10 mar 12:39musahibe

“Azərbaycan böyük imicə, hörmət və nüfuza malikdir”

“Azərbaycan böyük imicə, hörmət və nüfuza malikdir”Malik Ayub Sumbal: “Beynəlxalq aləmdə Azərbaycan sülh və müasir bir Avrasiya ölkəsi kimi yer tutub”

Azərbaycan gənc müstəqil dövlət kimi dünya birliyində özünəməxsus bir mövqe və yer tutmaqdadır. Ölkəmizin qazandığı nüfuz onun beynəlxalq və regional səviyyələrdə reallaşdırdığı layihələr və balanslaşdırılan siyasətinin nəticəsidir. Azərbaycanın bölgənin geosiyasi cəhətdən ən əhəmiyyətli və perspektivli ölkəsi olduğu faktdır. Rusiya, Türkiyə, İran kimi regional lider statuslu ölkələrlə qonşu olan Azərbaycan, ABŞ və Avropa, eləcə də Yaxın və Uzaq Şərqin güclü dövlətləri ilə elə bir balanslaşdırılan siyasət yürüdür ki, bu siyasət onu geosiyasi və geoiqtisadi vəziyyət baxımından Cənubi Qafqazın liderinə çevirib.
“Xalq Cəbhəsi”nin suallarını cavablandıran dünyada tanınmış geosiyasi analitik, beynəlxalq icmalçı Malik Ayub Sumbal (Pakistan) Azərbaycanın beynəlxalq arenada tutduğu yer və mövqeyini yüksək qiymətləndirərək, dünyada baş verən siyasi təlatümlərə uyğun ağıllı və uzaqgörən bir siyasət yürütdüyünü qeyd edib.

- Azərbaycan Cənubi Qafqaz regionunun ən strateji yerindədir, buna görə də bu ölkə həmişə dünyanın güclü və nüfuzlu dövlətlərinin marağında olub, dünyanın heç bir ölkəsi tərəfindən laqeyd qalmır. Beynəlxalq aləmdə Azərbaycan sülh və müasir bir Avrasiya ölkəsi kimi yer tutub ki, bu da dinlərarası harmoniya və tolerantlığa əsaslanır. Azərbaycan bir tolerant, bütün konfessiyaların birləşdiyi, milli və etniz azlıqların hüquqlarının qorunduğu, söz və ifadə azadlığı verilən bir ölkədir. Belə ki, beynəlxalq səviyyədə Azərbaycan böyük bir imicə, hörmət və nüfuza malikdir və bu ölkə Cənubi Qafqaz regionunda lider ölkə kimi ortaya çıxır. Elə bundan irəli gəlir ki, Azərbaycan dünyanın diqqətindədir, marağındadır. Azərbaycanın güclü iqtisadiyyata malik olması onun dünya dövlətləri ilə əməkdaşlığına zəmin yaradıb.

- Ancaq Azərbaycanın dünyadakı mövqe və nüfuzunun güclü olmasına baxmayaraq dünya birlikləri Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe sərgiləmirlər və işğalçı Ermənistanı dəstəkləyirlər...

- Hesab edirəm ki, bu məsələnin həllinə nail olmaq üçün vaxt və daha çox güclü lobbiçilik fəaliyyətinə malik olmaq lazımdır. Heydər Əliyev vaxtilə dünyada Azərbaycanın diaspora quruculuğu və böyük lobbiçilik fəaliyyətinin gücləndirilməsinə böyük diqqət edib. Bu gün bu siyasəti prezident İlham Əliyev həyata keçirir. Azərbaycanın dünyada lobbiçiliyi güclənərsə, bu Dağlıq Qarabağ münaqişəsinin həllinə də müsbət təsir göstərəcək. Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllində mövqeyi çox güclü və qətidir. Bunu prezident İlham Əliyev beynəlxalq səviyyəyə məharətlə təqdim edib. İndiki zamanda belə bir mövqe sərgiləmək böyük qətiyyət tələb edir ki, bunu da İlham Əliyev bacarıb. Bundan sonar Azərbaycan diplomatiyası böyük bir təsirə malik güclü mədəniyyətə əsaslanır və bu, prezident İlham Əliyevin və vitse-prezident Mehriban Əliyevanın böyük vizasıdır.

- Necə fikirləşirsiz, bu məsələdə Azərbaycan öz qonşuları ilə siyasətində hansı korrektələr etməlidir. Bir tərəfdən açıq şəkildə Ermənistanı müdafiə edən Rusiya, digər tərəfdə gizli yolla işğalçıya dəstək verən İran var…

- Əslində Rusiyanın da regional prioritetləri və strategiyaları var. Amma düşünürəm ki, Rusiya Dağlıq Qarabağ münaqişəsini həll edə bilsə, həm rəsmi Bakıdan, həm də ərazisində yaşayan azərbaycanlılardan daha yaxşı cavab ala bilər. Rusiyada çox sayda Azərbaycan diasporu var, həmçinin yüz minlərlə azərbaycanlı orada işləyir. Münaqişənin həlli Azərbaycan və Rusiyada yaşayan azərbaycanlıların ölkə iqtisadiyyatına böyük töhfələr vermələri ilə nəticələnə bilər. İran da eyni addım ata bilər. Axı orada da milyonlarla azərbaycanlı yaşayır. Dağlıq Qarabağ itkisi təkcə Azərbaycandakı azərbaycanlıların deyil, bütün dünya azərbaycanlılarının itkisidir, acısıdır. Qarabağın qaytarılması hamının sevincinə səbəb olacaq, bu sevinc də cavabsız qalmayacaq. Ona görə qeyd etdim ki, Rusiya və İran Qarabağ münaqişəsinin həllində rəsmi Bakıya dəstək olarsa, həmin ölkələrdə yaşayan azərbaycanlıların dövlətə və hakimiyyətə inamı daha da artar, hər zaman onları müdafiə edər.

- Qarabağ münaqişəsinin həllində çıxış yolu nədir - sülh, yoxsa müharibə? Bu gün Azərbaycan daha çox hansını seçim etməlidir.

- Düşünürəm ki, müharibə dünyanın heç bir münaqişəsinin həlli deyil. İndi bütün dünyada iqtisadi müharibələr gedir, ölkələr iqtisadiyyat sahəsində bir-birləri ilə çarpışırlar, sözün əsl mənasında iqtisadi müharibə aparırlar. Amma Azərbaycan iqtisadiyyatı sabitdir və bölgədəki ölkələrdən daha güclüdür. Ermənistanın isə bir çox problemi var, onlar iflas etmiş iqtisadiyyata malikdir və ölkədə siyasi sabitlik yoxdur. Buna ona görə burada toxundum ki, iqtisadiyyatı güclü olan ölkə qüdrətlidir, müharibədə qələbə qazana bilər. Mən ümid edirəm ki, BMT-nin məlum qətnamələrinə, beynəlxalq hüquq normalarının tələblərinə uyğun Dağlıq Qarabağ münaqişəsi həll edilməlidir.

- Xocalı faciəsinin 27 illiyini andıq. Bu faciə sizin üçün nə deməkdir?

- Həmişə olduğu kimi bu il də Xocalıdakı soyqırımın 27-ci ildönümü dünyanın müxtəlif ölkələrində möhtəşəm tədbirlərlə anıldı. Dünya ictimaiyyəti Xocalıda ermənilər tərəfindən azərbaycanlılara qarşı etnik soyqırımla bağlı daha çox məlumat aldılar. Dəhşətdir, bunu sözlə ifadə etmək də ağırdır. 1992-ci il fevralın 26-da Xocalıda soyqırımını törətmiş şəxslər Beynəlxalq Məhkəməyə verilməlidir. Bu, bütün dünya ictimaiyyətinə, bəşəriyyətə qarşı törədilən bir vəhşilikdir. Dünya birlikləri, ictimaiyyət buna göz yummamalıdır.

- Xocalı soyqırımının dünyaya, dünya parlamentləri tərəfindən tanınması üçün nə etməliyik?

