11 may 14:34medeniyyet

“...Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət”

“...Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət” Yaxud mədəniyyətin mədə niyyətliləri

...İlk dəfədir ki, yazıya haradan və nədən başlayacağımı bilmirəm. Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat məni sözün bütün mənalarında sarsıdıb. Etiraf edim ki, korrupsioner, rüşvətxor icra başçılarının və onların əlaltılarının tükürpədici cinayət əməllərinin gün işığına çıxarılması məni bu qədər silkələməmişdi. Sarsıldım, amma təəccüblənmədim. Qarışıq hisslər yaşadım və bu hisslər hələ də məni tərk etməyib.

Nə üçün sarsıldım?

Ona görə ki, Mədəniyyət Nazirliyi bir dövlətin, xalqın mənəvi aynasıdır, mədəni simasıdır, dünyaya açılan pəncərəsidir. İstəsək də, istəməsək də dünya bizə bu pəncərədən baxır. Bu baxımdan, adıçəkilən nazirlikdə nələrin baş verdiyini təxmin etsəm də, hətta konkret faktlar haqqında məlumatlı olsam da..., yenə də sarsıldım. Və uzun müddət özümə gələ bilmədim.

Ona görə sarsıldım ki, illər boyu mədəniyyəti oynayan bir qrup adam mənəviyyatımızı rüşvətə, korrupsiyaya bulamaq kimi dəhşətli bir cinayətə imza atıb, bunu həyasızcasına gözə kül üfürməklə gizlətməyə çalışıb, mediadakı uzantıları vasitəsi ilə ayrı-ayrı fərdlərin gördüyü işi öz adına çıxarmağa cəhd göstərib. Və bəzən bunu bacarıb da...
Ona görə sarsıldım ki, vaxtilə çalışdığım bu nazirlikdə tutduğu vəzifəsindən asılı olmayaraq, insanların indiki imkanlarla müqayisə edilməyəcək qədər kiçik maliyyə vəsaitləri ilə nə qədər böyük işlərə imza atdıqlarının, necə fədakarlıqla çalışdıqlarının şahidi olmuşam.
Ona görə sarsıldım ki, uzun illər boyu Azərbaycana şərəflə xidmət edən, ifşa edilən və edilməyən, yaxud hələlik edilməyən məmurların basqı və təzyiqləri altında milli mədəniyyətimizi təbliğ etməkdən usanmayan ləyaqətli insanların əzablı simaları gəldi gözümün önünə...
Bu düzənə etiraz edənlərin hansı şər, böhtan kampaniyaları ilə üzləşdiklərini, dışlandıqlarını xatırladım.
Amma heç təəccüblənmədim?

Ona görə ki, son illər Azərbaycanda həyata keçirilən bütün böyük layihələrin, mədəniyyətimizin dünyada təbliği ilə bağlı görülən bütün işlərin Heydər Əliyev Fondu tərəfindən həyata keçirildiyini bilirdim. Bunu hər kəs bilir...

Təsəvvür edin, əgər Heydər Əliyev Fondu Mədəniyyət Nazirliyinin görməli olduğu işləri həyata keçirməsəydi, indi dünyanın qarşısında rüşvətxor, korrupsioner, daxili mədəniyyətdən ən azı yüz illik bir zaman kəsiyi qədər uzaq olan məmurların obrazı ilə necə görünəcəkdik...
Təəccüblənmədim, ona görə ki, bu nazirlikdə fəxri adlarla, mükafatlarla, vəzifələrlə, xarici səfərlərlə necə alver edildiyini bilirdim.Nazirlikdə hansı səbəblərdən klub və mədəniyyət evlərinin, bəzi kitabxanaların, teatr və konsert müəssisələrinin idarə edilməsində hələ də “sovet təsərrüfat sistemi”nin tətbiq edilməsindən, ideoloji baxımdan əhəmiyyətini çoxdan itirmiş bu təsisatların hansı səbəblərdən dövlətin çiynində yük kimi saxlanıldığından, bəzilərinin isə necə yağmalandığından məlumatlı idim.
Təbii ki, bütün bunlardan sonra ortalığa haqlı bir sual çıxa bilər: Bəs nə üçün bu barədə indiki qədər açıq mətnlə yazmamışam?

Qoy deyim: Deməli, son 10-12 il ərzində ayrı-ayrı kütləvi informasiya vasitələrində, xüsusilə də internet resurslarında Əbülfəs Qarayev və Mədəniyyət Nazirliyi ilə bağlı yayımlanan tənqidi və hətta jurnalsitikanın və mənim şəxsi prinsiplərimlə daban-dabana zidd olan bütün yazıların “günahını” məndə görüblər. Əsasları da nə olub? Həmin yazıların yayımlandığı saytların rəhbərlərinin mənimlə şəkillərinin olması... İndi belə bir möhtəşəm “analitik təfəkkür”ün sahibi olan bir adamın və onun “müəssisə”sinin haqqında açıq mətnlə nə isə yazsaydım, o zaman şübhə etmirəm ki, məni çox asanlıqla “Vətənə xəyanət”də də ittiham edə bilərdilər. Və Qarayevin mediadakı “şəbəkə rəhbəri” də, böyük məmnuniyyətlə, həm də “xüsusi peşəkarlıq” nümayiş etdirərək “yemlədiyi” KİV-lərdə bu ittihamın tirajlanmasına nail ola bilərdi...
İndisə keçək mətləbə.

