27 noy 14:47medeniyyet

Şəxsiyyəti yaradıcılığından zəngin akademik

Şəxsiyyəti yaradıcılığından zəngin akademikBu həyatın dəyişməyən qaydasıdır. İnsan dünyaya gələn gündən nəsə qazanmağa başlayır: əvvəl günləri, sonra həftələri, ayları, illəri və ən nəhayət, sonda insanın adını tarixin daş yaddaşına dişəyib, onu tarixdən silinməz edən əbədiyyəti.... Elə insanlar var ki, onların həyatda itirdiyi heç nə yoxdur. Qazandıqları xalqı üçün, eli, milləti üçün o qədər gərəkli və qiymətlidir ki, onların adı hər an, hər saat, hər gün kimlərinsə dillərində səslənir, həyatda qoyub getdikləri milyonların gərəyinə çevrilir. Səndən yüz illər sonra doğulub üzünü görməyənlər belə sənə üz tutur, yaratdıqlarından faydalanır. Mənsub olduğun xalqa, millətə məxsus nə varsa, onu göylərə qaldırıb dünyaya görk eləmək istəyirsən ki, mən kiməm, hansı xalqın nümayəndəsiyəm, mənim babalarım kim olub, onların özlərindən sonra qoyub getdiyi bəşəri dəyərlərə malik “var-dövlət” nədir. Hansı xalq bu cür mədəniyyətə, keçmişə, “var-dövlət”ə sahib olmaq istəməz?!

Belə xoşbəxtlərdən biri də öz ömrünü xalqının dili, onun tarixi, dilinin zənginliklərini, onun dünyanın ən zəngin dillərindən də zəngin olduğunu tarixi faktlarla sübut etməyə çalışan, təəssüflər olsun ki, noyabrın 27-də Günəşə əlvida deməyindən dörd il ötən akademik, filologiya elmləri doktoru, professor, görkəmli dilçi, folklorşünas, türkoloq kimi fəaliyyət göstərmiş akademik Tofiq İsmayıl oglu Hacıyevdir.

Əsərlərindən də göründüyü kimi, o xalqına, onun tarixinə şöhrət gətirən hər bir-sözü-kəlməni, faktı tutiyə bilmiş, onun tarixdən silinməməsi, mənsub olduğu xalqın tarixində əbədi yaşaması üçün əlindən gələni əsirgəməmişdir.

Azərbaycan xalqının, onun dilinin və ədəbiyyatının elə bir sahəsi yoxdur ki, görkəmli alim o sahədə qələmini sınamamış olsun və sınamışsa, əldə etdikləri başqaları üçün istinad nöqtəsi, ədəbiyyat qibləsi olmamış olsun!

2006-cı ildə akademik Tofiq Hacıyevin 70 illik yubileyində onun ən əziz tələbəsi, ədəbiyyatşünası, elm xadimi olan akademik Nizami Cəfərov yazırdı: ”Onun adı ilə bağlı olan, artıq onlarca dilçi mütəxəssisi öz ətrafında birləşdirmiş “Tofiq Hacıyev məktəbi” Azərbaycan dili - Azərbaycan türkcəsinin ən müxtəlif problemləri ətrafında ciddi tədqiqatlar aparır və həmin məktəbin önündə, dünən olduğu kimi, bu gün də məhz onun başçısı – ömrünün 70-ci baharını qeyd etdiyimiz Tofiq Hacıyev gedir.” (1.7)

Akademikin yaradıcılığının geniş və zəngin bir hissəsini xalqımızın 1999-cu ildə 1300 illiyini beynəlxalq səviyyədə qeyd etdiyi “Kitabi-Dədə Qorqud” dastanlarına həsr etdiyi məqalələri, çıxışları və kitabları təşkil edir. Görkəmli akademikin bu sahə ilə bağlı üç kitabı : “Dədə Qorqud: dilimiz, düşüncəmiz” (“Elm” nəşriyyatı, Bakı-1999, 212 səh.), “Dədə Qorqud kitabı” tariximizin ilk yazılı dərsliyi” (Dədə Qorqud eposunun elmə bəlli olmasının 200 illiyinə həsr olunur, “Elm və təhsil”, Bakı-2014, 344 səh.), “Seçilmiş əsərləri” (IV cild, “Elm” Bakı-2019, 397 səh.), 24 məcmuə, jurnal məqalələri və məruzələrinin tezisləri, 36 qəzet məqaləsi, 4 müsahibəsi, xarici mətbuatda 2 məqaləsi çap olunmuşdur.

