18 dek 20:38musahibe

“Mənim Azərbaycanda siyasi iddialarım yoxdur”

“Mənim Azərbaycanda siyasi iddialarım yoxdur”
“Bütün diasporu birləşdirəcək mövzu Azərbaycan dövlətçiliyidir ki, onun da təməlində işğaldakı Azərbaycan ərazilərinin azadlığı durur!”

Bu sözləri Eurasia Diary-ə eksklüziv müsahibəsində Rusiya Azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədov bildirib. Musavat.com RAİ Mətbuat Xidmətinin xahişi ilə həmin müsahibəni təqdim edir:

- Fizuli Məmmədovu dəstəkləyənlər onu Azərbaycan Parlamentində millət vəkili qismində görmək istəyirlər. Bəs, Siz özünüz bu barədə nə düşünürsünüz?

- İnanıram ki, fevral ayında keçiriləcək parlament seçkiləri Azərbaycan dövlətçiliyi tarixində əlamətdar hadisə olacaq. Çünki bu siyasi proses dövlət idarəçiliyi sistemindəki siyasi islahatlar və dəyişikliklərin olduğu dövrdə baş verəcək. Odur ki, seçkilərin nəticələri Azərbaycanın gələcək taleyinə təsir edəcək.

Mənim seçkilərdə iştirakıma qaldıqda onu deyə bilərəm ki, Azərbaycan vətəndaşı olmadığımdan parlament seçkilərində iştirak edə bilmərəm. Əslində belə bir iddiam da yoxdur. Amma hesab edirəm ki, Azərbaycan diasporunun nüfuzlu və istedadlı üzvlərinin seçkilərdə iştirakını təmin edəcək qanunvericilik bazasına ehtiyac var. Konstitusiyamız dünyadakı soydaşlarımıza bu imkanı yaratsa bu dövlətimizin və cəmiyyətimizin xeyrinə ola bilər. Təklifim Azərbaycanın inkişafına diasporun resurs və imkanlarını sərf etmək məqsədi daşıyır. Ölkə hüdudlarından kənarda elə həmvətənlərimiz var ki, uzun müddət xaricdə yaşamaqla biznes, ictimai və beynəlxalq sahələrdə müəyyən təcrübə, dünyada təsir gücünə malik əlaqələr əldə edib ki, bu imkanları dövlətimizin və xalqımızın maraqları naminə istifadə edə bilərlər. Şəxsən mən, 30 ildir ki, şəxsi biznes və ictimai fəaliyyətimlə Vətənimə faydalı olmağa çalışmışam. Düşünürəm ki, diaspor Azərbaycanın siyasi həyatına daxil olmaqla dövlətimizin və cəmiyyətimizin inkişafına daha effektiv yardım edə bilər. Niyə də iqtisadi və siyasi mövqeləri dünya miqyası ilə ölçülən azərbaycanlılar öz imkanlarından müasir Azərbaycanımız üçün istifadə etməsin?

Prezident İlham Əliyev də çıxışlarında dəfələrlə Azərbaycanın məhz diasporla birgə daha qüdrətli olduğunu deyib. Odur ki, dünyadakı nüfuzlu və istedadlı azərbaycanlıların Azərbaycan parlamentində təmsil olunması, məncə ümumdünya azərbaycanlılarının əməkdaşlığı baxımından səmərəli olardı.

- Tutaq ki, diaspor üzvlərindən kimlərsə seçkilərə qatıldı və qalib gəldi. Həmin namizədlər sizcə hansı istiqamətlər üzrə parlament fəaliyyəti göstərməlidirlər?

- Namizəd deputat mandatı qazandığı təqdirdə Azərbaycanın işğaldakı torpaqlarının azad edilməsi ilə bağlı məsələnin daim gündəmdə olması üçün təkliflər paketi ilə çıxış etməlidir. Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun Bratislavadakı son müsahibəsi də sübut etdi ki, Ermənistan Qarabağın Azərbaycan tərkibində olmasını, azərbaycanlıların oraya geri qaytarılmasını qırmızı xətt sayır. Başqa sözlə, qaradan tünd rəng yoxdur ki, Elmar müəllim də çıxışı ilə anlatdı ki, danışıqlar Ermənistan tərəfindən imitasiya xarakterlidir. Ermənistan rəhbərliyi siyasi dünya görüşündən asılı olmayaraq işğal etdiyi əraziləri qaytarmayacaq. Deməli ki, torpağımızı azad etmək üçün bütün dünya azərbaycanlılarının resursları səfərbər edilməlidir. Deputatın vacib missiyasından biri qanunvericilik təşəbbüsləri göstərməkdir. Eyni zamanda, deputat konstitusiyamızda yazılan “hakimiyyətin mənbəyi – xalqdır” müddəasının birbaşa subyektidir, parlamentdə məhz xalqı təmsil edir. Dövlətimizin siyasi həyatında vətəndaşların iştirak formalarını genişləndirən, vətəndaş cəmiyyətinin inkişafına yardım edən təşəbbüs və qanun layihələri ilə çıxış etməlidir. Hesab edirəm ki, parlament tribunası vasitəsi ilə iqtisadi sahə ilə bağlı kiçik və orta biznesin inkişafına təkan verən qanunvericilik təkmilləşdirilməli, monopoliyaya qarşı mübarizə aparılmalıdır. Azərbaycan iqtisadiyyatına diasporun investisiya qoyulması işi sürətlənməlidir. Gündəmin vacib mövzusu kimi rüşvətxorluğa qarşı mübarizə aparılmalıdır. Beynəlxalq əlaqələr baxımından Azərbaycan – Rusiya – Türkiyə iqtisadi, siyasi, hərbi əməkdaşlığının müttəfiqlik səviyyəsinə yüksəldilməsi üçün çalışılmalıdır.

