücümüzün artması, ölkəyə valyuta axını, idxal – ixrac balansı arasındakı fərqi azaltmağa yönəlmiş addım olacaq. Yeni iş yerləri, yeni imkanlar, yeni töhfələr bu işlər sayəsində olacağına inanıram.

- Sizcə, işsizlikdən başqa Sumqayıtın əsas problemləri hansılardır?

- Sumqayıt gənclər şəhərdir. Lakin, bu gün ki, gün baxsanız görərsiniz ki, Sumqayıtda gənclərin vaxt keçirə biləcəyi yerlər kifayət qədər azdır. Gənclik enerjidir, biliyə və təcrübəyə can atan təbəqədir, gənclik həm də əyləncədir. Bunların hamısını əslində birləşdirə bilsək inan ki, Sumqayıtda problem qalmaz. Təklif edərdim ki, Sumqayıt şəhərində yeni, ən müasir texnologiyalarla təhciz olunmuş laboratoriyaları olan, müasir dünyanın tələblərinə uyğun müxtəlif ixtisasların tədris ediləcəyi universitet kampusu, tələbə yataqxanaları tikilsin. Dünyanın hər nöqtəsindən gənclər bu təhsil ocağına toplansın. Yeni kəşflər - yeni imkanlar deməkdir. Bu həm də böyük biznes sahələrinə töhfədir. Beləki müxtəlif ölkələrin gəncləri bir şəhərdə toplanarsa kiçik və orta sahibkarlıq özü özlüyündə inkişaf edəcək. Yeni bazar formlaşacaq. Təsəvvür edin ki, bu gənclər yeni texnologiyalardan istifadə edərək bazara yeni məhsullar çıxarda bilər. “Start up” layihələri bu gün qərb ölkələrində gənclərə milyonlar qazandıra bilir. Bu ideanı həyata keçirtmək üçün isə Allaha şükür olsun ki güclü dövlətimiz və daim gəcnlərə dayaq olan ölkə başçımız var.

- İndiyədək ictimaiyyətə şəhərin hansı problemlərini araşdıraraq çıxış yollarını bildirmisiniz və bu barədə hansı orqanlara məlumat vermisiniz?

- İndiyə kimi açığı yalnız işlədiyim sahədə yəni tikinti kimyəviləri sahəsində cəmiyyətə nəsə edə bilmişəm. Bilirsiniz ki, ölkəmizin hər tərəfində maraqlı memarlıq nümunələri, fabriklər, zavodlar, fermalar tikilir. Tikintilər müasirləşdikcə orda istifadə olunan sistemlər də mürəkkəbləşir. Bu həmçinin, ekoloji problemlərə yol aça bilir ki, bizlər də onun qarşısını almağa çalışırıq. Bunun üçün tikinti layihələrinə yeni şərtnamələr yazmaqla, ekoloji təmiz məhsullar istifadə etməklə, yeni sistemlər təqdim etməklə işin daha tez və daha az sərmayə ilə bitməsi üçün çalışırıq.

- Seçicilərə istək və arzularınız?

- Seçicilərdən ən böyük istəyim aktiv olaraq seçkilərdə iştirak etsinlər, arzum budur ki, seçkilərdə məni, Sumqayıtın gənc namizədini dəstəkləsinlər və əsla bir şeyi unutmasınlar: “BİZ BİRLİKDƏ BACARACAĞIQ!”

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər