03 iyn 18:16musahibe

Trampın İrana qarşı planı baş tutmayacaq - Sabiq səfir

Trampın İrana qarşı planı baş tutmayacaq - Sabiq səfirƏfşar Süleymani: “ABŞ İrana hərbi məsələdə sanksiya tətbiq edə bilməz, şərtlər qoya bilməz”

ABŞ-İran gərginliyi davam edir. İki ölkə arasında gərginlik ötən ildən, prezident Tramp 2015-ci ildə İranın nüvə proqramına dair bağlanmış beynəlxalq müqavilədən ABŞ-ın çıxdığını elan edəndən sonra artmağa başlayıb.

Həmin müqavilənin məqsədi İranın nüvə proqramının dayandırılması müqabilində ona qarşı sanksiyaları ləğv etmək olub.

Tramp həmin sövdələşməni "qüsurlu" adlandıraraq İrana qarşı ABŞ sanksiyalarını bərpa edib.

ABŞ-ın addımına cavab olaraq, İran bu ayın əvvəlində qeyd olunan müqavilə çərçivəsində öz öhdəliklərini dayandıraraq uranın zənginləşdirilməsini bərpa edəcəyi barədə xəbərdarlıq edib.

Bu arada isə ABŞ "İran təhlükəsini" əsas tutaraq hərbi gəmi və təyyarələrini İran körfəzində yerləşdirib və İranın ABŞ qüvvələrinə yaratdığı "potensial riski" dilə gətirərək, İraqdan diplomatik personalının bir hissəsini çıxarıb.

ABŞ müstəntiqləri İranı və ya onun dəstəklədiyi qrupları Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hörmüz boğazında Əl-Füceyrə limanı yaxınlığında dörd neft tankerinə partlayıcı maddələrdən istifadə edərək zərər vurmaqda ittiham ediblər. Tehran bu ittihamları rədd edib.

Hər iki tərəfdən liderlər müharibə istəmədiklərini desələr də, İran körfəzində vəziyyət gərgin olaraq qalır.

ABŞ-İran müharibəsi baş verə bilərmi, İran nüvə silahına sahiblənəcəkmi, müharibə kimin xeyrinə olacaq? Müxtəlif suallar və bu sualların ehtimallar üzərində qurulan cavabları var.

İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymani “Xalq Cəbhəsi”nə verdiyi müsahibəsində müharibə riskinin olmadığını bildirib.

- Əfşar bəy, Fars körfəzində baş verən məlum hadisələrlər bağlı fikirlərinizi bilmək istərdik.

- ABŞ Fars körfəzində hərbi qüvvələrini yerləşdirib, İran da cavabında bəyan edib ki, əgər ABŞ ona qarşı hər hansı bir hərbi addım atarsa, cavabsız qalmayacaq. ABŞ da həmçinin, bəyan edib ki, İran silaha əla atarsa, dərhal cavabını alacaq. Fars körfəzində vəziyyət hələ stabildir. İranı təxribata çəkməyə cəhdlər edildi. Məsələn, Qətərin Əl-Füceyrə limanında 4 tankerə edilən hücumu İranın üstünə yıxmağa çalışdılar. İran bu təxribata getmədi. ABŞ belə ehtimal etdi ki, guya bu məsələdə İranın əli var, amma ortada heç bir fakt olmadı. Amma böhtanlar öz səmərəsini vermədi. İran heç vaxt Fars körfəzində müharibənin başlamasına şərait yaradan hərbi hərəkətə əl atmaz. ABŞ guya ora 15 min hərbçisini göndərib. Ekspertlər belə ehtimal edirlər ki, ABŞ hadisələri qızışdırır, amma planı baş tutumur. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun öz planları var ki, İrana qarşı müharibə başlasın. Amma hazırda Boltonun mövqeyi də zəifləyib. Tramp Yaponiyada səfərdə olarkən İranda rejimin dəyişməsini istəmədiyini deyib, İranla danışıqlara hazır olduğunu bəyanlayıb. Yaponiyanın baş naziri yaxın gələcəkdə İrana səfər edəcək və ola bilsin rəsmi Tehranla bu məsələ müzakirə olunsun. Tramp İranın nüvə silahı əldə etməsini razı deyil, İran da nüvə məsələsi ilə bağlı üzərinə götürdüyü öhdəlikıəri yerinə yetirib, bu silaha sahib olmaq istəmir. Şəriət baxımından da haramdır.

- Bəs nədən Tramp məhz İranı hədəfə götürüb?

- Tramp İran rejimini dəyişmək ixtiyarı və səlahiyyətində deyil. Düzdür, iqtisadi sanksiyalar tətbiq edib, bunun da mənfi təsirləri olub. Tramp fikirləşirdi ki, İranda yaranan iqtisadi ağırlıqlar daxildə hakimiyyətə qarşı hansısa hərəkatın baş verəcəyinə səbəb olacaq. Amma bu baş vermədi. Əksinə, çətinliklər İran xalqını daha da birləşdirdi. Amma inanmıram ki, tezliklə İran və ABŞ bu məsələdə bir masa arxasında otursun. Tramp nüvə sazişi ilə bağlı razılığdan çıxıb, bu, beynəlxalq sazişdir, BMT Təhlükəsizlik Şurasında qətnamə var, İran öz öhdəliklərini yerinə yetirib. MAQATE nüvə silahı məsələsində İranda monitorinqlərini aparıb, 14 raport hazırlanıb. Nəticə belə olub İran nüvə məsələsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib. Ancaq son zamanlarda İran ABŞ-ın onu təxribata çəkdiyini gördü, nə yolla olursa olsun İranı çökdürmək planını həyata keçirmək istəyir, Tehran da nüvə məsələsində mövqeyini sərtləşdirdi.

- İki ölkə arasında vasitəçilik etmək istəyən qüvvələr necə, varmı?

- İraq, İsveçrə, Oman, Rusiya çalışır ki, tərəflər arasında vasitəcilik etsinlər. Amma ortada heç nə yoxdur. Ən güclü vasitəçilik missiyası Yaponiya tərəfdədir. İranın xarici işlər naziri Zərif öncə Yaponiyaya səfər etdi, sonra Tramp getdi. İndi qərarlaşıb ki, Yaponiyanın baş naziri İrana gəlsin. İsveçrədə müzakirələr olmayıb, olsaydı elan edərdilər.

- Sizin fikrinizcə, Fars körfəzində mühariə qığılcımları alovna bilərmi?

- Gözləmirəm. Məsələ diplomatiya yolu ilə həll olunmalıdır. Müharibə başlayarsa bu heç bir tərəfə xeyir gətirməz, region qarışar. ABŞ-İran münasibətlərinin qurulmasına çox vaxt var. Aralarında fərqli mövqe və ixtilaflar mövcuddur. Ardıcıl olaraq məsələlərlə bağlı danışıqlar aparılsın ki, bu ixtilaflar aradan qaldırılsın. Bütün məsələlər getdikcə həllini taparsa onda deyə bilərik ki, tərəflər arasında sülh danışıqları yaxınlaşması var. Aranı qarışdıran, vəziyyəti gərginləşdirən başqa dövlətlər də var. Trapm böyük səhvə yol verdi. Düzdür, ABŞ güclü dövlətdir, hegemondur. Amma bu o demək deyil ki, dünyaya ağalıq etsin, zor tətbiq etsin. Nüvə məsələsində, 6 dövlət+İran saziş imzaladılar. Öhdəliklər yerinə yetirilib, o zaman ABŞ nə istəyir? Avropa siyasi çəhətdən bu sazişi dəstəkləyir, amma iqtisadi cəhətdən hələ mövqeyini ortaya qoymayıb. Çin İrandan neft alır, Rusiya da iqtisadi baxımdan İranla mövqeyini dəqiqləşdirməyib. İran bəyan edib ki, ABŞ İran üzərindəki iqtisadi sanksiyaları götürsün, danışıqlara getsin. Bilirsiz, ABŞ İrana hərbi məsələdə sanksiya tətbiq edə bilməz, şərtlər qoya bilməz. ABŞ özü digər ölkələrə silahlarını satır, təyyarə, raket verir, İsraili dəstəkləyir, İraqa, Əfqanıstana basqın edir, bir yandan da Suriya məsələsi var. İran xalqını sanlksiyalar altında saxlamaqla ABŞ heç vaxt istəyinə çatmayacaq. Necə ola bilir ki, sənə bütün ölkələr silahla hücum etsin, sənin isə silahın olmasın.. İran-İraq müharibəsini xatırladın. Bütün dünya ölkələri Səddama hərbi yardım etdi, hətta İrana qarşı kimyəvi silahdan da istifadə olundu. Ola bilməz axı, İran öz hərbi qüvvəsini zəiflətsin, başqa dövlətlər də ABŞ tərəfindən gücləndirilsin. ABŞ öz silahlarını Ərəbistana satır. Əsdlində ABŞ bu ölkələri İranla qorxudur və onlara silah satır, pul qazanır. İran bəyan edib ki, Fars körfəzində hücum etməmək müqaviləsini bağlamağa belə hazırdır. Heç bir ölkə başqasına hücum etməsin, sabitliyi qoruyaq. Amma bir ölkəyə demək olmaz ki, silah istehsal etmə.

- Bir neçə gün öncə Ərəb dövlətləri ABŞ-ın İrana münasibətdə həyata keçirdiyi strategiyanı dəstəklədiklərini bildiriblər...

- Düzdür, ABŞ Səudiyyə Ərbistanında toplantı keçirib, istəyir ki, İranın əleyhinə cəbhə yaratsın. Ancaq müsəlman ölkələrinin heç də hamısı Ərəbistanın yanında olmayıb. İraq həmin qətnaməni dəstəkləmədi. Ərəb Əmirliyi, Bəhreyn həmişə bir-birinin yanında olub, amma aralarında ixtilaf var. Misir də Səudiyyə Ərəistanın yanında olub Qətərin əleyhinə çıxdı. Amma İran Qətəri müdafiə etdi. Qətərin hava, su yoillarını bağlamışdılar. Yeganə torpaq yolu Ərəbistandan idi onu da bağladılar. Amma İran yollarını acdı Qətərə yardımlar edildi. Küveyt də Ərəbistanı Fars körfəzində dəstəkləmir. Ərəbistan Bəhreyn və Ərəb Əmirlikləri İrana qarşı birlik yarada bilmədilər. ABŞ indi istəyir İsrailə yardım etsin, Colan təpələrinin “kupça”sını İsrailin adına yazdırıb. Halbuki o Suriya torpağıdır. Səfirliyini Qüdsə aparıb, amma heç bir ölkə səfirliklərini ora aparmayıb. Bəhreyndə bir toplantı planlaşdırılır Fələstin-İsrail məsələsini müzakirəyə çıxarmaq istəyirlər, məqsəd İranı təzyiq göstərməkdir. Tramp və kürəkəni Kuşner əsrin alveri adlanan bir planı ortaya atıb. 70 ilin mübahisəli məsələsini bunlar həll etmək istəyirlər. Halbuki Oslo razılaşmasına görə, həmin ərazidə iki dövlətin yaranması qərara alınıb. Tramp isə orada ancaq İsrailin bir dövlət kimi formalaşmasına, qalmasına çalışır. Tramp verdiyi sözə əməl etmədi. Seçkilərdə söz vermişdi ki, ABŞ başqa ölkələrin daxili işlərinə qarışmayacaq. Lakin indi hər ölkəni qarışdırır, Fars körfəzinə, Venesueliyaya, Suriyaya, Fələstin, İraq, Əfqanıstan.. Gücü hesabına hansısa ölkəyə ziyan vurur, amma istəyinə çatmır.

- ABŞ İranı terroru dəstəkləyən ölkə kimi də təqdim edir. Məsələn, Hizbullahı dəstəklədiyini deyir...

- Bu ABŞ-ın çoxdankı iddiasıdır. Amma baş verənlər onu göstərdi ki, İŞİD ABŞ və Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənir. ABŞ-ın rəsmi orqanlarının verdiyi məlumatlara görə, 2001-ci ildə Nyu Yorkda törədilən terror hadisələrində “Əl Qaidə”nin, ərəblərin əli olub. ABŞ İsraili və öz mənafeyini qorumaq üçün bu mövqedən çıxış edir. Terror təşkilatlarını ABŞ-ın özü dəstək verir. SSRİ Əfqanıstana girəndən sonra ABŞ regionda “Əl Qaidə”ni yaratdı. Sonradan terror təşkilatı rəsmi Vaşinqtona qarşı çıxıb. Hizbullah terror qrupu kimi qəbul edilmir. İran xalqı onu dəstəkləyir, İranın ərazi bütövlüyünün qorunmasında İsrailə qarşı mübarizə aparır. Hizbullah bir təşkilatdır, məclisdə deputatı var, Nazirlər kabinetində yerləri var, Livanda fəaliyyət göstərirən haqsızlığa qarşı vuruşan bir təşkilatdır.

- Müharibənin baş verməsi və verməməsinin əsas səbələri...

- ABŞ-İran müharibəsinin olmaması üçün səbəb çoxdur, olması üçün isə azdır. Əgər İran nüvəni yüksək səviyyədə zənginləşdirsə, hazırda məlum razılaşmaya uyğun olaraq 3,67 faiz zənginləşdirib. Ancaq 100 faizə qədər zənginləşdirib atom bombası düzəltməyinə yaxınlaşsa, o zaman müharibə başlaya bilər. İran bu işə getməyəcək, həm öhdəlik götürüb, həm də haramdır. Onlar gözləyirlər ki, İran ABŞ-ın Fars körfəzindəki hərbi kontengintinə silah işlətsin, Hörmüz boğazında təxribat törətsin və s. ki, bu müharibənin başlanmasına əsas olsun. İran belə təxribatlara getməyəcək. Müharibənin başlamamasına səbələr isə çoxdur. Tramp növbəti prezident seçkisinə hazırlaşır, daxildə müxalifət güclənir, demokratlar güclənir, Avropa, Rusiya, Çin ABŞ-a müxalifətdədir. Tramp müharibəyə başlasa çətinliklərlə üzləşə bilər, neft və qazın qiymətinin bahalaşması, İraq, Əfqanıstan, Fələstin, Yəmən və s. səbəblər var ki, bunlar müharibənin başlanmamasını əngəlləyə bilər. Uzaq və Yaxın Şərqdə, Asiyanın qərbində müharibə acı nəticələr verə bilər. Bu müharibədə ancaq Rusiya qazana bilər, neft və qazının qiymətini qaldırar. ABŞ-ın başı İranla müharibəyə qarışarsa, Rusiya öz regionunda nüfuzunu gücləndirər. Rusiya birbaşa da olmasa, dolayısı yolla İranın ABŞ-la bir masa arxasında oturmasını əngəlləyir.

Cavid
loading...
XƏBƏR LENTİ
25-06-2019, 22:56
25-06-2019, 16:30
24-06-2019, 15:00
SORĞU