21 avq 11:53medeniyyet

“BU DA MƏN” – BİR ÖMÜR BOYU YAZILAN KİTAB

“BU DA MƏN” – BİR ÖMÜR BOYU YAZILAN KİTAB Tədbir Mahmudovu uzun illərdir ki, tanıyıram. Mən hələ orta məktəbdə oxuyarkən, onun adını müəllimlərimdən tez-tez eşidərdim. Hiss edərdim ki, müəllimlərim ondan, onun Neftçala rayon təhsilinə rəhbərliyindən razılıqla danışır, həyata keçidiyi işləri təqdir edirlər. İllər keçdi. Tale elə gətirdi ki, Tədbir müəllimlə ilk görüşümüz mənim “Azərbaycan müəllimi” qəzetində işlədiyim vaxta təsadüf etdi. Mən onunla qəzetin müxbiri kimi, bir neçə dəfə görüşdüm və Tədbir müəllimin illər öncə gördüyü və mənim müəllimlərimdən eşitdiyim işləri ilə əyani tanış olmaq imkanı əldə etdim və onları qələmə aldım. Bu işlərin hər biri rayonda təhsilin inkişafında əsaslı dönüş yaratmaqla, onun müasir dövrün tələbləri səviyyəsində inkişafı üçün təməl rolunu oynamışdı desəm yanılmaram. Uzun illər Neftçala Rayon Təhsil Şöbəsinə rəhbərlik edən əməkdar müəllim Tədbir Mahmudovun rayon təhsili üçün gördüyü faydalı işlərin təməlidə bir tərəfdən onun peşəkar mütəxəssis kimi formalaşması, digər tərəfdən gənclərin təhsilinə, onların mənəvi tərbiyəsinə yanaşmasında vətəndaş mövqeyi dayanırdı.

Tədbir Mahmudovla sonrakı görüşlərimizdə, müsahibələrimizdə mən həmişə mühüm bir məqamı müşahidə edirdim: o, gənc nəslin milli-mənəvi dəyərlər, adət-ənənələrə ehtiram ruhunda formalaşmasını müəllimlərin qarşısında başlıca tələb kimi qoyur və bu tələbə özü ilk növbədə əməl edir. Sonralar təhsil sahəsi üzrə müəyyən araşdırmalar apararkən mənə bəlli olurdu ki, neftçalalı gənclərin ali məktəblərə qəbulu səviyyəsi daim digər rayOnlardan fərqlənib. Əgər belə demək mümkünsə, Nefçalada mükəmməl təhsil, təlim-tərbiyə bazasının əsası qoyulub. Bu bazanı yaradanların önündə Tədbir Mahmudov gedib.

Tədbir müəllimin “Bu da mən” adlı kitabını Neftçala təhsilinin tarixi salnaməsi adlandırardım. O, bu kitabı ömrü boyu qələmə alıb. Bu kitabın hər bir səhifəsindən qocaman təhsil xadiminin keçdiyi şərəfli ömür yolu, onunla dostluq edən, eyni amal sahibi olan elm, sənət adamları, təhsil xadimləri ilə bağlı xatirələr boylanır. Bu yolda qarşılaşdığı çətinliklər, maneələr, onların aradan qaldırılması istiqamətində çalışmaları, ona dəstək olanlar xatırlanır və onlara minnətdarlıq ifadə edilir. Kitabla tanış olduqca, müəllifin zaman-zaman qarşılaşdığı pis xislətli insanların da siması açılır. Belə bir fikir yaranır ki, həqiqətən də dünya durduqca yaxşıların mövcud olduğu cəmiyyətdə pislər də olacaq, xeyirlə yanaşı şər də yaşayacaq və şərə qarşı əbədi mübarizə və onun üzərində qalibiyyət olacaq. Tədbir müəllimin ömür yolunu kitabda izlədikcə aydın olur ki, onun çətinliklərin öhdəsindən gəlməsinə, öz xeyirxah plan və məqsədlərinin həyata keçməsinə təkan verən ən mühüm amillərədən biri ətrafında yaxşı insanların var olması olub. Kitab belə bir mənanı ifadə edir ki, insan öz yolunu müəyyənləşdirmək üçün öz mənəvi qüvvəsinə, intellektinə, əqidəsinə güvənməli, öz zəkası ilə özünə yol açmalı, başqasının kölgəsində daldalanmamalıdır. Özü öz həyat hekayəsini yazmağa nail olmalıdır, elə bir hekayə ki, başqalarına örnək olsun, insanlar ondan həyat dərsi ala bilsinlər. Bunun üçün isə ömür mənalı yaşanmalı, həyatının hər bir anından bir məna boylanmalıdır. Necə ki, Tədbir müəllimin həyatından bunu görmək mümkündür. O, 80 yaşından sonra məsuliyyətini dərk etdiyi bu kitabla öz müdrik sözünü, öz həyat amalını, öz şəxsiyyət ruhunu ifadə edir, onu gələcək nəsillər üçün istinad mənbəyi kimi ərsəyə gətirir.

