12 noy 11:59musahibe

Azay Quliyev: “İslahatlar vətəndaşlarda ədalət mühakiməsinə olan inamı daha da artıracaq”

Azay Quliyev: “İslahatlar vətəndaşlarda ədalət mühakiməsinə olan inamı daha da artıracaq”Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin üzvü Azay Quliyevin musavat.com saytının məhkəmə-hüquq sahəsindəki islahatlarla bağlı sualını cavablandırıb.

Onunla söhbəti təqdim edirik:

- Azay müəllim, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 2019-cu il 6 noyabr tarixli iclasında “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun müzakirəsi zamanı məhkəmə-hüquq sistemindəki islahatlar geniş müzakirəyə səbəb oldu. Siz də orda çıxış edərək bir sıra təkliflər səsləndirdiniz. Bilmək istərdik ki, məhkəmə-hüquq sistemindəki islahatların gedişini necə qiymətləndirsiniz?

- Bildirməliyəm ki, məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi prosesini biz 2016-cı ildə Konstitusiyaya referendum yolu ilə edilən dəyişikliklərdən sonra müşahidə etdik. Eyni zamanda bu prosesi 2018-ci ilin prezident seçkilərindən sonra bütün sahələrdə həyata keçirilən islahatların tərkib hissəsi də hesab etmək olar.
İslahatların aparılmasında əsas məqsəd Azərbaycan Respublikasının müstəqil məhkəmə sistemini təkmilləşdirmək və yeni dövrün tələblərinə uyğunlaşdırmaqdan ibarətdir. Bu istiqamətdə artıq mühüm addımlar atılıb. Belə ki, məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi çərçivəsində təqdim olunmuş ilk qanunvericilik aktları paketi bu ilin iyul ayında Milli Məclis tərəfindən qəbul edilib. Həmin qanunlar 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Hazırda isə ikinci qanun layihələri paketi Milli Məclisdə müzakirəyə çıxarılıb. Bu qanun layihələri isə vahid məhkəmə təcrübəsinin formalaşdırılması və özəl məhkəmə ekspertizasının təşkili kimi iki əsas istiqaməti əhatə edir. Bununla əlaqədar 12 Qanuna, o cümlədən Mülki Prosessual, Cinayət-Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar məcəllələrinə, “Məhkəmələr və hakimlər haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Dövlət məhkəmə ekspertizası haqqında”, “İnzibati icraat haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunlara dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Qeyd etməliyəm ki, mübahisələrin aradan qaldırılması üçün xüsusi məhkəmələrin yaradılması haqqında qanunvericilik təşəbbüsü də təmin edilib, qanunvericilikdə bu sahədə qaldırılan məsələlər öz əksini və təsdiqini tapıb.

Digər əsas məqamlardan biri də odur ki, məhkəmələrə kənardan hər hansı müdaxilənin, təsirin aradan qaldırılması və cəmiyyətdə hüquqi xarakter daşıyan mübahisələrin, hərəkətlərin və davranışların məhkəmə vasitəsilə obyektiv şəkildə araşdırılması və hüququ pozulan vətəndaşların hüquqlarının bərpa olunmasının daha da önə çəkilməsidir. Bu proses artıq başlayıb.

Dövlət başçısının imzaladığı məlum Fərmandan irəli gələrək müvafiq sahəvi qanunların təkmilləşdirilməsi baxımından da zəruri addımlar atılır. Fərmanın icrası çərçivəsində müvafiq icra hakimiyyəti orqanları tərəfindən ədliyyə və məhkəmə fəaliyyətini tənzimləyən 40-dək normativ aktın layihələri hazırlanıb, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə yeni ixtisaslaşmış məhkəmələrin yaradılması ilə bağlı yeni qanun qəbul olunaraq kommersiya və həmçinin inzibati məhkəmələr təsis edilib.

Ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında hakimlərin ixtisaslaşmasına mühüm əhəmiyyət verilərək onların konkret sahələr üzrə, o cümlədən iqtisadi və maliyyə məsələlərinə, qanunvericilikdəki yeniliklərə və digər mövzulara dair tədris tədbirlərinə cəlb olunması təmin edilir. Bundan əlavə, hakimlərin iş yükünün azaldılmasına xidmət edən məqsədyönlü tədbirlər görülüb, o cümlədən məhkəmə baxışının tezliyinin təmin olunması məqsədilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat proseduru təsbit olunub, iqtisadi mübahisələr üzrə icraatın yalnız elektron qaydada - "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə aparılması, habelə həmin işlər üzrə məhkəmə proseslərinin fasiləsiz audio-video yazılışı təmin edilib, mübahisəsiz pul və əmlak tələbləri ilə bağlı işlərin məhkəmədən kənar, elektron qaydada notariusun icra qeydi ilə asan həlli imkanı yaradılıb, icra icraatı üzrə xitam və dayandırma səlahiyyətləri icra məmurlarına verilib.

Onu da qeyd etmək vacibdir ki, Fərmanın icrası üzrə görülən işlər beynəlxalq aləmdə də təqdir olunur, o cümlədən Dünya Bankının "Doing Business 2020" hesabatında yeni ixtisaslaşmış məhkəmələrin yaradılması, məhkəmə fəaliyyətinin rəqəmsallaşdırılması, elektron məhkəmə sisteminin təkmilləşdirilməsi, mediasiya institutunun tətbiqi üzrə görülən tədbirlər müsbət nəticələr kimi əks olunmuşdur.

Mübahisələrin məhkəmədən kənar həlli vasitələrinin genişləndirilməsi məqsədilə mediasiya institutunun ölkəmizdə tətbiqi ilə bağlı yeni qanunun qəbulunu ayrıca qeyd etmək zəruridir. Növbəti ildən tətbiq ediləcək "Mediasiya haqqında" Qanunun implementasiyası ilə əlaqədar müvafiq icra hakimiyyətləri tərəfindən çoxsaylı normativ sənəd layihələrinin hazırlanaraq qəbul olunması, Mediasiya Şurasının yaradılması, mediasiya üzrə təlimçilərin, mediatorların hazırlanması, hakimlərin bu sahədə təlimatlandırılması, əhatəli maarifləndirmə tədbirlərinin təşkil olunması və s. ilə bağlı mühüm addımlar atılıb.

Qeyd olunanlardan əlavə apelyasiya və kassasiya instansiyası məhkəmələrinin kollegiyalarında müəyyən kadr islahatlarının aparılması da bütün səviyyələrdə məhkəmə işinin yüksək şəkildə qurulmasına istiqamətlənib. Bir sözlə, hakimlərin iş yükünün azaldılması və məhkəmə fəaliyyətinin keyfiyyətinin artırılması məqsədilə Fərmanla hakimlərin ştat sayının 200 vahid artırılması mühüm əhəmiyyət kəsb edir.

Bununla yanaşı, məhkəmələrdə süründürməçilik və digər mənfi hallara qarşı hər zaman qəti tədbirlərin görüldüyünü, Məhkəmə-Hüquq Şurası tərəfindən son illər 200 hakim barəsində intizam icraatının başlanıldığını, 130 hakimin qanunvericiliklə nəzərdə tutulmuş müxtəlif əsaslarla fəaliyyətinin qeyri-məqbul qiymətləndirilməsini və səlahiyyət müddətinin uzadılmamasını, habelə intizam qaydasında, o cümlədən korrupsiyaya şərait yaradan hüquqpozmalara yol verdiklərinə görə bir çox hakimin məhkəmə sistemindən kənarlaşdırılmasını yeni dövrə transformasiyanın tərkib hissısi kimi də qəbul etmək olar.

Hesab edirəm ki, bütün bu görülən müsbət işlərlə yanaşı hakim korpusunun əmək haqqının artırılması, hakimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan digər addımlar islahatların kompleks şəkildə aparıldığını bir daha təsdiq edir.

Fikrimcə məhkəmə-hüquq sistemi ilə bağlı islahatlar nəzərdə tutulan plan üzrə həyata keçirilir və qarşıdakı dövrdə biz bu sahədə yeni qərarların qəbul olunacağını da görəcəyik. İnanıram ki, bu islahatlar vətəndaşlarda ədalət mühakiməsinə olan inamı daha da artıracaq və bütün narahatedici məqamları aradan qaldıracaq.
Bununla yanaşı mövcud problemlər ciddi şəkildə araşdırmalı, vətəndaşarı narazı salan bütün məqamlar aradan qaldırılmalı, Avropa İnsan Hüquları Məhkəməsinin ölkəmizə qarşı çıxartdığı qərarlar təhlil edilməli və buna səbəb olan halların qarşısını almaq üçün təsirli addımlar atılmalıdır.

Sonda isə onu da vurğulamaq istərdim ki, məhkəmə hüquq islahatları haqqında mütəmadi məlumatların ictimaiyyətə verilməsinə və bu mövzuda mütəmadi ictimai dinləmələrin keçirilməsinə ciddi ehtiyac var.

Musavat.com
XƏBƏR LENTİ
13-12-2019, 11:17
SORĞU