Bakıda ev almaq istəyənlərə müjdə: Mənzillər 40 faizədək ucuzlaşacaq 2015-ci il devalvasiyalarından sonra əhalinin real gəlirləri fonunda daşınmaz əmlaka tələb azalıb.

Mövcud vəziyyət mənfi dinamikanın davam edəcəyini deməyə əsas verir.

Belə ki, “Uyğun qiymətə mənzil təminatının inkişafı üzrə yol xəritəsi”ndə ildə 3 min yeni mənzilin tikiləcəyi göstərilib.

İlkin mənzil bazarının təxminən 20 faizinin Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən tikiləcəyi proqnozlaşdırılır. MİDA tərəfindən tikiləcək mənzillər istənilən halda başqa evlərdən ucuz təklif ediləcək. Bunun əsas səbəblərindən biri mənzillərin büdcəyə uyğun olması, ikincisi evin ölçülərinin nisbətən yığcamlığı və ən əsası mənzilin sahəsinin iç divarlardan hesablanmasıdır.

Qiyməti nisbətən aşağı salan başqa amil evlərin dövlət ərazisində tikilməsi, həmçinin, bir sıra qeyri-rəsmi xərclərin aradan qaldırılması olacaq.

Əlində pul bu evlərin satışa çıxarılacağını gözləyən çox sayda insanın olduğunu nəzərə alsaq, digər tikinti şirkətləri tərəfindən təklif edilən evlərə marağın azalacağı qaçılmazdır.

Eyni zamanda “neft bumu” dövründə daşınmaz əmlaka edilən yatırımlar “yastıq altı”ndan satışa çıxarılmağa başlayıb.

Ölkədə start verilən böyük söküntü işləri də öz növbəsində əmlak bazarında yeni təkliflər portfeli yaradır. Sadalanan amillər bazarda təklifin tələbi üstələyəcəyini və qarşıdakı aylarda mənzil bazarında ucuzlaşma olacağını deməyə əsas verir.

Bunun üçün son bir ildə Bakıda başlanan tikinti bumuna diqqət yetirmək kifayət edir. Demək olar ki, bu gün paytaxtın bütün rayonlarında çoxmərtəbəli binalar inşa edilir. Artıq iş adamları da qəbul edirlər ki, təklif tələbi üstələyir. Bu isə o deməkdir ki, yaxın aylarda Bakıda yeni tikilən evlərin qiyməti nəzərəçarpacaq dərəcədə aşağı düşəcək. Düzdür, inşaat bosları hər vəhclə sifarişlərlə bəzi iqtisadıçı ekspertlər tərəfindən cəmiyyətə mənzillərin daha da bahalaşacağı proqnozlarını ötürürlər.

Saytımıza tikinti sektorunda böyük paya malik olan mənbələrdən maraqlı məlumatlar daxil olub. Aldığımız bilgilərə görə, yaxın 6 ay müddətində Bakıda yeni tikilən binlarda mənzillərin qiymətlərində 30-40 faizə qədər ucuzlaşma gözlənilir.

Daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyev isə Modern.az-a deyib ki, hazırda mənzil bazarında iki amil böyük önəm daşıyır:

“Birinci amil söküntülərdir ki, nəticədə kirayə evlərə olan tələbatı artırıb. Bu isə əmlakın gəlir gətirmə qabiliyyətinə müsbət təsir edir. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, söküntülər davam edir. Əvvəllər ən çox satılanlar “xruşşovkalar”, Leninqrad layihəli mənzillər olurdu. Söküntülərin artması ümumilikdə mənzil bazarına mənfi təsir edir. Ancaq nəzərə almaq lazımdır ki, söküntü aparılması investisiya layihələri çərçivəsində həyata keçirilir. Həmin mənzillərin satışa çıxarılmasının bazara mənfi təsir edəcəyi proqnozlaşdırılır. Bir il əvvəl də verilən proqnozlarda əlavə mənzillərin satışa çıxarılmasından sonra qiymətin ucuzlaşacağını bildirmişdik. Bu asılıdır mənzillərin sayından və bazara çıxarılacağı vaxtdan. Ümumiyyətlə, söküntülər başlayan vaxt bunun mənzil bazarında ucuzlaşmaya səbəb olacağı fikirlərini söyləmişdik. Sonda necə olacaq, bunu zaman göstərəcək”.

