Sizin Reklam Burada

Azərbaycanın yeganə keçəçi rəssamı Prezidentə müraciət edib: “Mənə cəmi 10 gün vaxt verilib ki..."

Azərbaycanın yeganə keçəçi rəssamı Prezidentə müraciət edib: “Mənə cəmi 10 gün vaxt verilib ki..."Azərbaycan Rəssamlar və Reklamçılar İttifaqının üzvü, ilk keçəçi rəssam, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, yüzlərlə əsərin müəllifi olan Rauf İsmayılovun yaradıcılıq emalatxanası əlindən alınır.

Təkcə Azərbaycan incəsənətinin deyil, həm də dünya təsviri sənətinin tanınmış nümayəndəsi olan Rauf İsmayılov 5 ildir ki, Xətai rayonu, M.Rüstəmov küçəsi 4/6 ünvanında yerləşən 30,9 km-dən ibarət emalatxana qalmaqalı ilə bağlı məhkəmələrdə qalıb. Dediyinə görə, üz tutduğu instansiyalarda rəssamın nəinki səsinə səs verən, hətta onu dinləyən belə tapılmır. Artıq rəssamın emalatxanadan çıxarılması üçün 10 gün vaxt qoyulub. 10 günün isə 3 günü bitib.

Bu barədə Cebhe.info-ya müraciət edən Rauf İsmayılov son ümidini mətbuata bağlayıb. Aidiyyəti instansiyaların barəsində ədalətsiz qərar çıxardıqlarından gileylənən rəssam çıxış yolunu mətbuat vasitəsilə ölkə başçısı İlham Əliyevə müraciət etməkdə görür:

“Emalatxana 25 ildən artıq dostluq etdiyim Vaqif Məmmədovun mülkiyyətində olub. Vaqif kimsəsiz idi, heç kimi yoxdu. Yeganə yaxını mən idim. Dostum uzun müddət ürək və şəkər xəstəliyindən əziyyət çəkirdi. Bu səbəblə 9 il 3 saylı Şəhər Klinik Xəstəxanasında müalicə olundu. Onun bütün dərman və lazım olan ləvazimatlarını bu illər ərzində mən təmin edirdim. Elə oldu ki, Vaqif komaya düşdü və 2015-ci ilin avqustunda dünyasını dəyişdi. Xəstəxananın morquna qoyulmuşdu və yaxınının gəlməsini gözləyirdilər. O ərəfədə heç kim gəlmədi, çünki Vaqif dəfələrlə mənə heç kəsinin olmadığını demişdi. Xəstəxanada onun yaxının yalnız mən olduğunu bildirdim və çox çətinliklə Vaqifi morqdan götürüb Azərbaycan adət-ənənəsi ilə dəfn etdirdim. Emalatxananın həyətində Vaqifin adına ehsan süfrəsi açdım. Rəssamlar İttifaqının köməyilə qəbirüstü abidəsini hazırlatdım”.

Müsahibimiz deyib ki, Vaqif Məmmədov dünyasını dəyişəndən sonra Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov dostuna məxsus emalatxananı ona verib:

“Fərhad müəllim yaradıcılıq fəalaiyyətimi nəzərə alaraq artıq sahibsiz olan emalatxananı mənə verdi və oranın sənədləşdirmək lazım olduğunu bildirdi. Emalatxananı mülkiyyətimə keçirmək üçün sənəndləşdirəcəkdim. 2 il 6 ay sonra Səkinəxanım Məmmədova adlı bir xanım peyda oldu və özünü Vaqifin bacısı kimi qələmə verdi. Xanım vərəsəlik hüququ aldığını və emalatxanadan çıxmağımı tələb etdi. Beləliklə 2 il 4 aydır ki, emalatxana qalmaqalı ilə bağlı məhkəmə mübahisəmiz davam edir. Vaqif emalatxananın bütün sənədlərini-“kupça”sını, texniki pasportunu, şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini belə mənə vermişdi. Vərəsəlik haqqında qanunda göstərilir ki, ölmüş şəxsin qohum-əqrəbası, yaxını 3 ay müddətində gəlmirsə, vərəsəlikdən məhrum olunur. Rəssamlar İttifaqı olaraq Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdik. Oradan cavab gəlmişdi ki, bəlkə Vaqifin qohum-əqrəbası çıxa bilər. Ondan sonra Rəssamlar İttifaqı o yerin bizdə qalması üçün Xətai Rayon Məhkəməsində məsələ qaldırdı. Məhkəmə də gözləmək qərarı çıxardı.

