Banklar kredit faizlərini aşağı saldı – SəbəbAdi ipoteka kreditləri üzrə faiz dərəcəsi bir sıra banklarda 8 faizdən 7 faizədək azaldılıb.

Bu haqda iqtisadçı alim Vüqar Bayramov yazıb. Ekspert bunun səbəbini son 2 ildə ipoteka kreditlərinə tələbin azalmasında görüb:

“Praktik olaraq bazardakı aşağı tələb ipoteka krediti faizlərinə təsir göstərir. Belə ki, mövcud qanunvericiliyə əsasən, adi ipoteka kreditləri üzrə maksimum faiz 8-dir. Bu isə o deməkdir ki, bankların bütün hallarda daha aşağı faizlə ipoteka krediti təklif etmək imkanları hər zaman olub. Sadəcə, son illərədək ipoteka kreditlərinə marağın yüksək olması bankların makisumum faizlə kredit təklif etməsinə səbəb olurdu. Güman olunur ki, yaxın zamanlarda adi ipoteka kreditləri üzrə faiz dərəcəsi 6 faizədək azala bilər. Bu isə o deməkdir ki, 25 il müddətinə 8 faizlə 150 min manat kredit götürən vətəndaşımız 1157 manat ödəməlidirsə, kredit faizi 7 olanda bu göstərəici 1060 manata, 6 faiz olanda isə 966 manatadək azalır. Deməli, faizlərin 8-dən 7-dək enməsi maksimum məbləğdə kredit götürən şəxsin aylıq ödəniş məbləğinin 97 manat, 6-dək enməsi isə 191 manat azalması deməkdir. Kredit məbləği 75 min manat olanda isə 7 faizli kredit üzrə aylıq ödəniş məbləğ 535 manat, 6 faizə düşəcəyi halda isə 480 manat olur”.

İqtisadçı onu da qeyd edib ki, adi ipoteka istiqrazları orta hesabla 3 faizlə yerləşdirildiyindən onların illik faizlərinin müvəkkil banklar tərəfindən daha da aşağı salınması imkanları var.
Azərbaycan neftinin qiyməti 63 dollara çatırCIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 2-də 62,89 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,49 dollar/barel çoxdur.

Trend xəbər verir ki, ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 2-də 62,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,45 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 2-də 58,54 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,42 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə noyabrın 2-də 60,48 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,4 dollar/barel azdır.
BTQ DƏMİRYOLU QƏRBİN GEOSIYASI LAYİHƏSİ KİMİ..Məhəmməd Əsədullazadə
politoloq

Bakı-Tiflis -Qars dəmiryolu Avropa ilə Asiyanı birləşdirən əsas nəqliyyat vasitəsidir. Qərbin son illərdə dəstək verdiyi "Cənubi Qaz Dəhlizi" və tikilməsi nəzərdə tutulan TransXəzər boru kəməri və BTQ dəmiryolu geosiyasi və geostrateji baxımından mühüm əhəmiyyət kəsb edir. Bu lahiyələr, Mərkəzi Asiyanın karbohidrogen ehtiyatlarının Avropaya Rusiyadan kənar daşınmasında mühüm rol oynayacaq. Orta Asiya ölkələrinin Rusiyadan tranzit asılılığına son qoyacaq.

Qeyd edim ki, Mərkəzi Asiya uğrunda Qərblə, Rusiya arasında mühüm rəqabət regionudur. Mərkəzi Asiya son illərdə Qərblə Rusiyanın siyasi-iqtisadi maraqları toqquşduğu regiondur. Artıq, Qərb yeni iqtisadi lahiyələrlə Mərkəzi Asiyada güclənmək və Rusiyanın təsirini azaltmağa çalışır.