R.Əliyev qeyd edib ki, maya dəyərinin baha olması tikinti şirkətlərinə ucuz qiymətə mənzil satmağa imkan verməyəcək:

“Belə olan təqdirdə bir çox investorların əlavə layihələrdən imtina etməsi gözlənilir. Hazırda bazarda bahalaşmaya və ucuzlaşmaya səbəb olacaq amillər üst-üstə düşür. Bunun nəticəsini isə yaxın bir ildə görəcəyik”.
Üç xarici şirkətin Azərbaycandakı filialı ləğv olundu"Grouping” şirkətinin Azərbaycandakı filialı ləğv edildiyini elan edir.

“Vergilər” qəzetinin xüsusi buraxılışında verilən xəbərə görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, ev 4/189, Falez Plaza, 5-ci mərtəbə ünvanına bildirə bilərlər.

Bundan başqa, “Compass Development Holdings VII Limited” şirkətinin Azərbaycandakı filialı da ləğv olunduğunu elan edib. Kreditorlar Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, ev 11/35 ünvanına müraciət edə bilərlər.

"Toyo Engineering Corporation” şirkətinin Azərbaycandakı nümayəndəliyi ləğv olunub. Bildirilir ki, kreditorlar öz iddia və tələbləri ilə bağlı Bakı şəhəri, Xəzər rayonu, Lev Starçuk, ev 17 ünvanına müraciət edə bilərlər/APA.
Azərbaycanın uğurları beynəlxalq səviyyədə təqdir edilir“Artıq 2017-ci ilin böyük bir hissəsi arxada qalıb. Bu il dünya miqyasında həm siyasi, həm də iqtisadi baxımdan böhran müşahidə olunsa da, ölkəmiz öz inkişaf tempini qoruyub saxlayıb. Oktyabrın 9-da Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən dövlətimizin başçısının qeyd etdiyi kimi, ötən dövrdə ölkəmiz uğurla və hərtərəfli inkişaf edib. Bütün sahələrdə dinamik inkişaf təmin edilib.” Bu sözləri KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

YAP Siyasi Şurasının üzvü qeyd edib ki, sağlam təməllər üzərində qurulmuş inkişaf strategiyasına uyğun olaraq Azərbaycan bu ilin 9 ayında kifayət qədər müsbət göstəricilər əldə edib: “Xüsusi olaraq vurğulamaq lazımdır ki, qeyri-neft iqtisadiyyatı 2,5 faiz artıb. Bununla yanaşı, qeyri-neft sektorunun sənaye hissəsi uğurla inkişaf edir. Qeyri-neft sənayesi 3,1 faiz artıb. Kənd təsərrüfatındakı artım isə 2,8 faizə bərabər olub. Xarici ticarət dövriyyəsi 7 faiz artıb. İlin 9 ayında xarici ticarətin müsbət saldosu 4,4 milyard dollara bərabərdir. Bütün bunlar onu deməyə əsas verir ki, möhtərəm Prezidentimizin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar öz bəhrəsini verir. Kənd təsərrüfatının, sənaye sahələrinin, turizmin, ümumilikdə qeyri-neft sektorunun inkişafı real statistik rəqəmlərdə özünü göstərir. ”

“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, indiki mürəkkəb şəraitdə hər bir ölkə üçün önəmli olan ən əsas məsələ müstəqilliyi, suverenliyi qoruyub saxlamaq və daha da möhkəmləndirməkdir: “Biz əbəs yerə tez-tez bu məsələni vurğulamırıq. Çünki bu gün böyük dövlətlərin maraqlarına “tuş gələn” bir sıra kiçik dövlətlər de-yure müstəqil olsalar da, de-fakto müstəqil deyillər. Ancaq dünya miqyasında öz yeri və rolu olan Azərbaycan sözün əsl mənasında müstəqil siyasət yürüdür, öz dövlətçilik və milli maraqlarını daim müdafiə edir. Möhtərəm Prezidentimizin Nazirlər Kabinetinin iclasında qeyd etdiyi kimi, Azərbaycan özünü dünya miqyasında müstəqil ölkə kimi təqdim edə bilib, müstəqil siyasət aparan ölkə kimi tanınır. Bu amilin əsasında güclü siyasi iradə, xalq-iqtidar birliyi və s. məsələlər dayanır. Həmçinin iqtisadi müstəqilliyi də vurğulamaq gərəkdir.”

