İTV fərqli bir yeni il proqramı hazırlayıb

İTV fərqli bir yeni il proqramı hazırlayıb2020-ci il Azərbaycan və xalqımız üçün kifayət qədər çətin və eyni zamanda uğurlu il oldu. İctimai Televiziya və Radio Yayımları Şirkəti il ərzində sevincli və qüssəli hadisələri nəzərə alaraq tamamilə fərqli bir yeni il proqramı hazırlayıb.

Bizim verilişlərin Sizi düşündürəcəyinə, kövrəldəcəyinə və eyni zamanda üzünüzdə təbəssüm yaradacağına ümidvarıq. Ən əsası isə Sizə bizim proqramları izləmək maraqlı olacaq.

Dekabrın 31-i saat 19.45-də 3D proqramında Dadaş Dadaşlinski ilin yadda qalan simalarına mükafatlar təqdim edəcək. Kiçik büdcəli təqdimat mərasimi Dadaş Dadaşlinskinin üslubunda təşkil edilib, ümidvarıq ki, heç kim ondan inciməyəcək.

Saat 20.15-də İTV-nin çəkdiyi “Xarıbülbül” konserti efirdə olacaq. Amma bu fərqli konsert proqramıdır. Səhnədə Siz cəbhədə döyüşə gedərkən və ya istirahət zamanı oxuduqları mahnılarla sosial şəbəkədə məşhurluq qazanan və hamının sevimlisinə çevrilən əsgərlimizi görəcəksiniz.

Onlarla birlikdə həmin mahnıları populyar müğənnilər ifa edəcək. Konsertdə tamaşaçılar şəhid Xudayar Yusifzadə və Babək Səmidlinin də sənətçilərlə virtual duetlərini görəcəklər. İctimai Televiziya və Radio Yayımları Şirkəti Azərbaycan Respublikası Müdafiə Nazirliyinə bu layihənin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə təşəkkürünü bildirir.

Saat 21.45-də isə İctimai Televiziyanın efirində “Sən demə” tragikomediyası nümayiş olunacaq. Ssenariyə görə filmin baş qəhrəmanı Şuşadan olan məcburi köçkün koronavirus infeksiyası səbəbindən koma vəziyyətinə düşür və Qarabağdakı qələbələrimizdən xəbərsiz qalır. Komadan ayılandan sonra isə ürəyi Şuşa həsrəti ilə döyünən, yaxınlarını birinci Qarabağ müharibəsində itirmiş filmin baş qəhrəmanına qələbə xəbərini çatdırmağa həkim icazə vermir. Xəstənin ürəyi bu qəfil xəbərə dözməyə bilər, amma bu sevinci necə gizlətmək olar?! Qəhrəmanın yaxınları və kənd sakinlərinin hansı yollara əl atacaqlarını, bunun nəyə gətirib çıxaracağını filmdə görəcəksiniz.

Bundan əlavə, bayram günlərində Sizə yayıma lisenziya hüququnu əldə etdiyimiz dünyada məşhur “Cirque du Soleil” sirk proqramını, yeni xarici filmləri təqdim edəcəyik. İTV-nin efirində “Azərbaycanfilm” kinostudiyasının yeni il mövzusunda çəkdiyi “Hədiyyə” və “Yoxdur belə söhbət” filmlərinin televiziya premyerası baş tutacaq. Klassik musiqi həvəskarları isə ənənəvi “Vyana filarmoniya orkestrinin qış konserti”ni canlı izləyə biləcəklər.

Eyni zamanda tamaşaçılara tövsiyyə edirik ki, cənab Prezident İlham Əliyevin ənənəvi müraciətini də İctimai Televiziyadan izləsinlər. Çünki müraciətdən sonra 2020-ci ilin sonuncu dəqiqəsində sizə sürprizimiz olacaq.
İctimai Televiziya və Radio Yayımları Şirkəti bir daha Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə xalqımızı təbrik edir, xoş seyrlər arzulayır.