Akademikin yaradıcılığında özünə geniş yer tutmuş “Dədə Qorqud” sevgisi bir çox dilçilərin də diqqətini cəlb etmiş və bu məsələyə geniş məqalələr həsr etmişdir.

Filologiya elmləri namizədi Ü.A.Nəbiyeva 2006-cı ildə nəşr edilən “Tofiq Hacıyev və “Kitabi-Dədə Qorqud” məqaləsində yazırdı: “Tofiq Haciyevin yaradıcılığında “Kitabi-Dədə Qorqud”la bağlı araşdırmaları xüsusi bir yer tutur. İlk öncə demək lazımdır ki, professor bu böyük abidəmizin öyrənilməsi işinə birdən-birə başlamamışdır. O hələ otuz il bundan əvvəl, abidənin öyrənilmsi və tədqiqi üzərində qadağaların mövcud olduğu bir zamanda ümumtürk abidəsi kimi onun geniş təbliğinə başlamış, bu məqsədlə universitetdə hər il “Dədə Qorqud”a həsr edilən elmi-nəzəri konfranslar keçirmişdir” (2.44)

Göründüyü kimi, vətənsevər akademik qeyd edilən qadağalara baxmayaraq, yazdığı bütün məqalə və yazılarında dolayısı ilə olsa da, “Kitabi-Dədə Qorqu” dastanlarını diqqət mərkəzinə çəkmiş və onu yazısının baş qəhrəmanına çevirmişdir. O, hələ 1978-ci ildə “Ulduz” jurnalının on ikinci nömrəsində nəşr etdirdiyi məqaləsini “Dədə Qorqud”un sələfi” adlandırmış, “Dədə Qorqud” haqqında geniş danışmasa da, dastanın adını yazının sərlövhəsinə çıxarmışdır. (Diqqəti daha çox cəlb etmək üçün)

Akademikin bu sahə ilə bağlı yazılarının hamısında dastanın bütün dunya xalqlarına görk ola bləcək bir abidə olduğunu, onun tarixinin daha qədimlərə gedib çıxdığını nümunələrlə sübut etməyə çalışmışdır. O, dastanın qədimliyindən bəhs edərkən yazır: “Mete, Atilla, Əmir Teymur və Osmanlı imperatorluğu, “Dədə Qorqud” dastanı, Orxon-Yenisey daş kitabı, Kaşqarlının “Divan”ı türkün yeddi möcüzəsidir. Möcüzlərdən biri böyük Türk coğrafiyasının Azərbaycan torpağı ilə bağlıdır. Bu möcüzə “Dədə Qorqud” dastanı və ya “Dədə Qorqud kitabı” adı ilə tanınır. M.Kaşqarlı “Divan”ının şeirində heca və qafiyənin tam müəyyənləşdiyini nəzərə alaraq, cəsarətlə demək olar ki, “Dədə Qorqud kitabı”nın seiri ondan çox-çox qədimlərə gedir: bu iki abidənin seir tipi arasında beş yüz–min illik təkamül fərqi var” (3;7)

Görkəmli qorqudşünas dastanın tədqiqi, nəşri və ən nəhayət, Azərbaycana necə gəlib cıxması məsələsinə həsr etdiyi “Dədə Qorqud kitabı” (“Kitabi-Dədəm Qorqud əla lisani-taifeyi-oğuzan”) adlı geniş həcmli (91 səh) məqalsində dastanı müxtəlif cəhətdən səciyyələndirərək onun dünyanın ən qabaqcıl xalqlarının yaratdıqları dünya şöhrətli dastanlardan da yüksəkdə dayandığını gətirdiyi nümunələrlə sübut etməyə çalışır.

O, dastanımızın uzun müddət təqiblərlə üzləşdiyini, onun Azərbaycanda çapının müəyyən bir dövr ərzində qadağan olunduğunu dilə gətirərək yazırdı: ”50-ci illərdə sovet ideologiyasının anti-türk, şovinist siyasətinin nəticəsində bu milli abidəmizin Azərbaycanda oxunması, çap olunması və öyrənilməsi qadağan olundu. Şəxsiyyətə sitayişin aradan qaldırılması ilə Azərbaycan elmi bu nadir bəşəri sənət nümunəsini tədqiqə başladı”. (4;12).

Bu “azadlıq”dan bəhrələnən elm adamı dastanla bağlı yazırdı: “Dədə Qorqud kitabı”nın dünya mədəniyyətinə tanıdılması almancaya tərcümədən başlandı. (Dastan, ilk

dəfə İstambulda səfir kimi yaşamiş və türkcəni yaxşı bilən alman şərqşünası F.Dits tərəfindən 1815-ci ildə aşkar edilmiş və XV əsrdə yazıya alınmış əlyazmasının tədqiqinə başlanılmışdır.) Onun dünya şöhrətinin tamamlanmasından əsr yarım sonra başqa bir dil - ingilis dili ağırlığı öz üzərinə götürdü. 70-90-cı illərdə ingiliscə üç tərcümə və nəşri “Kitaba”a dünya şərqşünaslığının diqqətinin azalmadığını bir daha göstərdi” (Yenə orada səh.14)

“Dədə Qorqud kitabı”nın daha dərindən öyrənilməsi və tədqiqi ümummilli lider, öz xalqının ədəbiyyat və mədəniyyətinə, onların nümayəndələrinə həmişə diqqət və qayğı ilə yanaşan Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra başlayır.

Görkəmli dövlət başçısı və siyasi xadim, Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev 20 aprel 1997-ci ildə “Dədə Qorqud kitabı” nın 1300 illik yubileyinin keçirilməsi ilə bağlı fərman vermiş və bu fərmana əsaslanan UNESCO 1998-ci ili ” Dədə Qorqud ili” elan etmişdir.

Həmin fərman verilən gündən başlayaraq “Dədə Qorqud” mövzusu günün, ayın, ilin populyar mövzusuna çevrilmiş, dastanla bağlı həm Azərbaycan, həm də türkdilli və dünya ölkələrinin alimləri tərəfindən yüzlərlə qiymətli məqalələr və kitablar yazılaraq çap edilmişdir.

Akademik dastanın həcmi ilə bağlı nəşr etdirdiyi “Dədə Qorqud kitabı” oğuz tarixinin yazılı dərsliyi kimi, (yaxud:Dastanımızın həcmi haqqında)” məqaləsində (3.103) dastandakı boyların sayı ilə bağlı bəzi şübhələrin hələ də öz qüvvəsində qaldığını vurğulayır və dastandakı boyların on iki yox, daha çox olduğunu söyləyir. Qorqudşünas bununla bağlı yazır: ”Qorqudşünaslıqda belə bir şübhəsiz qənaət var ki, Dədə Qorqud boyları sayca əlimizdə olandan daha çox olub; bu gün bizə məlum olan on iki boy, görünür, onların ancaq bir hissəsidir. Belə mülahizə də var ki, bu boyların sayı oğuz tayfalarının qədərincə ola bilərmiş - iyirmi dörd oğuz tayfası qədər. (H.Araslı, M.Ergin, V.Jirmunski) (3-103).

Akademik dastandakı hadisələrə bir tarixçi kimi yanaşaraq onların yaşadıqları cəmiyyətin həyat şəraiti, gündəlik iş rejimi, ata-oğul, ana-qız, qadın-kişi münasibətləri ilə bağlı qiymətli elmi fikirlər söyləməklə yanaşı, dastanın dili, onun sintaktik xüsusiyyətləri, dastanda işlənən bədii təşbehlər, kitabdakı şeirlər haqqında da öz baxışlarını ortaya qoyur.

Bu gün “Dədə Qorqud” dastanları ilə bağlı tədqiqat aparan dilçilərin əksəriyyəti akademik Tofiq Hacıyevin yetirmələri, yaxud onun dolayısı ilə qahmar çıxdığı kadrlardan ibarətdir.

Akademik Tofiq Hacıyevin “Kitabi-Dədə Qorqud” dastanı” sevgisini Bilgehan A.Gökdağ bir neçə cümlə ilə belə ifadə edir: “Tofiq Hacıyev hocamız Türkiyeye en son Hacettepe Universitesi Hugem Merkezi və Yeni Türkiye Strateji Araştırma Merkezinin 12-14 ekim 2015 tarihinde ortaklaşa düzenledikleri Uluslararası Dede Korkut Konferansı için gelmişti. Konferans öncesi davet için bir kaç kez hocayı aradığımızda soğuk algınlığı

gecirdiğini, gelmesinin zor olduğunu ifade etmişdi. Ben de hocamıza Denizlide söylediği sözlere atfen “kışın oğlan çağında bile siz Türklük uğrunda demir asa, demir çarık yollardaydınız. Şimdi de Dede Korkutu anacağız ve Siz olmadan bu konferans olmaz “ dediğimizde çaresiz kabul etmişti. Ankaraya geldiğinde de “Bilgehan, senin Türklüğe vurgu yapan o sözlerin beni hasta yatağımdan kaldırdı, buraya getirdi”, diyerek kendisi için vazgeçilmez anahtar kavramın Türklük olduğunu da gösteriyordu. Bu konferansta hocamızın 80 yaş günü yubilesini 1 mayıs 2016 da Bakude yapacağımızı orada büyük bir şölenle Türklük Biliminin yorulmaz araştırmacısını anacağımızı kararlaştırmıştık. 27 kasım 2015 te Tofik Hacıyevin aramızdan ani ayrılışı bizleri derinden üzdü”. Bu sətirlər müqəddəs və təmənnasız insan, öz həyatını belə xalqının, elminin inkişafı yolunda əsirgəməyən şəxsiyyətin - akademik Tofiq Hacıyevin “Dədə Qorqud” sevgisindən xəbər verir.

Görkəmli alimin bu sevgisi və bu sevgidən doğan geniş fəaliyyəti, zəhməti Azərbaycan dövləti ilə yanaşı, Türkiyə Cumhuriyyəti tərəfindən də layiqincə qiymətləndirilmişdir. O 1995-ci ildən Türkiyə Cumhuriyyəti Atatürk Dil, Tarix və Kültür Qurumunun fəxri üzvü seçilmiş, 1998-ci ildə Türkiyə Cumhuriyyətinin “Ləyaqət Nişanı” (ordeni) ilə təltif olunmuş, Türkiyə Atatürk Kültür Qurumunun hazırladığı 30 cildlik “Türk Dünyası ədəbiyyatı tarixi”nin müəlliflərindən biri kimi təsdiq edilmiş, Türkiyənin Sanatçılar və Yazarlar Vəqfinin 2002-ci il üzrə “Türk dünyasına xidmət” ödülünün sahibi olmuş, 2004-cü ilin mayında Qaraman Türk dili mükafatına, iyulun 17-də Atatürk Dil Qurumunun Üstün Hizmət Baratına layiq görülmüşdür.

Ancaq akademik Tofiq Hacıyevin qazandıqları təkcə bu rəsmi təltiflərlə bitib tükənmir, onun qazandığı ən qiymətli mükafat ona olan əbədi oxucu vurğunluğu və tükənməz xalq sevgisidir ki, həyatda bundan böyük və dəyərli heç bir mükafat yoxdur, məncə!

Sərdar Zeynal,
Filologiya elmləri doktoru
XƏBƏR LENTİ
SORĞU