04 noy 19:55medeniyyet

Güzgüdəki təbəssümümün sirri...

Güzgüdəki təbəssümümün sirri...ƏMRAH FƏQANOĞLU

Hərdən uşaqlıq xatirələrimi vərəqləmək keçir könlümdən. Ağlı -qaralı və həm də rəngarəng xatirələrimi. Orta məktəbin 4-cü sinfinə getdiyimiz ilk gün sinif otağımızda 10 -a yaxın yad uşaq görüb təəccübləndik. Sinif rəhbərimiz Müşgünaz müəllimə dedi ki, bu uşaqlar qonşu Səfərbinə kəndindən gəliblər, təhsillərini bizim məktəbdə davam etdirəcəklər. Təxminən iki kilometr aralıda yerləşən Səfərbinədə məktəb ibtidai olmaqla, təhsil dördüncü sinfə qədər idi. Bu səbəbdən də kəndin uşaqları istiyə- soyuğa, qara-yağışa məhəl qoymadan həmin yolu piyada qət edib hər gün məktəbə gəlirdilər.

Günlər, aylar keçdi və biz yeni sinif yoldaşlarımızla qaynayıb -qarışası olduq, hətta onlarla əməlli -başlı dostlaşdıq. İçərilərində Məmməd adlı birisi vardı, dərslərini pis oxumurdu, özünü sinif rəhbərimizə zirək, dilli-dilavər uşaq kimi tanıda bilmişdi. Biz də bunu səmimi sinif yoldaşı, sədaqətli dost bilirdik deyə, təklif irəli sürüləndə sinifqom olmasına ikiəlli razılıq verdik. Amma Məmməd sinifqom keçəndən sonra tamamilə dəyişib, başqa adam oldu. Vaxtaşırı sinif rəhbərimiz, indi haqq dünyasında olan Çapar müəllimlə uşaqlar arasında anlaşılmazlıq, narazılıq yaratdı. Həmin vaxt sinfimizdəki uşaqlardan biri Məmməd haqqında satirik şeir həcv yazmışdı və o həcvin bir neçə bəndi hələ də yadımdadı :

Sənin kimi dostların dostluğu lap zay imiş,
Dostluğunun vəfası tülkülərə tay imiş.
Nə olsun ki, müəllim səni seçdi sinifqom?
Hamı təbrik elədi : Məmməd keçdi sinifqom.
Sənin kimi tiplərin sonu heçdi, sinifqom!
Sənin olmayan günün demə, bayram, toy imiş
Dostluğunun vəfası tülkülərə tay imiş...

Şeiri dinləyən Məmməd çox pərt olmuşdu, sifəti yetişmiş pomidor kimi qıpqırmızı rəng almışdı, bütün sinif uşaqları da gülməkdən uğunub gedirdi... Ertəsi gün sinifqom bu həcvi yazan yoldaşımıza öz cızma-qarası ilə cavab vermək istəsə də, onda alınmadı, əksinə, yenidən gülüş hədəfinə çevrilib, növbəti pərtliyin acısını daddı...

Orta məktəbi bitirib, hərəmiz öz arzumuzun ardınca, bəlkə də həyatın sərt diktəsi ilə ayrı -ayrı yerlərə gedəsi olduq. Məmmədin dəyişkənliyini isə əfv etdik getdi. Xatırlayıram, “Son zəng” gecəsində həmin hadisəni yada salıb, onunla birgə bolluca deyib-güldük də... Bir də ki, Allah əfv edəndirsə, biz nə karəyik axı kin saxlayaq?!

O vaxtdan neçə illər keçsə də, Məmmədə yazılan həcvi, onun bu həcvə necə reaksiya verməsini xatırlayanda həmişə üzümdə bir təbəssüm hiss edirəm. Öz eyiblərini yox etmək əvəzinə, güzgünü qırmağa çalışanlardan fərqli olaraq, güzgüdə belə bu təbəssümümü seyr etməkdən məmnunluq duyuram.

Kiçicik bir görəvin dəyişdirib, tamamilə başqa adam elədiyi Məmməd qardaşımız da yəqin ki, o vaxtdan dəyişə -dəyişə inkişaf edib və bu minvalla hazırda da işləri pis getməz...
XƏBƏR LENTİ
SORĞU