Ola bilsin ki, kimsə Mədəniyyət Nazirliyinə hələ də öz məhdud dünyagörüşü çərçivəsindən “çalıb oynayanların təsərrüfat idarəsi” kimi yanaşır.

Ola bilsin ki, buna müəyyən əsaslar da verilib. Amma Azərbaycan kimi torpaqları işğal altında olan, tarixi, mədəni, dini abidələri dağıdılan, məhv edilən, bütün dünyada azərbaycanlıların mənfi obrazını yaratmağa çalışan, bizi bəşəriyyətə qəddar, qaniçən xalq kimi təqdim etməyə çəhd göstərən azğın, simasız, riyakar bir düşmənlə üz-üzə qalan bir ölkə üçün Mədəniyyət Nazirliyi Müdafiə Nazirliyi qədər önəmli bir strukturdur.

Qeyd edim ki, Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin birinci iclasında bir sıra mühüm məqamlarla yanaşı, Ermənistanla aparılan informasiya müharibəsində buraxılan boşluqlara da diqqət çəkmişdi.
Cənab Prezidentin sözügedən nitqindən bununla bağlı seçdiyim iqtibası hörmətli oxucuların diqqətinə çatdırıram:
“XX əsrin əvvəllərində Rus imperiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir görəsən ki, orada indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Bunu demək lazımdır, o xəritələri gətirmək lazımdır. İşğal edilmiş indiki torpaqlarımızın xəritələrini gətirmək lazımdır. Bütün beynəlxalq təşkilatları, orada fəaliyyət göstərən nümayəndələri tanış etmək lazımdır. Eyni zamanda, müsəlman ölkələrinin parlamentlərinin nümayəndələri ilə görüşlər əsnasında mütləq ermənilər tərəfindən dağıdılmış məscidlərimizin şəkilləri göstərilməlidir. Mən bunu edirəm. Bir çox müsəlman ölkələrinin liderlərinə bu şəkilləri göstərirəm. Əgər bunu geniş siyasi elita görsə, onda əlbəttə ki, o ölkələrin rəhbərləri üçün Ermənistan rəhbərləri ilə ağız-ağıza öpüşmək ayıb olar. Biz bunu deməliyik, deməliyik ki, təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı bu faşist rejim müharibə elan edib, bizim məscidlərimiz, tarixi abidələrimiz dağıdılıb. Amma biz bu məlumatı kifayət qədər çatdıra bilmirik. Ona görə bu, xüsusi bir istiqamət olmalıdır”.

Bəli, bu xüsusi bir istiqamət olmalıdır və Mədəniyyət Nazirliyi də bu işə bütün digər strukturlardan daha çox töhfə verməlidir. Amma bunu bacarırmı, yaxud bacarıbmı?
Mədəniyyət Nazirliyi bu günədək ortalığa normal bir internet resursu belə qoymağı bacarmayıb. Elektron kitabxana sisteminə sərf olunan vəsaitlərin necə və hara xərcləndiyini görmək, bu işin hansı keyfiyyətdə həyata keçirildiyini müəyyənləşdirmək üçün, elə həmin resurların özünə nəzər salmaq yetərlidir. İşğal altında olan torpaqlarımızdakı tarixi, mədəni abidələrin necə dağıdıldığı, məhv edildiyi barədə məlumatların faktlarla təsbit olunduğu internet resursları, həm informasiya, həm də emosional yükü olan kiçik, yaxud böyük həcmli filmlər necə, hazırlanaraq dünya miqyasına çıxarılıbmı?

Bu sahədə görülən bütün peşəkar işlərdə yalnız Heydər Əliyev Fondunun imzası var, vəssalam! Çünkü Mədəniyyət Nazirliyinin başbilənləri daha “vacib”, daha “mühüm” işlərlə məşğul olublar.

Mədəniyyət Nazirliyində keçirilən əməliyyat zamanı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisinin saxlanılması da bu “vacib” və “mühüm” işlərin nələrdən ibarət olduğunu, məsul şəxslərin onlara həvalə edilən strateji vəzifələrin öhdəsindən necə gəldiklərini sübuta yetirir.

“Turana qılıncdan daha kəskin ulu qüvvət...”

Azərbaycan yalnız bu ölkənin mövcud hüquqi sərhədləri çərçivəsində yaşayan insanların deyil, bütün dünya azərbaycanlılarının Vətənidir! Sayımız 50 milyondan çoxdur! Biz dünyanın böyük xalqlarından biriyik! Ayrı-ayrı ölkələrdə, öz tarixi torpaqlarımızda, yaxud başqa ölkələrdə yaşasaq da, bizi ortaq dil və mədəniyyət birləşdirir. Bu gün azərbaycanlıların mənəvi birliyini, həmrəylini təmin etməyin yeganə yolu MƏDƏNİYYƏTDİR! Böyük Cavid XX əsrin əvvəllərində

“Turana qılıncdan daha kəskin ulu qüvvət,.
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət”, - deyə hayqırırdı.

