Sizin Reklam Burada

QALİB ŞƏFAHƏT: SANDIQ romanından bir parça

QALİB ŞƏFAHƏT: SANDIQ romanından bir parça
Bugün; 31 mart, bu millətin həqiqi mənada çox ağır, faciəli bir günüdür. Hətta bu ağır gündən ermənilər çox sevincəkdilər. Bugünə qarabağda prezident və parlament seçkilərini salıblar.

Sözüm onda deyil; elə götürəndə ondadır. Hələ millət kimi haqqımızı qaytara bilməmişik, hələ gözləyirik.

Bilirsiz əsas fikrim nədi? Azərbaycan siyasətində cır-cındırlar meydan sulayan kimi, Azərbaycan ədəbiyyatında da meydan sulayanlar nə qədər desən var. Həqiqi mənada "Sandıq" adında roman yazdım. Bu roman hər zaman Azərbaycan həqiqətlərini özündə cəmləşdirə bilir. Düzdü,Qarabağ mövzusunda çox əsər yazılıb, amma erməni xislətini içdən təhlil edən kitab ilk dəfədir ki, qələmə alınır. Buna baxmayaraq hələlik nə Azərbaycan ədəbiyyatı nə də Höküməti buna biganədi.
Bu günləri bir sayıta göndərdim. Çox biganə yanaşdılar. Yanaşsınlar, mən borucumdan çıxdım və yazdım. Nə qədər biganə qalsalar da yaxşı əsər küncdə, bucaqda qalsa da nə vaxsa zaman özü üzə çıaxaracaq. Gözləməyin, nə Anar , nə də Əkram Əyisli yazmayacaqlar. Ona görə ki, belə əsər yazmaq onlara sərf elmir və eləməyəcək.

Romandan bir parça vaxtı ilə Yenises.az da gedib onu sizə yenidən təqdim edirəm.

Anuş xala axşamdan bəri özünə yer tapa bilmirdi, sanki rahatlığı əlindən alınmışdı. Özünü çox narahat hiss edirdi. Yuxusu gözündən qaçaq düşmüşdü. Yerində səhərə kimi o yana, bu yana eşələnmişdi. Elə bil yatağına qor dolmuşdular, səhəri dirigözlü açmışdı. Beyni zoqquldayırdı. Canında küt ağrı hiss edirdi. Yerində qurcalanıb deyinməyə başladı:

– Bu nə bəla idi mən düşdüm, elə bil bədənim qırılır. Canım sızım-sızım sızıldayır. Yerimdən durmağa belə taqətim qalmayıb.

Sinəsində çırpıntı hiss edirdi. Yerində oturub əlini sürətlə çırpınan sinəsinə sıxdı:

– Daha ürəyim də sözümə baxmaq istəmir, elə bil yerindən çırpınıb çıxacaq. Ufuldanıb dərindən nəfəs aldı: – Ehhh, görünür, mənim də qismətim belə imiş. Ömür boyu səksəkə içində çarpışıb vuruşdum, səksəkə içində yaşadım. Heç vaxt özümdə bir rahatlıq, dinclik tapa bilmədim. Sonralar elə bildim hər şey yaxşılığa doğru gedəcək, sən demə, yenə də yanılmışam. Yel qanadlı illər gah böyür-başımda tufan qopardı, o tufandan qorunmaq üçün öz qara taleyimin əllərindən möhkəm-möhkəm yapışıb bir təhər dözüb yerimdə qalmağa çalışdım, gah da illərin ölümcül sakitliyinin yanımdan çay kimi axıb getdiyini hiss edirdim. Tufan olanda sakitliyə çəkilib daldeylənməyə çalışdım, sakitliyin içində darıxanda tufana tərəf can atırdım. Keşməkeşli həyat məni həmişə öz burulğanında atıb-tuturdu. Nədən belə olduğunun, niyə belə olduğunun fərqində belə ola bilmədim. Başım elə bir qatmaqarışıqlar içində oldu ki, heç nədən zövq almaq gücündə deyildim. Həyatda qazanıcımın-dirəncimin nə olduğunun fərqində ola bilmədim.

