«Space» televiziyası yeni layihələrə start verib - FOTO
Azərbaycan Ordusunun cəsur əsgər və zabitləri canı-qanı bahasına düşmənin silahlı qüvvələrini darmadağın etdi. Qürurla deyə bilərik ki, bu gün biz qalib ölkənin vətəndaşlarıyıq. Hər bir Azərbaycan vətəndaşı xoşbəxtdir ki, bu tarixi qələbənin şahidi oldu. Buna görə xalqımıza bu xoşbəxtliyi və tarixi qələbə sevincini yaşadan müzəffər ordumuza borcluyuq. Azad olmuş bütün torpaqlarımızda üçrəngli bayrağımızın əbədi olaraq dalğalandırılmasında bir çox igid oğullarımız tək qolunun gücü ilə deyil həm də səsi ilə də mübarizə apardı. Oxuduqları gözəl mahnılarla əsgər yoldaşlarını ruhlandıraraq döyüş əzmlərini artırdılar.
Avrasiya.net xəbər verir ki, 44 günlük Vətən müharibəsinin ildönümü ilə əlaqədar «Space» televiziyası da yeni layihələrlə çıxış etdi. Maraqlı layihələrdən biri «Yuxuda gələn şəhadət» digəri isə «Spase» televiziyasının Müdafiə Nazirliyi ilə birgə İkinci Qarabağ savaşında təkcə qollarının gücü ilə deyil, həm də səslərinin gücü ilə döyüşən qazilərimizlə bağlı həyata keçirdiyi layihədir. Bu layihədə torpaqlarımızın qarış-qarış alınmasında iştirak edən qazilərimizin ifasında səslənən mahnılar «Spase» televiziyası tərəfindən lentə alınır, eyni zamanda, həmin qazilərimiz öz döyüş təəssüratlarını tamaşaçılarla bölüşürlər. Cəsur qazilərimiz ifa etdikləri mahnıları ilə bir daha sübut edirlər ki, biz öz torpaqlarımızı həm ordumuzun, həm qolumuzun, həm də səsimizin gücünə almışıq.