Kitabı oxumaqla bir ziyalının, ömrünü gənc nəslin təlim-tərbiyəsi yolunda şam kimi əridən müəllimin, nəhayət ürəyi vətən sevgisi ilə döyünən bir vətəndaşın həyat yolunu izləmək, həyata baxışlarını, arzu və istəklərini, vətəndaşlıq qayəsini görmək mümkündür. Böyük rus yazıçısı Tolstoyun “Təmiz yaşamaq istəyirsənsə gərək vuruşasan, gərək özünü oda-közə toxuyasan, gərək səhv eləyəsən, yanılasan, udasan, uduzasan və yenidən vuruşasan, əbədi vuruşmaqdan qorxmayasan” sözləri, kitabda da qeyd etdiyi kimi, Tədbir müəllimin həyat amalına çevrilib, rastlaşdığı çətinliklər, pisliklər onu qorxutmayıb, əksinə həyat eşqini artıraraq onu mübariz ruhda formalaşdırıb. Uşaqlıq, gənclik çağlarının acılı-şirinli çağlarından, 1937-ci illər repressiyasının nəticələrinin onun uşaq psixologiyasına vurduğu zərbələrdən, valideynlərinə, qardaşlarına, ailəsinə, dostlarına münasibətindən, həyat, dünya haqqında düşüncələrindən tutmuş, görkəmli şəxsiyyətlər, ictimai-siyasi xadimlər, yazıçılar, jurnalistlərlə görüşlərindən bəhs edən yazılara qədər – kitabdakı hər bir məqam Tədbir müəllimin uca amallarla xidmət edən vətəndaşlıq mövqeyindən soraq verir. Uzun illər Azərbaycan maarif naziri vəzifəsini böyük ləyaqətlə yerinə yetirmiş Mehdi Mehdizadə, Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, Neftçala Rayon partiya Komitəsinə rəhbərlik etmiş Təvəkkül Xankişiyev, Vilayət Seyidov, görkəmli təhsil xadimi Zəhra Əliyevanın, Rayon Təhsil şöbəsinin müdiri vəzifəsində çalışmış Hüseynağa Xəlilov, Rayon icraiyyə komitəsinin sədri olmuş R.Salmanov, Sovet İttifaqı Qəhrəmanı Əlif Piriyev, uzun illər hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə çalışmış Davud Qasımov, əməkdar jurnalist, “Gündoğar” qəzetinin baş redaktoru Vaqif Əliyev, kimya elmləri doktoru Ələkbər Quliyev, biologiya elmləri doktoru Xanlar Abdullayevlə, yazıçı-publisist Əlövsət Bəşirli, İbrahim Nurlu, uzun illər Xıllı məktəbinə rəhbərlik etmiş, SSRİ Maarif əlaçısı Siyasət Talıbov, Qədimkənd məktəbinin direktoru işləmiş əməkdar müəllim Əzizağa Cəfərov, Sumqayıt şəhər Təhsil İdarəsinin müdiri vəzifəsini daşımız Vidadi Bağırovla olan görüşlərindən, bu görkəmli şəxsiyyətlərin, tanınmış mütəxəssislərin zaman-zaman onun işinə dəyər verməsindən, Mərkəzi Komitədə mühüm vəzifə daşıyan Ramiz Mehdiyevin, millət vəkili Arif Rəhimzadənin onun işindən razılıq etməsindən fəxarət hissi ilə söhbət açır.