Qeyd edək ki, bu layilər tam işə düşəndən sonra, regionda rəqabət Qərbin xeyrinə dəyişəcək, Rusiyanın Cənubi Qafqazda və Mərkəzi Asiyada siyasi-iqtisadi mövqeləri zəifləyəcək. Hömçinin BTQ dəmiryolu Ermənistanın iqtisadi izolyasiyasını daha da gücləndirəcək. Artıq, işğalçı ölkə Qərbin dəstək verdiyi geosiyasi lahiyədən bir daha kənarda qalacaq.
Xüsusilə, Rusiya, artıq sərhədlərinin yaxınlığında bu kimi meqa layilərin reallaşmasından narahatdır. Rəsmi Kreml çalışacaq ki, Cənubi Qafqazda ümumi siyasi vəziyyəti gərginləşdirsin. Gürcüstan və Azərbaycan arasında konfliktlərə yol açsın. Artıq, bunun işartıları biruzə verir. Marneulidə yerli azərbaycanlılarla svanlar arasında kiçik toqquşma buna misal ola bilər. Nəticədə 200 dən artıq svan meydana çıxaraq azərbaycanlıların köçürülməsi ilə bağlı nümayiş keçiriblər. Bu insident təsadüfi sayıla bilməz. BTQ açılışı vaxtı baş verən bu olay, bir başa rəsmi Kremlin regionda vəziyyəti gərginləşdirməyə çalışmasının nəticəsidir.

Rusiya xalqlar arasında müharibə və etnik münaqişələrin qızışdırılmasında öz geosiyasi məqsədləri üçün istifadə edib. Marneulidə baş verənlər Rusiyanın bu siyasətinin bariz nümunəsidir.

Vurğulamaq lazımdır ki, Cənubi Qafqaz və Mərkəzi Asiya uğrunda Qərblə Rusiya arasında siyasi qarşıdurma yeni fazaya daxil olur. Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Özbəkistanın dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən açılış mərasimi regionda yeni siyasi dönəmin başlanğıcından xəbər verir. Azərbaycanın bu layihənin əsas iştirakçıları arasında xüsusi mövqeyi, ölkəmizin Qarabağ probleminin həllində beynəlxalq siyasi arenada mövqelərinin möhkəmləndirilməsinə və yeni tərəfdaşlar qazanmasına səbəb olacaq.
Ziya Məmmədova belə zərbə vurulmamışdı: 4,5 milyonluq əmlakını əlindən aldılarOnun nazir olarkən Göyçayda ələ keçirdiyi 20 hektardan artıq bağ sahəsi və orada inşa etdirdiyi villa “AZNAR”-ın balansına keçdi; mülk 4,5 milyon manata qiymətləndirilib, amma həmin məbləğ Məmmədovlara yox, dövlətə ödənilib; oliqarxı bitirirlər…

Sabiq nəqliyyat naziri Ziya Məmmədov vəzifədə olarkən korrupsiya vəsaitləri hesabına oliqarxa çevrilmişdi. O, sərbəst şəkildə heç ayda 5000 manat pul qazana bilməyəcək oğlu Anar Məmmədovu iş adamı elan edib, dövlətdən oğurladığı pulları onun sərəncamına verib dövr etdirirdi. Məmmədovlar xeyli sayda şirkətlər yaratmışdılar, bank sahibi olmuşdular (Bank of Azerbaijan), üstəlik, ölkə boyunca min hektarlarla torpaq sahələrini yağmalamışdılar.

Hətta Bakı Beynəlxalq Avtovağzalını da özəl obyektləri kimi rəsmiləşdirməyə nail olmuşdular. Bunlar əslində cinayət xarakterli fəaliyyətdir; bir nazirin bank, göydələnlər, çınqıl karxanaları, toyuq fabriki, istirahət-əyləncə mərkəzləri, min hektarlarla torpaq sahələrini əldə etməsi təbii ki, qanunla qadağan edilən məsələdir. Amma o, özünün sərbəst şəkildə heç bir kapitalı olmayan oğlunu cəmiyyətə iş adamı kimi sırıyıb, guya bu mal-mülklərin, biznesin onun olduğuna dair alibi yaradırdı. Hansı ki, Anar Məmmədov 1982-ci il təvəllüdlüdür və iri iş adamı kimi təqdim ediləndə, 24-25 yaşları vardı. Əlbəttə, Azərbaycan reallığında bu mümkünsüzdür. Bunlar hər kəsə bəlli idi və o da gözlənilirdi ki, xüsusi ilə 2010-2015-ci illər ərzində ölkədə harınlıqlar edən Məmmədovlar klanı cəzalandırılacaq, onların oğurluq vəsaitlər hesabına əldə etdikləri əllərindən alınacaq.

