Sizin Reklam Burada

Mən onlara layiq olmağa çalışıram və buna söz verirəm! - Emin Əliyev

Mən onlara layiq olmağa çalışıram və buna söz verirəm! - Emin ƏliyevAvrasiya.net 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Əliyev Emin Fazil oğlunun müsahibəsini təqdim edir.

- Emin müəllim, gec də olsa namizədliyinizin təsdiq edilməsi ilə bağlı sizi təbrik edirik və uğurlar arzulayırıq.

-Çox sağ olun, təşəkkür edirəm. Şərəfli bir yola çıxmışıq, ümid edirəm ki, uğurla davam edər və xeyirli bir nəticə alarıq.

- Seçki təbliğatı necə gedir? Şüarınız da maraqlıdır: “Verdiyim sözün üstündəyəm!”. Emin Əliyev yerlilərinə nə söz verib ki?

-Seçki təbliğatımız mehribançılıq, dostluq, şəffaflıq və layiq olanın qələbəsi prinsipləri üzərində qurulmuşdur. Biz öncə bölgələrdəki yerlilərimizlə görüşlərdən başladıq. Məlumat var idi ki, o məkanlara bu günədək heç kəs getməyib. Özümüz də yerlilərimizlə görüşdə şahidi olduq ki, onlar etinasızlıqdan, diqqətsizlikdən çox əziyyət çəkirlər. Sabirabadın Rüstəmli kəndində Yeni Zəngilan şəhərciyi isə ürəyimiz sızlatdı. O yer mənim yaddaşıma o gündən bəri “nursuz şəhər” kimi həkk olunub qalıb. Mən söz verdim ki, bu şəhərciyi nurlandıracağıq. Daha sonra Hacıqabul və Şirvanda olan yerlilərimin müvəqqəti məskunlaşdığı məkanlarda oldum. Şirvanda çox gözəl bir şəhərcik salınıb. Hacıqabulda isə bunun şahidi oldum ki, elə cılız məsələlər öz həllini tapmır ki, əslində bir zəngə həll olunan şeylərdir! Mən, açığı, öz yerlilərimizi bu qədər ümidsiz görməmişdim. Bizim torpağın insanları müharibə vaxtı mühasirədə qaldılar, vuruşdular, düşmənə qan uddurdular, şəhid oldular, yaralandılar, lakin ümidsiz olmadılar! Mən şahidəm ki, rayonumuzun işğalına bir neçə gün qalmış artıq dinc əhali Araz çayının sahilində onun dayazlaşdırılmasını gözləyərkən bir çoxları yenidən öz evlərinə qayıtdılar. Ona görə qayıtdılar ki, ümidləri ölməmişdi.

Ümidləri qalmışdı ki, rayon işğal edilə bilməyəcək. Bu mərdliyin, qeyrətin sahibi olan insanlar bu gün heç bir yeniliyə ümid etmir. Hesab edirəm ki, insan hər bir şeyini itirə bilər, lakin ölməz. O, yalnız ümidini itirərsə ölər, mən ən çox bundan narahatam. Biz Sumqayıtda və Novxanıda Qubadlıdan olan yerlilərimlə, Yasamal rayonunda, Nərimanov rayonunda, Biləcəri qəsəbəsində, Masazır qəsəbəsində məskunlaşan yerlilərimlə görüşlərdə olarkən onların mənim səmimiyyətimi hiss etdiklərinə əminəm. Sumqayıtda bir ailənin evində olduq. Adam dedi ki, heç vaxt seçkilərə getməmişəm. Sən ki gəlib, bu qapını cəsarətlə döyüb, səmimi mənlə söhbət etdin, gedib bu dəfə seçkidə iştirak edəcəyəm. Bu ümid işığının yanması bizim üçün hər bir şeydən üstündür! Bu məqamda 125 saylı dairə seçki komissiyasının rəhbər-işçi komandasına səmimi fəaliyyətlərinə görə təşəkkür edirəm. Bütün görüşlərimizin detallarını onlarla müzakirəli, məsləhətli şəkildə təşkil etdik ki, heç bir namizədlə narahatçılıq olmasın və bərabər şəkildə təbliğatımızı aparaq. Maneə yaratmaq istəyənlərə də DSK özü layiqli cavab verirdi. Hələ ki, bərabər şəkildə təbliğat aparmaq şəraiti yaradılıb və bu imkanlarımız vardır.
Mən onlara layiq olmağa çalışıram və buna söz verirəm! - Emin Əliyev
O ki, qaldı şüara, bu şüar elə sizin səhifənizdə çıxan müsahibəmə qoyduğunuz başlıqdan götürülmüşdür (gülümsəyir)-”Emin Əliyev: “Zəngilan və Qubadlı camaatına verdiyim sözü tutacağam””. Bu səmimiyyətdən yaranan bir şüar və qarşımıza qoyduğumuz hədəf oldu- millət vəkilliyinə namizədlər təbliğat vaxtı söz verir, lakin bu sözləri tutmur. Mən isə verdiyim sözlərin siyahısını tutmuşam. Onları bir-bir icra edib onları öz dəftərimdə işarə edəcəyəm və millət vəkilliyimin ilk beşilliyinin sonunda öz nəticələrimi qiymətləndirib yerlilərimə təqdim edəcəyəm. Bu hesabat 2025-ci ildə olacaq, yəni mən ikinci dəfə millət vəkili olmaq üçün namizdəliyimi irəli sürərkən☺) Yerlilərimə verdiyim sözləri öz seçki platformamda qeyd etmişəm. Son nöqtəsinə qədər özüm hazırlamışam, edə biləcəyim işləri vəd vermişəm və qalib gələrək vəd verdiyim işləri bir-bir edəcəyəm!