V.Rəhimzadənin sözlərinə görə, son illər aparılan mühüm islahatlar nəticəsində ölkə əhalisinin məşğulluğu yüksək səviyyədə təmin edilib, yeni iş yerləri açılıb: “Son 9 ayın sosial-iqtisadi göstəricilərinə görə, 226 min yeni iş yeri yaradılıb ki, onlardan 171 mini daimidir. Bu, onu göstərir ki, ölkəmizdə işsizlik aşağı səviyyədədir. Yeni iş yerlərinin yaradılması prosesi mütəmadi olaraq həyata keçirilir və bu proses uğurlu sosial-iqtisadi siyasətimizin mühüm tərkib hissəsi kimi xarakterizə edilir.”

YAP Siyasi Şurasının üzvü bildirib ki, bu il neft-qaz sənayesində də bir sıra əlamətdar hadisələrlə yadda qalacaq: “Bu sahədə “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun gələcəkdə işlənilməsi ilə bağlı imzalanan yeni kontraktı xüsusilə vurğulamaq lazımdır. Qeyd edək ki, kontraktın müddəti 2050-ci ilə qədər uzadılıb. Nəticədə ölkəmizin iştirak payı 11 faizdən 25 faizə yüksəlib. Mənfəət neftinin 75 faizi Azərbaycan tərəfinə veriləcək. Bununla yanaşı, SOCAR yeni kontraktın podratçısı kimi iştirak edəcək, ölkəmizə xarici neft şirkətləri tərəfindən 3,6 milyard dollar bonus ödəniləcək. Bununla yanaşı, bütün dünyanın diqqət mərkəzində olan “Cənub Qaz Dəhlizi” layihəsinin icrası istiqamətində işlər uğurla aparılır. “Şahdəniz-2” layihəsinin icrası 96 faiz səviyyəsindədir. TANAP-ın 82 faizi, TAP-ın isə 53 faizi icra olunub. Hesab edirəm ki, bütün bunlar neft-qaz sənayesinin, ümumilikdə Azərbaycanın sürətli inkişafına təkan verən mühüm amillərdir.”

“İki sahil” qəzetinin baş redaktoru onu da əlavə edib ki, ölkəmizin uğurlu inkişafı beynəlxalq səviyyədə də izlənilir və yüksək qiymətləndirilir: “Bu günlərdə Davos Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın iki pillə irəliləyərək 37-ci yerdən 35-ci yerə qalxması davamlı islahatların məntiqi nəticəsidir. Bu o deməkdir ki, Azərbaycan dünya miqyasında iqtisadi cəhətdən 35 ən rəqabətqabiliyyətli ölkə sırasındadır. Dövlətimizin başçısı cənab İlham Əliyevin Nazirlər Kabinetinin iclasında vurğuladığı kimi, bu, böyük uğurdur, tarixi nailiyyətdir.”
Azərbaycana ucuz və təhlükəli kərə yağları gətirilibAzərbaycanda kərə yağının bahalaşması ilə bağlı baş verən proseslər ölkəyə idxal olunan məhsulların keyfiyyətinə nəzarət məsələsini bir daha gündəmə gətirmiş oldu. Təcrübə göstərir ki, bir çox hallarda dünya bazarındakı dəyişikliklər üzündən bahalaşan məhsulların satışındakı azalma idxalçıların daha aşağı qiymətə, həm də daha aşağı keyfiyyətə mal gətirmələrinə yol açır.