Bu baş verdi; Ziya Məmmədovun nazirliyi ümumiyyətlə, ləğv olundu, qardaşı Elton Məmmədov 2015-ci ildə deputat mandatı ilə vidalaşdı, oğlu Anar Məmmədovun sərəncamında olan şirkətlər, obyektlər, avtovağzal geri alınmağa başladı, bankları da qapadıldı. Həmçinin Ziya Məmmədovun müxtəlif vəzifələrə yerləşdirdiyi şəxsləri görəvdən almağa başladılar. Düzdür, hazırda onun azı iki adamı icra başçısı vəzifəsində qalır – Ucarın icra başçısı Mənsur Məmmədov və Zərdabın icra başçısı Lütvəli Babayev. Heç şübhəsiz ki, onlar da yaxın zamanlarda vəzifə ilə vidalaşacaqlar…

Hazırda isə Ziya Məmmədovun regionlarda ələ keçirmiş olduğu böyük mülklərin ondan geri alınması prosesi sürətlənib. Belə ki, Ziya Məmmədov nazir olduğu vaxtlarda Göyçayın Potu və Hüngütlü kəndləri arasında yerləşən 20 hektardan artıq səfalı bir yeri zəbt eləmişdi. Həmin vaxtlar onun qohumu, hazırda Ucarın icra başçısı olan Mənsur Məmmədov Göyçayın icra başçısı idi. Ziya Məmmədov Mənsur Məmmədovun vasitəsilə Göyçayda 20 hektardan artıq ərazini kəndlilərin əlindən aldı və orada böyük bir villa tikdirdi. Hətta həmin mülkdə vertolyot meydançası ilə inşa etdirmişdi.

Meşənin, Yuxarı Şirvan kanalının kənarında yerləşən bu ərazilər ən məhsuldar torpaq sahəsi sayılır. Z.Məmmədov oranı kəndlilərin əlindən alıb, şəxsi mülkünə çevirmişdi. Ziya Məmmədov nazir vəzifəsindən azad ediləndən sonra rayon camaatı həmin yağmalanmış ərazilərin Ziya Məmmədovdan geri alınması üçün müraciətlər də etmişdi. Bu günlərdə çox heyrətamiz bir olay baş verib: Ziya Məmmədovun həmin möhtəşəm villasını əlindən alıblar! Sözügedən mülkün giriş qapısına fotoda gördüyünüz bu lövhə yerləşdirilib: “AZNAR Qapalı Səhmdar Cəmiyyətinə məxsus Nar Bağı”. Musavat.com müxbirinin rayon sakinlərindən aldığı məlumata görə, Ziya Məmmədov uca hasara aldığı 20 hektar ərazidə nar bağı salıbmış.

Bu mülkün “AZNAR”ın balansına keçməsi prosesi isə olduqca maraqlıdır. Adıçəkilən müəssisə həmin bağı öz balansına keçirmək üçün 4,5 milyon manat pul ödəyib. Amma Ziya Məmmədova yox, dövlətə. Belə ki, Ziya Məmmədovun nazirliyi ləğv edildikdən, daha doğrusu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə birləşdirildikdən sonra təhvil-təslim zamanı Ziya Məmmədovun nazir olduğu dövrdə burada yüz milyon manatdan çox yeyintiyə yol verildiyi aşkarlanıb. Ziya Məmmədova isə tapşırılıb ki, mal-mülkünü satıb, həmin vəsaiti dövlət büdcəsinə qaytarsın, yoxsa həbs olunacaq. Məmmədovun ölkədən çıxışı yasaqlanıb və hazırda onun “yediklərinin qusdurulduğu” dönəmdir. Göyçaydakı mülkü də hərraca çıxarılıb və “AZNAR” həmin ərazini alıb. Pul isə, dediyimiz kimi, dövlətə ödənilib.

