Milli musiqimiz milli varlığımızın elementlərindən biri kimi
Fəridə Mirişova
İz - Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyinin sədri
Müasir Azərbaycan ərazisində musiqi mədəniyyəti haqqında ilk məlumatlar eramızdan əvvəl 10-8-ci minilliklərə aiddir. İlk belə məlumatlar Qobustan qayaları üzərində təsvir olunan mərasim rəqslərinin rəsmləri hesab olunur. Arxeoloji qazıntılar zamanı aşkar olunan bu nadir rəsmlər Azərbaycan xalqının qədim əcdadlarının musiqi izləri haqqında məlumat verir. Qobustan qayaüstü rəsmlərində heyvanların ətrafında rəqs edən bir neçə insanın təsviri Azərbaycanın ən qədim rəqs növü olan “Yallı” rəqsini xatırladır. Rahatlıqla söyləmək olar ki, qədim insanların o dövrün rəqs pontamimasını əks etdirən rəsmlər çəkməsi ibtidai musiqi mədəniyyətinin mövcudluğu haqqında bizə çatan ən böyük elmi faktdır.
Azərbaycan xalqının həyatında musiqinin erkən orta əsrlərdə rolu haqqında qəhrəmanlıq dastanı “Kitabi Dədə Qorqud“ eposunda müfəssəl məlumat mövcuddur. Azərbaycan musiqisi 20-ci əsrin başlanğıcına qədər iki istiqamətdə - şifahi ənənələrə söykənən professional musiqi (muğam) və folklor musiqisi (aşıq musiqisi, xalq mahnıları, xalq rəqs melodiyaları) şəkilində inkişaf etmişdir.
Azərbaycan musiqi həyatında yeni mərhələnin başlanğıcı 20-ci əsrin əvvəllərindən başlayır. 20-ci əsrin əvvəllərində xalqın ictimai həyatında baş verən hadisələr azərbaycançılıq ideyaları musiqi mədəniyyətimizdə də öz təzahürünü tapmışdır. Bu dövr mədəniyyətin digər sahələrində olduğu kimi musiqi mədəniyyətinin inkişafında böyük rol oynamışdır. Azərbaycan musiqisi tarixində mühüm mərhələ olan əsrin əvvəlləri bir çox musiqi janrlarının yaranması ilə səciyyələnir.
Azərbaycan milli opera janrının yaranma tarixi Ü.Hacıbəyovun 1908-ci il yanvarın 12(25)-də tamaşaya qoyulmuş "Leyli və Məcnun" operasından başlanır. Ü.Hacıbəyov “Leyli və Məcnun” operası ilə şifahi ənənəli milli sənətlə bəstəkar yaradıcılığının sintezini yaratdı. Müasir Azərbaycan professional musiqisinin əsası məhz Ü.Hacıbəyov tərəfindən qoyulmuşdur. Demək olar ki, Azərbaycan musiqisinin hər bir sahəsi Ü.Hacıbəyli ənənəsi ilə yoğrulub. Eyni zamanda onu qeyd etmək gərəkdir ki, Azərbaycanda musiqi elminin bünövrəsi də dahi bəstəkarımız Ü.Hacıbəyov tərəfindən qoyulub. Onun musiqiyə həsr olunmuş məqalələrində, xüsusilə çoxillik təqiqatlarının nəticəsi olan “Azərbaycan xalq musiqisinin əsasları” fundamental əsərində Azərbaycan musiqi elmi üçün proqram əhəmiyyətli fikirlər irəli sürülüb. Ü.Hacıbəyovun irəli sürdüyü tezisşəkilli müddəəlar sonrakı illərdə Azərbaycan musiqişunaslığının müxtəllif qollarının yaranmasına təkan verib. Ü.Hacıbəyovla yanaşı M.Moqamayev (1885-1937), Z.Hacıbəyov(1884-1950), C.Qaryağdıoğlu (1861-1943), Q.Pirimov (1881-1965) kimi sənət fədailərimizin Azərbaycan musiqisinin inkişafında və təbliğində böyük xidmətləri olmuşdur.
Ü.Hacıbəyovun 1909-1913-cü illərdə yazmış olduğu (“Ər və arvad” 1910, “O olmasın, bu olsun” 1911, “Arşın mal alan” 1913) ilə Azərbaycan teatrına musiqili komediya janrını gətirdi. Həmçinin Sovet hakimiyyəti dövrünə qədər Z.Hacıbəyovun "Əlli yaşında cavan", "Evlikən subay", M.Kazımovskinin "Molla Cəbi", "Vurhavur" musiqili komediyaları da tamaşaya qoyulmuşdur. Bu tamaşaların ərsəyə gəlməsində H.Ərəblinski, M.Ə.Əliyev, Ə.Ağdamski, Ə.Hüseynzadə, H.Abbasov, Y.Olenskayalar, R.Darablı və Ə.Anaplı kimi sənətkarlar mühüm rol oynamışlar. Bu janr sonralar Qara Qarayev, Rauf Hacıyev, Tofiq Quliyev, Süleyman Ələsgərov və neçə-neçə bəstəkarların yaradıcılığında öz inkişafını tapdı.
Azərbaycan Xalq Cümhuriyyəti illərində teatr, musiqi, dramaturgiya sahəsindəki dövlət siyasəti və həyata keçirilən mühüm tədbirlər mədəniyyət və incəsənətin inkişafında mühüm rol oynadı. Təəssüf ki, Xalq Cümhuriyyətinin ömrü az oldu, lakin bu qısa müddətdə Cümhuriyyətin həyata keçirdiyi mədəniyyət quruculuğu işləri zamanına görə fövqəladə bir mədəniyyət hadisəsi idi.
Cümhuriyyət illərində Müslüm Moqamayevin 1916-cı ildə yazmış olduğu “Şah İsmayıl” operası 9 Mart 1919-cu ildə, Hacıbaba Şərifovun “Tahir və Zöhrə” operası 1919-cu il oktyabrın 12-də tamaşaya qoyulur. 1918-cı il 18 oktyabrda Dövlət Teatrı statusu almış Mayılov Qardaşları teatrı (indiki Opera və Balet teatrı) səhnəsində Azərbaycan opera və operettaları - “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Şah Abbas və Xurşidbanu”, “Aşıq Qərib”, “Arşın Mal alan”, “O olmasın, bu olsun”, “Evliykən Subay”, “Ər və arvad”, “Əlli yaşında cavan”, Rus və Qərbi Avropa bəstəkarlarının operaları, o cümlədən fortapiano musiqisi, kamera musiqi axşamları, simfonik musiqi axşamları, sonata axşamları nümayiş olunur.
Bu dövrdə klassik musiqi ilə yanaşı xalq xanəndələri və el aşıqları da ölkənin mədəni həyatında və xeyriyyə konsertlərində yaxından iştirak edirdilər.
Cümhuriyyət dövründə Ü.Hacıbəyov “Azərbaycan Milli marşı”, “Azərbaycan marşı”, “Çırpınırdı Qara dəniz” kimi mahnı-marşlar yazmışdır. “Azərbaycan marşı” 1992-ci ildə Azərbaycan Respublikasının dövlət himni kimi qəbul olunmuşdur.
Musiqi mədəniyyətində baş verən bütün hadisələr digər mədəniyyət hadisələri kimi dövri mətbuatında geniş işıqlandırılır. Ceyhun və Üzeyir Hacıbəyli qardaşlarının rəhbərlik etdiyləri “Azərbaycan” qəzetində və digər mətbu orqanlarda konsert, opera tamaşaları, qastrol səfərləri haqqında məqalələr xəbərlər resensiyalar öz əksini tapır. Qeyd edək ki, Bakıda dövlət konservatoriyanın yaradılması ideyası məhz cühuriyyət illərində qoyulmuşdur.
Sovet hakimiyyəti dövründə Azərbaycan musiqisi öz milli varliğını qoruyub saxlayaraq ölkəmizin mədəni həyatında fəal rol oynamışdır. Azərbaycan musiqisinin yeni-yeni janrları yaranır. Yeni yaradıcı nəsil formalaşmağa başlayır. 1922-ci ildə Ü.Hacıbəyli Azərbaycan Dövlət Türk Musiqi məktəbini açır. Məktəb 1924-cü ildə Azərbaycan Dövlət Türk musiqi texnikumu adlanır. Nəhayət 1926-cı ildə texnikum Azərbaycan dövlət Konservatoriyası ilə birləşir. Ü.Hacıbəyovun uzaqgörənliyi nəticəsində respublikada üçpilləli təhsil sistemi olan ipdidai təhsil, orta və ali musiqi təhsil sistemi yaranır. 1926-cı ildə ilk çoxsəsli xorun yaranır. İlk Azərbaycan dövlət xoru 1936-cı ildə M.Maqomayev adına Azərbaycan Dövlət Flarmoniyası nəzdində yaradılır. 1931-ci ildə ilk xalq çalğı alətləri orkestrinin, 1936-ci ildə rəqs ansamblının, 1934-ci ildə Azərbaycan Bəstəkarlar ittifaqının, 1938-ci ildə Azərbaycan Musiqili Komediya teatrının, 1939-cu ildə Azərbaycan xalq yaradıcılığı evinin, 1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyası nəzdində elmi-tədqiqat musiqi kabinetinin yaradılması məhz həmin illərə təsadüf edir.