Belə bir ərəfədə heç kimin xəbəri olmadan 2 il 6 ay sonra Vaqifin bacısı adı ilə Səkinəxanım Məmmədova adlı xanım ortaya çıxdı. Hansı ki, xaricdə yaşayıb və ümumiyyətlə, belə bir emalatxananın mövcudluğundan xəbəri olmayıb. Məsələ burasındadır ki, Vaqifin bacısı olduğunu iddia edən xanımla Vaqifin ata adları düz gəlmir. Yəni Vaqif Məmmədov Həsən oğludur, amma Səkinəxanım Məmmədova Əsəd qızıdır. Mən bununla bağlı məhkəmədə etirazımı bildirsəm də, xanımın vəkili sözümü kəsib “nə olsun, əmisi qızı olsun” deyə cavab verdi. Əslində bu xanım məhkəmədə qeyri-qanuni şəkildə həm vərəsəlik hüququnu, həm də emalatxananıı miras olaraq tanıtmışdı. Bu xanımın nə qardaşdan, nə də mirasdan xəbəri olub. 3 ilə yaxın vaxt keçəndən sonra gəlib və belə bir məsələdən xəbər tutub”.

Rəssam iddia edib ki, Sabunçu Rayon Məhkəməsində qanunsuz qətnamə qəbul edilib:

“Məhkəmə faktı tanıyıb və xanım çıxarışı alıb. Ondan sonra məni məhkəməyə verib. İşə Apellyasiya Məhkəməsində baxılanda Səkinaxanım Məmmədovadan Vaqifin əmisi qızı olduğunu sübut edən sənəd tələb edib. Amma belə bir sənəd təqdim olunmayıb. Əksinə, qeyri-qanuni hərəkətlərini ört-basdır etmək üçün sənədlərinin arxivdə yandığını bəhanə gətirdi. Azərbaycan arxivində sənədlər niyə yansın ki? Maraqlısı isə odur ki, Səkinəxanım Məmmədova indiyədək Vaqifin bacısı və ya əmisiqızı olduğunu sübuta yetirməsə də, bütün instansiyalardan qalib çıxır. Məhkəmələr məni dinləmir. Onu da deyim kl, Ulu öndər Heydər Əliyevin rəssamlara emalatxanaların bağışlanması haqqında sərəncamı var. Orada bildirilir ki, yaradıcılıq emalatxanaları rəssamlara bağışlansın. Rəssam da rəssama emalatxananı ya sata, ya da bağışlaya bilər. Həmin sərəncamın surətini Rəssamlar İttifaqından götürüb məhkəmələrə təqdim etmişdim. Amma buna da məhəl qoyan olmadı. Bir məqama da toxunum ki, Vaqif hələ sağ olanda emalatxananı və avtomobilini təmir etdirmək üçün məndən 10 min manat istəmişdi və bu məbləği ona vermişdim. Məhkəmədə həmin məbləğin tələbi ilə bağlı iddia qaldırsam da, bu məsələdə də haqsız duruma düşdüm. Özünü Vaqifin bacısı hesab edən xanım pulu qaytarmaqdan imtina edərək, vaxtilə Vaqifə əl tutduğum, onun xəstəxana və dəfn xərcvlərini çəkdiyim üçün məni ittiham etdi. Vaqif xəstə olanda, dünyasını dəyişəndə, dəgn olunanda bəs bacısı harada idi? İndi niyə peyda olur? Emalatxanaya sahib çıxmaq üçün?”

Xətai rayon İcra və probasiya şöbəsindən Rauf İsmayılova emalatxanadan çıxması ilə bağlı qərar gəlib:

“Bildirmək istəyirəm ki, mən Azərbaycanda ilk və yeganə keçəçi rəssamam. Əsərlərim BMT-nin keçmiş baş katibi Butros Butros-Qaliyə, Türkiyənin keçmiş baş naziri Məsud Yılmaza, 2 dəfə Ulu Öndər Heydər Əliyevə və Heydər Əliyev Fonduna hədiyyə olunub. Yeganə rəssamam ki, YUNESKO-nun üzvüyəm. Eyni zamanda, Reklamçılar İttifaqı, Rəssamlar İttifaqı və Xalçaçılar Birliyinin üzvüyəm. 4 dəfə Bakıda, ABŞ-da, Türkiyədə, Kiprdə fərdi sərgilərim olub. Bir sözlə, yaradıcılıqla məşğul olan bir insan emalatxanasız qalmalıdır? Rəssamlıq sənətindən və elmindən başı çıxmayan bir adam, özünü bacı kimi təqdim edən şəxs rəssamlıq emalatxanasına sahib olmalıdır? Deyir ki, emalatxananı satacaq. Yaxşı, o emalatxananı satsın, pul əldə etsin, mən isə küçədə qalım? Emalatxanada “Mehriban” adlı rəssam qrupum var. Hər kəs bilir. Mən uşaqlarla təmənnasız məşğul oluram. Uşaqlarım Azərbaycanı təmsil edərək YUNRSKO-dan diplom alıblar. Bu uşaqlar da küçədə qalsın?”

Rəssam ölkə Prezidenti İlham Əliyevə müraciət edib:

“Sizin humanist və ədalətli olduğunuza əsaslanaraq bu məsələyə müdaxilə etməyinizi xahiş edirəm. 45 ildən çoxdur Azərbaycana xidmət göstərən rəssama kömək əlinizi uzadacağınıza əminəm”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər