18 sen 22:34musahibe

Gültəkin Hacıbəyli nələr edib? - Keçmiş əri danışdı

Gültəkin Hacıbəyli nələr edib? - Keçmiş əri danışdıNəsimi Rayon Məhkəməsi sabiq deputat Gültəkin Hacıbəyli ilə keçmiş qayınanası Nəhayət Məmmədova arasında 6 ildir davam edən 50 min dollarlıq borc mübahisəsi ilə bağlı qərar verib. Qərara əsasən, Gültəkin Hacıbəyli keçmiş qayınanasına 85 min manat ödəməlidir. Həmçinin, Nəhayət Məmmədovanın şikayəti əsasında Gültəkin Hacıbəyliyə məxsus “Leksus LX 570” və “Toyota Avalon” markalı iki bahalı avtomobilinə, eləcə də deputatlığı müddətində ona verilən mənzilinə həbs qoyulub.

Bu məsələdə həm mənəvi, həm də maddi zərbə alan G.Hacıbəylinin keçmiş həyat yoldaşı Mahmud Mehdiyev Axar.az-a müsahibə verib. Sözügedən müsahibəni təqdim edirik:

- Mahmud bəy, Gültəkin Hacıbəyli ilə ananız Nəhayət Məmmədova arasında 6 ildir davam edən 50 min dollarlıq borc mübahisəsi ilə bağlı dünən qərar verildi. Bu barədə danışmağınızı istərdik...

- 50 min dolları bizə Gültəkinə deputat kimi hədiyyə verilən evin təmiri üçün anam vermişdi. Sonra da biz o pulu anama qaytaracaqdıq. Məhkəmədə evi təmir edən ustalar da gəlib izahat veriblər. O ustalar bizim evləri dəfələrlə təmir etmiş insanlar idi. Məhkəmədə onlar da gəlib təsdiqlədilər ki, onlara biz pul vermişik. Mən özüm ustalarla birgə gedib o pula təmir üçün lazım olan hər şeyi alıb, Gültəkinə evlilik müddətimizdə verilən evi təmir etmişik. Ustalar dəqiqliklə hansı materialdan nə qədər alınmalı olduğunu özləri deyirdi. Evin təmiri başa çatandan sonra Gültəkin oranı hansısa xarici şirkətin nümayəndəsinə kirayəyə verdi. Biz o evdə yaşamamışıq. Bilirəm ki, indi də Gültəkin o evdə yaşamır. Kimlərin orda kirayə qaldığını isə bilmirəm.

- Ananızın şikayəti əsasında Gültəkin Hacıbəyliyə məxsus "Leksus LX 570" və "Toyota Avalon" markalı iki bahalı avtomobilinə də həbs qoyulub. Bu əmlaklar onun sizinlə evlilik müddətində aldıqlarıdırmı?

- Biz evli olanda Gültəkinin başqa avtomobili var idi. Mənzil isə bizim birgə nikahda olduğumuz müddətdə ona deputat olduğu üçün verilən və mənim anamın verdiyi pulla təmir edilən evdir. Hazırda həbs qoyulan avtomobillər Gültəkinin sonradan əldə etdiyi maşınlardır. Ancaq onu da qeyd edim ki, o avtomobilləri deputat olduğu müddətdə almışdı.

- Gültəkin Hacıbəyli ilə uzun müddət oğlunuzla bağlı da problemlər yaşamışınız. Hər açıqlamasında bildirir ki, siz oğlunuzu görməkdə maraqlı olmamısınız.

- 2013-cü ildə oğlumla görüşməklə bağlı məhkəmə qətnamə çıxardı və görüşməyimlə əlaqədar vaxtı uzatdı. 2007-ci ildə görüşlə bağlı qətnamə var idi. Ancaq Gültəkin oğlumla görüşümüzə imkan vermirdi. Bu səbəbdən 2013-cü ildə yenidən bununla bağlı məhkəməyə müraciət etdim və bu reallaşdı. Mən də əlavə görüş vaxtının artırılması ilə bağlı məhkəməyə iddia verdim və bununla da görüş vaxtı artırıldı. Çünki o vaxt oğlumla görüş həftədə bir dəfə təyin edilmişdi. Müraciətimdən sonra 3 dəfəyə qədər qaldırıldı. Ancaq bu görüşlərdə əvvəllər uşaq özünü normal aparırdı, münasibətimiz də normal idi. Sonradan anasının təsiri altında qeyri-adi rəftar etməyə başladı. Qışqırırdı, söyürdü, başını divara vururdu. “Səni istəmirəm”, “gəlmə”, “görüşmək istəmirəm səninlə” deyirdi. Mən bu görüşlərin uşağa xeyiri olmadığını görüb məcbur qalıb görüşmədim. Gültəkin də bunu əlində əsas tutaraq məlumat verdi ki, guya mən özüm ərizə yazaraq işim çox olduğu üçün uşaqla görüşlərdən imtina etmişəm. Hətta ərizənin şəklini də yaymışdı. Ancaq mən uşağın mənafeyindən çıxış edərək onu yazmağa məcbur olmuşdum. Çünki görüşlər zamanı görürdüm ki, uşaq ananın təsiri altında olduğu üçün heç bir səbəbsiz qışqırır, məni istəmir. Bunun ona daha da pis təsir edəcəyini düşünərək belə addım atmışdım. Mən yaza bilməzdim ki, uşağım ananın təsiri altında olduğuna görə özünü dəliliyə qoyub deyə, mən onunla görüşdən imtina edirəm.

- Oğlunuzla olan münasibətinizi yaxşılaşdırmaq üçün nə isə etmək fikriniz varmı? Qeyd etdiniz ki, anasının təsiri altında uşaq özünü qəribə aparır. Sizcə, uşağınız təhlükə altında ola bilər?

- 2015-ci ildə 10 yaşı var idi və ananın təsiri altında olurdu. Bu səbəbdən də məni dinləmək istəmirdi, dinləyə bilmirdi. Ancaq indi o, bir yetkin insandır. Onunla görüşüb hər şeyi izah edə bilsəm, düşünürəm ki, məni başa düşər. Dərslərin açılmasını gözləyirdim ki, onunla görüşə bilim. Mən bir dəfə oğlumla danışmağa cəhd göstərmişdim. Gültəkin bununla bağlı şikayət etmişdi ki, mən zəng edərək onu öldürməklə hədələyirəm. Onun şər-xəta, böhtançı biri olduğuna görə nə isə addım atmağa ehtiyat edirəm.

- Gültəkin Hacıbəyli hər açıqlamasında bildirir ki, uşaq balaca olduğu vaxtlarda da siz onu görmək istəməmisiniz. Belə açıqlamalara səbəb nədir?

- Bunlar hamısı onun uydurduğu yalanlardır. Mənim əlimdə bütün məhkəmə sənədləri var. Biz evli olduğumuz müddətlə uşağı evdən götürərək çıxıb gedən Gültəkin olub. Mən ailəmi tərk etməmişəm ki! Biz heç boşanmamışdıq, rəsmi nikahımız pozulmamışdı, amma o, evdən getdi və uşaqla görüşməyimə imkan vermədi. Səbail Rayonu İcra Hakimiyyətinin Qəyyumluq komissiyasının rəyi də olmuşdu ki, uşaq valideynlərindən birinin himayəsinə verilmədən hər hansısa valideynin həmin uşağı götürüb digəri ilə görüşdürməməsi tam qanunsuzdur. 2005-ci ildən mən bununla bağlı mübarizə aparıram. Ərizə vermədiyim yer, qurum qalmayıb. Lakin o, uzun müddət millət vəkili statusundan istifadə edərək mənim müraciət etdiyim qurumlara təsir edirdi. Qəyyumluq komissiyasına Milli Məclisin blankında məktub yazırdı ki, görüş vermək istəmirəm. Oğlumla həftədə bir dəfə 1 saat yarım görüş təyin etmişdi məhkəmə. Gültəkin bununla bağlı apellyasiya şikayəti vermişdi. Həftədə 1 dəfə, 1,5 saat görüşə də etiraz edirdi. Şikayət edəndə də bunu əsaslandıra bilmirdi. Sadəcə məhkəmələrə şikayət etməklə vaxt qazanırdı. Bu vaxt ərzində də uşağı məndən soyudurdu. Daha sonra uşaq mənlə görüşmək istəmədi.

- Uşağın ana ilə birgə ölkə sərhədindən kənara çıxması ilə bağlı da müraciətiniz olmuşdu. O iş hazırda nə yerdədir?

- Gültəkin deputat olduğu vaxtlarda bir neçə dəfə uşaqla xaricə gedə bilmək üçün mənə müraciət etmişdi, mən özüm buna şəxsən icazə vermişdim. Ancaq sonradan mənim uşaqla görüşməyimə imkan vermədiyi üçün ona bildirdim ki, mənə bir də uşaqla görüşməyə icazə verməsən, mən də adekvat addımlar atacam. Ondan sonra da Sərhəd Xidmətinə gəldim və bildirdim ki, verdiyim ərizəni qüvvədən düşmüş hesab etsinlər və mənim icazəm olmadan övladımın anası ilə sərhədi keçməsinə imkan verməsinlər. Mən belə müraciət etdiyim vaxt o özü xaricdə səfərdə idi. Ölkəyə gəldiyi vaxt demişdilər bunu ona. Mən bildirmişdim ki, sən uşağı aparıb qaytarmayacaqsan ölkəyə. Ona görə belə addım atıram. O da bildirmişdi ki, mənim uşağım sərhədi keçəcək, o, heç səni ata kimi tanımır. Hətta bildirmişdi ki, uşağın ad, soyadını dəyişəcəm və o, istədiyi ölkəyə gedə biləcək.

- Gültəkin Hacıbəyli ilə ayrılma səbəbiniz barədə heç vaxt danışmamısınız. Bu ayrılığa səbəb nə olub?

- Bu barədə danışmaq istəmirəm, bu, ailə məsələsidir. Mən onunla bağlı nə şikayət etmişəmsə, o bizim evdən çıxıb gedəndən sonra mənə qarşı elədiklərinə görə olub. Ailəli olduğumuz müddət ərzində nə olubsa, mənim bu barədə danışmağım düzgün olmaz, heç danışmaram da. Bir onu deyirəm ki, ailəmi mən dağıtmamışam. Mən ancaq övladımla bağlı, boşandıqdan sonra mənə qarşı etdiklərinə əsasən şikayət etmişəm.

- Oğlunuzun sizin valideynlərinizlə münasibəti necədir?

- Oğlum 15 yaşına yaxınlaşsa da, anasının təsiri altındadır. Mən nə vaxt görüşə getmişəmsə, məni tanımadığını deyib. Övladım mənə deyir ki, sizin kimi qohumlarım yoxdur. O, ananın təsiri altındadır. Kim bilir, ona bizim haqqımızdan nələr deyilir ki, uşaq bizi görmək istəmir.
XƏBƏR LENTİ
SORĞU