Yuxarıda qeyd etdiyimiz kimi Sovet dövrünə qədər Ü.Hacıbəyovun “ Leyli və Məcnun”, Z.Hacıbəyovun "Aşıq Qərib" (1916), M.Maqomayevin "Şah İsmayıl" (1919), operaları tamaşaya qoyulmuşdu. Teatrın repertuarı ənənəvi klassik opera formasında yazılmış "Şahsənəm" (1927, R.Qlier), "Nərgiz" (1935, M.Maqomayev) və "Koroğlu" (1937, Ü.Hacıbəyov) ,daha sonralar "Vətən" (1945, Q.Qarayev və C.Haciyev), "Xosrov və Şirin" (1942, Niyazi) "Nizami" (1948, Ə.Bədəlbəyli) "Sevil" (1953, F.Əmirov), "Azad" (1957, C.Cahangirov), “ Gəlin Qayası” ( 1972 Şəfiqə Axundova ) “ İntizar” (2007 F. Əlizadə ) operaları ilə zəngınləşdi və milli opera sənətimizin tarixinə həkk olundu.
1940-cı ildə ilk milli Azərbaycan baleti - "Qız qalası" (Ə.Bədəlbəyli) tamaşaya qoyuldu.. "Gülşən" (1950, S. Hacıbəyov) "Yeddi gözəl" (1952, Q.Qarayev) "Qaraca qiz" (1965, Ə.Abbasov), "İldırımlı yollarla" (1961, Q.Qarayev), "Məhəbbət əfsanəsi" (1962, A.Məlikov) ”Min bir gecə” (1979 F.Əmirov ), “ Nəsimi “ ( 1973 F. Əmirov) baletləri sonraki illərdə “Babək” (1986 A.Əlizadə), “Ağ və Qara” (2000 X.Mirzazadə) “Eşq və Ölüm” (2005 P.Bülbüloğlu) Opera və Balet teatrında tamaşaya qoyuldu. 1928-ci ildə teatra M.F.Axundovun adı verilmişdir. 1959-cu ildən Akademik Opera və Balet Teatrı adlanır.
1941-1945 illərdə yazılmış olan bir çox musiqi əsərləri böyük vətən müharibəsi illərini əhatə edir. Yüksək vətəndaşlıq hissi, düşmənə qarşı barışmaz mübarizə, qələbəyə inam bəstəkarlarımızın yazmış olduqları musiqi əsərlərində ana xətt kimi keçir. Həmin illərdə Azərbaycan bəstəkarlarının böyük bir qismi simfoniya Simfonik poema, uvertura, lövhə, süita, janrında nümunələr yaratdı.
1948-ci ildə Fikrət Əmirov «Şur» və «Kürd Ovşarı»nı yazmaqla simfonik muğam janrının əsasını qoydu və sonralar bir çox bəstəkarlar bu janrda əvəzsiz əsərlər yazdılar. bir şeyi qeyd edim ki, simfonik muğam yalnız Azərbaycan musiqisinə xas bir janrdır.
50-ci illərdə milli estrada musiqisinin təməli qoyulur. 1956-cı ildə Azərbaycan Dövlət Estrada orkestri, 1957-ci ildə “Biz Bakıdanıq” Estrada Ansamblı, 1975-ci ildə Azərbaycan Dövlət Estrada simfonik orkestrinin yaranması, Azərbaycan Televiziya və Radiosunun estrada orkestri 60-cı illərdə “Qaya” kvarteti estrada sənətinin inkişafında mühüm rol oynamışdır. Azərbaycan estradasının görkəmli nümayəndələrindən Rəşid Behbudov, Mirzə Babayev, Şövkət Ələkbərova, Polad Bülbüloğlu, Müslüm Moqamayev, Flora Kərimova, Natavan Şeyxova, Hüseynağa Hadıyev, Akif İslamzadə və başqa görkəmli sənətkarlarımızın yaradıcılığı milli estrada sənətimizi zənginləşdirmişdir.
Kino musiqisi yaradıcılığın mürəkkəb sahələrindən biridir. Kinoda musiqi ən mühüm kompanentlərdən biridir. Bədii məzmunun ideya və obrazın açılmasında musiqi aparıcı yerlərdən birini tutur. 1936-cı ildə “Almaz” kinofilmi ilə Azərbaycan səsli kinosunun, həm də Azərbaycan kino musiqisinin əsası qoyuldu. Filmin musiqisini Zülfüqar Hacıbəyov və Niyazi bəstələmişdir. 1945-ci ildə Ü.Hacıbəyovun "Arşın mal alan" musiqili komediyası yenidən ekranlaşdırıldı. Rejissorlar R.Təhmasib və N.Leşşenko milli koloriti və xalq yumorunu saxlamaqla parlaq realist kinokomediya yarada bildilər. 50-ci illərin əvvəllərində, "Bakı kinostudiyası"nın əsas istiqamətinin bədii-sənədli və publisistik filmlərin çəkilməsinə yönəldiyi bu dövrdə yalnız "Fətəli xan" və "Bakının işıqları" bədii filmləri çəkildi. 50-ci illərdə ekranda fəhlə və kolxozçuların, müxtəlif peşə sahiblərinin əməyi və həyatı öz əksini tapdı. "Qızmar günəş altında", "Kölgələr sürünür", "Onun böyük ürəyi", "Onu bağışlamaq olarmı?", "Bizim küçə", "Böyük dayaq", "Telefonçu qız", "Ögey ana" filmlərində biz bunu görürük.
60-cı illərin əvvəllərindən Azərbaycanda rəngli filmlərin çəkilişi genişləndirildi. "Koroğlu" bədii filmi Azərbaycan genişekranlı rəngli kinosunun ilk nümunəsidir. "Arşın mal alan" filmindən etibarən Azərbaycan kinosunda musiqili komediya janrına meyil gücləndi. "Görüş", "Bəxtiyar", “Qaynana” (Tofiq Quliyev) “O olmasın, bu olsun”, “Arşın mal alan” (Üzeyir Hacıbəyov), “Romeo mənim qonşumdur”, “Əhməd haradadır?” (Rauf Hacıyev), “Ulduz” (Süleyman Ələsgərov) və s. filmlərdə bu ənənə davam etdirildi.
Uzun illər Azərbaycan SSRİ-nin tərkibində olsa da, xalqımız öz mədəniyyətini, milli-mənəvi dəyərlərini ləyaqətlə qoruyub saxlaya bilmişdir. Bu gün müstəqil Azərbaycan dövlətinin mədəni nailiyyətləri də xalqın uzun illər yaşatdığı, nəsillərdən nəsillərə ötürdüyü milli-mənəvi dəyərlərin əsasında formalaşmaqdadır. Azərbaycan müstəqillik qazandıqdan sonra milli mədəniyyətimizin inkişafında da yeni dövr başlandı. Müstəqillik illərində Azərbaycan mədəniyyəti dünyaya inteqrasiya yoluna qədəm basdı. İçərişəhər, Şirvanşahlar Saray Kompleksi, Qobustan ilə birgə, Muğam sənəti və Aşıq sənətimiz YUNESKO kimi nüfuzlu beynəlxalq təşkilatın maddi və mədəni irs siyahısında öz yerlərini tutmuşlar. Azərbaycan mədəniyyətinin bu maddi və mənəvi abidələri bəşəriyyətin yaratdığı çox dəyərli əsərlər siyahısına salınmaqla ölkəmizin qədim mədəniyyət diyarı olduğu bir daha təsdiqləyir. Azərbaycan Şərqlə Qərbin qovuşağında yerləşdiyindən bizim ölkənin mədəniyyəti hər iki tərəfin mədəniyyətinin elementlərini özündə birləşdirə bilmişdir.
Sovet İttifaqının tərkibində olduğumuz illərdə milli musiqimiz inkişaf etsə də, bu inkişafın əsası keçən əsrin əvvəllərində qoyulmuşdur. Təsadüfi deyil ki, Azərbaycan musiqi elminin, professional musiqinin, Şərqdə ilk operanın əsası məhz bu dövrdə qoyulub. Üzeyir Hacıbəyov, Müslim Maqamoyev, və o dövrdə yaşamış digər sənət fədailərinin xidmətləri danılmazdır. Ona görə çəkinmədən söyləyə bilərik ki, milli musiqimizin bu günkü uğurlarını keçən əsrin əvvəllərində milli oyanışla başlayan mədəniyyət hadisələrinə borcluyuq.