Xatırladaq ki, ötən həftə kərə yağının kəskin bahalaşmasından sonra yaranan narazılıqlar bu məhsulun idxalçılarının açıqlama ilə çıxış etməsinə səbəb oldu. Ölkənin 7 ən böyük yağ idxalçısı qiymət artımının səbəblinə dair ictimaiyyətə izahat verdi. Həmin izahatdakı bir fikir xüsusilə diqqəti cəlb edir. Belə ki, idxalçı sahibkarlar bildirdilər ki, "bu gün mağazalarda digər ölkələrdən gətirilən bir sıra yağlar da istehlakçılara təklif olunur. Bu yağların qiyməti təxminən 12-13 manatdır”.

"Yeni Müsavat”ın apardığı araşdırmaya görə hazırda bazarda qeyd olunan qiymətə satılan əsasən Rusiya, Belarus və Ukrayna mənşəli kərə yağlarıdır. Dövlət Statistika Komitəsinin açıqladığı məlumatdan aydın olur ki, 2017-ci ildə bu ölkələrdən yağın kiloqramı 2-4 dollara idxal edilib. Halbuki həmin ölkələrdə yüksək keyfiyyətli (72 və 82,5 faizli) kərə yağının topdansatış qiyməti 5 dollardan aşağı deyil. Bu isə qeyd olunan ölkələrdən gətirilən yağların keyfiyyətini ciddi sual altında qoyur.

Bu fakt diqqəti idxal olunan ərzaq məhsullarının keyfiyyətinə nəzarət məsələsinə yönəldir. Qeyd edək ki, ölkədə istehsal olunan və kənardan gətirilən ərzaq məhsullarının keyfiyyətinə nəzarət məsələsi ötən ilin dekabrında prezident İlham Əliyev tərəfindən təsdiqlənən "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulan prioritet məsələlərdən biridir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən bu ilin 6 ayı üzrə həmin sənəddə nəzərdə tutulan tədbirlərin icra vəziyyətinin monitorinqi aparılıb. Monitorinq göstərib ki, "Əhalinin bütün təbəqələrinin etibarlı ərzaq təminatına nail olunması mexanizmlərinin formalaşdırılması” prioritetinin icrası istiqamətində işlərə hələ başlanmayıb.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının sözlərinə görə, idxal olunanda bütün növ məhsulların, o cümlədən də ərzaq məhsullarının həm Azərbaycanda, həm də dünyada qəbul olunmuş keyfiyyət standartlarına uyğunluğu yoxlanılır, uyğunluq sertifikatı verilir. Həmin sertifikatları verən təşkilatları Azərbaycan Akkreditasiya Mərkəzi publik hüquqi şəxsi seçir: “Onların siyahısı bizim internet saytımızda var. İdxal ediləcək məhsullar uyğunluq sertifikatı verilməsi üçün həmin təşkilatlar tərəfindən sınaq laboratoriyalarında yoxlanılır. Əgər müəyyən olunmuş standartlarla uyğundursa, ona uyğunluq sertifikatı verilir və idxalı həyata keçirilir. Uyğun olmayan məhsula isə belə sertifikat verilmir.”

Bəs hər hansı yolla istehlak bazarına standartlara cavab verməyən, aşağı keyfiyyətli məhsulların çıxarılmasına necə nəzarət olunur? Belə halların qarşısını almaq üçün hansı addımlar atılır?

Qurum rəsmisinin sözlərinə görə, 2 ildir ölkədə sahibkarlıq subyektlərinin yoxlanmasının qadağan olunması haqqında qanun qüvvədədir: “Buna görə də biz istehlak bazarında planlı yoxlamalar aparmırıq. Sadəcə, konkret müraciətlər olanda yoxlama həyata keçiririk. Bildiyiniz kimi, qanunun müddəti noyabrda bitir. Əgər yenidən müddəti uzadılmasa, biz planlı yoxlamaları bərpa edəcəyik. Uzadılsa belə, bu, o demək deyil ki, sahibkarlar aşağı keyfiyyətli, vətəndaşların sağlamlığı üçün təhlükə yaradan məhsulları gətirməlidilər. Onlar bu məsələdə öz üzərlərinə düşən məsuliyyəti layiqincə qiymətləndirməyi bacarmalıdılar.”

