26 noy 08:43medeniyyet

Hürufi şairin azərbaycanca yazdığı divan ABŞ-da tapıldı

Hürufi şairin azərbaycanca yazdığı divan ABŞ-da tapıldıAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktorunun müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov ABŞ-ın Kaliforniya Universitetinin kitabxanasından İmadəddin Nəsiminin ardıcılı, hürufi şair Sürurinin ana dilindəki divanının avtoqraf nüsxəsinin surətini əldə edib.

Kult.az xəbər verir ki, indiyədək şairin divanının Vatikanın Apostol, İstanbulun Süleymaniyyə və Manisanın şəhər kitabxanalarında saxlanılan divanlarının nüsxələri əldə olunmuşdu. Müəllif tərəfindən nəstəliq xətti ilə köçürülən Kaliforniya nüsxəsi 120 vərəqdən ibarətdir. Buraya Azərbaycan türkcəsində yazılmış 424 qəzəl, 3 qəsidə, qitə, müəmma, mətlə və müfrədlər, farsca 31 qəzəl və bir məqtə daxildir. Müəllif divanın əvvəldən natamam dibaçəsində göstərir ki, indiyədək çoxlu şeirlər yazıb, lakin onların çoxu diqqətsizlik ucbatından itib. Şair dostlarının xahişi ilə şeirlərini toplayıb divan tərtibi ənənəsinə uyğun olaraq ərəb əlifbası ardıcıllığı ilə düzüb.

Dibaçədə Osmanlı Sultanı Süleyman Qanunini (1520-1566) mədh edən şeir də yer alıb. Bu isə sübut edir ki, şair bir sıra təzkirələdə deyildiyi kimi, Sultan Səlim və Şah İsmayıl Xətainin dövründə deyil, daha sonrakı dövrdə vəfat edib. Şeirlərdən 215-i XV-XVI əsrlərdə yaşamış, Nicati, Zati, Xəyali, Əhməd Paşa, Bahari, Fəqiri, Nişati, İshaq Çələbi kimi Osmanlı şairlərinin qəzəllərinə nəzirələrdir.

Bu divan XV-XVI əsrlər Azərbaycan ədəbiyyatının araşdırılması baxımından dəyərli mənbədir.
XƏBƏR LENTİ
SORĞU