28 dek 15:11musahibe

Türkiyə İŞİD-i təkbaşına deyil, Rusiya ilə birlikdə məhv edəcək - Elçin Mirzəbəyli

Türkiyə İŞİD-i təkbaşına deyil, Rusiya ilə birlikdə məhv edəcək - Elçin MirzəbəyliAmma bu, o qədər də asanlıqla baş verməyəcək.

Dünyada dəngələr dəyişir. Dəyişən dəngələr müqabilində Azərbaycanın yerləşdiyi fiziki və tarixi-siyasi coğrafiyada yeni tendensiyalar müşahidə edilir. Regionda nələr baş verir və baş verənlər qarşısında milli maraqlarımızın maksimum qorunması üçün hansı addımlar atılmalıdır?

Bu əsas sual ətrafında AzNews.az Azərbaycanda strateji düşüncə sahibi olan insanlarla “Yaxın plan” layihəsi altında müsahibələr təşkil edir. Məqsədimiz, ilk baxışda uzaq görünən məsələləri yaxın plana gətirmək və incələməkdir.

Bu dəfəki müsahibimiz siyasi icmalçı Elçin Mirzəbəylidir.

Elçin bəy, məlum olduğu kimi Trampın ABŞ-ın Suriyadan çıxmaq qərarı dünyada və eləcə də ABŞ-ın özündə birmənalı qarşılanmayıb. Sizin fikrinizcə, Tramp bu qərarı təkbaşına verib, yoxsa?

ABŞ qoşunlarının Suriyadan çıxarılması ilə bağlı qərarın verilməsində bir neçə amil rol oynayıb. Amerikalı rahib Bransonun ölkəsinə qaytarılmasından sonra Vaşinqton Türkiyəyə verdiyi vədlərdən hər hansı birinə əməl etməliydi. Əks təqdirdə baş verənlər Türkiyəyə əzici təsir göstərə bilərdi. Trampın Bransonun qarşılığına Güləni verməyəcəyi gözlənilən idi. Bu, faktiki “girovların dəyişdirilməsi” kimi qəbul, yaxud təqdim oluna bilərdi ki, bu da ABŞ-ın supergüc statusu və iddiaları ilə qətiyyən üst-üstə düşmürdü. Belə olduğu təqdirdə, Tramp həm də özümə lazım olanı – qoşunların Suriyadan çıxarılmasını seçdi. Bununla da həm Türkiyəni, həm Rusiyanı razı saldı, həm də senat və konqresdəki əleyhdarlarını susdurdu. Bu qərardan sonra müdafiə naziri Mayk Pompeonun istefaya göndərilməsi isə sübuta yetirir ki, yalnız o, Trampın qərarının əleyhinə çıxış edib. Bu isə qərarın təkbaşına verilmədiyini göstərir. Bu qərar ABŞ-ın müharibələrdən yorulduğu anlamına gəlməməlidir. Çünki Vaşinqton Suriyada özünə lazım olan nəticəyə nail olub. İranı neytrallaşdırıb, bu ərazidən İsrailə heç bir təhdid olmayacağı barədə Türkiyə və Rusiyanın zəmanətini əldə edib, Suriya ərazisindən həyata keçirilməsi nəzərdə tutulan bütün layihələri əngəlləyib, bölgəni uzunmüddətli xaosa soxub. Yəni ABŞ minimum hədəflərinə çatıb. Suriyanın xarabalıqlarını Türkiyə və Rusiyaya buraxıb. Bu iki ölkə isə bu ərazidə terrorizmin kökünün kəsilməsinə, infrastrukturun bərpasına, təhlükəsizliyin təmin edilməsinə böyük vəsaitlər və zaman sərf edəcək. Hər iki ölkənin mövcud iqtisadi vəziyyəti üçün bu həddindən artıq ağır yükdür. Yəni ABŞ Suriyadan getməklə nə Türkiyəyə, nə Rusiyaya, nə də Suriya xalqına heç bir yaxşılıq etməyib. Əksinə, hər şeyi darmadağın etdikdən sonra yaratdığı cəhənnəmə sahib çıxmaqdan imtina edib və bölgə dövlətlərini odun-alovun içərisində ağlasığmaz problemlərlə qarşı-qarşıya qoyub.