Xatırladaq ki, Nazirlər Kabinetinin 2016-cı il 4 mart tarixli 1853 nömrəli “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarına” edilən dəyişikliklər nəticəsində ixrac-idxal əməliyyatlarında sərhəd keçid məntəqələrində tələb olunan sənədlərin sayı azaldılıb. Belə ki, dəyişiklikliyə qədər ixrac missiyasını həyata keçirən sahibkarlardan fitosanitar, keyfiyyət, mənşə və idxal missiyasını həyata keçirən sahibkarlardan isə uyğunluq və mənşə sertifikatı tələb olunduğu halda, artıq bu sənədlər qaydalardan çıxarılıb. Beləliklə də idxal əməliyyatlarında gömrük ərazisində məcburi sertifikatlaşdırılmalı olan mallar gömrük ərazisinə idxal edildikdə onların uyğunluq sertifikatı tələb olunmur.
Kəmaləddin Heydərovun biznes imperiyası Fərhad Əliyevin nəzarətinə keçir — SENSASİON XƏBƏR2005-ci il oktyabrın 19-da, o vaxtkı parlament seçkiləri ərəfəsində həbs edilən sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin Azərbaycanda iş adamı kimi yenidən fəaliyyətə başladığı haqqında xəbərlər var. Bu barədə bəzi KİV-lər də bir müddət öncə məlumat yaymışdılar.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2007-ci il 25 oktyabr tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilən, 14 oktyabr 2013-cü il tarixində isə prezidentin sərəncamı ilə cəzanın çəkilməmiş hissəsindən azad olunan eks-nazir həbsdən çıxandan sonra İngiltərəyə, ardınca da Türkiyəyə getmişdi.

Fərhad Əliyevin artıq Azərbaycanda iş adamı kimə fəaliyyət göstərdiyi bildirilir.

"Modern.az" saytı sabiq nazirlə bağlı məlumat almaq üçün öncə həbsdə olan zaman onun hüquqlarının müdafiə komitəsinin sədri olmuş sabiq deputat, tarixçi professor Cəmil Həsənli ilə əlaqə saxlayıb.

C.Həsənli sayta bildirib ki, uzun vaxdır ki, Əliyev qardaşları ilə əlaqəsi yoxdur. Ona görə də onlar barədə tam məlumatsızdır.
Fərhad Əliyevlə bağlı sayt digər maraqlı bilgilər əldə edib.Məlumata görə, onun biznes əlaqələri Türkiyədə dövlət rəhbərliyinə qədər uzanır.

Sabiq nazirin Azərbaycanda da biznes işinə başladığı qeyd edilir. “Ölkə.Az” saytının yaydığı məlumatda da qeyd olunduğu kimi Sumqayıt Texnologiyalar Parkının da bilavasitə onun iştirakı ilə qurulduğu söylənilir.

Aldığımız məlumatlarda son zamanlar Fərhad Əliyevın Azərbaycanda bir sıra iri işlərə rəhbərlik etdiyi vurğulanır.
Hətta qeyd edilir ki, Fərhad Əliyev özünün günahsız həbs olduğunu və ona vaxtilə “müharibə açmış” şəxslərin yalanlarını yüksək dairələrdə sübut edə bilib. Elə bu səbəbdən də ölkədə bir holdinqin onun nəzarətinə keçəcəyi də deyilir.

“Ölkə.Az” saytının mötəbər mənbələrdən əldə etdiyi məlumata görə bu holdinq Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun ailə biznesi olduğu qeyd edilən “Gilan Holdinq”dir.

Xatırladaq ki, Fərhad Əliyev 2005-ci ildə qardaşı Rafiq Əliyevlə birlikdə tutulmuşdu. O və 9 il müddətinə azadlıqdan məhrum edilmiş qardaşı Rafiq Əliyev 2013-cü il oktyabrın 14-də prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb
Fərhad Əliyev Sumqayıt Texnologiyalar Parkının rəhbərliyinə gətirildiAzərbaycanın sabiq iqtidasi inkişaf naziri Fərhad Əliyev müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksi sayılan Sumqayıt Texnologiyalar Parkının (STB) rəhbərliyinə gətirilib.

"Ölkə.Az"ın məlumatına görə, Fərhad Əliyev STB-də görülməsi nəzərdə tutulan bütün işləri tezliklə başa çatdırmağı öz üzərinə götürüb.