Cavid hazırda 300 milyondan artıq insanın yer aldığı bir mədəni məkanı nəzərdə tutaraq, birliyin, həmrəyliyin yolunu göstərirdi... “Topal Teymur” əsərinin qələm alındığı dövrdən 100 ildən çox vaxt keçir. Artıq 29 ildir ki, ayaqda olan, milli dəyərlər üzərində qurulan müstəqil dövlətimiz var. Bəs bizim 50 milyonluq azərbaycanlıya ünvanlanmış mədəniyyət siyasətimiz hardadır?

İranda 30 milyondan artıq soydaşımızın yaşadığını deyirik. Sadəcə deyirik, vəssalam.

Öncə qeyd edim ki, biz heç bir dövlətə qarşı ərazi iddiası irəli sürmürük. Amma onlar bizim bir parçamızdır. Azərbaycanın güneyində çox böyük mədəni, yaradıcı potensial var. Müasir dünyada bir xalqın birliyi, bütövlüyü üçün onun bütün fərdlərinin eyni dövlətin sərhədləri çərçivəsində yaşaması vacib deyil. Əsas şərt mədəni birlik, mənəvi bütövlüyün təmin edilməsidir.

İmkan düşdükcə, sosial şəbəkələr üzərindən güneydə yaşayan soydaşlarımızın mədəni həyatını izləməyə çalışıram. Bəzən Azərbaycan mahnılarını böyük şövqlə, hətta bizim müğənnilərdən daha artıq bir sevgiylə və daha yüksək peşəkarlıqla ifa etdiklərinin şahidi oluram. Nə musiqi məktəbləri var, nə rəqs dərnəkləri... Bəzi yerlərdə yeni-yeni yaranmağa başlayıb...

Nədən onları ölkəmizə çağırıb konsertlərini təşkil etmirik? Nədən mədəni məkanımızı 50 milyon insanın yaşadığı coğrafiya qədər genişləndirmirik? Milli mədəniyyət tam, bütöv bir anlayışdır. Onun əhatə etdiyi mədəni məkan da tam və bütöv olmalıdır. Günahı hər zaman kənarda axtarmağa alışmışıq. Soydaşlarımızı rahatlıqla bu və digər məsələdə ortalığa vahid mövqe qoymamaqda ittiham etməyə də həmçinin... Amma unuduruq ki, vahid milli-mədəni məkan olmayanadək vahid milli mövqe də olmayacaq. Vahid milli-mədəni məkanın yaranması üçün isə ilk növbədə bu işə məsuliyyət daşıyan qurumlar bu məkanın sərhədlərini hiss edə bilən, milli əxlaqlı, müasir düşüncəli və öz işinin peşəkarı olan mütəxəssislərdən təşkil edilməlidir.

Bu bağlamda dəyərli oxucularımızın diqqətini Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin baş redaktoru olduğum “Xalq cəbhəsi” qəzetinə müsahibəsində yer alan bəzi məqamlara cəlb etmək istəyirəm. Qüdrət Həsənquliyev deyir: “Bu gün cənublu soydaşlarımız İranın fars yönətiminə Qarabağ siyasəti ilə əlaqədar təsir edə bilmirsə burda bizim də günahımız var. İrandan xaricə mühacirət etmiş soydaşımız Bakıya gəlir, Diaspora Komitəsindən görüş istəyir, mən də xahiş edirəm ki, bu adamı dinləyin, amma xeyiri yoxdur. Başları başqa işlərə qarışıb. Mədəniyyət Nazirliyi qardaş Türkiyənin də müvafiq qurumlarını bu işə cəlb etməklə milli, mədəni birliyimiz naminə Cənubdakı hər kəndimizdə, şəhərimizdə incəsənət xadimlərimizin görüşlərini təşkil etməli, cənublu mədəniyyət xadimlərini, farslar da daxil, Azərbaycana dəvət etməli idilər, amma yox, onların da başı başqa işlərə qarışıb. Biz müstəqil dövlət kimi siyasiləşmiş dini təbliğatla “kor edilmiş” cənublu soydaşlarımızın milli kimliklərini dərk etmələri, onunla qürur duymaları və farslardan təbii, ayrılmaz milli haqlarına, heysiyyatlarına hörmət edilməsini tələb etmələri üçün məsuliyyət daşıyırıq”.
Kifayət qədər açıq və birmənalı ifadə olunub deyə, əlavə şərhə ehtiyac duymuram.

Amma mədəniyyətimizlə bağlı toxunulacaq, şərh olunacaq başqa məqamlar da var. Və hesab edirəm ki, bu məqamlar haqqında mədəniyyət adamları danışmalıdırlar. Həm də kluarlarda səsləndirdikləri tükürpədici faktları da açıqlamaqla...

Azərbaycan mədəniyyətinin gələcəyi həm də onların cəsarətindən asılıdır.

Elçin Mirzəbəyli
XƏBƏR LENTİ
SORĞU