Necə düşünürsünüz, Türkiyə İŞİD-i yox edə biləcəkmi?

İŞİD-i Türkiyə təkbaşına deyil, Rusiya ilə birlikdə məhv edə bilər və edəcək də. Amma bu o qədər də asanlıqla baş verməyəcək. İŞİD-in tam məhv edilməsi üçün təkcə Suriya ərazisində həyata keçirilən əməliyyatlar yetərli deyil. Bölgə dövlətləri, ilk növbədə isə Səudiyyə və müttəfiqləri ənənəvi siyasətlərindən əl çəkməlidirlər.
Tramp gözlənilmədən İraqa, daha sonra isə Almaniyaya səfər edib və o ölkələrdə xidmət edən ABŞ hərbçiləri ilə görüşüb. Bu səfərlərdən gözləntilər nədir?
İraqa səfər çox güman ki, əsasən ABŞ qoşunlarının Suriyadan çıxarılması ilə bağlıdır. Bu prosesdən sonra İraq ABŞ-ın bölgədə əsas hərbi avanpostu olaraq qalacaq. Ola bilsin ki, prezident Tramp bununla bağlı İraq idarəçiləri ilə müəyyən müzakirələrin aparılmasına ehtiyac duyub. Almaniyaya gəldikdə isə, bu ölkəyə səfər siyasi əhəmiyyət daşımır. Tramp sadəcə ABŞ-ın Almaniyadakı hərbi aviabazasını ziyarət edib. Ola bilsin ki, Almaniyadakı Ramşteyn hərbi aviabazası ABŞ-ın İraqdakı hərbi bazası kimi 1,5 il müddətində ABŞ qoşunlarının Suriyadan çıxarılmasında əsas funksiyanı yerinə yetirəcəklər.

Regiona qayıdaq. Ermənistanın Respublika Partiyasının mətbuat xidmətinin rəhbəri Eduard Şarmazanov Paşinyan hökuməti ilə bağlı facebook səhifəsində tənqidi fikirlər bildirib: Diaspor nazirliyi bağlanıb; minlərlə ölkə sakini yeni ili işsiz qarşılayacaq; ilk dəfə Ermənistan prezidenti həbs edildi; ilk dəfə milli şurada müxalifət olmayacaq.

Bütün bunlar Nikol Paşinyanın hakimiyyəti dönəmində baş verib. Bu barədə nə deyə bilərsiniz?

Şarmazanov Sarkisyanın köpəyidir və Paşinyana qarşı ən sərt mövqedə dayanır. Onun açıqlamalarına da məhz bu kontekstdən yanaşmaq lazımdır. Paşinyan diaspor nazirliyini bağlamaqla əslində Ermənistanı təşkilatdan dövlətə çevirmək niyyəti güdür. Çünki bu ölkədə baş verən problemlərin, o cümlədən Azərbaycan torpaqlarının işğalında, Qarabağ probleminin həll olunmamasında, bölgə xalqları, həmçinin Türkiyə ilə münasibətlərin kəskin olmasında, Ermənistanın bütün bölgə xalqlarının nifrətini qazanmasına hakimiyyətdən getmiş hərbi-cinayətkar xunta ilə yanaşı erməni diasporunun da böyük xidmətləri var. Digər tərəfdən, Paşinyan da öz sələfləri kimi ya ölkəni diaspor və kilsə ilə birlikdə idarə etməli və beləliklə də Ermənistanın heç vaxt dövlət olmayacağı perspektivi ilə razılaşmalı, ya da diaspor və kilsəni neytrallaşdırmaqla hakimiyyətini tam şəkildə həyata keçirməlidir. Paşinyanın diaspor və kilsəyə qarşı atdığı addımlar da onun ikincini seçdiyini göstərir. O ki qaldı Ermənistan parlamentində ilk dəfə müxalifətin olmadığına, bu da cəfəngiyyatdır. Ermənistan parlamentində heç əvvəllər də müxalifət yox idi. Tsarukyan bloku və Daşnaksyutun Respublikaçıların bir qanadı kimi fəaliyyət göstərirdi. Paşinyanın da üzv olduğu Yelk bloku isə cəmi 9 nəfərdən ibarət idi. Bu isə parlamentdə qəbul edilən qərarlara hər hansı bir formada təsir etmək gücündə deyildi. Mən bütün bunları deməklə, şübhəsiz ki, Paşinyanı müdafiə etmək niyyəti güdmürəm. Amma reallıq belədir.

Rusiya ilə Ukrayna arasında olan gərginlik nə ilə nəticələnəcək? Ümumiyyətlə Poroşenkonun Rusiyaya meydan oxuması məntiqlidirmi?

Ümumiyyətlə bu gün Ukraynada baş verənlər bu ölkənin siyasətçilərinin qərb tərəfindən aldadılması nəticəsində yaranan reallıqdır. Qərb Ukraynanı Rusiya ilə qarşı-qarşıya qoydu və nəticədə onun ərazi bütövlüyü ilə bağlı zamanında götürdüyü yazılı öhdəliyi belə yerinə yetirmədi. Şübhəsiz ki, belə bir öhdəliyi götürən ölkələrdən biri də Rusiya idi. Amma bütün bunların baş verməməsi üçün daha soyuqqanlı və təmkinli bir siyasət yürütmək mümkün idi. Hesab edirəm ki, tarix qardaş Rusiya və Ukrayna xalqlarını qarşı-qarşıya qoyanları və bu təxribatın içərisində yer alanları heç vaxt bağışlamayacaq.

Bəs İran necə? ABŞ-ın sanksiyalarına bir növ biganə yanaşdı. Bu da gələcəkdə ölkə əhalisinin sosial durumunun pisləşməsinə, İran iqtisadiyyatının isə tam inflyasiyaya uğramasına gətirib çıxara bilərmi?

İranın dini-siyasi rəhbərliyi sanksiyalara biganə yanaşdığını bəyan etsə də əslində bu ölkənin iqtisadiyyatında yaşanan böhran və inflyasiyanın dəhşətli bir həddə çatması real mənzərənin acınacaqlı olduğu nümayiş etdirir. Bu, həm də İrandan neft alan əsas ölkələrin sanksiyalardan kənarda qaldığı bir fonda baş verir. Yəni, o dövlətlər ki, İrandan iri həcmdə neft alırdılar, ABŞ-ın razılığı ilə yenə də almağa davam edirlər. İran olduqca mürəkkəb siyasi sistemi olan bir ölkədir və burada proseslərin nəzarətdən çıxmasına zəmin yaradan amillər qədər də onları nəzarətdə saxlaya biləcək mexanizmlər var. Bütün hallarda bu ölkənin qarşısında ciddi islahatlara gedilməsi üçün çox qısa bir zaman kəsiyi var. İran hakimiyyəti həm iqtisadiyyatın neftdən asılılığına son qoyulması üçün ciddi islahatlar həyata keçirməli, həm insan hüquq və azadlıqları sahəsində elə dəqiq addımlar atmalıdır ki, bu kəndirlərin birdən-birə boşalmasına zəmin yaratmamalı, azadlıqlar tədricən verilməli, həm də milli hüquqları ədalətli şəkildə təmin etməlidir. Əks təqdirdə, sosial priblemlər digər problemlərin daha sərt şəkildə ortaya çıxmasına təkan verəcək.

Son olaraq 2018-ci ili Azərbaycan, region və dünya üçün necə dəyərləndirərdiniz?

2018-ci ili Azərbaycan üçün kifayət qədər uğurlu hesab edirəm. Xüsusilə də islahatların hüquqi bazasının və icra mexanizmlərinin yaradılması ilə bağlı atılan addımların tarixi nailiyyət olduğunu düşünürəm.

Regiona gəldikdə isə Azərbaycanın bölgədə yeganə sabit, təhlükəsiz və inkişaf edən ölkə olması digərləri haqqında nəticə çıxarmağa imkan verir.
Dünya üçün 2018-ci ili uğurlu hesab etməsəm də, ümumən qlobal təhlükəsizlik mexanizmlərinin sıradan çıxarılmasının bəşəriyyəti böyük faciə qarşısında qoya biləcəyi ehtimalının artıq əksər ölkələrdə dərk olunduğu qənaətindəyəm. Bu isə 2019-cu ilin daha çox dialoq ili olacağından xəbər verir.
loading...
XƏBƏR LENTİ
Dünən, 14:58
SORĞU