Verdiyim sözün üstündəyəm çünki!

- Sosial şəbəkələr vasitəsilə digər namizədlərlə birgə görüşün və ya debatın keçirilməsini təklif edibsiniz. Bu bir yenilik olacaqdır yəqin ki. Nə vaxta planlaşdırısınız?

- Əslində bu çağırış sosial şəbəkələrdə yerlilərimizin tələbi idi və səsləndirildi. Mən də “biz hazırıq” dedim. Lakin bir hərəkətlilik olmadı. Kampaniya çərçivəsində yerlilərimlə görüş zamanı da şahidi oldum ki, onlar da tələb edirdilər ki, real və ədalətli seçim etmək üçün namizədlər bir yerdə müzakirələr apararaq, debat edib öz ideya və fikirlərini, vədlərini bildirərdilər və canlı olaraq seçicilərin suallarını cavablandırardılar. Buna görə də bu dəfə biz video çağırış etdik ki, sosial şəbəkələr üzərindən canlı yayım edərək debat təşkil edək və öncədən prinsip olaraq ortaya qoyduğumuz mehribançılıq, şəffaflıq, ədalətlilik qaydasında görüşək və həm namizədlər bir yerdə olar, yeni bir mesaj vermiş olarıq seçicilərə, həm də onların namizədi olduğumuzu nümayiş etdirərdik! Mənim bu seçkilərlə bağlı bir xəyalım var-125 saylı seçki dairəsində olan kampaniya və seçki mühiti digərlərinə nümunə olsun. Biz bunu edə bilərik!
Mən onlara layiq olmağa çalışıram və buna söz verirəm! - Emin Əliyev
- Düşünürsünüz ki, sizdən qorxurlar?

- Bu mətbuat yenə sensasiyaya, xəbər partlayışına meyl edir (gülür). Namizədlərin içərisində güclü rəqiblərim var. Hər birini sevirəm, hörmət edirəm! Ümid edirəm ki, vaxt ayırıb birlikdə görüşəcəyik və biz gələcək üçün gözəl bir ənənənin təməlini bir yerdə qoyacağıq. Buna Zəngilan və Qubadlı camaatı layiqdir, hətta bundan artığına da layiqdir. Mən də onlara layiq olmağa çalışıram və buna söz verirəm!

- Həm platformada, həm DSK-ya verdiyiniz məlumatlardan belə məlum oldu ki, Kənd Təsərrüfatı Nazirliyində çalışdığınız vəzifədən 10.01.2020-ci il tarixdə çıxmısınız. Sizə təzyiqlər oldu, yoxsa öz istəyinizlə çıxdınız?

- 5 uşaqlı ata işini niyə öz xoşu ilə tərk etsin ki? (gülür). Dövlət qulluğu şərəfli işdir. Xalqa xidmət Haqqa xidmətdir! Biz hər olduğumuz yerdə özümüzün və ətrafımızın gözəl işlər görməsi üçün çalışmışıq. Buna da öz miqyasımızda nail olduğumuzu düşünürük. Nazirlikdə mən bir il yarım xidmət etdim və orada gözəl işlər etməyə çalışdım və gözəl işlər edə biləcək komanda yaratdım. Mənim bu gün daha başqa bir xəyallarım və arzularım var, mən 80 minlik yerlilərimin xidmətində olaraq daha böyük və Azərbaycanımız üçün daha gözəl işlər görmək istəyirəm. Məhz buna görə sevdiyim işimdən ayrılmışam. Seçki Məcəlləmiz də bizə bunu tövsiyə etmişdir.

-Ölkədə bu seçki ab-havasını necə dəyərləndirirsiniz?

- Məncə cənab Prezidentin iradəsi və çağırışları bu seçkilərin xoş ab-havada keçməsinin əsas səbəbidir. Mən bu cür əhval-ruhiyyənin olacağına ümid etməsəydim seçkilərə qatılmazdım. Əslində daha fərqli kampaniyalar etmək olardı, lakin biz gənc dövlətik və cəmi 5 Parlament seçkisi keçirmişik. Çox şeylər gözləmək və tələb etmək ədalətsizlik olardı. Amma ən azı onu deyə bilərəm ki, inkişaf göz qabağındadır. Bu Parlament fərqli olacaq. Özü də çox!
Layiq olan namizədləri Milli Məclisdə görmək ümidi ilə!
Mən onlara layiq olmağa çalışıram və buna söz verirəm! - Emin Əliyev

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər