04 avq 13:28medeniyyet

Azərbaycanda vətənpərvər yazıçı var, Sərdar Cəlaloğlu

Azərbaycanda vətənpərvər yazıçı var, Sərdar CəlaloğluÇox təəssüf edirəm, Azərbaycan siyasətində kimsə savab bir iş görmək əvəzinə dağıdıcılıqla, məhv etməklə məşğuldu. Ortada olan Azərbaycan ziyalılarına qara yaxmaqla məşğuldur. Məncə siyasətçi danışdığı sözün mahiyyətinə varıb, ondan sonra danışsa daha yaxşı olar. Siyasətçinin danışdığı hər kəlmə söz dinləyicisi üçün örnək olmalıdır, bir yol göstəricisi olmalıdır. Siyasətçi ziyalısını öz ətrafına toplamalıdır, qarayaxma ilə məşğul olmamalıdır. Ona görə xalq tərəfindən onların rəğbət hissi qalmayıb.

Xalqdan, ziyalıdan qurtarıb sonra başlayırlar bir-birinə qara yaxmaqla məşğul olmağa. Kəndə böyümüşəm; kənd adamlarında belə bir xüsusiyyət var, kənddə üç, ya dörd adamın adı eyni olanda, onların adlarının önünə bir əliğa yapışdırırlar. Kəndimizdə Şərif adında dörd adam var idi, birinə qəzə Şərif, birinə pepi Şərif, birinə buğa Şərif, o birisinə yetim Şərif deyirdilər. İndi bu müxalifətçi qardaşlarımız dayaqlarını itiriblər, başlayıblar özləri özlərinə ad qoymağa. Cib müxalifəti, papqa müxalifəti, şapqa müxalifəti, radikal müxalifət, dağıdıcı müxalifət, söyücü müxalifət. Məncə işləri, gücləri olsaydı, hamı öz işi ilə məşğul olardı.

Bir təsadüf nəticəsində Reaksiya TV- də dostumuz Zaur Qərboğlu ilə Sərdar Cəlaloğlunun söhbətinə qulaq asası oldum. O söhbətdə Sərdar bəy Özbəkistanın da bizim tərəfimizi saxladığını, hətta bir özbək yazıçısının bizi müdafiə etdiyin qeyd etdi, amma adını çəkmədi. Bizi müdəfiə edirsə, mütləq adı çəkilməli idi. Bəlkə, o an adı Sərdar bəyin yadından çıxmışdı. Amma mən deyim. Qardaş Özbəkistan şairi və tərcüməçi, Karim BAXRIEV cənabları bizim mövqeyimizdən çıxış edir. Bir neçə cümləni xatırladım. Qardaş ölkənin şairi Karim Baxriev qeyd edir ki, “Özbəkistan daim beynəlxalq hüququn prinsiplərini, dövlətlərin ərazi bötövlüyünü dəstəkləyib və dəstəkləyəcək. Biz ədalətin yanındayıq. Qardaş Azərbaycan xalqını bu təcavüzdə yalqız qoymayacağıq və onlarla çiyin-çiyinə dayanacağıq”.

Bəli, biz qardaş Özbəkistanı və onun ziyalı şair və tərcüməçisi cənab Karim BAXRIEVİ alqışlamalıyıq.
Hə, bəs sonrası? Sonrası, Sərdar bəyin Azərbaycan Yazarına nifrət dolu çıxışından danışım. Əvvəlcə onu qeyd edim ki, Sərdar bəy çox dar düşüncədən çıxış etdi. O, elə bilir ki, Azərbaycanda Anardan və Əkrəm Əylislidən başqa yazıçı yoxdu. Anarın adını rişxəndlə çəkdi, Əkrəmin adını çəkmədi, yəqin özünə rəva bilmədi, onu qeyd etdi ki, “DAŞ YUXULAR”( yəni, Azərbaycanın mövqeyinə xələl gətirən bir roman).

Gülümsünüb, sonra da o, çıxışında qeyd etdi ki, Azərbaycanda vətənpərvər yazıçı, şair yoxdu.

