01 mar 07:59musahibe

Həmin dövrdə İranın Ermənistana dəstəyi və yardımı olmasaydı...

Həmin dövrdə İranın Ermənistana dəstəyi və yardımı olmasaydı...Analitik Elçin Mirzəbəylinin Axar.az-a müsahibəsini təqdim edirik:

- Ermənistan və İran arasında genişlənən münasibətlərə Tehrana sərt sanksiyalar tətbiq edən və bu barədə İrəvana xəbərdarlıq edən ABŞ-ın reaksiyası necə olacaq?

- Ermənistanın İranla əlaqələrini gücləndirməsi ABŞ-ın İrəvana münasibətində müəyyən dəyişikliklərə səbəb olacaq. Bu dəyişikliklər isə artıq hiss olunmaqdadır. Çünki Ermənistan-İran münasibətləri ilə bağlı məsələ Boltonun regiona səfəri zamanı da diqqətə çatdırılmışdı. Ondan öncə də ABŞ-ın ayrı-ayrı institutlarının hesabatlarında Ermənistan-İran əlaqələri ilə bağlı kifayət qədər maraqlı məqamlar yer alıb. Bütün bunların içərisində hətta zənginləşdirilməmiş uranın İrana verilməsi, həmçinin Metsamor AES-lə bağlı bəzi məqamlar vardı. Bu məlumatlara qadağan olunmuş, nüvə texnologiyasının hazırlanmasında istifadə olunan materialların İrana keçirilməsi ilə bağlı da müxtəlif faktlar daxildir. Ermənistanda hazırda 5300 İran şirkəti var. Bu, yeni hadisə deyil. Bundan öncə də İran şirkətləri aktiv şəkildə Ermənistanda bu və ya digər şəkildə iştirak edirdilər. Bunun əhəmiyyətli hissəsi ticarətlə - Ermənistana hazır qida məhsullarının gətirilməsi ilə məşğul olan, bir qismi isə Ermənistandan xammal daşıyan şirkətlərdir. Onlar xammalı əsasən də Azərbaycanın işğal altında olan torpaqlarından çıxarırlar. Daha biabırçı faktlardan biri Azərbaycan torpaqlarının işğalı prosesindən sonra bu ərazilərdəki mənzillərin hətta daşlarının belə İrana satılması və İran şirkətlərinin də bu prosesdə fəal şəkildə iştirak etməsidir. Təbii ki, bunlar çox narahatedici məqamlardır. İranın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dostluq, qardaşlıq mesajları verməsi ilə bu dediklərimiz uyğun gəlmir.

- 2018-ci il ərzində Ermənistan və İran arasında ticarət dövriyyəsi 40% artıb. İran şirkətlərinin Ermənistana ABŞ sanksiyalarından sonra bu qədər axın etməsinə səbəb nədir?

- Sanksiyalar İran şirkətlərinin Avropa bazarlarından geri çəkilməsinə səbəb olub. Onlar bizneslərini Ermənistan kimi ölkələrə, hətta Rusiya ərazilərinə köçürməyə çalışır. Aktiv şəkildə bu istiqamətdə işlər aparılır. Nəzərinizə çatdırım ki, Ermənistan iqtisadi baxımdan cazibədar ölkə sayılmır, əsasən tranzit ölkə kimi istifadə olunur. Ərazidən həm də çirkli pulların yuyulması üçün istifadə edilir. Ermənistanda bu prosesləri həyata keçirmək İran üçün çox rahatdır. Əgər Ermənistan bütün xəbərdarlıqlara baxmayaraq, İranla bu istiqamətdə əməkdaşlığını davam etdirəcəksə, bu ölkənin sanksiyalara məruz qalması üçün kifayət qədər əsaslar yaranacaq. Doğrudur, bu əsaslar artıq çoxdan var. Amma bu sanksiyaların tətbiq olunub-olunmayacağı başqa bir müzakirə mövzusudur. Çünki biz bu günə qədər Ermənistana tətbiq olunan sanksiyaları görməliydik. Təkcə İran məsələsinə görə yox, eyni zamanda Azərbaycan torpaqlarını işğal etdiyinə görə də Ermənistana sanksiya tətbiq olunmalı idi. Digər tərəfdən, bundan öncə də İrana tətbiq olunan sanksiyaların aktiv dövründə, nüvə razılaşmasından öncəki dönəmdə də Ermənistan və İran arasında ciddi ticarət əlaqələri var idi. Bir məqamı nəzərinizə çatdırım ki, Ermənistanın keçmiş prezidentləri - həm Petrosyan, həm Köçəryan Azərbaycan torpaqlarının işğalı prosesində Gümrü yolunun Ermənistan üçün “həyat yolu” olduğunu vurğulamışdı. Həmin dövrdə İranın müvafiq dəstəyi və yardımı olmasaydı, şübhəsiz ki, ermənilər Azərbaycana qarşı apardıqları müharibəni davam etdirməyə çətinlik çəkərdilər. Bu faktın özü də əslində İranın siyasətinin əsasını ortaya qoyur.

- Ermənistana qarşı sanksiyaların tətbiqi imkanlarını necə dəyərləndirərdiniz?

- Məsələ burasındadır ki, sanksiyalar çoxdan tətbiq olunmalıdır. Çünki ABŞ-ın sanksiyalar siyahısında olan xüsusilə İran İslam İnqilabı Keşikçiləri Korpusunun nəzarətindəki şirkətlərin Ermənistanda fəaliyyəti göz önündədir. Ermənistanın müvafiq şirkətləri ilə birlikdə İran şirkətlərinin ortaq müəssisələri də var. Ortaq müəssisələrin özlərinə qarşı da sanksiyalar tətbiq olunmalıdır. Amma bu olmayıb. Burada şübhəsiz ki, yenə də ikili standartlar, ABŞ-dakı erməni lobbisinin təsiri öz rolunu oynayır. Təbii ki, hətta nəinki beynəlxalq hüquq normalarına, ABŞ-ın öz maraqlarına uyğun olan məsələlərdə belə hüquqi məqamlara yanaşmada ikili standartların tətbiq olunduğunu görürük. Əgər ABŞ regiondakı maraqlarını təmin etmək istəyirsə və sanksiyaların bütün istiqamətlərdən tətbiq olunması prosesinin sadəcə simvolik xarakter daşımayacağını arzulayırsa, şübhəsiz ki, bu sanksiyalar Ermənistana şamil olunmalıdır. Amma olunacaqmı? Bu artıq müzakirə mövzusudur.
XƏBƏR LENTİ
SORĞU