Şirkət bu ərazini aldıqdan sonra orada nar bağına xüsusi qulluq edilməyə başlanılıb. Hazırda həmin bağda işləmək üçün 50-dən çox şəxsin işə götürüldüyü və müəssisənin əsas nar tədarükü zonası kimi çalışdırıldığı qeyd edilir.

Bununla yanaşı, bizi bilgiləndirən mənbə qeyd edir ki, Ziya Məmmədovun Ucardakı müəssisələri, obyektləri, Göyçay, Goranboy və Tərtər ərazisindəki daş-çınqıl karxanaları da eyni qaydada əlindən alınıb.
“Yeni Müsavat”
Qarsın bələdiyyə sədri: “Sevincimizin həddi yoxdur”“Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılışı tarixi hadisədir. İnanıram ki, həmin gün Türk tarixinə qızıl hərflərlə düşəcək.

Bu sözləri Qars Şəhər Bələdiyyəsinin sədri Murtaza Qaraçanta Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılışı ilə bağlı təəssüratlarını diaspor fəalı Elnur Eltürklə bölüşərkən bildirib. O deyib:

“Sevindirici hal odur ki, 10 ildir gözlədiyimiz an gəlib çatdı. Bu xətt Mərkəzi Asiya türk dövlətləri ilə Azərbaycan,Türkiyə arasında siyasi-iqtisadi əlaqələrin güclənməsinə daha da təkan verəcək. Həmçinin, Türk dünyasının birliyinə geniş imkanlar açacaq. Gələcək nəsillər bundan daha çox faydalanacaqlar. Xətt Asiya-Avropa arasında körpü rolunu oynacaq. Bu gün tarixi günü yaşadığımız üçün çox şadam. Sevincimizin həddi-hüdudu yoxdur. Türk milləti adına xeyirli-uğurlu olsun deyirəm”.
BAXCP xalqımızı təbrik etdi: Yolumuz açıq olsun!Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) İdarə Heyəti Bakı-Tiflis-Qars dəmir yolunun rəsmi açılışı və istifadəyə verilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir:

“Əziz həmvətənlər,

Azərbaycan, Gürcüstan və Türkiyənin dəmir yolu xətlərini birləşdirən Bakı-Tiflis-Qars dəmir yolunun açılışı və istifadəyə verilməsi müstəqillik tariximizin ən önəmli hadisələrindən biridir.

İşğalçı Ermənistanı himayə edən və Bakı-Tiflis-Qars layihəsinin əvəzində Qars-Gümrü-Tiflis dəmir yolunun çəkilməsi tələbini israrla irəli sürən dairələrin bütün cəhdlərinə rəğmən 2007-ci il, noyabr 21-də Gürcüstanın Marabda kəndində Azərbaycan, Türkiyə və Gürcüstanın dövlət başçılarının iştirakı ilə Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikintisinin təməli qoyuldu.

Son 10 il ərzində regionda baş verən kataklizmlərə, silahlı qarşıdurmalara, saysız-hesabsız maneələrə baxmayaraq Bakı-Tiflis-Qars layihəsi Azərbaycan və Türkiyənin qətiyyətli mövqeyi və təbii ki, Gürcüstanın da iştirakı nəticəsində reallığa çevrildi. Bu hadisənin ən böyük tarixi anlamı iki qardaş dövləti – Azərbaycan və Türkiyəni birləşdirməsindədir. Bakı-Tiflis- Qars dəmir yol xətti Azərbaycan dövlətinin tarixi uğuru və gələcək nəsillərə töhfəsidir.

Ümid edirik ki, bu layihə davam etdiriləcək və biz yaxın gələcəkdə Naxçıvan-Qars dəmir yol xəttinin də açılışını da bayram edə biləcəyik.

Bu tarixi hadisə münasibətilə Sizi təbrik edir, firavan həyat, işıqlı gələcək arzulayırıq.