- Rusiya Azərbaycanlılarının Birinci Moskva Forumunda Sizə 56 diaspor təşkilatı rəhbəri etimad göstərərək vahid diaspor qurumunun rəhbəri olmanıza səs verdi. Bu aylar ərzində bir diaspor rəhbəri kimi hansı dəyişikliklərə nail oldunuz?

- Mənim Rusiyadakı Azərbaycan diasporuna ən böyük ismarıcım odur ki, xalq olaraq assimilyasiyaya uğramamağımız, müxtəlif qüvvələrin detalına çevrilməməyimiz üçün ancaq birləşməliyik. Birliyin modelini mən Rusiya Azərbaycanlıları İttifaqı müstəvisində görürəm ki, bu təşkilatda siyasi mövqeyindən asılı olmayaraq bütün həmvətənlilərimizə yer var. İdarəetmə strukturunda Ali Şura və yaxud Federal Şura yaradılmalı və həmin instansiyaya səsvermə yolu ilə ən nüfuzlu və vətənpərvərlərin seçilməsi təmin edilməlidir ki, məhz həmin Şura təşkilatın həlledici strukturu olmalıdır. Təşkilatın prezidentini də məhz Ali Şura seçməlidir. Bu yolda danışıqlar aparırıq, amma diasporumuz elə xəstəliyə düçar olub ki, onun müalicəsi, əfsus olsun ki, uzunmüddətlidir. Problemi dərinləşdirən xalqı üçün cüzi, bəzən isə heç bir iş görməyən, iddiası ilə imkanları arasında tərs mütənasiblik olan fərdlərin liderlik xülyasıdır. Digər tərəfdən, müəyyən qüvvələrin və xalqımıza yad ideologiyanın aləti olan kəslər də diasporun taleyüklü məsələsinə istiqamət vermək istəyir. Biz bu işdə səbr nümayiş etdirsək də, amma əmin ola bilərsiniz ki, bütövlükdə diasporu milli müqəddəratı şübhə altına qoyacaq kəslərin ümidinə buraxası deyilik. Şəxsən mənim üçün bütün diasporu birləşdirəcək qayə Azərbaycan dövlətçiliyidir ki, onun da təməlində işğaldakı Azərbaycan ərazilərinin azadlığı durur!

- Fizuli müəllim, Siz Azərbaycanda və onun hüdudlarından kənarda xeyriyyəçi və ictimai xadim kimi xalqımızın böyük rəğbətini qazanmısız. Ermənistanla Azərbaycan arasında davam edən informasiya qarşıdurmasında iştirakınız haqda nə deyə bilərsiz?

- Qazilərimizə yardımı məncə dünyadakı bütün azərbaycanlı iş adamları vacib saysaydı, bununla dövlətimizə və cəmiyyətimizə böyük yardım etmiş olardılar. Dövlətimizin iqtisadi imkanlarından asılı olmayaraq diaspor dövlətin və cəmiyyətin həyatında iştirak etməlidir. Diaspor dövlətə kömək etməlidir və dövlətdən maddi yardım gözləməməlidir. Mənim Azərbaycan vətəndaşlarına, xüsusən də Ermənistan-Azərbaycan müharibəsi qazilərinə yardımımın ölkə daxilində və yaxud onun hüdudlarından kənarda kimlərisə qıcıqlandırmasından asılı olmayaraq, faydalı və nümunəvi iş gördüyümə əminəm. İstərdim ki, digər imkanlı şəxslər də başlatdığım xeyriyyə aksiyalarını davam etdirsinlər.

Erməni təbliğatına qarşı ardıcıl və sistemli mübarizə aparması ilə hələlik heç bir diaspor təşkilatı öyünə bilməz. Düzdür, müəyyən təxribatlara qarşı reaksiyamız operativ olsa da hələlik məhəlli xarakter daşıyır.

Rusiya azərbaycanlıları İttifaqı bəyanatlar, açıq və ünvanlı məktublar, müraciətlər, tədbirlərdə çıxışlar və mətbuat vasitəsilə Qarabağ həqiqətlərini işıqlandırır. Rusiyada təsis etdiyimiz “Mübariz” idman döyüşçü klubu hərbi vətənpərvərlik nümunəsidir desəm, yəqin ki, mənimlə razılaşarsınız.

- Rusiya Azərbaycanlıları İttifaqının adı bir ara Mahaçqaladakı Azərbaycan icmasının rəhbəri Rakif Əzizovun oğlu Rauf Əzizovun cinayəti işinə xitam verilməsində hallandı. Bu işin uğurla bitməsində RAİ nin konkret xidməti nə idi?