Tədbir müəllim uzun illər Neftçala rayon təhsil şöbəsinə rəhbərlik etdikdən sonra yenidən məktəb rəhbərliyinə, müəllimliyə qayıdıb. O, burada da öz quruculuq fəaiyyətini davam etdirib. Neftçalada fəaliyyət göstərən “Muğan” liseyinin açılması və onun müasir tələblər səviyyəsində öz işini davam etdirməsində, yeni-yeni nailiyyətlərin əldə olunmasında Tədbir müəllimin böyük rolu olub. Kitabda bununla bağlı məqamlar da yer almaqdadır.

Tədbir müəllim kitabda Neftçalada yaratdığı “Təhsil muzeyi”ndən də bəhs edir. Neftçalada bu muzeyin yaradıldığını eşidəndə çox sevinmişdim. Üstəlik bu muzeyin əsasının məhz Tədbir müəllim tərəfindən qoyulması onun uğurlu fəaliyyət göstərəcəyinə inamımı daha da artırdı. Bu muzey təkcə neftçalalılar üçün deyil, Azərbaycanın elm-təhsil ictimaiyyəti üçün önəmli olan bir təhsil məbədgahıdır. Azərbaycanda ilk və yeganə olan bu muzey haqqında məqaləmdə onu genişliyi ilə xarakterizə etməyə çalışmışam. Bu muzey Tədbir Mahmudovun 60 illik maarifçilik yolunun davamı, eyni zamanda tarximizə, elmimizə, mənəvi irsimizə böyük bir sevgi, ehtiram nümunəsidir. Muzeylə tanışlıq zamanı diqqətimi cəlb edib ki, Tədbir Mahmudov burada Azərbaycanın böyük maarifçilərindən – Abbasqulu Ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Firudin bəy Köçərli, Soltan Məcid Qənizadə, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir və digərləri haqqında qiymətli materiallar təqdim edir. Bu muzey Azərbaycanın təhsil tarixinin öyrənilməsi baxımından əhəmiyyətli bir mənbədir. Muzeyin eksponatları arasında görkəmli maarifçilərin original portretləri də böyük maraq doğurur. Bu muzey Tədbir Mahmudovun Azərbaycan təhsilinə uzun illik səmərəli xidmətinintöhfəsi olaraq yaranıb və özünə əbədilik qazanıb. Ona doğma münasibət bəsləyib, onu yaşatmaq isə gələcək nəsillərin işidir.

17 may 2014-cü il Beynəlxalq Muzeylər gününə həsr olunmuş yığıncaqda Tədbir müəllimin yaratdığı Təhsil muzeyinin fəaliyyəti, onun gələcəyi müzakirə olunurmuş. Yığıncaqda Tədbir müəllimə müxtəlif suallar ünvanlanır və o, bu sualların hər birini özünəməxsus tərzdə, məntiqi ardıcıllıqla cavablandırır. Onun cavablarından biri xüsusilə yaddaqalan olur və bu kitab da öz adını məhz həmin cavabdan götürür. Sual belə idi: - Niyə bu muzeydə maarifçilər arasında sizin şəkliniz yoxdur? Tədbir müəllim özünü itirməyərək təbəssümlə cavab verir: - Bu da mən.

Neftçala ziyalılar, maarifçilər yurdudur. Muğanın bir parçası olan torpaq zaman-zaman Azərbaycan elminə, mədəniyyətinə, təhsilinə, incəsənətinə görkəmli şəxsiyyətlər bəxş edib. Bütün bunların təməlində isə Neftçalada elmə, təhsilə olan doğma münasibət dayanıb. Bu torpağın insanları öz övladlarının gələcəyini yalnız təhsildə, təhsildə görüblər. Əlbəttə ki, bu düşüncəni insanların təfəkkürünə yazan, onlara təhsilinin, elmin mahiyətini anladan məktəbşünaslar olub. Tədbir müəllim bu məktəbşünasların sırasında birincilərdəndir. Keçdiyihəyat yolu və bu yolu əks etdirən bu kitab da buna bariz nümunədir.

Böyükağa MİKAYILLI
loading...
XƏBƏR LENTİ
Bu gün, 10:44
SORĞU