Bəlkə, belə bilir? Yox, Sərdar bəy, var! Azərbaycan ədəbiyyatı bu sarıdan sonsuz deyil. Siz dediyinizin əksinə olaraq çox vətənpərvər yazıçılarımız var. Bircə görmək lazımdır.

Onun əksinə olaraq Zaur Qəriboğlu: -Var! –dedi. -Amma müstəqil media adlanın Reaksiya TV rəhbəri, hansı bədii əsər olduğunu deməkdən çəkindi. Bilmirəm niyə? Ən aşağısı Zaur bəy bilirdi ki, mənim yazdığım SANDIQ adında bir roman var (Bu roman onda olduğu üçün deyirəm). O roman Azərbaycan adına utancaqlıq gətirə bilməz. Tənqitcilər dünya arenasına çıxa biləcək bir roman kimi təqdim ediblər.

“Sandıq” romanı necə maraqlı süjet və kompozisiya üzərində qurulmuşdur. Özünü qalib sayan xalqın nümayəndəsi qalib hisslərlə yaşamır, o daim qorxu altındadır, hadisələrin sonunun onların xeyrinə olmayacağını fəhmlə duyur və buna görə də narahat olur. Heç nəyə inamım qalmayıb mənim, bu gündən sabaha etibar yoxdur, heç nəyə bir damcı da olsun ümid bəsləmirəm, deyə düşünür. Hadisələrin hansı yana yön alıb gedəcəyi də məlum deyil. Harınlamış yekəbaşlar, yekəqarınlar, gönüqalınlar sadə insanların taleyinə biganədirlər. Çox maraqlıdır ki, bu narahatçılıq əsərin bütün erməni qəhrəmanlarında var, sanki onları gizli bir əl içəridən tutub silkələyir. Çünki onlar yaxşı bilirlər ki, müharibəni törədən və indi at oynadan həmin harınlar çətinə gələndə ancaq özlərini düşünəcəklər!

Başqa epizodu xatırladım.

Aprel döyüşündən sonra gənc leytenant Bədəlyanla, Qarabağ müharibəsinin başlandığı gündən bu günə qədər, həmişə ölmüş erməni əsgərlərinin meyidini Xankəndindən İravana aparan sürücü Xorenlə mübahisəsi zəminində bəlli olur ki, 25 il əvvəl Xoren həmin yolda meyit apararkən qarşısına qucağında körpəsi olan bir erməni qadını çıxır. Xoren çox gözəl olan erməni qadınından keçə bilmir. Təcavüz etmək fikrinə düşür. Qadın başa düşüb qaçmaq istəyir. Çölün düzündə, qışın şaxtalı günündə haraya qaça bilərdi?! Çaşqın vəziyyətdə qalan qadın Zil markalı maşının kuzasına çıxır. Fürsətdən istifadə edən Xoren qadının arxası ilə kuzaya çıxır və apardığı erməni meyitlərinin üzərində qadın cinsi təcavüzə məruz qalır.

Sonrakı söhbətdən məlum olur ki, 25 il əvvəl həmin qadının qucağındakı körpə uşaq Xorenlə mübahisə edən Leytinant Bədəlyandır.

Erməni vandalizmi nəyin ki, türk millətinə və ya digər millətlərə qarşı xəyanətkardır, hətta, öz milləti də məkirli niyətlərinin qurbanına çevrilir.

Onu yaxşı bilirlər ki, Qarabağ mövzusunda çox əsər yazılıb, amma erməni xislətini içdən təhlil edən kitab ilk dəfədir ki, qələmə alınır.

Atalar demiş, “bu meydan, bu şeytan”. Buyurun, baxın, səhv edirəmsə deyin, amma baxın, mən həmişə vicdanlı tənqidə və təhlilə açığam, lazımdısa tənqid edin. Bircə qarayaxmanı sevmirəm, Sərdar bəy.

Üzümü Hökumətə, elə müxalifətə də tutub deyirəm: -Belə ədəbiyyat nümunələri təbliğ olunmalıdır, necə ki, düşmənlər təbliğ edir. Sonra deməyək: - bizdə ədəbiyyat yoxdur, vətənpərvər yazıçı yoxdur.

Qalib Şəfahət
AYB-nin üzvi,
Həkim-kardioloq
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.