07 iyn 17:25musahibe

Aprel döyüşlərini təkrarlamaq lazımdır - ALDP sədri

Aprel döyüşlərini təkrarlamaq lazımdır - ALDP sədriAvrasiya.net Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin Versus.Az-a müsahibəsini təqdim edir:

- Fuad bəy, Vaşinqtona bir həftəlik səfərinizdən və Dövlət Departamentində, Konqresdə gərgin iş rejimində keçən maraqlı görüşlər barədə mətbuata qısa məlumat vermisiniz. Bilmək istərdik, bu səfəri kim təşkil etmişdi və məqsəd nə idi?

- Mən ildə bir neçə dəfə Amerikada olan ictimai-siyasi təşkilatların, departamentin keçirdiyi tədbirlərə dəvət alıram. Bu sırada əvvəllər Azəbaycanda fəaliyyət göstərib sonradan bağlanan fondlar, qeyri-hökumət təşkilatları, Konqres nümayəndələri, eləcə də yeni tanış olduğum ictimai-siyasi təşkilatlar var. Orada bizim partiyanın Azərbaycan Xalq Hərəkatının təsisçisi və üzvü olduğumu bilirdilər.

Xalq Hərəkatı ilə bağlı yeni məlumatların toplanması baxımından belə bir görüşdə iştirakım onlara maraqlı idi. Konqresdə bir neçə görüşlər keçirildi. Respublikaçılar və Demokrat Partiyasının konqresmenləri ilə olan görüşlər 2 istiqamətdə - partiyamızın işi, AXH-nin yaranması və məqsədləri, fəaliyyəti ilə bağlı müzakirələr oldu. Hər bir görüşdə partiya və təsisçisi olduğum təşkilatla bağlı verilən suallara ətraflı cavablar verildi, Azərbaycandakı ictimai-siyasi vəziyyət, insan hüquq və azadlıqları müzakirə olundu. Xalq Hərəkatı onlar üçün yeni bir qurum olduğuna görə, suallar əsasən onun ətrafında verildi.

- Amerika cəmiyyətini Azərbaycanla bağlı daha çox hansı suallar maraqlandırırdı?

- Təbii ki, görüşlərdə tanış olduğumuz yeni simalar üçün Azərbaycanda gedən proseslər çox maraqlı idi. Ümumiyyətlə, əksəriyyət Azərbaycanda gedən proseslərdən məlumatsız idi. Amma digər dostlarımızla keçirdiyimiz görüşlərdə təbii ki, onlar müəyyən məsələlərlə bağlı məlumatlı idilər və prosesin hansı istiqamətdə inkişaf etməsi, daxildə son günlərdə gedən prseslərlə maraqlanırdılar.

- Amerikaya səfəriniz çərçivəsində Qarabağ məsələsi nə dərəcədə müzakirə olundu?

- Qarabağ məsələsi iştirak etdiym bütün görüşlərdə ən əsas məsələ kimi qoyulub. Mən çalışıram ki, belə səfərlərə Qarabağ həqiqətlərini açan tarixi ədəbyyatlarla gedim. Bu mənada Konqresdə yeni simalarla tanış olanda buradan apardığım kitabları onlara təqdim etdim. Eyni zamanda səfərim 28 may gününə təsadüf etdiyi üçün apardığım Azərbaycan bayraqlarını amerikalılara hədiyyə etdim. Belə demək mümkünsə, bununla da 28 may günü Amerikada Bayraq Aksiyayası keçidim. Qeyd etməliyəm ki, istər təqdim etdiyim kitablar, istərsə də bayraq aksiyası amerikalılar tərəfindən böyük maraqla qarşılandı.
İstənilən görüşlərdə birinci növbədə Qarabağ məsələsini qaldırıram və Azərbaycan xalqının haqlı mövqeyini çatdırıram.

Tədbirlərdə bildirirdim ki, 25 ildən çox gedən danışıqlar nəhayət yekun nəticəyə varmalıdr. Bu olmasa, danışıqları dayandırıb öz hüququmuzdan istifadə edərək işğal atında olan torpaqlarımızı azad etməliyik.

- Qarabağla bağlı bu çıxışlar necə qarşılanırdı?

- Təbii ki, Amerika ATƏT-in Minsk Qrupunda olan həmsədr dövlət kimi sözsüz ki, çalışırdılar ki, sülh platformasını müdafiə etsinlər. Amma hər bir xalqın, hər bir millətin öz hüququ var və onu qorumalıdır. Görüşlərdə izah edirdim ki, işğal altında olan torpaqlar tarix boyu Azərbaycan torpaqları olub. Müəyyən məlumatlardan sonra amerikalılar bildirdilər ki, torpaqların işğaldan azad olunması üçün hər bir xalq öz hüququndan istifadə edə bilər.

