21 iyn 14:50musahibe

“Çoxlu yaralılar var, hökumət istefa verəcək” - Gürcüstanlı deputat

“Çoxlu yaralılar var, hökumət istefa verəcək” - Gürcüstanlı deputatGürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanovla müsahibəni təqdim edirik:

- Azər müəllim, Gürcüstanda, konkret olaraq Tbilisidə nə baş verir?

- Mən Gürcüstan spikeri ilə birlikdə Bakıda səfərdə idim. Bakını səhərə yaxın tərk etmişəm, artıq Gürcüstandayam. Əslində biz bu gün cənab Prezident İlham Əliyevlə, baş nazir Novruz Məmmədovla və digər yüksək səviyyəli şəxslərlə görüşməli idik. Ancaq Tbilisidə olan bu hadisələrə görə gecə geri qayıtdıq. Artıq demək olar ki, İrakli Kobaxidze parlamentin sədri deyil. Çünki “Gürcü Arzusu” Partiyası artıq istefaya hazırlaşmalıdır. Dünən Gürcüstan parlamentində baş verən hadisələrə görə onların ölkəni idarə etməyə mənəvi haqqı yoxdur.

- Konkret olaraq bu gün üçün nə gözlənilir?

- Bu gün axşam saat 19:00-da aksiya olacaq. Artıq aksiya təyin edilib. Bu aksiyalar parlamentin sədri, baş nazir istefaya gedənə qədər davam edəcək. Bu hadisədə əli olan hər bir cinayətkar öz cəzasını almalıdır. Çünki çoxlu sayda yaralılarımız, həbs edilən insanlar var. Hakimiyyətin özü təxribat edərək, guya polisə hücum edildiyi mənzərəsini yaradıb. Hansı ki, polisə hücum edən elə polisin öz adamları olub. Beləcə aranı qarışdıraraq insanlara qarşı zor tətbiq etmək üçün əsas əldə ediblər. Amma bu keçməz. İndi Gürcüstanda qeyri-stabil vəziyyət var. Torpağının 20 faizi işğal edilsin və işğalçı dövlətin deputatı gəlib sənin parlamentində əyləşərək, rus dilində iclas aparsın və buna hökumətdən heç kim səsini çıxarmasın. Bu, Gürcüstan uğrunda savaşıb şəhid olan insanların xatirəsinin təhqir edilməsi deməkdir. Artıq ölkə əhalisi ayaqdadır. Dünən axşam küçələrə 50 minə qədər insan çıxmışdı. Bu gün isə daha çox insanın mitinqə gələcəyini gözləyirik. Artıq bu prosesin qarşısını heç kim ala bilməz.

- Ancaq daxili işlər naziri bəyan edib ki, baş verənlərə görə istefaya hazırdır...

- Bəli, daxili işlər naziri bəyan edib ki, istefa verməyə hazırdır. Ancaq bizə indi hökumətin mövqeyi o qədər də maraqlı deyil. Artıq hökumət yoxdur, ölkəni qeyri- legitim formada idarə edən cəmi bir oliqarx var və bu da Bidzina İvanişvilidir. O, Rusiyanın oliqarxıdır. Əhali də buna qarşıdır. Bir neçə günə hökumət qərarını verməlidir. Hökumət ya istefa verməlidir, ya da yeni parlament seçkiləri keçirilməlidir.

- Hazırda Tbilisi küçələrində etirazlar varmı?

- Yox. İnsanlar gecə etiraz ediblər. Sonra polis aksiyaya qarşı zor tətbiq edib. Biz bilmirik ki, xəstəxanalarda nə qədər yaralılarımız, var, habelə nə qədər insan həbs edilib. Bu gün saat 19:00-da aksiya olacaq.

- Bu aksiyaların təşkilatçısı varmı, varsa, hansı qurumdur?

- Bu aksiyaların təşkilatçısı siyasi mövqeyindən asılı olmayaraq, Gürcüstan əhalisidir. Dinindən, irqindən asılı olmayaraq, hər kəs indiki hökumətə qarşı birləşib. Sözsüz ki, təşkilatçılardan biri də sabiq prezident Mixail Saakaşvilinin partiyası və müttəfiqləridir. Ancaq əksər müxalif partiyalar bu prosesdə iştirak edir və hamı bir yerdədir.

- Bu gün aksiyalar hansı şüarlarla keçirilir?

- Açığı şüarlar haqqında məlumatlı deyiləm. Mən bir neçə saatdır Gürcüstana gəlmişəm və hazırda partiya qərargahına gedirəm. Onu deyə bilərəm ki, bu işin sonuna qədər gedəcək və mübarizəmizi dayandırmayacağıq.

- İvanişvilinin bu məsələlərlə bağlı mövqeyi açıqlanıbmı?

- Gəmi batdıqca günahı hakimiyyət komandasına yükləyir, deyir, belə olmamalı idi və s. Amma gürcü xalqının İvanişviliyə heç bir inamı qalmayıb.

- Daxili işlər nazirinin istefası əhalini sakitləşdirə bilərmi?

- Onun istefası gündəmdə var. Özü istefaya hazırdır, amma bununla heç nə həll olunmur. Əhali hökumətin istefasını istəyir. Dünən insanlar polislə qarşıdurmaya getmək istəməyib. Ancaq polisin qara qüvvələri polisə daşı atıb və bununla da həbslərə, zor tətbiq etməyə başlanıb. Əgər polis aksiyaya sadəcə, nəzarət etsəydi, vəziyyət bu həddə çatmazdı. Polisdən də yaralananlar olub. Saat 12:00-da açıqlama olacaq. Görək rəsmi informasiya nədən ibarət olacaq və hökumət nə deyəcək. Əslində hökumətin konkret mövqeyi yoxdur. Ümumiyyətlə, 2012-ci ildən sonra konkret oliqarxın mövqeyi var və onun sözünü də hökumət deyir. Əsas məqsəd ölkəni talamaq, öz ciblərini doldurmaqdır. Son hadisələrlə bağlı konkret mövqe yoxdur. Sadəcə baş nazir çıxış edərək, deyib ki, günahkarlar cəzalanacaq, bu iş belə getməyəcək. Sonra da beynəlxalq qurumlara müraciət edib.

- Rusiyalı deputatın Gürcüstan parlamentinin spikerinin masasında əyləşərək, iclas aparması faktı necə olub, normalda bu prosedur qaydadır, ya necə?

- Bu, qeyri-adi faktdır. Gürcüstanın daxili işlər naziri Rusiya vətəndaşıdır, orada bizneslə məşğul olub. İvanişvili özü də Rusiya vətəndaşıdır. Bu gün ölkəni idarə edənlər Rusiyaya yaxın qüvvələrdir. Bütün bunlar bəs etməyibmiş kimi 1990-1991-ci illərdə Abxaziyada Gürcüstana qarşı vuruşan rus deputat bu gün Gürcüstan parlamentinin spikerinin məqamında oturub və iclası rus dilində aparıb. Bu fakt Gürcüstan dövləti və əhalisi üçün təhqiredici bir haldır. Əhalimiz də ayağa qalxaraq, öz münasibətini ortaya qoyub. Əslində əhalini imtahana çəkərək, reaksiyasını yoxlamağa çalışıblar. Əhali də onlara münasibətini ifadə edib. Bu çox biabırçı bir hadisədir və buna görə cavab verməli olacaqlar.
teleqraf.com
loading...
XƏBƏR LENTİ
Bu gün, 13:11
13-07-2019, 09:25
SORĞU