28 dek 16:46musahibe

Zəngilan və qubadlılara verdiyim sözün üstündə duracağam - Emin Əliyev

Zəngilan və qubadlılara verdiyim sözün üstündə duracağam - Emin Əliyev2020-ci ilin 9 fevralına təyin olunmuş növbədənkənar parlament seçkilərində 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən namizədliyinin irəli sürən Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyinin sədri Emin Əliyev ölkənin sayılıb, seçilən potensiallı gənclərdən biridir. Fəaliyyəti və amalı dövlət və dövlətçiliyin möhkəmlənməsinə və Azərbaycan həqiqətlərinin dünyada yayılmasına istiqamətlənib. Çalışdığı bütün sahələrdə ancaq uğurlara imza atıb, xarici ölkələrdə, beynəlxalq konfranslarda Azərbaycanı layiqincə təmsil edib.

Avrasiya.net-in onunla söhbəti fəaliyyəti və millət vəkili seçiləcəyi təqdirdə planları ilə bağlı oldu.

- Emin bəy, sosial olaraq aktiv insansınız. Aktivliyiniz haradan qaynaqlanır?

- Əslində bu mənim təxminən 15 il əvvəl qarşıma qoyduğum məqsədlər istiqamətində gerçəkləşən fəaliyyətimin bir hissəsidir. Bunu xüsusi bir aktivlik hesab edə bilmərəm. Sadəcə çalışıram ki, cəmiyyətimiz, millətimiz, dövlətimiz, hətta dünyamız üçün faydalı bir fərd olum. Müstəqilliyimizi əldə etdikdən bu günə qədər kifayət qədər rəngarəng, keşməkeşli yol keçmişik. Bu yolda ağır günlər də görmüşük, xoş günlər də. Amma nəticədə 3000-ədək millətin içərisində müstəqil bayrağı, himni olan 200 dövlətdən birinin vətəndaşıyıq. Bizim nəslin bu dövlətin müstəqilliyinin əldə edilməsi uğrunda çalışmaq, onun ərazi bütövlüyü uğrunda mübarizələrdə iştirak etmək imkanı olmayıb. Biz o dövrlərdə cəmi 10-15 yaşlı uşaqlar olmuşuq. Lakin bu gün bizim çox böyük şansımız var ki, dövlətimizin inkişaf etdirilməsində, əhalimizin rifah halının yüksəldilməsində, ərazi bütövlüyünün təmin edilməsində fəal iştirak edək və bunlara nail olaq. Dünyanın 21 ölkəsinin 50-ədək şəhərində olmuşam. Yaponiya, Almaniya, İsrail, Birləşmiş Ərəb Əmirliklərində müxtəlif təlim və seminarlarda iştirak etmişəm.

Getdiyim hər ölkənin müsbət tərəflərinin ölkəmizdə tətbiq edilməsinə çalışmışam. Aqrar idarəetmə sahəsində kursda iştirak etmək məqsədilə 2017-ci ildə yenə İsraildə idim. İsrail Azərbaycandan təxminən dörd dəfə kiçik bir ölkədir. Əhalisi təxminən 10 milyondur. Ərazisinin 60%-i səhradan ibarətdir. Lakin İsrail hal-hazırda istehsal etdiyi kənd təsərrüfat məhsullarının 95 faizini xaricə ixrac edir. O zaman düşündüm ki, gör, biz bu qədər zəngin təbii resurslarla, insan və gənc əhali potensialı ilə hansı nailiyyətlər əldə edə bilərik?! Düşünürəm ki, biz bu nailiyyətləri əlçatan etmək üçün durmadan irəliləməliyik. İnkişafın davamlılığını təmin etmək üçün özümüzdən sonrakı nəsillərə özümüzü fəda etməliyik. Əldə etdiklərimizi gələcək nəsillərə sağlam şəkildə ötürməyi bacarmalı, gələcək nəsillərə də bu nailiyyətləri daha da inkişaf etdirmələri üçün tövsiyələr verməliyik. Ömür sürətlə gedir, gərək onu boşa sovurmayaq. İnsan ölüm anında etdiklərinə görə deyil, adətən etmədiklərinə görə peşmançılıq çəkir. Elə yaşamalıyıq ki, peşman olduğumuz şeylərin siyahısı uzun olmasın!

- Ölkəmizi və insanımızı sevdiyinizi bariz şəkildə görmək mümkündür. Bəs, faydalı olmaq üçün nə kimi işlər görmüsünüz?

- İnsan öz etdikləri barədə danışmağı çox sevər (gülür). Amma düşünürəm ki, müsbət nümunə olsun deyə bu cür fəaliyyətlər barədə danışıb, insanlara məlumat vermək heç də pis şey deyil. Mən əldə etdiyim uğurları mənə əziz olan insanlarla, dostlarla birlikdə qazanmışam. Yaşadığım müddətdə bir çox işdə çalışmışam. Bakı Dövlət Universitetində 4 il, Azərbaycan Turizm və Menecment Universitetində 2 il dərs demişəm. Tələbələrimlə görüşüb onların mənə xoş münasibətini görəndə, uğurlarını eşidəndə fərəhdən özümə yer tapa bilmirəm. Hətta dostlarım küçədə kimləsə rastlaşıb səmimi söhbət etdiyimi görəndə zarafatla deyirlər ki, “Emin, tələbəndir?” (gülür) Tələbələrim mənə əzizdir və onlara ümidlərim böyükdür! Daha sonra Dövlət Miqrasiya Xidmətində 2 il xidmət etdim. Dövlətim üçün əhəmiyyətli olan və yüksək qiymətləndirilən çox sayda işlərim olub. Dövlət Miqrasiya Xidmətinin qurulması prosesində fəal iştirak etmişəm. Bu günədək bu orqanda “Emin Əliyev” adı ancaq pozitiv keyfiyyətlərlə - vətənpərvər, sadiq, çalışqan olaraq xarakterizə edilmişdir. Dövlət Miqrasiya Xidmətindəki fəaliyyətimdən sonra 8 illik biznes fəaliyyətim olmuşdur. 6 il kommersiya subyektlərində müxtəlif vəzifələrdə çalışmışam. Sonrakı 2 ildə isə şəxsi biznesimi qurmuşam və idarə etmişəm. 2018-ci ildən isə yenidən dövlət orqanında işləmək üçün dəvət almışam.

Çalışdığım hər bir yerdə özümdən sonra müsbət mənada iz qoymağa və insan yetişdirməyə çalışmışam. Hesab edirəm ki, buna nail olmuşam. Bu il isə mənim üçün xüsusilə əlamətdar hadisələrlə zəngin olmuşdur. Belə ki, təxminən 8 illik fəaliyyətimizin nəticəsi olaraq bu ilin yayında “Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları” İctimai Birliyini təsis etdik və hal-hazırda bu birliyin sədriyəm. Düşünürəm ki, millətimiz və dövlətimiz üçün bu birlik vasitəsi ilə bir çox faydalı işə imza atacağıq. Bundan başqa, bir tarixçi olaraq elmi fəaliyyətlə məşğul olmuşam. 30-adək elmi məqalənin, 1 kitabın müəllifiyəm. Əlimdən, dilimdən və qəlbimdən gəldiyi qədər erməni terroru, onun soyqırım və qətliam əməlləri, Dağlıq Qarabağ problemimiz barədə yerli və beynəlxalq səviyyədə tədbirlər təşkil etmiş, konfranslarda iştirak etmişəm Hətta bir nümunə çəkmək istərdim: 2017-ci ildə İsraildə təhsil alarkən Belorusiyadan olan bir kənd təsərrüfatı üzrə fəlsəfə doktoru ilə dostluq etməyə başladıq. Biz onunla Qarabağ problemi barədə ətraflı müzakirələr aparırdıq və bu əsnada onun tam məlumatlı olması üçün problemin ən kiçik detalları barədə onu məlumatlandırırdım. Bir tədbirdə bir erməni Azərbaycanın ərazi bütövlüyü barədə xoşagəlməz ifadələr səsləndirməyə cəhd edərkən bu belorus dostum həmin ermənini dərhal susdurmuşdu. Ən əsası da odur ki, dəlillərlə və tutarlı şəkildə onu yerində oturtmağı bacarmışdı. Bütün bu fəaliyyətləri özümə borc bilirəm, etməliyəm və edəcəyəm.
Zəngilan və qubadlılara verdiyim sözün üstündə duracağam - Emin Əliyev
- Emin bəy, bunlar kifayət qədər faydalı fəaliyyətlərdir. Bəs nə üçün bu fəaliyyətləriniz mediada az işıqlandırılıb? Ümumiyyətlə niyə bu cür aktiv insanlar gündəmdə olmur. Əsasən faydasız məişət məsələləri gündəmə çevrilir?