Əldə etdiyimiz digər məlumata görə, bu ilin martında Sumqayıt Texnologiyalar Parkının rəhbərliyində edilən kadr dəyişikliyi də Fərhad Əliyevin istəyi ilə olub.
Bu dəyişiklikdən sonra Fərhad Əliyevin “adamı” kimi tanınan Emin Məmmədov “Sumqayıt Texnologiyalar Parkı” MMC-yə icraçı direktor təyin edilib.

“Sumqayıt Texnologiyalar Parkı” MMC-dən verilən məlumata görə, hazırda sözügedən şirkətdə işlər daha da sürətlənib.
“Azərsu”dakı korrupsiya Bakını çökdürür və yaxud seldə batırılan 5 milyard… – Araşdırma“Azərsu” ASC-dəki korrupsiya oyunları bu gün növbəti “bəhrəsini” verdi. Oktyabrın 4-də səhər saatlarında Bakıda yeni istifadəyə verilmiş yol çökdü, xoşbəxtlikdən həmin vaxt yolda avtomobil olmadığından can itkisi yaşanmadı.

Lakin yeni təmir olunan Nizami rayonu, Qara Qarayev prospekti, Mehdi Abbasov küçəsində magistral yolda dərinliyi iki metrə çatan çuxur əmələ gəldi ki, bunun təmiri həm xeyli vaxt, həm də vəsait tələb edir.

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, yolun çökməsinə səbəb kanalizasiya kollektorunun partlaması olub:

“Bu gün (dünən-red.) səhər saatlarında Mehdi Abbasov küçəsində yolun asfalt örtüyünün çökməsi qeydə alınıb, təxminən iki metr dərinliyində bir quyu əmələ gəlib. Əməkdaşlarımız hadisə yerinə cəlb olunub və məlum olub ki, yerin altından kanalizasiya kollektoru keçir. Bu kollektorun istismar müddəti bitdiyi üçün dağılıb partlayıb, oradan axan çirkab sular yol yatağını yuyub, nəticədə yolda çökmə baş verib. Dərhal aidiyyəti üzrə məlumat verilib və ”Azərsu" ASC-nin əməkdaşları əraziyə gəliblər. Hazırda kollektorun bərpası istiqamətində işlər aparılır. Yol müvəqqəti olaraq bağlanıb, sürücülər Bəkir Çobanzadə və Azər Manafov küçələrindən istifadə edərək hərəkətlərinə davam edə bilərlər. Bu kollektorun bərpası yekunlaşan kimi yolun bərpası istiqamətində tərəfimizdən addımlar atılacaq".

Son illər “Azərsu” ASC-yə dövlət büdcəsindən ayrılan milyonları, o cümlədən beynəlxalq təşkilatlardan verilən kreditləri göz önünə gətirsək, indi Bakının mərkəzi prospektində istismar müddəti bitmiş kollektor qalmamalı idi. Lakin yağan hər yağış ciddi problemlərlə yadda qalır və göyə sovrulan pulların məbləğindən xəbər verir.

Paytaxt Bakıda kommunal problemlərin baş alıb getməsi ilə paralel olaraq bu qurum zərərlə işləyir. 2016-cı ildə “Azərsu” ASC-nin beynəlxalq maliyyə institutlarına borcu 167, 434 mln. manat olub. Bu qurumun Maliyyə Nazirliyindən aldığı kreditlərin həcmi 38,939 mln. manat, yerli banklara borcu 215,555 mln. manat (2015-ci ildə 193,116 manat) olub. Qurumun cəmi faiz kreditləri və borc öhdəlikləri 2016-cı ildə 421,929 mln. manat təşkil edib ki, bu da 2015-ci illə müqayisədə 66,724 mln. manat artım deməkdir.

“Azərsu ”ASC-nin ötən il üzrə zərəri 612,921 mln. manat olub. 2015-ci ildə bu rəqəm 550,660 mln. manat təşkil edib.

Qeyd edək ki, bu quruma dövlət ayırmaları da kifayət qədər ciddi məbləğlərlə ifadə olunur. Təkcə bu il “Azərsu”ya bir neçə istiqamətdə su və kanalizasiya xətlərinin çəkilişi üçün milyonlarla manat pul ayrılıb.

Belə ki, prezident İlham Əliyevin Bakı şəhəri Xəzər rayonunun Binə, Mərdəkan, Şağan və Şüvəlan qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamına əsasən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 5 milyon 780 min manat ayrılıb.

Eləcə də ölkə başçısının Bakı şəhəri Binəqədi rayonunun Binəqədi, Abşeron rayonunun Mehdiabad və Novxanı qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamı çərçivəsində “Azərsu”ya 4 milyon manat vəsait ayrılıb.

Qeyd olunan iki sərəncam bu ilin avqust ayında imzalanıb.

Bu il həmçinin prezidentin 13 yanvar 2017-ci il və 17 mart 2017-ci il tarixli sərəncamlarına əsasən “Azərsu” ASC-yə müvafiq olaraq 149,5 mln. manat və 14 mln. manat məbləğində subsidiyalar ayrılıb.

Bu barədə “Azərsu” ASC-nin 2016-cı il üzrə konsolidasiya olunmuş maliyyə hesabatında deyilir. Sənəddə vurğulanıb ki, subsidiyalar cari infrastruktur layihələrinin tikintisi və su təchizatı sisteminin təkmilləşdirilməsi üçün nəzərdə tutulub. Bundan başqa, Nazirlər Kabinetinin 18 aprel 2017-ci il tarixli sərəncamına uyğun olaraq cari infrastruktur layihələrinin tikintisi və texniki təmir məqsədləri üçün “Azərsu” ASC-yə 14,7 mln. məbləğində maddi yardım ayrılıb.

Sonuncu 14,7 milyon manatlıq yardım 13 ünvanda – Ziya Bünyadov prospekti boyu, Nərimanov rayonu Əliyar Əliyev küçəsi boyu kollektorun tikintisi, Böyükşor gölünün səviyyəsinin tənzimlənməsi üçün kollektorun tikintisi, Binəqədi şosesi boyu kollektorun tikintisi, Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi boyu kollektorun tikintisi, Sabunçu rayonu ərazisində kollektorun tikintisi, Məhəmmədi gölündə su səviyyəsinin tənzimlənməsi üçün kollektorun tikintisi, Taşağıl və Böyükşor gölünün su səviyyəsinin saxlanılması və su keyfiyyətinin yaxşılaşdırılması üçün sistemlərin tikintisi, Sabunçu rayonu “Şuşa” şəhərciyinin ətraf ərazilərində yağış sularının kənarlaşdırılması üçün kollektorun tikintisi, Ramana Südçülük Sovxozunun ərazisində, Yasamal rayonu Əhməd Cəmil küçəsi boyu, Xətai rayonu Yusif Səfərov küçəsi boyu və Xətai rayonu Kazımağa Kərimov küçəsi boyu yağış suları kollektorunun tikintisi üçün ayrılıb.

Son yağıntılar zamanı Binəqədidə müşahidə olunan vəziyyət bu milyonların da korrupsiyanın qurbanına çevrilməsi ehtimalından xəbər verir.

Ümumilikdə, son illərdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı “Azərsu” ASC-yə ayrılan pulların məbləğinə və coğrafiyasına baxsaq, hazırda Bakıda və Abşeronda köhnə su və kanalizasiya sistemi qalmamalı idi.

Bəs bu pullar haraya sovrulub ki, hər yağış yağarkən biz yollarda, ara küçələrdə suların yığılıb qaldığını görürük?

İqtisadçı ekspert Natiq Cəfərli mövzunu “Yeni Müsavat”a şərh edib.

O bildirib ki, sözügedən quruma son illərdə milyardlarla manat vəsait ayrılsa da, qeyri-effektiv xərcləndiyindən hələ də zərərlə işləyir:

“Dövlət büdcəsindən birbaşa ayırmalardan əlavə ”Azərsu" ASC-yə dolayı ayırmalar da olub. Yol tikintisi ilə bağlı və ya kanalizasiya xətlərinin təmiri ilə bağlı birbaşa büdcədən əlavə, xarici kreditlər şəklində də “Azərsu”ya yüz milyonlarla dollar müxtəlif beynəlxalq maliyyə qurumlarından yardımlar ayrılıb. Həmin layihələrin həyata keçirilməsində də çox böyük problemlər yaşanıb. Söhbət təxminən milyardlarla dollar vəsaitdən gedir. Son 10 ili götürsək, bəlkə də bu vəsaitlərin həcmi 5 milyarddan yuxarıdır. Söhbət vəsaitlərin böyük həcmindən əlavə, işin keyfiyyətindən gedir. Azərbaycanda artıq büdcə xərcləmələrində korrupsiyanın olması heç kimi təəccübləndirmir. Ancaq korrupsiya ilə yanaşı işin keyfiyyətsizliyi də böyük problemlər doğurur. Sovet dövründə Bakıda bir çox yerlədə yağış sularının axıdılması üçün olan xətlər kanalizasiya xətlərindən ayrı çəkilmişdi, sonradan yağış xətlərinin bir çoxu ləğv edildi və ya kanalizasiya xətlərinə birləşdirildi. Bu da böyük problemlər yaradır və yağıntı çox olanda həmin xətlər suyun axıdılmasını çatdırmır, nəticədə şəhəri su basır.

Bütün bunlar qeyrı-şəffaf idarəetmənin, tenderlərin normal keçirilməməsinin və korrupsiya hallarının nəticəsidir. “Azərsu” bu qədər monopolist şirkət olmasına baxmayaraq həm dotasiya ilə işləyir, zaman-zaman vergi borcları, digər dövlət nəzarətindəki təbii inhisarçılara olan borcları silinir. Büdcədən əlavə vəsaitlər ayrılır, xaricdən kreditlər alır. Bütün bunlara baxmayaraq, çox qeyri-effektiv və zərərlə işləyən dövlət müəssisəsidir".

Bütün bu deyilənlər isə artıq “Azərsu” adlı dövlət inhisarçısının özəlləşdirilmə vaxtının çatdığından xəbər verir. Büdcəni çapıb talayan, üstəgəl, fəaliyyətsizliyi və zərəri göz önündə olan bir qurumun yalnız özəlləşdirilməsi dövlətə müəyyən fayda verə bilər.

Xatırladaq ki, “Azərsu”nun rəhbəri Qorxmaz Hüseynovdur. O, bu quruma 2011-ci ilin 16 fevral tarixindən rəhbərlik edir. Q.Hüseynov bu müddət ərzində su təsərrüfatında ciddi dönüş edə bilməməkdə ittiham olunur. O, adı mətbuatda ən çox korrupsiyada hallanan məmurlardandır. Lakin indiyədək deyilənlər, yazılanlar barədə jurnalistlərə heç bir açıqlama verməyib. Dövlətin milyardlarla manat vəsaitinin talanmasında ittiham olunan Qorxmaz Hüseynov nə vaxtsa qanun qarşısında cavab verəcəkmi? Görünən budur ki, o, nə qanunları vecinə alır, nə ictimai qınağı.

“Yeni Müsavat” “Azərsu” ASC-nin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsa da, zənglərimizə cavab verilmədi. Qurumun mövqeyini dərc etməyə hazırıq.

Musavat.com
Daha iki xarici şirkət Azərbaycandan getdi“Globalink Logistics Group Limited”, eləcə də, “Colgate-Palmolive” şirkətləri Azərbaycan bazarını tərk edib.

"Vergilər" qəzeti xəbər verir ki, “Globalink Logistics Group Limited” Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxsusdur. Kreditorlar tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 34 (“AF Mall Business Center”) ünvanına bildirə bilərlər.

Bundan əlavə, İsveçrənin yuyucu vasitələr istehsalçısı “Colgate-Palmolive” şirkəti də Azərbaycan bazarını tərk edib. Şirkətin Türkiyədəki törəməsi – “Colgate-Palmolive Təmizlik Ürünləri Sanayi və Ticarət Anonim” şirkətinin Azərbaycandakı nümayəndəliyi sentyabrın 15-dən ləğv olunduğunu elan edib. Kreditorlar tələblərini Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 44 ünvanına bildirə bilərlər.