Jurnalist Böyükağa Mikayıllı qəzalı vəziyyədə olan tarixi binaya diqqət yönəltdiJurnalist Böyükağa Mikayıllı öz facebook səhifəsində Neftçala rayonu Xıllı qəsəbəsindəki qəzalı vəziyyətdə olan kitabxana binasından bəhs edib. Məsələ ilə əlaqədar jurnalistlə danışdıq. Böyükağa Mikayıllı Mövqe.az-a bildirdi ki, bu kitabxana hələ sovetlər birliyi dövründən zəngin kitab fondu ilə seçilib və neftçalalıların hər birinin istifadə etdiyi mədəniyyət məbədi kimi tanınıb.

Jurnalist məsələnin digər maraqlı tərəfinə bizimlə söhbətdə münasibət bildirdi: Bu bina əslən Şamaxıdan olan, Şamaxı zəlzələsi zamanı Neftçalaya köçmüş, burada balıqçılıqla məşğul olmuş Əziz kişinin oğlu, sonradan varlanmış, çoxsaylı xeyirxah əməlləri ilə xalqın ehtiramını qazanmış milyonçu Mehman Mehmanovun evi olub. Təxminən 20 il əvvəl mən Mehman Mehmanovun beş övladından həyatda olan yeganə qızı Bilqeyis xanımla müsahibə apardım. O zaman o, Bakıda yaşayırdı. Bilqeyis xanım həm ailəsinin, həm də bu binanın tarixi haqqında mənə ətraflı məlumat vermişdi.
Jurnalist Böyükağa Mikayıllı qəzalı vəziyyədə olan tarixi binaya diqqət yönəltdi
Mən o zaman da mətbuatda bu mövzu barəsində geniş məqalə ilə çıxış etmişdim. Bilqeyis xanımın sözlərindən, mənim öz araşdırmalarımdan da bəlli olmuşdu ki, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra milyonçu binanı hökümətə təhvil verib, özü isə həbs olunaraq sürgünə göndərilib. Sovet dövründə bu kitabxana Azərbaycanın ən zəngin kitabxanalarından biri kimi tanınıb. Amma müstəqillik illərində kitabxana baxımsız hala düşüb və tədriclə unudulmağa başlayıb.

Bu gün həm tarixi, həm də mədəniyyət baxımından gərəkli olan bu binanın əsaslı təmirə və xalqın istifadəsinə qaytarılmasına ciddi ehtiyac var. Böyükağa Mikayıllı ümidvar olduğunu bildirir ki, dövlət orqanları kitabxananı düşdüyü bu acınacaqlı vəziyyətdən xilas etmək üçün əllərindən gələni edəcəklər. Neftçalada maarifçiliyin inkişafında önəmli rol oynayan bu kitabxana öz şərəfli yolunu davam etdirəcək.
Teleaparıcı Tahir Məmmədovda koronavirus aşkar edildiTeleaparıcı Tahir Məmmədov ona "COVID-19" koronavirusu diaqnozu qoyulduğunu söyləyib

Virtualaz.org bildirir ki, bu barədə "Moskovskiy Komsomolets" yazır.

Şoymen sosial şəbəkədə bu infeksiyaya yoluxduğunu təsdiqləyən laboratoriya analizinin nəticələrini paylaşıb.

“Xəstələnmək heç də xoş deyil! Özünüzü qoruyun!”, - izləyiciləri ilə paylaşdığı analizinin nəticəsinə şərh yazıb.

Tahir Məmmədov onda koronavirusun hər hansı simptomunun olub-olmadığını qeyd etməyib.

İzləyiciləri ulduza tezliklə sağalmağı arzulayıblar və onun immunitetini gücləndirərək, xəstəliyə qalib gəlməsini diləyiblər.

Qeyd edək ki, Tahir Namiq oğlu Məmmədov 1981-ci ildə Bakıda anadan olub. O, kino və televiziya aktyoru, kinorejissor, ssenarist, prodüser, teleaparıcı, şoumen və yumor ustasıdır. N.Məmmədov “Comedy Club”un keçmiş prezidentidir.
Teymur əmi VƏFAT ETDİAzərbaycan mədəniyyətinə ağır itki üz verib.

Avrasiya.net xəbər verir ki, Xalq artisti, Prezident təqaüdçüsü Teymur Ağaxan oğlu Mustafayev iyunun 11-də, ömrünün 82-ci ilində dünyasını dəyişib.

Mədəniyyət Nazirliyi xəbəri təsdiqləyib.

Qeyd edək ki, Teymur Mustafayev 1939-cu il aprelin 10-da Cəlilabadda anadan olub. O, əmək fəaliyyətinə 1959-cu ildə başlayıb. 60 il ərzində Azərbaycan Dövlət Filarmoniyasında, “Azkonsert” Birliyində, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində müğənni kimi öz sənəti ilə xalqa xidmət edib. Tanınmış sənətkarlarımızın ifaçılıq ənənələrini ləyaqətlə qoruyub yaşadan Teymur Mustafayev eyni zamanda, özünəməxsus ifa üslubu ilə milli musiqi sənətimizi daha da inkişaf etdirib.

Görkəmli sənətkar 1982-ci ildə milli mədəniyyətimizin inkişafında uğurlarına görə Əməkdar artist, 2005-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. O, Prezident təqaüdçüsü idi.

Allah rəhmət eləsin!
Təndir istisi kimi...O, hər dəfə bizə zəng edəndə kiçik qızım “Ata, Ulduz xanım zəng edib”, – deyə telefonun dəstəyini mənə verərdi. Mən də bilərdim ki, zəng edən Fərqanə xanımdı. Övladlarım Fərqanə xanımın şeirlərini “Ulduz” jurnalından oxumuş və onun adını öz aləmlərində “Ulduz” qoymuşdular. Təbii ki, mən də etiraz etməmişdim. Jurnalı hər dəfə evə gətirəndə “Ata, Ulduz xanımın şeirləri yenə jurnalda varmı?” – soruşardılar.

Şeirlər olanda mən də ürəklə “Var!” – deyər, olmayanda, elə mən də məyus olardım uşaqlar kimi, amma onları ürəkləndirib, “Baxın, Ulduz xanımın kitabları var, oradan oxuya bilərsiniz” – deyərdim. Hiss edərdim ki, yeni şeir arzusundadırlar. “Təndir” şeirini dönə-dönə oxuyardılar... Kəndə gedən kimi həyətdə təndir axtarardılar. Bizim də ki təndirimiz hardadır? Nənəm rəhmətə gedəndən, anam xəstələnəndən sonra təndir də küsdü bizdən. Amma Fərqanə “Təndir”i ürəyimizə, ruhumuza elə yazdı ki, biz unutduq həyətimizdəki təndirin yoxluğunu, öz aləmimizdə yaşatdıq. Şairin də ucalığı bu deyilmi?

Tez-tez öz-özümə ürəyimdə oxudum “Təndir”i. Heç yadımdan çıxmadı... Sanki ürək sirdaşıma çevrildi bu şeir Fərqanənin özü kimi. Onunla dərdləşmək imkanı olanda özü, olmayanda “Təndir”i dadıma çatdı. O, hansı mövzudan yazdısa, elə “Təndir” kimi isti oldu. Çünki ürəyindən süzülən sevgi ilə isitdi sətirlərini. Elə söz çələngi yaratdı ki, ətrini duyunca bir də duymaq istədin, istədin, istədin, amma heç doymadın. Bu şeirlər onu heç kimə bənzətmədi.

Doğrusunu deyimmi? Heç bir “Nobel” mükafatçısı Fərqanə qədər hislərimə, duyğularıma təsir edə bilməyib. Bəs ən yüksək mükafatı oxucu sevgisi ilə qazanmırlarmı, yaxud ən yüksək mükafat oxucu məhəbbəti deyilmi? Eşitdim ki, Fəranə xanımın şeirləri “Ulduz”un son sayında dərc olunub. Gərək jurnalı alıb uşaqlar üçün aparım, sevinəcəklər. Mən də xəyalən Fərqanəli “Ulduz”la Fərqanəli günlərə qayıdacam. Bir də, Fərqanənin yoxluğunu uşaqlara deməmişəm. Heç bilmədim necə deyim, necə izah edim, hardan başlayım... ona görə də düşündüm ki, qoy, bilməsinlər. Ürəklərindəki Ulduz sevgisi həyatda da onlarla yaşasın...

Böyükağa MİKAYILLI,
jurnalist

Nazirliyimizin iç üzü açıldı: sadəcə, dəhşətdir...73-cü Kann film festivalına düşən filmlərin siyahısı açıqlanıb. Siyahıda Azərbaycandan bəhs edən film də var.

Yox, sevinməyə tələsməyin, filmimiz Kann festivalına düşməyib. Amma ermənilərin işğal altındakı Qarabağla bağlı çəkdikləri film festivala düşüb. Ermənistan, Belçika və Fransanın birgə istehsalı olan “Əgər külək əsərsə” adlı bu filmin rejissoru Nora Martirosyandır.

Təsəvvür edin, adamlar Qarabağımızdan film çəkib festivala düşürlər.