- Dünyanın hər yerində medianın “dərdi” eynidir. Media hər zaman sensasiya, şou, cəlbedici xəbər axtarışındadır. Buna görə də ciddi xəbərlər, fəaliyyətlər mediada daha çox populyar ola bilmir. 2012-ci ildə mən erməni terroru ilə bağlı populyar portalların birində silsilə məqalələr verməyə başladım. 3-cü yazıdan sonra portalın rəhbəri zəng edib dedi ki, məqalələriniz oxucu sayı yığa bilmir, onları daha çox elm sahəsinin adamları oxuyur. Buna görə də yazıları dayandırdım. Lakin incimədim, küsmədim. Bu günədək xoş məramla edilən işlər onsuz da az işıqlandırılıb. Çünki səmimi fəaliyyət göstərən insanlar işlərini və özlərini piar etməyə, gözə soxmağa can atmırlar və media da onları “görmür”. Amma onu da demək istərdim ki, son zamanlar mediada ciddi dəyişikliklər hiss olunur. Bu günədək fəaliyyətlərimizin işıqlandırılması üçün bir media orqanının belə qapısını döyməmişik. Özləri müraciət edib, müsahibələr alıb, verilişlər hazırlayıblar. Bu hallar cəmiyyətimizin daha çox pozitiv ruha köklənməsini təmin edir. O ki, qaldı faydasız məlumatların mediada işıqlandırılmasına, gəlin qəbul edək ki, hər cəmiyyətdə faydasız məlumatları istehlak edən “faydasız insanlar” olur. Yəqin ki, həmin materiallar bu tip insanların da “maraqları”nın təmin edilməsinə xidmət edir (gülür).

- Haqqınızda yazılan bir çox yazıdan görürük ki, sizin də millət vəkilliyinə namizədliyinizi irəli sürməyinizi istəyən insanlar var. Bu barədə planınız varmı?

- Yuxarıda qeyd etmişdim ki, bu il mənim üçün əlamətdar hadisələrlə zəngin bir il olmuşdur. Ölkəmizdə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı qərar veriləndən dərhal sonra sosial şəbəkələr, telefon zəngləri, ismarışlar və digər bütün vasitələrlə mənə müraciətlər oldu. İlk vaxtlarda bütün bu müraciətlərə görə təşəkkürümü bildirib, bu münasibətlə sevincimi qeyd edib insanlarla sağollaşırdım. Lakin proses get-gedə ciddiləşməyə başladı, Zəngilan və Qubadlı camaatından ibarət təşəbbüs qrupu yaradıldı, onların müraciəti sosial şəbəkələrdə və mətbuatda dərc edildi. Daha sonra hər zamankı kimi dostlarımla, böyüklərimlə məsləhətləşmələr etdim və bütün bunların nəticəsində qərar verdim ki, bu prosesdə iştirak edim. Əgər belə bir fürsət vardırsa və biz Milli Məclisdə - daha ali bir meydanda millətimizə fayda verə biləriksə bu bizi daha da xoşbəxt edər və insanlara xidmət etmək sahələrimizi daha da genişləndirər. Hal-hazırda bu sahədə işlərimiz sürətlə davam edir və ümid edirəm ki, imzatoplama kampaniyasını uğurla başa vurub namizədliyimizi təsdiq etdirəcəyik. Bu prosesdə ən vacib məqam və qarşıma qoyduğum hədəf bundan ibarətdir ki, çox şəffaf, insanların qəlbinə, ruhuna yaxın, heç bir halda heç kəsi incitməyəcək, qucaqlayıcı bir təbliğat-təşviqat kampaniyası aparaq. Qarşıma çıxan hər kəsə demişəm və bu fürsətdən də istifadə edərək digər bütün deputatlığa namizəd qardaş və bacılarımıza müraciət edərək bildirirəm ki, gəlin, siyasi etika çərçivəsində kampaniya aparaq və elə edək ki, siyasi mübarizədə biz - rəqiblərin yüksək səviyyəli rəqabəti hər kəsə nümunə olsun. 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən olan namizədlərin müvəffəqiyyət qazanmaq uğrunda mübarizəsi layiq olan şəxsin qələbəsi ilə nəticələnsin. Bu məqsədlə bütün namizədlərə uğurlar arzu edirəm!
Zəngilan və qubadlılara verdiyim sözün üstündə duracağam - Emin Əliyev
- Millət vəkili seçilsəniz nə edəcəksiniz?