Yataqda oturub başını küsülü adam kimi önə əymişdi. Əlini sifətində gəzdirib alnını ovuşdururdu. Başını yelləyib dərindən köks ötürdü:

– Həəə, demək belə! Əvvəli yaxşı gətirməyənin, axırının da yaxşı olacağını düşünmək əbəs imiş... Onsuz da mən əvvəldən bir gün-güzaran görmədim. Nə əvvəlim yaxşı oldu, nə də ki, axırım. Həmişə qaçaqaçda, qovhaqovda oldum. Özümdə heç cürə dinclik, rahatlıq tapa bilmədım. Keçmişin külündə eşələnmək mənə çox ağır gəlirdi . Ha çalışırdım, ha vuruşurdum, bu gərginliyin, bu ağrı-acının içində itib-batmayım, onu da bacarmadım ki, bacarmadım... Keçmiş həmişə addımbaaddım məni təqib elədi, qarabaqara məni izlədi. Keçmişlə çarpışa-çarpışa, vuruşa-vuruşa gəlib bu yaşa çatdım. Bu vicdansız da son vaxtlar məni lap cızığımdan çıxarır. Adamda insaf yaxşı şeydir. Bir insafın, mürvətin olsun! Heç olmasa, sən imkan verəydin, bu qoca yaşımda öldüyüm yerdə öləydim.

Qəfildən dərin xəyaldan ayrıldı. Dediyi sözdən yuxu görürmüş kimi diksinib sifətini turşutdu:

– Yox, yox, hələ ölüb eləməyim. Söz yox, ölməkdən-zaddan qoruxmuram. Mənim qorxum başqa şeydi. Öləndə də gərək insan kimi öləsən. Deyəsən, o da mənə qismət olmayacaq. Ölənin yaxını, simsarı yanında olar, çətin vaxtında əlindən, ayağından yapışar, amma mənim yanımda heç kəsim yoxdu. Sahibsiz kimi bir şeyəm. Ölüb-eləsəm biabırçılıq olacaq, bilən də olmaz ki, mən ölmüşəm, ya sağam. Bu xaraba qalmış evdə indi özümdən başqa kimim var ki, mənim?.. Allah bilir, o da nə vaxt gələcək, ya gəlməyəcək. Bu əcəl də çox kəmfürsətdi, vaxt, vədə tanımır. Çağrılmamış qonaq kimi kefi istəyən vaxt gəlib adamın qapısını döyür, qılığına girir, ya da beyqəfil yaxasından yapışır. Çalış, yaxanı Əzrayılın əlinə vermə, elə ki, yaxandan yapışdı, daha əl çəkən deyil. Heç özünü toxtamağa macal verməyəcək.

Ona elə gəlirdi ağrıdan beyni bu andaca paramparça olub üzü üstə yerə səriləcəkdi. Bədənində soyuq tər hiss edirdi. Soyuqlamış adam kimi titim-titim titrəyirdi. Əlini alnında, sifətində gəzdirdi. Sağ ovcu ilə alnının tərini sildi. Yerindən durmaqdan qorxurdu. Qorxurdu ki, durub bircə addım atsa, ürəyi qəflətən dayanacaq. Allah bilir, ondan sonra aqibəti necə olacaq?

Gecə ha istəmişdi yatıb gözünün acısını alsın, bəlkə yadından çıxara, yata bilməmişdi. Gözlərini yummaqdan qorxmuşdu. Bir azca gözlərinə yuxu gedən kimi ananın fəryadı, ah-naləsi qulağının içində uğuldayırdı. Elə bil, bu anda beyni deşiləcəkdi, səs iti alət kimi beyninə işləyirdi. O anlar kino lentı kimi gözünün qarşısından canlanırdı.

Divarın küncünə qısılmış ana körpə qızcıqazı köksünə basıb, başını körpəyə tərəf əyib ilan dili çıxararaq yalvarır. Heç kim ananın yalvarışına məhəl qoymur. Ana yalvardıqca içəridə olan bir neçə nəfər – içkidən keflənmiş saqqallı adamlar qəh-qəh çəkib gülürlər. Birisi səsinin tonunu qaldırıb deyir: – "Bunun murdar səsi beynimizi apardı. Səsini biryolluq batırmaq lazımdır. Daha nəyi gözləyirik?”