Rakif Əzizov Dağıstanda Azərbaycan naminə çox iş görür. Onun oğlunun işində qaranlıq və müəmmalı məqamlar var idi. Odur ki, RAİ olaraq gücümüzü səfərbər edib, işlə bağlı ölkə rəhbərliyini məlumatlandırmaq üçün kampaniyaya başladıq. Dəfələrlə mətbuatda çıxış etdik, Rauf Əzizovun maraqlarının müdafiəsi komitəsini yaratdıq və s.. Düşünürəm ki, kompaniyamız nəticəsini verdi və Azərbaycan rəhbərliyinin məsələni nəzarətə götürməsi ilə iş ədalətli həllini tapdı. Əfsuslar olsun ki, diaspor təşkilatı rəhbərlərinə və ölkə hüdudlarından kənarda nüfuz qazanmış soydaşlara qarşı Azərbaycanın bəzi qurumları tərəfindən müəyyən məhdudiyyətlər tətbiq edilir. Biz demirik ki, Azərbaycanın maraq müdafəçilərini vətənə gələndə hava limanında qırmızı xalı, duz-çörəklə qarşılasınlar, amma vətən naminə iş görənlərə vətəndə məhdudiyyət yaratmaq da dövlətə qarşı sabotaj və Prezident İlham Əliyevin diaspora olan dərin hörmət və ehtiramına qarşı hərəkətdir.

- Rusiyadakı Azərbaycan diasporu təşkilat rəhbərlərinin yekdilliklə sizi diasporun rəhbəri kimi gördüyünü ərz edən bir məktubun hazırlandığı haqqında məlumat almışıq. Sizin bu təşəbbüsə münasibətiniz necədir?

- Diasporda ara-sıra özünü yekdil rəhbər kimi qələmə verən müxtəlif fiqurlar peyda olur. Bəzən bu insanlar gülüş doğurur, bəzən onların gəlişi və gedişi elə surətlə baş verir ki, adları belə xatırlanmır.

Mən 30 ildir ki, diaspor təşkilatlarında rəhbər vəzifələri bölüşürəm və əgər Rusiyadakı soydaşlarım məni yekdilliklə çoxmilyonlu diasporumuzun rəhbəri kimi qəbul edir və bu haqda fikrini açıq ifadə edirsə, mən ömrümün qalan hissəsini də onun maraqlarına həsr etməyə hazıram. Onu da qeyd etməliyəm ki, aprelin 27-də 56 diaspor təşkilatı birgə Rusiya Azərbaycanlıları İttifaqını təsis etməklə və məni o quruma rəhbər seçməklə artıq etimad göstərmiş olub.

- Qarşıda Dünya azərbaycanlılarının Həmrəylik və Yeni İl bayramı gəlir. 2020 -ci ildən nə gözləntiləriniz var, xüsusən də diaspor və bu sahəyə aidiyyatı olan qurumlara ismarıcınızı eşitmək istərdik..

- Rusiya Azərbaycanlıları İttifaqı diasporun pərakəndə və böhran vəziyyətində olduğu bir dövrdə yarandı. Biz illərlə bir masa ətrafına toplaşa bilməyən regionları bir araya gətirdik, ünsiyyət və diskussiya meydanı yaratmaqla ümumrusiya azərbaycanlılarının əməkdaşlığına şərait yaratmış olduq. Yuxarıda qeyd etdiyim aprel forumuna qədər son 3 ildə diasporda bir nəfər ortaya çıxıb 10 regionu Moskvada bir masa arxasına yığa bilmirdi. Ünsiyyət ancaq sosial media vasitəsilə idi ki, virtual ünsiyyətlə gerçək ünsiyyətin fərqinin yəqin ki, izaha ehtiyacı yoxdur. Biz regional görüşlərin də keçirilməsinə yardım etdik və bu işi davam etdiririk. Ola bilsin bu gün bu missiyanı anlamasınlar, amma işimizə qiyməti zamana buraxaq. Biz bağlı qapılar arxasında bəyanat verməklə işimizi məhdudlaşdıran təşkilat deyilik, ya da xalqımızın maraqları naminə fəaliyyətimiz üçün vəsait axtarışında deyilik. Əksinə, ciddi materiya sayılan sağlamlıq, vaxt və vəsaitimizi millət yolunda xərcləyirik ki, heç kəsdən maddi yardım gözləmirik.

Diasporumuzun ən böyük arzusu Azərbaycanın işğaldakı ərazilərinin azadlığına nail olmaqdır ki, diasporun köməyi olmadan bu olduqca ağır başa gələr. Bu baxımdan Azərbaycan diplomatiyası və müvafiq dövlət qurumları fayda verə biləcək hər bir qrup və qurumla əməkdaşlıq etməlidir. Əməkdaşlıq üçün süni sədlər yaradanlar bilməlidir ki, milli marağa zərbə vurmuş olurlar.

Fəqan MUXTARLI, Eurasia Diary
Bakı-Moskva-Bakı
XƏBƏR LENTİ
SORĞU