- Bu günədək nə etmişəmsə bundan sonra da onu edəcəyəm. Faydalı işlər görmək üçün çalışacağam. Bizim camaat işgüzar camaatdır. Öz dərdini, problemini öz gücünə arxalanaraq həll etmə yollarını bilən camaatdır, cəsarətli camaatdır, sözü harda və necə deməyi bacaran camaatdır. Bu sadaladıqlarım Zəngilan-Qubadlı camaatının, eyni zamanda bir zəngilanlı olaraq mənim də xarakterimə çevrilmiş keyfiyyətlərdir. Düşünürəm ki, Zəngilan və Qubadlı seçiciləri mənim daim doğru yolda olmağımı, irəliləməyimi istəyəcəklər və bu yolda mənə dəstək olacaqlar. Mənim isə qapım daim onların üzünə açıq olacaq. Hal-hazırda bir neçə planım vardır ki, düşünürəm onu Zəngilan və qubadlılılar üçün etmək mənəvi borcumdur. Bilirəm ki, çox potensiallı gənclərimiz vardır, imkanlı həmyerlilərimiz vardır. Bunları bir yerə cəlb edib potensiallı övladlarımızın yüksək təhsil almaları üçün lobbiçilik etməyi düşünürəm. Milli Məclisdə də sizin təbirinizcə desək aktiv olacağam. Həm ümummilli məsələlərdə, həm lokal məsələlərin, problemlərin həllində operativ, səmimi, ədalətli və cəsarətli olcağam. Hərəkətin iki forması var: ya irəli, ya geri. Dayanmaq hərəkət deyil, heç hərəkətsizlik də deyil, dayanmaq geriyə getməkdir. Buna görə də olduğumuz yerdə dayana bilmərik. Daim hərəkət, inkişaf, millətə xidmət, dövlətə qulluq əsas amalımdır.

Onu da deyim ki, hal-hazırda komandamız araşdırmalar edir, sorğular aparırlar ki, Zəngilan və Qubadlı camaatının hansı qayğıları vardır ki, onlar həll edilməlidir. Bütün bu araşdırmalar tamamlandıqdan sonra seçki platformasını hazırlayıb təqdim edəcəyik. Ümid edirik ki, xalqın arzu və istəklərindən xəbər verən bir seçki platforması, seçki strategiyası hazırlayacağıq. Millət vəkili icra orqanı əməkdaşı deyil. Buna görə də o, hansısa sosial, məişət, infrastruktur məsələlərini həll edə bilməz. Lakin millət vəkili aidiyyəti qurumlarda millətin lobbiçiliyini etməlidir ki, problemlər sürətlə həll edilsin! Bir də ictimai fəal şəxs kimi özümün şəxsi Facebook profilimdən Zəngilan camaatına bir söz vermişəm, onu reallaşdırmaq üçün hər şeyi etməyə çalışacağam: Zəngilan şəhərində Sakura ağacı parkı salacağam! Təxminən 3 ildir ki, Yaponiyanın məşhur Sakura ağacını ölkəmizə gətirib gözəl bir park salınması layihəsi üzərində işləyirdim. Eşidəndə ki, Vaşinqtonda - Ağ Evin qarşısında Sakura parkı var, dedim, bu parkdan Azərbaycanda da niyə olmasın ki?! Bu ağac vizual olaraq gözəl ağacdır və bu ağacın gözəlliyi turistlərin də marağına səbəb olur. Bu yaxınlarda - 24 dekabr tarixində Şamaxı şəhərində biz Sakuranın 3 növündən ibarət 1000 ağaclıq park saldıq. Yaponiyadan olan dostlarımıza da dedik ki, biz də Yaponiyanın hər hansı bir şəhərində bizim milli ağac sortlarından ibarət bir park salacağıq.

Bu parkda isə Zəngilanın Xan çinarı mütləq olmalıdır! Və ən əsası isə Zəngilanda Sakura parkının salınmasını təmin edəcəyik! Ümid edirəm ki, çox yaxın zamanlarda biz Zəngilan və Qubadlımıza geri qayıdacağıq və mən bu parkı orada salacağam!!!
Sonda bütün xalqımızı Dünya azərbaycanlılarının həmrəyliyi günü və yeni il münasibəti ilə təbrik edirəm. Hər kəsə xoşbəxtlik, uğurlar, sağlam həyat arzu edirəm. İnanıram ki, 2020-ci il Dövlətimiz və xalqımız üçün uğurlu il olacaqdır.
XƏBƏR LENTİ
SORĞU