Anuş xala diqqətini toplayıb sifətini turşudur:

– Bu o alçaq Vartanyanın səsidir. Elə biryolluq sənin səsin bataydı, mən də bu müsibətləri görməyəydim, – deyib deyindi.

Başqa birisi hırıldaya-hırıldaya deyir:

– Ara, gərək düşmənin fəryadından, ah-naləsindən ləzzət ala biləsən. Qoy özü üçün nə qədər çığır-bağır salır salsın. Ha, hha, ha. Ara, onu da ona çox görürsən? Bilirsən, onun o eybəcər səsi mənim ruhumu necə sakitləşdirir, necə ləzzət alıram.– Dişlərini ağardıb hırıldayırdı:– Haa, ha! Hardan biləsən ki? Gərək duyumun olsun ki, onu duyasan. Ara, bilirsən necə zövqümü oxşayır o murdar səs. Həmişə türkün murdar səsini eşidəndə təlaş keçirib diksinirdim, bədənim ürpəşirdi, amma bu dəfə elə zövq alıram ki! Ən məlahətli, həzin musiqi səsi belə bu eybəcər səs qədər mənim ruhuma sakitlik gətirə bilməz. Off, necə ləzzət alıram! Dəymə! Dəymə! Qoy yalvarsın hələ! Görək bu yalvarıb-yaxarmaq ona nə verəcək?

Anuş xala gözünü bir nöqtəyə zilləyib kinoya baxırmış kimi deyindi: "Bu da o itsifət Mıkırtıçyandı, – dedi. – İt oğlu elə it sifətindədir. Onun hərəkətindən, oturuşundan-duruşundan murdarlıq yağır. O qədər murdar xasiyyəti var ki, adam axtarır bir yerindən it kimi qapsın. Onu yaxşı tanıyıram, bir neçə dəfə Zoriklə bizə də gəlmişdi. Onda da beləcə saqqalda idi. Deyəsən, elə bu həmişə saqqalda olur. Bəlkə də o murdar sifətini gizlətmək üçün saqqal saxlayır. Amma heç fərq eləmir, əksinə, saqqal onun o murdar sifətini bir az da eybəcərləşdirir. Ondan elə o vaxtdan zəhləm gedirdi. Özündən çox razı, yekəxana danışığı vardı. Həm də haraya qədər desən həyasızın biridi”.

Ana göynəyə-göynəyə yalvar-yaxar edir:

– Allahınız varsa, sizi and verirəm o bir olan Allaha, balamdan uzaq durun, balama toxunmayın! Məni öldürün, lap diri-diri odda yandırın, tikə-tikə doğrayın, necə istəyirsiniz işgəncə verin, o körpədir, ona yazığınız gəlsin, bircə ona dəyməyin, toxunmayın!

Yazıq qızcığaz sanki ağlamaqdan da qorxurdu. Göz yaşını içində gizlətməyə çalışırdı. Anasının fəryadını, ah-naləsini eşitdikcə balaca qızcığaz kuklasını sinəsinə basıb özünü anasının köksünə sıxırdı.Sanki bununla təhlükədən qorunurmuş kimi həm özünü, həm də kuklasını gizlətməyə çalışırdı.

Zorik:

– Daha bunu heyvan kimi mələtməyə ehtiyac yoxdu, – deyib içki stolunun arxasından durur, dişlərini ağarda-ağarda anaya yaxınlaşır: – Türkə aman vermək olmaz, türkün kökünü qazımaq lazımdır” – deyib ananın qucağındakı körpəni dartışdırır. Üzünü onlar tərəfə tutub dişini ağardaraq deyir:

– Gərək bu türk küçüyünü anasının gözünün qabağında diri-diri yandırasan ki, ağılları başlarına gəlsin.

