25 dek 14:43musahibe

İstəyirik ki, Azərbaycan özünü tam təhlükəsiz hiss eləsin - Səfir

İstəyirik ki, Azərbaycan özünü tam təhlükəsiz hiss eləsin - Səfirİran Azərbaycanın ən yaxın qonşusudur. Minillər boyu xeyrimiz də bir olub, şərimiz də. Bəlkə də bu səbəbdəndir ki, başa vurmaqda olduğumuz 2019-cu ili məhz İranın ölkəmizdəki səfiri Cavad Cahangirzadə ilə müzakirə etmək istədik. Hər sahədə söhbətləşdik, hətta üzümüzə gələn 2020-ci il üçün gözləntilərdən də söz açdıq. Gəlin qara misralara çevrilən müsahibəmizə birlikdə nəzər yetirək.

- Biz hazırda elə bölgədə yaşayırıq ki, xeyli həll olunası problemləri var. İranla Azərbaycanın tarixən müştərək əlaqələri olub ki, bunlar din, dil, məişət, mədəniyyət, ədəbiyyat, idman və sair sahələri əhatə edir. İran Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdəndir. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra İrah tərəfi çalışıb ki, iki ölkə arasında qardaşlıq səviyyəsində münasibətlər yaransın. Bu gün dünyada çox az sayda ölkələr tapılar ki, İranla Azərbaycan qədər bir-birinə yaxın olsun. Ölkələrimizin bir-birinə münasibətində səmimi maraqları da rol oynayır. Bu gün İranda istər hökumət olsun, istərsə də sadə xalq, hər kəs Azərbaycanda sabitliyin hökm sürməsini arzulayır. Biz istəyirik ki, Azərbaycan özünü tam təhlükəsiz hiss eləsin. İran hər zaman Azərbaycanın sevincinə sevinib, kədərinə kədərlənib.

- Ölkə başçılarımızın şəxsi əlaqələri də əladır...

- Bu gün çoxları istəyir ki, İranla Azərbaycanın arasında problem olsun, münasibətlərimizin yaxşı olmasını istəməyənlər var. Amma onlar istədiklərinə nail olmayacaqlar. İran və Azərbaycan prezidentlərinin qarşılıqlı münasibətləri xalqlarımız üçün simvoldur. Təsəvvür edin ki, son altı il ərzində İran və Azərbaycan prezidentləri 12-13 dəfə görüşüb, danışıqlar aparıblar. Bu da ölkələrimiz arasında əlaqələrin necə geniş olduğunu göstərir.

- Əvvəlki illərdə Azərbaycan-İran ticarət əlaqələrinin digər ölkələrlə müqayisədə az olmasından gileylənmişik. Bu gün necədir vəziyyət?

- Son illər ikitərəfləi iqtisadi əlaqələrdə yüksəliş nəzərə çarpmaqdadır. Bu il isə iqtisadi-ticarət əlaqələrini rekord səviyyədə artıb. Arzu edirəm ki, 2020-ci ildə bu sahədə daha böyük rekordlara imza ataq və daha sonra gələn illər də sürətli inkişafın axarında irəliləsin.

- Təxmini demək olarmı ki, ölkələrarası ticarətin həcmi nə qədər olub?

- 2019-cu ilin 10 ayı ərzində İran-Azərbaycan iqtisadi-ticarət əlaqələrinin həcmi 420 milyon dollar olub. Bu ancaq gömrükdə qeydə alınan ticarətin həcmidir. Nəzərə alaq ki, “çemodan ticarəti”, enerji, elektrik və sair bura daxil deyil və 420 milyon dollar yalnız qeyri-neft bölməsini əhatə edir. Bütün sahələrdə ticarəti üst-üstə gəlsək, məncə mövcud rəqəm iki, bəlkə də üç dəfə yüksələr.

- Bu il ölkənizə qarşı sanksiyalar ağırlaşdırılsa da, İrandan Azərbaycana mütəmadi şəkildə rəsmi səfərlər baş tutub, zavodların təməli atılıb...

- Bu il İrandan Azərbaycana həm rəsmi, həm də beynəlxalq təşkilatların iclaslarında iştirak etmək məqsədilə bir neçə yüksək səviyyəli hökumət rəsmisinin səfərləri olub. Bu müddətdə Azərbaycanda yük avtomobili, avtobus zavodu və sair açılıb. Bütün bunların baş verməsi bizim üçün çox əhəmiyyətlidir. Arzu edərdik ki, gələcəkdə belə iri müştərək layihələrimizin sayı daha da çoxalsın.

- Gediş-gəlişin səviyyəsi necədir? Xüsusilə də rayonlarda kiminlə həmsöhbət oluram, deyir İrana gedib, xüsusilə də tibbi müayinəyə...

- 2019-cu ildə Azərbaycandan İrana gedən turistlərin sayında da rekord nəticə qeydə alınıb. Aldığımız məlumata görə, Azərbaycandan xarici ölkələrə səfər edən vətəndaşların 36 faizi məhz İrana gedib. Bu da təxminən 1,7 milyon nəfər deməkdir. Bunun da səbəbi aydındır: İran həm coğrafi müstəvidə Azərbaycana çox yaxındır, gediş-dönüş ucuz başa gəlir, alış-veriş edirlər və sair. Azərbaycanın özündə də bu il çox əhəmiyyətli keçib. Nə qədər beynəlxalq tədbirlərə ev sahibliyi edib Bakı. Bu konfranslardan ən vacibi kimi Qoşulmama Hərəkatının Zirvə toplantısını qeyd edmək istəyirəm. Bu toplantıda məhz Azərbaycanın belə mötəbər təşkilata sədrliyi öz üzərinə alması bizi sevindirir. Tək bizi yox, bütün region ölkələrini sevindirir Azərbaycanın təşkilata sədrlik etməsi. Hesab edirik ki, təşkilatın sədri qardaş ölkədir...

- Bu il Azərbaycanda hamını heyran edən islahatlar keçirilib və güman ki, 2020-ci ildə də davam edəcək. Bir səfir olaraq bunu necə qiymətləndirirsiniz?

- 2019-cu ildə Azərbaycanda həyata keçirilən islahatlar hər birimiz tərəfindən maraqla qarşılanıb. Hər bir ölkə öz daxilində müəyyən islahatlar aparır. Amma Azərbaycan çox az sayda ölkələrdəndir ki, son 15-16 ildir məhz apardığı islahatlar nəticəsində birmənalı şəkildə inkişaf edir. Azərbaycan prezidentinin keçirdiyi islahatlar həm iqtisadi, həm siyasi, həm mədəniyyət, həm söz azdlığı – bütün sahələri əhatə etməkdədir. Bütün bunlar isə nəticə etibarı ilə region ölkələrinə də öz müsbət təsirini göstərməkdədir.

- İqtisadi əlaqələrin inkişafında özəl sektorun rolu həmişə böyük olub. Bu müstəvidə ölkələrimiz arasında əlaqələr necə tənzimlənir?

- Bu gün ikitərəfli əlaqələrimiz bizə həm öz bazarlarımıza, həm də üçüncü bazara açılmaq imkanı verir. Məsələn, biz çalışırıq ki, İran istehsalı olan məhsullar Azərbaycanın vasitəçiliyi ilə Rusiya və digər ölkələrin bazarlarına ixrac edilsin. Bu gün Şimal-Cənub Dəhlizi həm İran, həm də Azərbaycan üçün əlaqələri inkişaf etdirmək, ixracın həcmini artırmaq üçün böyük fürsətdir. Ölkələrimiz arasında enerji, sənaye, kənd təsərrüfatı, elm, səhiyyə və sair sahələrdə müqavilələrimiz mövcuddur. Allaha şükürlər olsun ki, bu müqavilələrin əksəriyyəti yerinə yetirilib. Bu gün 1500-dən artıq İran şirkəti Azərbaycanda iş qurmaqdadır. İndiyədək İran tərəfi Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə 3 milyard dollardan artıq sərmayə yatırıb. Ölkələrimiz arasında əlaqələrinin potensialı imkan verir ki, daha böyük işlər görək. İran şirkətləri Birləşmiş Ərəb Əmirliklərinə 10 milyardlarla dollar sərmayə qoyub və mümkündür ki, həmin vəsaitin bir hissəsini Azərbaycana köçürsünlər.

- Təəsüflə deyək ki, başa vurmaqda olduğumuz il İrana bir sıra çətinliklər də gətirdi. Bayaqdan sözarası toxunduğumuz sanksiyaları nəzərdə tuturam...

- Həqiqətən də, başa vurmaqda olduğumuz bu il İrana bəzi çətinliklər yaşatdı. Təsəvvür edin ki, düşmənimiz tərəfindən ölkəmizə tətbiq edilən sanksiyaların acı-ağrısını sadə insanlar - uşalar, qadınlar və qocalar yaşamaqdadırlar. Bu sanksiyalar ilk növbədə xəstələrə mənfi təsirini göstərdi. Axı bəzi dava-dərman növlərinin idxalında problem yaşanır. Amma heç də ruhdan düşmürük. Çünki dövlətimiz var qüvvəsi ilə xalqımıza rifah gətirməyə, təhlükəsizliyini təmin etməyə çalışır.

- Gələn il üçün hansı planların həyata keçirilməsi nəzərdə tutulub?

- İlk növbədə ticarətin həcmini artırmağı hədəf seçmişik. Bunun üçün isə məhsulların gömrükdən keçirilməsi qaydalarının asanlaşdırılmasını istəyirik. Daha sonra, çalışacağıq ki, biznes təmsilçiləri gəlib danışsınlar, ortaq layihələr icra edilsin və bir də istəyirik üçüncü bazarlara çıxış əldə edək. Üçüncü bazar dedikdə, hesab edirik ki, İran məhsulları Azərbaycanın, Azərbaycan məhsulları isə İranın vasitəsilə başqa ölkələrin bazarlarına ixrac edilə bilər. Bundan əlavə, inşallah sərhəd bölgəsində müştərək sənaye parkının qurulması da nəzərdə tutulub.

- Culfada yerləşən Araz Azad zonasında cəmi bir Azərbaycan şirkəti görmüşdüm, əksəriyyəti Türkiyənin idi...

- Tikiləcək müştərək Sənaye Parkında ancaq İran və Azərbaycan şirkətləri yer alacaq. Çünki bu iki ölkənin ortaq layihəsi olacaq. Çalışırıq ki, 2020-ci il yanvarın əvvəllərində həmin sənaye parkının təməli qoyulsun.

- Yeri gəlmişkən, indiyədək Azərbaycanda açılan və ya tikilməkdə olan maşınqayırma zavodlarından nə xəbər var? Məsələn, ilin əvvəlində Hacıqabul rayonu ərazisində avtobus zavodunun təməli atılmışdı...

- Bütün işlər layihədə nəzərdə tutulduğu qaydada gedir, heç bir axsama yoxdur.

- Axı ABŞ-ın sanksiyaları İranla əlaqə quran bütün ölkələri və şirkətləri hədələyir. Bu, İran-Azərbaycan əlaqələrinə təsir etmirmi?

- Çalışırıq əlaqələrdə qırılma olmasın. Çünki İran olaraq istər Azərbaycanla, istərsə də digər qonşu ölkələrlə bütün əlaqələrimizi rəsmi müqavilərlər əsasında həyata keçirməkdəyik. Həm də Azərbaycan Avropada filanda yerləşmir, bizi birbaşa sərhəd ayırır. Qonşuyuq, mütəmadi gediş-gəlişimiz var və sair. Bu gün həm İranda, həm də Azərbaycanda bu qənaətdədirlər ki, qarşılıqlı münasibət qurarkən başqa böyük ölkələrin rəyini nəzərə almırlar. Əksinə, bütün əlaqələr hər iki ölkənin milli maraqlarına uyğun şəkildə, müstəqil qurulur. Özü də İran - Azərbaycan münasibətləri heç bir ölkəyə qarşı deyil, əksinə bütün qonşulara sülh və əminamanlıq gətirir.

- Bu yaxınlarda İran 2020-ci il üçün dövlət büdcəsini qəbul edib. Ancaq hesab edirəm 80 milyon əhalisi olan dövlət üçün büdcə bir qədər kiçikdir. Xarici mətbuatda bu 37 milyard dollar göstərilib...

- Rəqəm təhrif olunub. İran sanksiyalara baxmayaraq, öz daxili imkanları hesabına 165 milyard dollarlıq büdcə formalaşdırıb. Bu məncə o qədər də kiçik məbləğ deyil. Sansksiyalar əsasən neft ixracını əngəllədiyi üçün biz uzun müddətdir çalışırıq ki, büdcə neftdən asılılıqdan qurtulsun və əksərən buna nail olmuşuq.

- Son aylar İran şəhərlərində başlayan nümayişlər barədə nə deyərdiniz, nə baş verdi, nəticə nə oldu?

- İran böyük dövlətdir və insanların fikir bildirmə azadlığına da həmişə hörmət göstərilib. Benzinin qiyməti üç dəfə qaldırıldı, vətəndaşlar da bəzi şəhərlərdə buna öz etirazlarını bildirdilər. Amma kimlərsə ara qarışdırmaq, ölkə daxilində qarışıqlıq yaratmaq istədi, bu da alınmadı.

- Ümumiyyətlə, İranda benzinin litri bahalaşmadan sonra nə qədər olub?

- Azərbaycan pulu ilə götürsək 38 qəpikdir indi. Məncə qonşu ölkələrlə müqayisədə yenə də çox aşağıdır.

- Xarici işlər nazirlərinin üçtərəfli görüşləri daha keçirilməyəcəkmi, nəsə heç danışılmır...

- Bilirsiniz ki, İran, Azərbaycan və Rusiya prezidentlərinin görüşü olacaqdı, amma qeyri-müəyyən vaxtadək təxirə salındı. Hesab edirəm ki, həmin görüş 2020-ci ildə mütləq keçiriləcək. Eləcə də, İran, Azərbaycan və Türkiyə Xarici işlər nazirlərinin görüşünün keçirilməsi planda nəzərdə tutulub.

- Siyasi məsələlərdə söz açmışkən, Qarabağ münaqişəsinin həlli ilə bağlı prosesləri 2020-ci ildə necə görürsünüz?

- Bu elə münaqişədir ki, sülh yolu ilə həll olunması uzun illər tələb edir. İran dövləti olaraq biz bu mövqedəyik ki, Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü pozulmadan, danışıqlar yolu ilə həllini tapmalıdır. Nəzərə alaq ki, Azərbaycan bizim sıradan qonşumuz deyil, yaxın qohum, əziz qardaşımızdır.

Vüsal Tağıbəyli
XƏBƏR LENTİ
SORĞU