06 sen 16:22musahibe

“ABŞ üçüncü tərəf olaraq çoxdan Cənubi Qafqazda yerləşib”

“ABŞ üçüncü tərəf olaraq çoxdan Cənubi Qafqazda yerləşib”Son zamanlar Türkiyə ilə Rusiya arasında münasibətlər çox yaxşı vəziyyətdədir. Baxmayaraq ki, tarixən bu iki ölkə arasında dəhşətli müharibələr gedib, amma yeni dövrümüzdə proseslər müsbətə dəyişməkdədir. Hər halda görüntü bunu deməyə əsas verir. NATO-nun subyekti olmasına baxmayaraq türkiyənin Yaxın Şərqdə geopolitik prosesləri ABŞ-la deyil, məhz Rusiya ilə birlikdə idarə etmək istəməsi nə ilə bağlıdır? Bəziləri düşünür ki, bəzi xırda səbəblər üzündən Türkiyə, necə deyərlər, NATO-nun səddini aşaraq ABŞ-a xəyanət edir, bəziləri isə belə hesab edir ki, Ərdoğanın rəhbərliyi altında güclənmiş Türkiyə artıq özü qlobal siyasi-hərbi aktyor olmaq əzmindədir və proseslər də buradan qaynaqlanır.

Tanınmış çeçen politoloq Saslanbek İsayevlə bu suallara cavab tapmağa çalışdıq. Buyurun, oxuyun:

- Mənə görə artıq dünyada sabit ittifaqlar yoxdur. ABŞ başda olmaqla böyük dövlətlər və arxalarınca gedən zəif ölkələr yoxdur. Yeni dünya qaydalarına əsasən, necə deyərlər, hər kəs ayağını yorğanına görə uzadır. Bu gün hər bir ölkənin öz milli maraqları var və siyasətini buna görə müəyyənləşdirir. Türkiyə xəyanət etmədiyi üçün bu tərz xarici siyasəti şərh eləmək də yanlışdır. Bu gün dünyamızda güclü və zəif dövlətlər var və onların ortaya qoyduqları özlərinə məxsus davranışları mövcuddur. Türkiyə güclü olmaq üçün çalışır. Məncə bunu çöx uğurla edir və məqsədinə çatacaq.

- Kimlərsə rus qırıcısının vurulmasından sonra soyuqlaşan Türkiyə- Rusiya əlaqələrini daha da pisləşdirmək üçün Rusiyanın Ankaradakı səfirinə sui-qəsd törətməklə müharibə vəziyyəti yaratmaq istədisə də, biz bunun əksini gördük. Hətta bu iki dövlət az qala müttəfiq səviyyəsinədək yaxınlaşdılar. Sizcə bu əlaqələr haradək inkişaf edə bilər, Ankara ruslarla birlikdə Yaxın Şərqdəki maraqlarını qoruya, Suriya, İraq məsələsində Moskvaya güvənə, PKK problemini çözməkdə, iqtisadiyyatını, müdafiə sənayesini gücləndirmək və digər sahələrdə Rusiyadan dəstək ala biləcəkmi?

- Hesab edirəm ki, türk siyasətçilər xarici siyasətdə kimlərəsə güvənmək kimi xəta edərsə, itirən tərəf olacaq. Xüsusilə son 12 il ərzində inam deyə bir şeyin olmadığını bizə Gürcüstan və Ukrayna misalları sübut edib. Türkiyə Rusiya ilə əlaqələrini planlaşdırdığı seviyyədə inkişaf etdirməliidr. PKK kimi terror problemlərini çözməkdə də qərarlı davranması lazım olduğu kimi, Rusiyanın bu cür məsələləri necə həll etməsindən örnək götürə bilər. Əlbəttə, zorakılıq müstəvisində Rusiyadan örnək götürməməlidir. Amma bu bir faktdır ki, terror problemlərinin həlli prosesində Rusiya çox yaxşı təcrübəyə malikdir. Yenə deyirəm, Türkiyə dövlət olaraq bütün hallarda özünə güvənməlidir. Əgər böyük güclərlə uğurlu siyasət qura bilsə, Türkiyə yaxın gələcəkdə digər qlobal siyasi aktyorlarla da istədiyi kimi əlaqə quracaq. Yaxın Şərqə gəlincə, Türkiyə burada gəlir götürməkdən daha çox humanitar siyasət yürüdür. Türkiyənin Yaxın Şərq siyasətinin məğzi terrorun birdəfəlik aradan qaldırılması, İraq və Suriyanın ərazi bütövlüyünün qorunması, sülh və sabitliyin bərqərar olmasından ibarətdir. Bu problemlər həll olunduğu təqdirdə Türkiyə razı qalacaq.