Yolumuz açıq olsun!”
“MuğanBank” çökürƏksər banklarda olduğu kimi, “MuğanBank” ASC-də də vaxtı keçmiş kreditlər artıb.

Bu haqda məlumatı “Marja” yayıb. Sayt Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 30 sentyabr 2017-ci il tarixinə qeyri-standart kreditlərin cəmi məbləği 53 milyon 823 min manat təşkil edib. Bu, “MuğanBank” ASC-nin müştərilərə verdiyi 334 milyon manat kreditlərin 16.1%-nə bərabərdir.

2017-ci il ərzində “MuganBank”da “qeyri-standart kreditlər” 5 milyon 936 min manat və ya 11% artıb.

Qeyri-standart kreditlərin 19 milyon 471 min manatı “qeyri-qənaətbəxş”, 10 milyon 615 min manatı “təhlükəli” və 23 milyon 737 min manatı “ümidsiz” hesab olunur.

“MuğanBank” kreditlər üzrə 7 milyon 332 min manat adi, 31 milyon 810 min manat məqsədli ehtiyat yaradıb. Yəni, ehtiyatlar ödəmə vaxtı keçmiş kreditləri örtmür.

Bankın 410,4 milyon manatlıq kredit portfelinin (ehtiyatlar daxil) isə təxminən 80 milyon manatının (20%-nin) ödəmə vaxtı keçib.

“MuğanBank”da ödəmə vaxtı keçmiş kreditlər əsasən ticarət və fiziki şəxslərə verilmiş kreditlər üzrədir.

Bankın gəliri azalıb

Problemli kreditlərin artması ilə bərabər “MuğanBank”da digər pis hal, müştərilərə verilən kreditlərin azalmasıdır. Bu, bankın gəlirlərinin azalmasına səbəb olub. Belə ki, bank 2016-cı ilin 9 ayında kredilərdən 46 milyon 238 min manat faiz gəliri əldə edərkən, 2017-ci ilin 9 ayında bu məbləğ 33 milyon 265 min manat təşkil edib (28% azalıb).

"MuğanBank"ın komission və qeyri faiz gəlirləri isə 9 milyon 495 min manatdan 5 milyon 691 min manata geriləyib (40% azalıb).

Bank zərər içindədir

“MuğanBank” ASC 2017-ci ilin 9 ayını 4 milyon 627 min manat zərər ilə başa vurub.

Cari ilin yanvar-sentyabr dövründə Bankın cəmi gəlirləri 39 milyon 779 min manat, o cümlədən kreditlər üzrə faiz gəlirləri 33 milyon 265 min manat, qiymətli kağızlar üzrə faiz gəlirləri 17,6 min manat, qeyri-faiz gəlirləri 5 milyon 691 min manat, xarici valyuta əməliyyatlari üzrə 804,6 min manat təşkil edib.

Bankın faiz və qeyri faiz xərcləri, işçi heyətinin saxlanılması, ümumi administrativ və sair əməliyyat xərcləri 27 milyon 942 manat təşkil edib. Bundan başqa, “MuğanBank” cəmi gəlirlərinin 16 milyon 466 min manatını kreditlər üzrə ehtiyyatların yaradılması üçün ayırıb. Bu, bankda problemli kreditlərin artdığına işarədir.

“MuğanBank”ın xərcləri gəlirlərini üstələdiyindən 9 ayı 4 milyon 627 min manat zərər ilə bağlayıb.

"MuğanBank" ASC 2016-cı ili 14 milyon manat zərər ilə başa vurmuşdu.
İspaniyalı diplomat Azərbaycanda investisiya imkanlarını araşdırıbİspaniya Krallığının Səfirliyinin müvəqqətii şlər vəkili İqnasiyo Sançez Taboada Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevlə görüşüb. Görüşdə Azərbaycan və İspaniya arasındakı iqtisadi əlaqələr, özəl sektorun hazırkı vəziyyəti, investisiya imkanları, əməkdaşlığın genişləndirilməsi, şirkətlərin inkişaf perspektivləri və s. kimi məsələlər müzakirə edilib.Son illər Azərbaycanda qeyri neft sektorunda canlanma müşahidə edildiyi qeyd olunub, bu zəmində hər iki ölkənin iş adamları arasında müxtəlif sahələrdə yeni əməkdaşlıq imkanlarının faydalı olacağı da istisna edilməyib.