- Xocalı soyqırımını beynəlxalq səviyyədə tanıtmaq üçün daha çox şüurun olması lazımdır. Erməni hökuməti bu cinayətləri gizlətməyə çalışsa da, hər il Xocalı şəhidləri üçün ədalət tələbi artır. 15-dən çox ölkənin parlamentləri Xocalını soyqırımı kimi tanıyıb. Hər il yox, hər gün Xocalı soyqırımının dünyada tanınması, yayılması, ermənilərin işğalçılıq siyasətinin ifşası üçün çalışılmalıdır. Bunu müxtəlif formalarda həyata keçirməklazımdır – tədbirlər, sərgilər, mətbuat, ədəbiyyatların paylanılması, filmlərin nümayişi, görüşlər… Yəni, gözləməli deyil ki, hər il fevralın 26-I gəlsin və dünya azərbaycanlıları, türkləri, vəhşiliyi, terror, soyqırımını lənətləyənlər ayağa qalxıb səslərini ucaltsınlar. Bu səs hər gün ucalmalıdır.

- Ötən ay Gürcüstan prezidenti Zurabişvili Azərbaycanda səfərdə oldu, sonra Ermənistana getdi. Regional siyasət çərçivəsində Gürcüstan hər iki ölkə ilə eynisəviyyədə siyasət yürüdür…

- Gürcüstandakı iqtisadi əməkdaşlıq baxımından Azərbaycanın mövqeyi Ermənistandan daha güclüdür. Bakı-Tiflis-Qars dəmir yolu kimi Azərbaycanla Gürcüstan arasında böyük əməkdaşlıq var. Azərbaycan həmişə Gürcüstana kömək əlini uzadıb. Azərbaycanın investiyası və yatırımı hesabına Gürcüstan bu gün ayaq üstə durub. Rəsmi Tbilisi bunu heç vaxt unutmamalıdır. Unudarsa və Azərbaycana qarşı hər hansı səhv siyasət yürüdərsə, o zaman dara düşər, o zaman Ermənistandan onaheç bir kömək olmayacaq. Ermənistanın özünə kömək edən lazımdır.

- Son aylar Gürcüstanın Rusiyanın münasibətlərində istilik müşahidə olunur. Gürcüstan və Rusiya arasında Abxaziya və Cənubi Osetiya vasitəsilə bir körpünün yaranması planı üzərində danışıqlar gedir... Bunu nəticəsi necə ola bilər?

- Gürcüstan və Rusiya arasındakı əlaqələr böyük bir etimad çatışmazlığına malikdir, çünki Gürcüstan daha çox Avropa İttifaqına meyl göstərir. Rusiya iqtisadiyyatının zəifləməsi vəziyyəti gərginləşdirir. Rusiya rublunun dəyərdən düşməsi Abxaziya və Cənubi Osetiyadakı insanların ticari gücünü və Rusiyaya aid olan malların dəyərini effektiv şəkildə azaldıb. Öz növbəsində, bölgələrdəki insanlara Gürcüstandan ucuz mal almaq üçün stimul artırdı.

- Azərbaycanla Ermənistan arasındakı iqtisadi, siyasi və ya hərbi sahələrdəki güc nisbətini necə müqayisə edə bilərsiniz?

- Hər iki ölkə arasında böyük bir fərq var. Azərbaycan iqtisadiyyatı sabitdir, güclüdür, ildən-ilə inkişaf edir. Ermənistan iqtisadiyyatı isə dağılıb. Ölkədə istehsal yoxdur, strateji zavod və fabriklər fəaliyyətini dayandırıb. İşsizlik hökm sürür. Azərbaycan hərbçiləri müasir silahlara malikdir, nizami ordu quruculuğu var, beynəlxalq reytinqlərdə Azərbaycan ordusunun gücü xüsusi olaraq qeyd edilir. Erməni hərbçiləri isə Rusiyanın köhnə hərbi texnikası ilə təchiz olunub, orduda heç bir quruculuq işləri aparılmır. Beynəlxalq hərbi ekspertlərin fikrincə, Ermənistan ordusu Azərbaycan ordusuna nisbətən qat-qat gücsüzdür. Azərbaycan siyasi cəhətdən daha sabitdir, Ermənistan isə ciddi siyasi böhrana və qarışıqlığa malikdir. Bir sözlə, bütün sahələrdə Azərbaycan Ermənistanı üstələyib.

Cavid
XƏBƏR LENTİ
SORĞU