- ABŞ-ın region, Qafqaz "sevgisi" Qarabağ münaqişəsinin ədalətli həllində maraqlı olmadıqlarını dəfələrlə ortaya qoyub. Sizcə, bu onların Azərbaycan məsələsinə ədalətli yanaşmalarını təmin edə bilərmi və keçirilən görüşlərdə özünü necə biruzə verdi?

- Təbii ki, onların Azərbaycan və Qafqazla bağlı ö strategiyası var. Onlara lazımdır ki, regionda stabillik olsun və dövlət bunun qarantını öz üzərinə götürüb. Amma hazırki şəraitdə bu bizim millətimizin istəyi ilə üst-üstə düşməyən bir strategiyadır. Bu məsələdə də fikirlərimi bildirdim. Biz başa düşürük ki, Amerikaya regionda stabillik lazımdır ki, bağlanan neft, qaz kantraktları işləyə bilsin və stabil şəkildə ixrac olunsun. Bildirdim ki, Amerikanın neft maraqlarından dolayı bizdə demokratiya qurulmur və torpaqlarımızı işğaldan azad edə bilmirik. Amerikanın regonda stabillik yaradaraq neft, qaz layihələrinin işlənməsində daha maraqlı olması bizim həm torpaqlarımızı işğaldan azad etməyimizə maneə yaradır, həm də demokratiya qura bilmirik. Biz sülh platforması çərçivəsində qalmışıq, demokratikləşmə getmir, siysi məhbuslar var, demokratik fikir boğulur. Bildirdim ki, biz müxalifət partiyaları olaraq hesab edirik ki, neftə qaza görə ən ali dəyərlərimizi qurban verməməliyik. Əksinə, demokratik qüvvələr hakmiyyətə gələrsə, bağlanan kontraktları o zaman işlək edəcək ki, bu, xalqın mənafeyinə qarşı olmasın. Bu istiqamətdə apardığımız fikir mübadilələri də maraqla qarşılandı.

- Daha böyük güclərin, beynəlxalq aləmin münaqişənin hərb yolu ilə həllinə maneə törətməsi ilə bağlı fikirlərə münasibətiniz nə olacaq?


- Qarabağ məsələsində həmsədr dövlətlər maraqlı deyil. Həmsədrlər münaqişənin həlli ilə bağlı bir sıra təkliflə çıxış ediblər. Bütün hallarda əsas söz sahibi olan Azərbaycan hakimiyyətidir. Azərbaycan hakimiyyəti öz tərəfindən qəti şəkildə bir fikir, mövqe qoymalıdır. Ermənistan öz təxribatından əl çəkmir. Azərbaycan hansısa təkliflə çıxış edəndən sonra, tutaq ki, 7 rayon qayıdandan sonra Qarabağın statusunun müəyyənləşməsi ilə bağlı razılıq veriləndən sonra Ermənistan dərhal hakimiyəti dəyişir. Belə ki, Ter Petrosyan, Köçəryan, Sarkisyan yerdəyişmələri ilə bağlı siyasətləri indi də davam edir. Onlar bu oyunu oynaya bilirlər. Torpaqları işğal edən tərəfə sözsüz ki, bu sərf etmir. Amma biz də dünyaya sübut edə bilmirik ki, torpaqlar işğaldadır və geri alınmalıdır. İndiyə qədər konqresmenlərdən çoxu bilmir ki, Azərbaycan harda yerləşir. Bu bizim XİN-nin, Amerikadakı səfirliyimizin, Amerikada olan diaspor, lobbiçilik təşkilatlarının işinin göstəricisidir. Bundan qabaq orda Azərbaycan-Amerika Palatası yaranmışdı. Milyonlarla pul ancaq yeyib-içməklərə xərclənib. Konqresmenlər özləri danışırdılar ki, 3-5 il bundan qabaq onları hər dəfə hansısa restorana yığıb guya ki, Azərbaycanla bağlı hansısa tədbir keçirirdilər. Onlar deyirlər ki, biz başa düşürük, bunu ona görə edirlər ki, sabah hansısa səsvermədə sizə səs verək, amma biz bilirik ki, Azərbaycanda korrupsiya, rüşvətxorluq, siyasi məhbuslar var, ona görə də bizi ələ almaq istəyirlər.

Onlar demokratik cəmiyyət olarsa Qarabağ məsələsində bizə dəstək verəcəklər. Görüşlərdə çox qəribə hallarla rastlaşdıq. Hətta 28 may ərəfəsində Avropa kuboku uğrunda finalın Azərbaycanda oynanıldığını bilmirdilər.