Anuş xala yenə öz-özünə deyinməyə başladı: "Axı, bu körpənin nədir günahı? O, bu yaşda nə bilir düşmənçəlik nə olan şeydir? Sizin bədnam niyyətinizdən onun nə xəbəri var?! Nə bilsin ki, kim hansı niyyətlə yaşayır. Bu körpəcik hardan bilsin ki, Qarabağ kimin olub, indi kimin olmalıdır? Niyə, nə üçün müharibə edirlər?” – Ufuldanıb başını yellədi: – "Uşağın öz uşaqlıq dünyası var, onu paramparça edəni Allah da bağışlamaz”. Xeyli vaxt idi ki, fikrə getmişdi. Başını bir azca qaldırıb deyindi:

– Bəlkə də elə ən böyük günah mənimkidir?! – deyib sifətini turşutdu. – Kaş ki, vaxtı, vədəni geri qaytarmaq mümkün olaydı. Çox şeyi çalışardım ki, yenidən qurub yaradım, amma təəssüf ki, çox-çox gecdir. Nə zamanı geri qaytarmaq mümkündür, nə də ki buna ömür vəfa edər.

Bir vaxtlar türklərdən eşitdiyi misal yadına düşdü. Elə düz deyirlər, dedi: "İlan zəhəri kərtənkələdən alır, amma insanın bədəninə zəhəri ilan yeridir, kərtənkələ yox”. Heç nəyi gizlətmək yox, etiraf etmək lazımdır. Burda mənim də günahım çoxdur. Elə bütün erməni analarının günahı böyükdür. Vaxtında düzgün tərbiyə versəydik, təbliğatı başqa cür aparsaydıq, bəlkə də bu faciələrə heç yol açılmazdı. Bunun kökündə biz erməni qadınların türk kişilərinə qarşı intiqam hissi dayanır. Amma məqsədimizi gizlətsək də, istəklərimizi həyata keçirə bilirik. Hələ başqaları bir yana, mən özüm boynuma alıram, amma neyləyim ki, açıb-ağarda bilmirəm. Bizim türk kişilərinə qarşı nifrətimizdən qaynaqlanır hər şey. Düzdü, əvvəlcə onlara qarşı sevgi hisslərimiz baş qaldırır, böyük eşq yaşayırıq. Aramızda nələr olmur, nələr baş vermir? Hansı duyğular içimizdə baş qaldırmır? Sonra da aramız pozulanda bu sevgi hissi bir andaca nifrətə çevrilir. Onu da düz deyiblər, "sevgi ilə nifrət arasında bir addım yol var”. Elə ki, aramızdakı körpü qırıldı, sənin ayaqların hansı tərəfdə – nifrət tərəfdəmi, sevgi tərəfdəmi qalıbsa, başlayırsan elə o tərəfdən addımlamağa. Nifrət tərəfdən başladınsa böyüyüb-böyüyüb içində böyük bir nifrət dağı olacaq. Belə bir faciələrə, bəlalara gətirib çıxaracaq”.

Uşaq ananın köksünə qısılır, başını ananın sinəsinə sıxır. Zorik onu ananın sinəsindən qoparmağa çalışır. Uşaq başını anasının köksündə gizlədib ayağının arxası ilə Zoriki itələyib ağlaya-ağlaya: – Get, get, dəymə mənə, – deyir. Zorik tərəfə baxmamağa çalışır.

Anuş xala yenə ofuldanıb deyinir:– "Yazıq, yazıq körpə, başını anasının köksünə sıxıb gizlənməklə elə bilir bu qaniçənin əlindən qurtula biləcək. Neyləsin məsum körpə, edə biləcəyi başqa bir etiraz əlaməti, arxalanmağa başqa bir dayağımı var? Bu məsum körpə qaniçənə qarşı başqa cür necə etiraz edə bilər? Etirazını ayağı ilə itələməklə bildirir”.

Ana körpəni daha da bağrına sıxır. O, körpəni zorla ananın sinəsindən qoparır. Körpə ucadan çığırıb-bağırır. Zorik körpənin kürəyindən yapışıb əlində sallaya-sallaya ocağın yanına gətirir. Üzünü anaya tərəf çevirib dişlərini ağarda-ağarda, – "Siz türk it uşağına hələ bu da azdır” deyib uşağı yanan ocağın içərisinə atır. Körpə qız uşağının çığır-bağırtısı ananın fəryadına qarışıb beynində uğuldayırdı, onu rahat buraxmırdı.