- ABŞ-ın Yaxın Şərqdə möhkəmlənməsinin qarşısını almaq, digər yandan da İran məsələsində fikirləri üst-üstə düşən Ankara ilə Moskvanın yaxınlaşması Azərbaycan torpaqlarının bir vaxtlar elə Rusiyadan dəstək alaraq işğal edən Ermənistanın əsarətindən qurtulmasına səbəb ola bilərmi? Rusiya Türkiyənin təsisi altında Ermənistanı Azərbaycan torpaqlarından çıxmağa məcbur edə bilərmi?

- Türkiyə Qarabağ məsələsində qeyd-şərtsiz Azərbaycanın arxasında durur. Rusiya isə Ermənistanla bağladığı müqavilələrə sadiqdir. Şəxsən mən Qarabağ probleminin sülh yolu ilə həll olunacağına inanıram. Bu səbəbdən də burada güman səsləndirməyim mümkün deyil.

- Rusiyanın cənub sərhədlərində yerləşən müstəqil türk dövlətləri və Rusiya Federasiyası daxilində yerləşən türkdilli respublikaların gündən-günə böyüyərək güclənməsi, Moskvanı Türkiyə və digər türkdilli ölkələrlə daha mehriban davranmağa məcbur edə bilərmi? Bəlkə Putin bunları anladığı üçün türklərlə yaxından əlaqələr qurmağa məcbur olur?..

- İndiki məqamda Rusiya dövləti çox güclüdür. Putin isə hər zaman dövlət maraqlarını qoruduğunu açıq-aşkar dilə gətirir. Bu səbəbdən də Rusiya Federasiyası daxilindəki türkdilli respublikalardan hansısa məsələdə sui-istifadə edilməsi mümkün görünmür. Məncə Rusiya türkləri qalmaqallı məsələlər istisna olmaqla əlaqələrin inkişafında vacib rol oynaya bilərlər. Həm də bu əlaqələr nə qədər çox inkişaf edərsə, hər iki dövlət nə qədər çox problemi dilə gətirərsə, maraqların nə olduğunu açıq-aşkar ortaya qoyarsa və bütün bunları müzakirə edərsə, bir o qədər faydasından yararlanarlar.

- İndiki qarmaqarışıq siyasi münasibətlər prizmasından baxtdğımızda, məsələn, 2023-cü ildə - Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü olacaq – Rusiya – Türkiyə, Rusiya – Azərbaycan və bu ölkələrin əlaqələri fonunda ABŞ – Türkiyə və ABŞ – Azərbaycan münasibətlərini necə şərh etmək olar?

- Mənə görə, ABŞ üçüncü tərəf olaraq çoxdan Cənubi Qafqazda yerləşib. Bölgənin siyasi aktyorları bəyənsə də, bəyənməsə də, bu belədir. Fikrimcə daha 5-10 il ərzində ABŞ indiki şəkildə bölgəyə yerləşməyə davam edərsə, burada real gündəmi də Vaşinqton təyin edəcək. Qalan ölkələr isə gündəmə uyğun addım atacaqlar. Rusiya və Türkiyə artıq burada, necə deyərlər, ABŞ-la birlikdə yaşamağa alışmalıdır. Sizin sualınıza cavab olaraq da, bayaq dediyim kimi, hadisələr ABŞ-ın yaratdığı gündəmə görə dəyişəcək. Əgər ABŞ isətəsə ki, burada sabitlik olsun, olacaq, yox istəmədi, hətta Suriya və İranla münasibətlərinin bənzərinin yaranması da mümkündür. Ən vacibi odur ki, ABŞ bölgə ölkələrindən daha çox, Rusiya və digər böyük dövlətlərlə oynayacağı şahmatın gedişindən asılı olaraq burada siyasi gündəmi yaradacaq.

Vüsal Tağıbəyli
XƏBƏR LENTİ
SORĞU