- Amerikada diaspor və lobbiçilik fəaliyyəti ilə bağlı nələri söyləmək olar? Erməni diasporlarının, lobbiçilərinin xaricdə daha güclü olduğu hər zaman deyilir. Amerika görüşlərində belə bir əks təsirlərlə qarşılaşdınızmı?

- Konqresmenlərlə görüşlərimizdə aydın olurdu ki, onların proseslərdən xəbəri yoxdur. Mən deyəndə ki, ermənilər Qarabağa gəlmə xalqdır, onlar bunu inkar edərək, ermənilərin burda daim yaşadıqlarını və bununla bağlı əllərində ədəbiyyatların olduğunu deyirdilər. Sonra mən sovet dövründə ermənilərin Qarabağa gəlişinin 150 illiyi ilə bağlı qoyduqları abidə barədə danışdım. Həmin abidə 1988-ci ildə məsələ qalxandan sonra həmin abidəni sökdülər. Sonra sovet ensklopediyasından da çıxardılar. Amma istənilən arxivlərdən tapmaq olar. Mən söz vermişəm ki, bu faktı onlara göndərəcəm. Mən faktlarla onlara bildirdim ki, abarogen xalq bizik və apardığım kitabları da onlara təqdim edərək, Azərbaycanın tarixi ilə tanış olmaları üçün çalışırdım. Bu da onu göstərir ki, bizim Amerikada, Avropada olan diasporlarımızın, səfirlərimizin işləri sıfırdır.

- Bu günlərdə Kəlbəcərdə də sanatoriya açıldı. Ümumiyyətlə Qarabağda ermənilərin bağçalar, məktəblər, turizm obyektləri inşa etməsi bizə qarşı hansı təhdiddən xəbər verir?

- Onlar öz işlərini görür, öz həyatlarını yaşayırlar. Və belə bir təbliğat aparırlar ki, onlar işğalçı deyil, öz torpaqlarını geri alıblar. Biz torpaqları işğaldan azad edəndən sonra onların tikdiyi yerlər bizə qalacaq. Amma ən pisi budur ki, biz öz işimizi görə bilmirik. Biz artıq bilmirik ki, müharibə şəraitində yaşayırıq, yoxsa sülh şəraitində. Azərbaycan işğal altında fəaliyyət göstərən erməni terrorçularına qarşı çox ciddi şəkildə əks addımlar atmalıdır. İşğal altında qalan torpaqlarımızda hökmranlıq edən erməni terrorçusuna o yerlərdə rahat gəzmələrinə imkan verməməlidir. 2016-ci ildələ olan 2 günlük aprel döyüşlərini təkrarlamaq lazımdır. Düşmən Azərbaycan ordusunun, partizanlarının qəfil zərbələrinə məruz qoyulmalıdır. Bilsək ki, torpaqlar hərb yolu ilə azad olunacaq, gedib hamımız şəhid olmağa da hazırıq. Amma bu torpaq işğal altındadır və sülh danışıqları getsə də, hər ay 10-15 nəfərimizi bir güllə ilə vurub öldürürlər. Bu böyük itkidir. Bizə təsir edir, bir tərəfdən torpaqlar işğalda qalır, digər tərəfdən də nahaq itkilər veririk.

Yenə də bizi nəsə saxlayır. Çox hörmət etdiyim Aydın Mirzəzadənin əsgərin erməni snayperi tərəfindən vurulması ilə bağlı fikirləri olmuşdu. Bir gündən sonra o həmin fikirdən döndü. Ola bilər ki, çıxışı zamanı emossiyaya qapılıb belə bir söz işlətmişi, amma düzgün söz demişdi. Biz öz tərəfimizdən nəsə etməliyik. Çünki torpaqlar illərdir işğaldadır, onları kim azad edəcək. Hansısa addımlar atılmalıdır. Özümüz də təklif etmişdik ki, partizan hərəkatları yaradılmalıdır. İşğal altında olan torpaqları yaxşı tanıyan insanlar var və onlardn istifadə olunmalıdır. Bu vəziyyət 10 il də qalsa, gələcək nəsil öz torpağına yad olacaq. Amma indi imkanlar var ki, biz həmin yerlərdə partizan hərəkatı yaradaq. Bunu qeyri-rəsmi olsa da, dövlət etməlidir. Biz antiterror əməliyyatları aparmalıyıq. Torpaqları azad etmək bizim hüququmuzdur. Qəti mövqe ortaya qoymalıyıq.
loading...
XƏBƏR LENTİ
25-06-2019, 22:56
25-06-2019, 16:30
24-06-2019, 15:00
SORĞU