Yatağında oturub Zorikin qarasıyca deyindi:– "Gerçəkdən bunun içərisi şeytan xisləti ilə dopdolu imiş. Bunda insanlıq adından bir şey qalmayıb. Eşitmişdim, amma inana bilmirdim, deyirdilər, şeytan adamın içərisinə girib mələyi qovur. Ondan sonra həmin adam şeytanla təmas qurur. Şeytan həmişə çalışır ki, onu pis yola, pis əmələ çəksin. Şeytanın əməlinə uyan adam şeytandan da betər olur. Bunun bu bəd əməllərinin şahidi oldum. Bəlkə də anası olduğum üçün bu bəd əməlləri oğluma yaraşdırmırdım, ona görə də inanmağım gəlmirdi. Daha inamım birə-beş artdı. O, nifrətə layiqdir. Belə olmasaydı, o, bu əməlləri törətməzdi. Bu nə müsibətdi! İnsan olan kəs bu qədər də qəddar, qaniçən olarmı? Vicdanı olan, qanında, canında bir balaca insanlıqdan payı olan bu vəhşiliyi törədə bilərmi?

Kaş o kitabı heç oxumayaydım. Heç bu müsibətdən xəbərim olmayaydı. Onun belə bir vəhşi olduğunu heç bilməyəydim. Bəlkə onda rahat olardım. Öləndə də rahat ölərdim. Bilmirəm, mən niyə o kitabı əlimə alıb oxudum, o kitab nədən məni özünə cəkdi, o kitab haradan əlimə keçdi! İndən sonra belə bir əməlin sahibi olan insanı mən necə bağışlaya bilərəm?!”


***

Canındakı sıxıntı hələ keçməmişdi. Axşamkı yuxunun havası başını dumanlandırırdı. Dərin düşüncələr onu özündən çox uzaqlara aparıb-gətirirdi. Bir yanda bənd alıb otura bilmirdi. Gah bayıra çıxıb həyət-bacada fırlanır, gah da otağa qayıdıb beynində nəyisə ölçüb-biçirdi: "Eh! Otağa girirəm, elə bilirəm, divarlar üstümə yeriyir, bayıra çıxıram dünya başıma fırlanır. Belə də şey olar? Həyət-bacaya baxanda yağı görsə yazığı gələr. Daha əvvəlki vaxtlarım deyil, dizimin o taqəti qalmayıb, canım tutmur ki, nəsə bir işin qulpundan yapışım. Yerimdən zorla qalxıram. Heyif deyil cavanlıq, heyif deyil o günlər”.

Təəssüflə başını yelləyib deyindi:

– Demək mən də qocalmışam! Hərdən oturub fikirləşəndə cavanlığım özümə xəyal kimi görünür. Arada öz-özümə deyinib dururam. Başqa kimim var, kimə deyim, ən böyük dərdimi-sərimi də, elə sevincimi də özümlə bölüşürəm. Deyirəm, eh, Anuş, sənin də gözəgəlimli vaxtların, gözəl çağların olub. Atlını atdan salan baxışların var idi. Yeriyəndə elə bilirdin, ayağının altında yer titrəyəcək. Bığıburma cavanlar arxanca həsrətlə baxıb köks ötürərdilər. Sən də çox vaxtı gördüyünü görməməzliyə, eşitdiyini qulaq ardına vurardın. Belədi də, elə ki, əldən, ayaqdan düşdün daha səni saya salmırlar. Hələ kənardakılar bir yana qalsın, heç özününkülər səni vecinə alıb it yerinə qoyur ki?! Deyən yoxdu burda bir qançıq anam var, yaxud nənəm var. Hərə başını götürüb bir çəhənnəmə əkilib. Həyət-baca da, ev-eşik də elə mənim kimi yiyəsiz, kimsəsız qalıb. Vaxt var idi, işə də gedirdim, ev-eşiyə də baxırdım. Həyət-baca gül qoxuyurdu. Bağa-baxçaya girəndə adam zövq alırdı. Nə işimdən narazılıq edən var idi, nə də evdən-eşikdən əlimi soyudurdum. Ən çətin doğuşda məni çağırırdılar. Bilirdilər ki, Anuşsuz kündələri küt gedəcək. Amma haqq üçün hörmətimi də saxlayırdılar. İndi dövran dəyişib, bu xaraba qalmış evin altında tək qalmışam. Zorikin də kefinə düşəndə gəlib çıxır evə, kefinə düşməyəndə də daşı atılır, aylarla evdə tapılmır. Bilmirsən, haraya cəhənnəm olur. Deyirəm, a bala, haralardasan? Mənə nə desə yaxşıdı, "işim-gücüm başımdan aşır, mühüm işlərlə məşğulam”. Bilmirsən hansı mühüm işlərlə məşğuldur? Heç bunun əməlindən baş açan varmı? Allah da bunun əməlindən baş aça bilməz! Bu boyda ev-eşik xarabaxana qalıb, elə bil, burda adam yaşamır. Hamı qırılıb, tək-tənha quru yurdda qalmışam. Ölsəm heç kimin xəbəri də olmaz ki, mən ölmüşəm ya diriyəm. Vallah, aylarla meyidim evin bir küncündə qalacaq. Gecələr çaqqalların ulaşmasından qulaq tutulur, səhərə kimi yatmaq da olmur. Gündüzlər həyat-bacada lal sükut baş alıb gedir. Elə bilirsən, dörd bir yanın yasa batıb. Nə çağıran var, nə səsinə hay verən var. Yayda yenə bir təhər dözmək olur. Elə ki, qış gəldi gecələr çox ölgün keçir. Elə bilirsən, bir gecən bir ilə bərabərdi.

Vaxt var idi, buralarda bir şənlik var idi, gəl görəsən. Türk erməniyə, erməni türkə qarışmışdı. Azdan, çoxdan ruslar da olurdu, başqa millətlərdən də var idi. İndi buralarda ermənilər bayquş kimi tək qalıb, tək yaşayırlar.

Hərənin öz işi-gücü var idi. Heç kəs heç kimin işinə baş soxmazdı, hamı öz işiylə-gücüylə məşğul olurdu. Bir yerdə əkər-becərərdik. Heç kəs cınqırını da çıxara bilməzdi. Səsi çıxanın boğazına qurğuşun əridib tökərdilər, bir də dilinə başqa söz gətirməzdi. Vallah, elə belə yaxşı idi. Bu nədir? Hər tərəfdə elə bil bayquş ulayır. Elə onda da görürdün ki, arada bir bu zibil ermənilər araya şuluqluq salırdılar. Bunların bünövrədən şuluqluq qatmaq, ara qarışdırmaq peşəsidi, canında-qanında var axı. Belə də şey olar?! Yaşamayacaqdınızsa bu bədbəxt insanları niyə yerindən-yurdundan didərgin saldınız? Nəyinizə gərəkdir bu xarabaxana qalmış yurd-yuva? Nəyinizə gərəkdir viran qoyduğunuz Qarabağ? Heç bu boyda qan tökməyə dəyərdimi? Kim qalıb qoca-qoltaxdan, bir də imkansız, yazıq-yuzuqdan savayı?

Qırılmışlar, hərəsi gətirib bir qoca-qoltağı buraya atıb, cəhənnəm olublar, hərə öz kefində, damğındadı. Kim öldü, kim qaldı nəylərinə gərəkdi. Mən də ağzımı açıb bir söz deyəndə nə desələr yaxşıdı? – "Sən qocaldıqca nə çox deyinib-danışırsan, otur oturduğun yerdə, niyə bizim işimizə qarışırsan? Sənin nəyinə gərəkdir biz hara gedirik, hardan gəlirik? İndi dövran dəyişib. Gərək zamanə ilə ayaqlaşa biləsən. Qapılıb burada ömrümüzü-günümüzü çürüdəsi deyilik ki”.

İki ildən çoxdur ki, üzlərini gor görmüşlərin üzlərini də görə bilmirəm. Gələndə də kefə-damağa gəlirlər. Beş-on gün dəm-dəsgah qurub, sonra hərəsi bir tərəfə əkilirlər.