Azərbaycan ilə İspaniya arasında iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edən ASK-nın prezidenti Məmməd Musayev bildirib ki, İspaniya Səfirliyi iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı istiqamətində mövcud potensialdan səmərəli istifadə edərsə, Azərbaycan Sahibkarlar Konfederasiyası da bu misiyanın həyata keçirilməsində xüsusi töhfə verə bilər. Qonağa Azərbaycan Sahibkarlar Konfederasiyası ilə daha yaxından əməkdaşlıq təklif edilib. Görüşdə ölkəmizdə son illər qeyri neft sektorunun, emal sənayesi, turizm, aqrar sahənin inkişafına xüsusi diqqət yetirildiyi, pambıq,tütün, fındıq, çay və s. kimi kənd təsərrüfatı məhsullarının ixrac qabiliyyətli olduğu qonağın diqqətinə çatdırılıb. Ölkəmizdə özəl sektorun inkişafı, ikitərəfli əməkdaşlıq, investisiya imkanları ilə bağlı daha əlverişli mühit yarandığı, bu sahədə daha yaxşı nəticələr əldə etmək üçün geniş potensialın mövcud olduğu qeyd edilib.

Azərbaycan-İspaniya sahibkarları arasında gələcəkdə müxtəlif biznes forumların təşkil edilməsi ilə bağlı müzakirələr də diplomatın marağına səbəb olub.

İqnasiyo Sançez Taboada fəaliyyəti dövründə iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib. Diplomat qeyd edib ki, iki ölkə arasında iqtisadi əlaqələr son illər daha da fəallaşmağa başlayıb. O bildirib ki, bügünədək Azərbaycan ilə İspaniya arasında iqtisadi yönümlü dövlət və özəl qurumlarının, yerli şirkətlərinin nümayəndələri, potensial sərmayəçiləri arasında müxtəlif səviyyələrdə bir sıra təmaslar qurulub, iki ölkə arasında işgüzar səfərlər keçirilib. Odur ki, ölkəmizdə fəaliyyət göstərəcəyi müddətdə İspaniya ilə Azərbaycan arasında bir çox sahələrdə, o cümlədən iqtisadi və ticari əməkdaşlıq əlaqələrinin qurulması, mövcud münasibətlərin daha da genişlənməsi üçün səylə çalışacaq. İspaniyalı diplomat özəl sektorun inkişafına dəstək olacaq layihələrin həyata keçirilməsində, bu sahədə ixtisaslaşmış İspaniya şirkətlətinin Azərbaycanda investisiya yatırmaqda maraqlı olduqlarını da dilə gətirib. Bununla bağlı müvafiq köməklik göstərəcəyinə, gələcəkdə daha fəal əməkdaşlıq edəcəklərinə dair vəd verib.

Daha sonra İspaniya şirkətləri ilə əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinə dair razılığa gəlinib.
Pensiya və maaşlar artacaq2018-ci ilin büdcə xərclərində sosial yönümlü xərclərin (əməyin ödənişi, pensiya və müavinətlər, dərman və sarğı ləvazimatları və materiallarının, ərzaq məhsullarının alınması xərclərinin cəmi) xüsusi çəkisi 33,5 faiz faiz olmaqla, 7 milyard 4,8 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2017-ci illə müqayisədə 147,9 manat və ya 2,2 faiz çoxdur.

Azvision xəbər verir ki, 2018-ci ilin dövlət büdcəsi layihəsində qeyd olunub ki, bu sosial xərclərlə yanaşı, əhaliyə bilavasitə yardım göstərən bir sıra dövlət müəssisələrinə və tədbirlərə dövlət büdcəsindən maliyyə yardımı edilir.

Başqa sözlə, əhalinin mənzilə olan tələbatın ödənilməsi, vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi xərcləri və sosial ipoteka üzrə 250 milyon manat, kommunal, kommunikasiya xidmətləri və digər tədbirlər (20 il və daha çox xidmət etmiş, işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması və onlara pul kompensasiyalarının verilməsi ilə bağlı xərclər) üzrə 30 milyon manat, kirayə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara (ehtiyatda və istefada olan hərbi qulluqçular nəzərə alınmaqla) ödənilən pul kompensasiyaları üzrə 19,8 milyon manat, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti üzrə 89 milyon manat və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti üzrə 10 milyon manat ayrılacaq.

Həmin xərclər də nəzərə alınmaqla, dövlət büdcəsindən sosial yönümlü xərclərə 7 milyard 656,3 milyon manat vəsait yönəldiləcək ki, bu da dövlət büdcəsinin xərclərinin 36,6 faizinə, cari xərclərin isə 71,1 faizinə bərabər olacaq.
Azərbaycanda 500-ə yaxın şirkət fəaliyyətini dayandırdı2017-ci il oktyabrın 1-nə Azərbaycanda 115 min 651 hüquqi şəxs qeydiyyatdan keçib ki, bu da ötən ilin əvvəlinə olan göstəricidən 7,7% çoxdur.

"Marja” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Xəbərə görə, 9 ay ərzində 8782 hüquqi şəxs qeydiyyatdan keçib, 489 hüquqi şəxs (əsasən şirkətlər) fəaliyyətini dayandırıb.

2017-ci il oktyabrın 1-nə respublikada 10398 kənd təsərrüfatı (artım 4,2%), 6369 emal (artım 4%), 11705 tikinti müəssisəsi (artım 4,3%) fəaliyyət göstərir.

Bundan başqa, sentyabr ayının sonuna topdan və pərakəndə satış, avtomobil və digər məişət mallarının təmiri ilə məşğul olan 30445 (artım 9,2%), maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan 1612 (artım 2,9%), daşınmaz əmlakla bağlı əməliyyatlarla məşğul olan 1475 (artım 13,1%), inzibati və yardımçı xidmətlərlə məşğul olan 4595 (artım 13,3%), rabitə və informasiya sahəsində fəaliyyətlə məşğul olan 288 min (artım 7,3%), istirahətin təşkili və əyləncə sahəsində fəaliyyətlə məşğul olan 1783 (artım 7,1%) hüquqi şəxs qeydiyyata alınıb.

2017-ci il oktyabrın 1-nə olan vəziyyətə görə, hüquqi şəxslərin strukturunda 103421 hüquqi şəxs (bütün hüquqi şəxslərin 89,4%-i) özəl müəssisələrin, 6781 hüquqi şəxs xarici, 2106 hüquqi şəxs birgə müəssisələrin, 10527 hüquqi şəxs (9,1%) dövlət müəssisələrinin, 1703hüquqi şəxs (1,5%) bələdiyyələrin payına düşür.

Oktyabrın 1-nə Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 785 min fiziki şəxs qeydiyyatdan keçib. 2017-ci ilin əvvəli ilə müqayisədə onların sayı 12,7% artıb.
Kənd təsərrüfatı sahəsində 227141, emal sənayesi sahəsində 16,974, topdan və pərakəndə satış, avtomobil və məişət mallarının təmiri sahəsində 200092 fiziki şəxs fəaliyyət göstərir.

Bundan əlavə, maliyyə və sığorta fəaliyyəti ilə 1685, daşınmaz əmlakla bağlı əməliyyatlarla 12005, inzibati və yardımçı xidmətlər sahəsində 2801, tikinti fəaliyyəti ilə 5867, turistlərin yerləşdirilməsi və ictimai iaşə ilə 37088, nəqliyyat və anbar təsərrüfatı ilə 82443, istirahətin təşkili və əyləncə sahəsində fəaliyyətlə 10648, digər xidmətlərlə 140263 fiziki şəxs, qalanları digər fəaliyyət növləri ilə məşğul olur.
Statistik məlumatlara görə, Bakıda 53748 hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 229594fiziki şəxs var.