Filmi izləmədiyim üçün dolğun təsəvvürüm yoxdur, lakin bildiyimə görə, filmdə erməni ailə üzvlərinin Azərbaycanın “aqressiyasına” görə bir-birindən uzaq düşməsindən bəhs edilir.

Festivala ümumilikdə 2067 film göndərilib. Bunlardan 56-sı festivalın proqramına daxilib. Bu 56 film Toronto, Nyu York, Venesiya, San Sebastyan və başqa böyük şəhərlərdə nümayiş olunacaq. Yəni dünyada milyonlarla insan Qarabağ münaqişəsi məsələsində erməni yalanlarını izləyib, ona inanacaq.

Təhlükənin fərqindəsinizmi?

İndi gələk ikinci əsas məsələyə!

Ermənilərin filminin Kann festivalına düşməsindən sonra Mədəniyyət Nazirliyi xəbər yaydı ki, bəs, bizim də filmimiz bu festivalda yer alacaq. Nazirliyin məlumatda qeyd edilir ki, Kann film festivalının “Tənqid həftəsi”nin (la Semaine de la Critique) qısametrajlı filmlər siyahısına azərbaycanlı rejissor Teymur Hacıyevin “Axşama doğru” filmi də düşüb.

Nazirlik öz bacarıqsızlığını malalamaq üçün belə bir xəbər yaydı, mediamız da bunu “bir ilk” kimi tirajladı. Kiçik araşdırma aparsaq, görərik ki, “Axşama doğru” filminin düşdüyü kateqoriyanı “adam yerinə qoyan” yoxdur. Sadəcə Kann festivalı qısa siyahıdan kənarda qalan filmləri qaytarıb başımıza çırpmaqdan utandığı üçün filmimizi “padval kateqoriyası”na salıb.

Bəla təkcə bu deyil.

Bəla həm də filmin özüdür. Təbii, filmin yalnız treylerini izləyə bilmişik. Treylerdə nə görürük? Bir azərbaycanlı qız Biləcəri tərəfdə maşında oturub siqaret çəkir.

Ümumiyyətlə, filmdə Azərbaycana aid yeganə şey Biləcəridir. Qalan heç nəyin bizlə əlaqəsi yoxdur.

Mənə maraqlıdır, rejissor, ssenarist hansı zərurətdən siqaret çəkən qızı soxuşdurub filmə? Avropanı qoyaq kənara, qardaş Türkiyədə inanmırlar ki, Azərbaycanda hansısa qız siqaret çəkir. Budurmu sizin üçün Azərbaycan qadınının ümumiləşdirilmiş obrazı?

Sizin üçün önəmli olan Qarabağ yox, Biləcəridir. Elə ona görə də Biləcəridən o tərəfə keçə bilmirsiniz.

Mənə çox maraqlıdır, Mədəniyyət Nazirliyinin səlahiyyətli şəxsləri nə düşünür? Erməninin Qarabağla bağlı filminin dünyaya yayılması fonunda damağında siqaret tüstülədən qız təsvirli Azərbaycan filminin “padval”da nümayiş olunması onları ağrıdırmı? Bu rüsvayçılığa görə zərrə qədər utanırlarmı?

Əslində, bəzən günah təkcə rejissorda olmur. Məsələn, dövlət film sahəsinə milyonlarla pul ayrırır. Aydındır, basıb yeyirsiniz, yaxşı bilirik hamısını. Filmin büdcəsini 150 min yazıb, 50 min rejissora verib, 100 mini qoyursunuz cibinizə. Haram xoşunuz olsun! Bəs düşünürmürsünüzmü, bu yazıq rejissor 50 minə nə çəksin? 50 minə indi camaat reklam çəkir e!

Rejissor min bir əziyyətlə 150 minlik filmi 50 minə çəkir. Təbii ki, bu məbləğə çəkilən filmin keyfiyyəti aşağı olur və dünyanın nüfuzlu festivalları da “itaparan olsun” deyib, belə filmləri “padval kateqoriyası”nda dəyərləndirir. Nəticədə ortaya rüsvayçı nəticə çıxır.

Məncə, dövlət başçısına müraciət etmək lazımdır ki, ümumiyyətlə, film sektoruna ayrılan maliyyə başqa sahələrə yönəldilsin. Onsuz da film sektorunda oturanlar illərdir ortaya düz-əməlli bir əsər qoya bilməyiblər. Əvəzində isə düşmən Ermənistan və qonşu Gürcüstan belə festivalların qısa siyahısına düşür.

Regionun lider dövləti Azərbaycanın filmi isə “zirzəmilərdə”, “çayxanalarda” nümayiş olunur.

Erməni ordusu 26 il əvvəl Qarabağa girib oturub. İndi isə erməni “mədəniyyəti” də Qarabağa girdi. Amma təkcə bunu etmədi, həm də bizim Mədəniyyət Nazirliyimizin iç üzünü açdı.

Şeyx Teymur
Azərbaycanlı aktyor yarıçılpaq şəklini paylaşdı, evlilik təklifi aldı - FOTORusiyada yaşayan, aktyorluq və modellik fəaliyyətini uğurla davam etdirən əslən azərbaycanlı Anar Xəlilov paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.

Oxu.Az xəbər verir ki, aktyor rəngarəng güllər fonunda kamera önünə keçərək yarıçılpaq və seksual şəkillər çəkdirib.

Ehtiraslı fotosunu sosial media hesabında yayımlayan A.Xəlilovu izləyicilər təriflərə qərq ediblər. Aktyorun yarıçılpaq fotolarını görən xanım izləyicilər Anara evlilik təklifi ediblər.

Qeyd edək ki, Anar Xəlilov “Şukin Teatr İnstitutu”nun məzunu, Rusiyanın Xalq artisti Lyudmila Maksakovanın tələbəsidir. O, azərbaycanlı rejissor İlqar Safatın “İçəri şəhər” filmində rol alıb.

Xəlilov aktyorluqdan başqa, model kimi də fəaliyyət göstərir.


Bu şəxslər “Vaqif Səmədoğlu” medalı ilə təltif edildi - FotoBu gün Xalq şairi Vaqif Səmədoğlunun doğum günüdür. Vaqif Səmədoğlu Mərkəzinin İdarə Heyətinin qərarı ilə Vaqif Səmədoğlu irsinin təbliğində iştirakına görə bir qrup yaradıcı insan “Vaqif Səmədoğlu” medalı ilə təltif edilib.

Bu barədə Kult.az-a Vaqif Səmədoğlu Mərkəzinin sədri Nüşabə Babayeva-Vəkilova məlumat verib.

Onun sözlərinə görə, mərkəzin 4 iyun 2020-ci il tarixli keçirilən İdarə Heyətinin qərarına əsasən, aşağıda adları qeyd olunan şəxslər “Vaqif Səmədoğlu” medalı ilə təltif ediliblər.

1. Ramiz Həsənoğlu –Xalq artisti , rejissor

2. Valeh Kərimov –Xalq artisti

3. Afaq Bəşirqızı- Xalq artisti

4. Kamran M.Yunis –aktyor, bədii qiraətçi

5. Xəzər Süleymanlı - bədii qiraətçi

5. Ülviyyə Heydərova - yazıçı

6. Nəzrin Hüseynli - ədəbiyyatçı

7. Kamran Əsədov - heykəltaraş

8. Səməd Vəkilov - hüquqşünas

Nüşabə xanım onu da qeyd edib ki, hazırda ölkədəki vəziyyətlə bağlı təqdimat mərasimi başqa vaxta keçirilib.
Bu şəxslər “Vaqif Səmədoğlu” medalı ilə təltif edildi - Foto

Emin Ağalarov koronaya yoluxub - Özü təsdiqlədiXalq artisti, tanınmış iş adamı Emin Ağalarov sensasion açıqlama verib.

Azərbaycanın xalq artisti koronavirusa yoluxduğunu, amma bunu mediadan gizlətməyə məcbur olduğunu etiraf edib.

E.Ağalarov opera müğənnisi Yusif Eyvazovun İnstaqramda etdiyi canlı yayımda qonaq olub. O, verdiyi müsahibədə xəstəliyə yoluxduğunu, amma adının ətrafında çoxsaylı şayiələri artırmamaq üçün bu xəbəri gizlətdiyini deyib.

E.Ağalarovun sözlərinə görə, xəstəlik səbəbindən kifayət qədər ciddi imtahandan keçib. Həyatında heç vaxt tək qalmadığını deyən müğənni xəstəlik səbəbindən iki həftə özünü izolyasiya etmək məcburiyyətində qalıb.

"40 il ərzində ilk dəfə özümlə tanış oldum", - deyə, musiqiçi izolyasiyada keçirdiyi vaxta işarə edərək zarafatından da qalmayıb.

Ağalarov xəstəlik zamanı qanında əmələ gələn antikorların onu bundan sonra koronavirus infeksiyasından qorumağa imkan verəcəyinə inandığını bildirib.

O, xəstəlik səbəbindən uşaqları ilə məsafəli görüşdüyünü, onlar üçün darıxdığını söyləyib. (Musavat.com)