Görmüsəm arvad-uşaq evində-eşiyində olar. Düşənini götürər, qaçanını teyləyər. Bunlar eləməz! Bunlarda tam başqa cürdü. Oğul gedib Fransada veyillənir, arvad da gedib oğlunun yanını kəsdirib, guya ki, oğlunu çox istəyir, ondan ayrı dura bilmir. Külümü qoyum sənin arvad başına, səninki oğuldu, başqasınınki oğul deyil?! Denən ki, canıma əziyyət vermək istəmirəm, rahatlığa qaçıram. Bunun danışdığı sözə bir bax, sən Allah! Qız da ki, Amerkadadı hardadı, heç doğru-dürüst yerini-yurdunu da bilmirəm. Bu da ki heç”.

Əlini stolun oturacaq hissəsinə dirəyib ayağa durdu. Əsanı əlinə alıb dodağının altından deyinə-deyinə çölə çıxdı.


***


Maşın qalxan istiqamətdə yol dikəldikcə dərə də dərinləşirdi. Dərədən sol tərəfdə həyət evləri görünürdü. Həyatyanı məhlələrdə təzəcə puçurlamağa başlayan, bəziləri çiçəkləyib ağ duvağa bürünmüş gəlin kimi diqqəti cəlb edən meyvə ağacları gözə çarpırdı.

Dərə ilə əkin sahəsini çox sıx olan qaratikan kolları ayırırdı. Qaratikan kollarının arasından söyüd ağacları göyə boy verirdi.Yol qalxıb sağa dönən istiqamətdə nazık sısqa çay yola qoyulan körpüdən dərə uzunu axırdı. Yol sağa döndükdə, ona paralel istiqamətdə əkin yeri dəmir torla hasarlanmışdı. Hasardan yola tərəfə qaratikan kolları sıx-sıx əkilmişdi.

Hündür qaratikan kollarından ev görünməz olmuşdu.

Evə sağa dönən yoldan, məhlənin orta hissəsindən yol ayrılırdı. Həyətə göy rəngli dəmir darvaza qoyulmuşdu. Darvazanın göy rəngi artıq soluxmuşdu. Çox yerdən rəngi tökülüb pas atmışdı. Hiss olunurdu ki, çoxdan qoyulmuş darvazadır.

Evlə darvaza qapı arasındakı məsafə 150 metrə qədər olardı. Evə gedən yolda – yolun kənarına həm sağ tərəfdə, həm də sol tərəfdə alma ağacları əkilmişdi. Ağacların hündürlüyündən bilinirdi ki, ən azı 20 ilin ağaclarıdı. Evin yerləşdiyi yer söt olduğundan, iki otaqlı, qarşıda eyvanı olan ev aşağı hissədən iki mərtəbəli, yuxarı başdan bir mərtəbəli görünürdü. Yuxarıdan evin qarşısından xeyli qabağa çıxan balaca eyvanın qapısı birbaşa həyətə açılırdı. Həyətlə məhlə dəmir torla ayrılmışdı. Eyvanın çıxacağı ilə üzbəüz böyük bir alma ağacı var idi. Ağacın dibinə əldəqayırma stol bərkidilmişdi.

Məhlə ilə yolun arası hündür idi. Məhlə yoldan xeyli çökəklikdə yerləşirdi. Görünür, yol çəkiləndə əlavə daş, torpaq töküb yolu hündürləşdirmişdilər.

Əkin yerində də çoxlu ağaclar gözə çarpırdı. Çılpaq ağaclar sanki keşikçi kimi ətrafa nəzər salıb məsum, yazıq bir görkəm almışdı. Baxımsızlıq ucundan ağacların ətrafını kol-kos basıb. Bağdan çox meşəyə bənzəyirdi. Maşınla gəlib keçənlər Zorikin evi olduğuna görə o evə göz ucu baxıb keçirdilər.

Həyət-bacada arada-sırada bir yaşlı qadın görünürdü. Burdan keçənlər qadını görəndə onun haqqında deyinib keçərdi:

– Bu ev də onların evidir. Görəsən indi haralardadır? Xarabasında olmaz əşi. O nə vaxt xarabasında tapılır ki? İndi nə bilirsən daşı hayana atılıb, – deyərdilər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər