Qarsın bələdiyyə sədri: “Sevincimizin həddi yoxdur”“Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılışı tarixi hadisədir. İnanıram ki, həmin gün Türk tarixinə qızıl hərflərlə düşəcək.

Bu sözləri Qars Şəhər Bələdiyyəsinin sədri Murtaza Qaraçanta Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılışı ilə bağlı təəssüratlarını diaspor fəalı Elnur Eltürklə bölüşərkən bildirib. O deyib:

“Sevindirici hal odur ki, 10 ildir gözlədiyimiz an gəlib çatdı. Bu xətt Mərkəzi Asiya türk dövlətləri ilə Azərbaycan,Türkiyə arasında siyasi-iqtisadi əlaqələrin güclənməsinə daha da təkan verəcək. Həmçinin, Türk dünyasının birliyinə geniş imkanlar açacaq. Gələcək nəsillər bundan daha çox faydalanacaqlar. Xətt Asiya-Avropa arasında körpü rolunu oynacaq. Bu gün tarixi günü yaşadığımız üçün çox şadam. Sevincimizin həddi-hüdudu yoxdur. Türk milləti adına xeyirli-uğurlu olsun deyirəm”.
BAXCP xalqımızı təbrik etdi: Yolumuz açıq olsun!Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) İdarə Heyəti Bakı-Tiflis-Qars dəmir yolunun rəsmi açılışı və istifadəyə verilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir:

“Əziz həmvətənlər,

Azərbaycan, Gürcüstan və Türkiyənin dəmir yolu xətlərini birləşdirən Bakı-Tiflis-Qars dəmir yolunun açılışı və istifadəyə verilməsi müstəqillik tariximizin ən önəmli hadisələrindən biridir.

İşğalçı Ermənistanı himayə edən və Bakı-Tiflis-Qars layihəsinin əvəzində Qars-Gümrü-Tiflis dəmir yolunun çəkilməsi tələbini israrla irəli sürən dairələrin bütün cəhdlərinə rəğmən 2007-ci il, noyabr 21-də Gürcüstanın Marabda kəndində Azərbaycan, Türkiyə və Gürcüstanın dövlət başçılarının iştirakı ilə Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikintisinin təməli qoyuldu.

Son 10 il ərzində regionda baş verən kataklizmlərə, silahlı qarşıdurmalara, saysız-hesabsız maneələrə baxmayaraq Bakı-Tiflis-Qars layihəsi Azərbaycan və Türkiyənin qətiyyətli mövqeyi və təbii ki, Gürcüstanın da iştirakı nəticəsində reallığa çevrildi. Bu hadisənin ən böyük tarixi anlamı iki qardaş dövləti – Azərbaycan və Türkiyəni birləşdirməsindədir. Bakı-Tiflis- Qars dəmir yol xətti Azərbaycan dövlətinin tarixi uğuru və gələcək nəsillərə töhfəsidir.

Ümid edirik ki, bu layihə davam etdiriləcək və biz yaxın gələcəkdə Naxçıvan-Qars dəmir yol xəttinin də açılışını da bayram edə biləcəyik.

Bu tarixi hadisə münasibətilə Sizi təbrik edir, firavan həyat, işıqlı gələcək arzulayırıq.

Yolumuz açıq olsun!”
“MuğanBank” çökürƏksər banklarda olduğu kimi, “MuğanBank” ASC-də də vaxtı keçmiş kreditlər artıb.

Bu haqda məlumatı “Marja” yayıb. Sayt Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 30 sentyabr 2017-ci il tarixinə qeyri-standart kreditlərin cəmi məbləği 53 milyon 823 min manat təşkil edib. Bu, “MuğanBank” ASC-nin müştərilərə verdiyi 334 milyon manat kreditlərin 16.1%-nə bərabərdir.

2017-ci il ərzində “MuganBank”da “qeyri-standart kreditlər” 5 milyon 936 min manat və ya 11% artıb.

Qeyri-standart kreditlərin 19 milyon 471 min manatı “qeyri-qənaətbəxş”, 10 milyon 615 min manatı “təhlükəli” və 23 milyon 737 min manatı “ümidsiz” hesab olunur.

“MuğanBank” kreditlər üzrə 7 milyon 332 min manat adi, 31 milyon 810 min manat məqsədli ehtiyat yaradıb. Yəni, ehtiyatlar ödəmə vaxtı keçmiş kreditləri örtmür.

Bankın 410,4 milyon manatlıq kredit portfelinin (ehtiyatlar daxil) isə təxminən 80 milyon manatının (20%-nin) ödəmə vaxtı keçib.

“MuğanBank”da ödəmə vaxtı keçmiş kreditlər əsasən ticarət və fiziki şəxslərə verilmiş kreditlər üzrədir.

Bankın gəliri azalıb

Problemli kreditlərin artması ilə bərabər “MuğanBank”da digər pis hal, müştərilərə verilən kreditlərin azalmasıdır. Bu, bankın gəlirlərinin azalmasına səbəb olub. Belə ki, bank 2016-cı ilin 9 ayında kredilərdən 46 milyon 238 min manat faiz gəliri əldə edərkən, 2017-ci ilin 9 ayında bu məbləğ 33 milyon 265 min manat təşkil edib (28% azalıb).

"MuğanBank"ın komission və qeyri faiz gəlirləri isə 9 milyon 495 min manatdan 5 milyon 691 min manata geriləyib (40% azalıb).

Bank zərər içindədir

“MuğanBank” ASC 2017-ci ilin 9 ayını 4 milyon 627 min manat zərər ilə başa vurub.

Cari ilin yanvar-sentyabr dövründə Bankın cəmi gəlirləri 39 milyon 779 min manat, o cümlədən kreditlər üzrə faiz gəlirləri 33 milyon 265 min manat, qiymətli kağızlar üzrə faiz gəlirləri 17,6 min manat, qeyri-faiz gəlirləri 5 milyon 691 min manat, xarici valyuta əməliyyatlari üzrə 804,6 min manat təşkil edib.

Bankın faiz və qeyri faiz xərcləri, işçi heyətinin saxlanılması, ümumi administrativ və sair əməliyyat xərcləri 27 milyon 942 manat təşkil edib. Bundan başqa, “MuğanBank” cəmi gəlirlərinin 16 milyon 466 min manatını kreditlər üzrə ehtiyyatların yaradılması üçün ayırıb. Bu, bankda problemli kreditlərin artdığına işarədir.

“MuğanBank”ın xərcləri gəlirlərini üstələdiyindən 9 ayı 4 milyon 627 min manat zərər ilə bağlayıb.

"MuğanBank" ASC 2016-cı ili 14 milyon manat zərər ilə başa vurmuşdu.
İspaniyalı diplomat Azərbaycanda investisiya imkanlarını araşdırıbİspaniya Krallığının Səfirliyinin müvəqqətii şlər vəkili İqnasiyo Sançez Taboada Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevlə görüşüb. Görüşdə Azərbaycan və İspaniya arasındakı iqtisadi əlaqələr, özəl sektorun hazırkı vəziyyəti, investisiya imkanları, əməkdaşlığın genişləndirilməsi, şirkətlərin inkişaf perspektivləri və s. kimi məsələlər müzakirə edilib.Son illər Azərbaycanda qeyri neft sektorunda canlanma müşahidə edildiyi qeyd olunub, bu zəmində hər iki ölkənin iş adamları arasında müxtəlif sahələrdə yeni əməkdaşlıq imkanlarının faydalı olacağı da istisna edilməyib.

Azərbaycan ilə İspaniya arasında iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edən ASK-nın prezidenti Məmməd Musayev bildirib ki, İspaniya Səfirliyi iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı istiqamətində mövcud potensialdan səmərəli istifadə edərsə, Azərbaycan Sahibkarlar Konfederasiyası da bu misiyanın həyata keçirilməsində xüsusi töhfə verə bilər. Qonağa Azərbaycan Sahibkarlar Konfederasiyası ilə daha yaxından əməkdaşlıq təklif edilib. Görüşdə ölkəmizdə son illər qeyri neft sektorunun, emal sənayesi, turizm, aqrar sahənin inkişafına xüsusi diqqət yetirildiyi, pambıq,tütün, fındıq, çay və s. kimi kənd təsərrüfatı məhsullarının ixrac qabiliyyətli olduğu qonağın diqqətinə çatdırılıb. Ölkəmizdə özəl sektorun inkişafı, ikitərəfli əməkdaşlıq, investisiya imkanları ilə bağlı daha əlverişli mühit yarandığı, bu sahədə daha yaxşı nəticələr əldə etmək üçün geniş potensialın mövcud olduğu qeyd edilib.

Azərbaycan-İspaniya sahibkarları arasında gələcəkdə müxtəlif biznes forumların təşkil edilməsi ilə bağlı müzakirələr də diplomatın marağına səbəb olub.

İqnasiyo Sançez Taboada fəaliyyəti dövründə iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib. Diplomat qeyd edib ki, iki ölkə arasında iqtisadi əlaqələr son illər daha da fəallaşmağa başlayıb. O bildirib ki, bügünədək Azərbaycan ilə İspaniya arasında iqtisadi yönümlü dövlət və özəl qurumlarının, yerli şirkətlərinin nümayəndələri, potensial sərmayəçiləri arasında müxtəlif səviyyələrdə bir sıra təmaslar qurulub, iki ölkə arasında işgüzar səfərlər keçirilib. Odur ki, ölkəmizdə fəaliyyət göstərəcəyi müddətdə İspaniya ilə Azərbaycan arasında bir çox sahələrdə, o cümlədən iqtisadi və ticari əməkdaşlıq əlaqələrinin qurulması, mövcud münasibətlərin daha da genişlənməsi üçün səylə çalışacaq. İspaniyalı diplomat özəl sektorun inkişafına dəstək olacaq layihələrin həyata keçirilməsində, bu sahədə ixtisaslaşmış İspaniya şirkətlətinin Azərbaycanda investisiya yatırmaqda maraqlı olduqlarını da dilə gətirib. Bununla bağlı müvafiq köməklik göstərəcəyinə, gələcəkdə daha fəal əməkdaşlıq edəcəklərinə dair vəd verib.

Daha sonra İspaniya şirkətləri ilə əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinə dair razılığa gəlinib.
Pensiya və maaşlar artacaq2018-ci ilin büdcə xərclərində sosial yönümlü xərclərin (əməyin ödənişi, pensiya və müavinətlər, dərman və sarğı ləvazimatları və materiallarının, ərzaq məhsullarının alınması xərclərinin cəmi) xüsusi çəkisi 33,5 faiz faiz olmaqla, 7 milyard 4,8 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2017-ci illə müqayisədə 147,9 manat və ya 2,2 faiz çoxdur.

Azvision xəbər verir ki, 2018-ci ilin dövlət büdcəsi layihəsində qeyd olunub ki, bu sosial xərclərlə yanaşı, əhaliyə bilavasitə yardım göstərən bir sıra dövlət müəssisələrinə və tədbirlərə dövlət büdcəsindən maliyyə yardımı edilir.

Başqa sözlə, əhalinin mənzilə olan tələbatın ödənilməsi, vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi xərcləri və sosial ipoteka üzrə 250 milyon manat, kommunal, kommunikasiya xidmətləri və digər tədbirlər (20 il və daha çox xidmət etmiş, işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması və onlara pul kompensasiyalarının verilməsi ilə bağlı xərclər) üzrə 30 milyon manat, kirayə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara (ehtiyatda və istefada olan hərbi qulluqçular nəzərə alınmaqla) ödənilən pul kompensasiyaları üzrə 19,8 milyon manat, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti üzrə 89 milyon manat və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti üzrə 10 milyon manat ayrılacaq.

Həmin xərclər də nəzərə alınmaqla, dövlət büdcəsindən sosial yönümlü xərclərə 7 milyard 656,3 milyon manat vəsait yönəldiləcək ki, bu da dövlət büdcəsinin xərclərinin 36,6 faizinə, cari xərclərin isə 71,1 faizinə bərabər olacaq.
Azərbaycanda 500-ə yaxın şirkət fəaliyyətini dayandırdı2017-ci il oktyabrın 1-nə Azərbaycanda 115 min 651 hüquqi şəxs qeydiyyatdan keçib ki, bu da ötən ilin əvvəlinə olan göstəricidən 7,7% çoxdur.

"Marja” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Xəbərə görə, 9 ay ərzində 8782 hüquqi şəxs qeydiyyatdan keçib, 489 hüquqi şəxs (əsasən şirkətlər) fəaliyyətini dayandırıb.

2017-ci il oktyabrın 1-nə respublikada 10398 kənd təsərrüfatı (artım 4,2%), 6369 emal (artım 4%), 11705 tikinti müəssisəsi (artım 4,3%) fəaliyyət göstərir.

Bundan başqa, sentyabr ayının sonuna topdan və pərakəndə satış, avtomobil və digər məişət mallarının təmiri ilə məşğul olan 30445 (artım 9,2%), maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan 1612 (artım 2,9%), daşınmaz əmlakla bağlı əməliyyatlarla məşğul olan 1475 (artım 13,1%), inzibati və yardımçı xidmətlərlə məşğul olan 4595 (artım 13,3%), rabitə və informasiya sahəsində fəaliyyətlə məşğul olan 288 min (artım 7,3%), istirahətin təşkili və əyləncə sahəsində fəaliyyətlə məşğul olan 1783 (artım 7,1%) hüquqi şəxs qeydiyyata alınıb.

2017-ci il oktyabrın 1-nə olan vəziyyətə görə, hüquqi şəxslərin strukturunda 103421 hüquqi şəxs (bütün hüquqi şəxslərin 89,4%-i) özəl müəssisələrin, 6781 hüquqi şəxs xarici, 2106 hüquqi şəxs birgə müəssisələrin, 10527 hüquqi şəxs (9,1%) dövlət müəssisələrinin, 1703hüquqi şəxs (1,5%) bələdiyyələrin payına düşür.

Oktyabrın 1-nə Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 785 min fiziki şəxs qeydiyyatdan keçib. 2017-ci ilin əvvəli ilə müqayisədə onların sayı 12,7% artıb.
Kənd təsərrüfatı sahəsində 227141, emal sənayesi sahəsində 16,974, topdan və pərakəndə satış, avtomobil və məişət mallarının təmiri sahəsində 200092 fiziki şəxs fəaliyyət göstərir.

Bundan əlavə, maliyyə və sığorta fəaliyyəti ilə 1685, daşınmaz əmlakla bağlı əməliyyatlarla 12005, inzibati və yardımçı xidmətlər sahəsində 2801, tikinti fəaliyyəti ilə 5867, turistlərin yerləşdirilməsi və ictimai iaşə ilə 37088, nəqliyyat və anbar təsərrüfatı ilə 82443, istirahətin təşkili və əyləncə sahəsində fəaliyyətlə 10648, digər xidmətlərlə 140263 fiziki şəxs, qalanları digər fəaliyyət növləri ilə məşğul olur.
Statistik məlumatlara görə, Bakıda 53748 hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 229594fiziki şəxs var.
Bakıda ev almaq istəyənlərə müjdə: Mənzillər 40 faizədək ucuzlaşacaq 2015-ci il devalvasiyalarından sonra əhalinin real gəlirləri fonunda daşınmaz əmlaka tələb azalıb.

Mövcud vəziyyət mənfi dinamikanın davam edəcəyini deməyə əsas verir.

Belə ki, “Uyğun qiymətə mənzil təminatının inkişafı üzrə yol xəritəsi”ndə ildə 3 min yeni mənzilin tikiləcəyi göstərilib.

İlkin mənzil bazarının təxminən 20 faizinin Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən tikiləcəyi proqnozlaşdırılır. MİDA tərəfindən tikiləcək mənzillər istənilən halda başqa evlərdən ucuz təklif ediləcək. Bunun əsas səbəblərindən biri mənzillərin büdcəyə uyğun olması, ikincisi evin ölçülərinin nisbətən yığcamlığı və ən əsası mənzilin sahəsinin iç divarlardan hesablanmasıdır.

Qiyməti nisbətən aşağı salan başqa amil evlərin dövlət ərazisində tikilməsi, həmçinin, bir sıra qeyri-rəsmi xərclərin aradan qaldırılması olacaq.

Əlində pul bu evlərin satışa çıxarılacağını gözləyən çox sayda insanın olduğunu nəzərə alsaq, digər tikinti şirkətləri tərəfindən təklif edilən evlərə marağın azalacağı qaçılmazdır.

Eyni zamanda “neft bumu” dövründə daşınmaz əmlaka edilən yatırımlar “yastıq altı”ndan satışa çıxarılmağa başlayıb.

Ölkədə start verilən böyük söküntü işləri də öz növbəsində əmlak bazarında yeni təkliflər portfeli yaradır. Sadalanan amillər bazarda təklifin tələbi üstələyəcəyini və qarşıdakı aylarda mənzil bazarında ucuzlaşma olacağını deməyə əsas verir.

Bunun üçün son bir ildə Bakıda başlanan tikinti bumuna diqqət yetirmək kifayət edir. Demək olar ki, bu gün paytaxtın bütün rayonlarında çoxmərtəbəli binalar inşa edilir. Artıq iş adamları da qəbul edirlər ki, təklif tələbi üstələyir. Bu isə o deməkdir ki, yaxın aylarda Bakıda yeni tikilən evlərin qiyməti nəzərəçarpacaq dərəcədə aşağı düşəcək. Düzdür, inşaat bosları hər vəhclə sifarişlərlə bəzi iqtisadıçı ekspertlər tərəfindən cəmiyyətə mənzillərin daha da bahalaşacağı proqnozlarını ötürürlər.

Saytımıza tikinti sektorunda böyük paya malik olan mənbələrdən maraqlı məlumatlar daxil olub. Aldığımız bilgilərə görə, yaxın 6 ay müddətində Bakıda yeni tikilən binlarda mənzillərin qiymətlərində 30-40 faizə qədər ucuzlaşma gözlənilir.

Daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyev isə Modern.az-a deyib ki, hazırda mənzil bazarında iki amil böyük önəm daşıyır:

“Birinci amil söküntülərdir ki, nəticədə kirayə evlərə olan tələbatı artırıb. Bu isə əmlakın gəlir gətirmə qabiliyyətinə müsbət təsir edir. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, söküntülər davam edir. Əvvəllər ən çox satılanlar “xruşşovkalar”, Leninqrad layihəli mənzillər olurdu. Söküntülərin artması ümumilikdə mənzil bazarına mənfi təsir edir. Ancaq nəzərə almaq lazımdır ki, söküntü aparılması investisiya layihələri çərçivəsində həyata keçirilir. Həmin mənzillərin satışa çıxarılmasının bazara mənfi təsir edəcəyi proqnozlaşdırılır. Bir il əvvəl də verilən proqnozlarda əlavə mənzillərin satışa çıxarılmasından sonra qiymətin ucuzlaşacağını bildirmişdik. Bu asılıdır mənzillərin sayından və bazara çıxarılacağı vaxtdan. Ümumiyyətlə, söküntülər başlayan vaxt bunun mənzil bazarında ucuzlaşmaya səbəb olacağı fikirlərini söyləmişdik. Sonda necə olacaq, bunu zaman göstərəcək”.

R.Əliyev qeyd edib ki, maya dəyərinin baha olması tikinti şirkətlərinə ucuz qiymətə mənzil satmağa imkan verməyəcək:

“Belə olan təqdirdə bir çox investorların əlavə layihələrdən imtina etməsi gözlənilir. Hazırda bazarda bahalaşmaya və ucuzlaşmaya səbəb olacaq amillər üst-üstə düşür. Bunun nəticəsini isə yaxın bir ildə görəcəyik”.
Üç xarici şirkətin Azərbaycandakı filialı ləğv olundu"Grouping” şirkətinin Azərbaycandakı filialı ləğv edildiyini elan edir.

“Vergilər” qəzetinin xüsusi buraxılışında verilən xəbərə görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, ev 4/189, Falez Plaza, 5-ci mərtəbə ünvanına bildirə bilərlər.

Bundan başqa, “Compass Development Holdings VII Limited” şirkətinin Azərbaycandakı filialı da ləğv olunduğunu elan edib. Kreditorlar Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, ev 11/35 ünvanına müraciət edə bilərlər.

"Toyo Engineering Corporation” şirkətinin Azərbaycandakı nümayəndəliyi ləğv olunub. Bildirilir ki, kreditorlar öz iddia və tələbləri ilə bağlı Bakı şəhəri, Xəzər rayonu, Lev Starçuk, ev 17 ünvanına müraciət edə bilərlər/APA.
Azərbaycanın uğurları beynəlxalq səviyyədə təqdir edilir“Artıq 2017-ci ilin böyük bir hissəsi arxada qalıb. Bu il dünya miqyasında həm siyasi, həm də iqtisadi baxımdan böhran müşahidə olunsa da, ölkəmiz öz inkişaf tempini qoruyub saxlayıb. Oktyabrın 9-da Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən dövlətimizin başçısının qeyd etdiyi kimi, ötən dövrdə ölkəmiz uğurla və hərtərəfli inkişaf edib. Bütün sahələrdə dinamik inkişaf təmin edilib.” Bu sözləri KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

YAP Siyasi Şurasının üzvü qeyd edib ki, sağlam təməllər üzərində qurulmuş inkişaf strategiyasına uyğun olaraq Azərbaycan bu ilin 9 ayında kifayət qədər müsbət göstəricilər əldə edib: “Xüsusi olaraq vurğulamaq lazımdır ki, qeyri-neft iqtisadiyyatı 2,5 faiz artıb. Bununla yanaşı, qeyri-neft sektorunun sənaye hissəsi uğurla inkişaf edir. Qeyri-neft sənayesi 3,1 faiz artıb. Kənd təsərrüfatındakı artım isə 2,8 faizə bərabər olub. Xarici ticarət dövriyyəsi 7 faiz artıb. İlin 9 ayında xarici ticarətin müsbət saldosu 4,4 milyard dollara bərabərdir. Bütün bunlar onu deməyə əsas verir ki, möhtərəm Prezidentimizin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar öz bəhrəsini verir. Kənd təsərrüfatının, sənaye sahələrinin, turizmin, ümumilikdə qeyri-neft sektorunun inkişafı real statistik rəqəmlərdə özünü göstərir. ”

“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, indiki mürəkkəb şəraitdə hər bir ölkə üçün önəmli olan ən əsas məsələ müstəqilliyi, suverenliyi qoruyub saxlamaq və daha da möhkəmləndirməkdir: “Biz əbəs yerə tez-tez bu məsələni vurğulamırıq. Çünki bu gün böyük dövlətlərin maraqlarına “tuş gələn” bir sıra kiçik dövlətlər de-yure müstəqil olsalar da, de-fakto müstəqil deyillər. Ancaq dünya miqyasında öz yeri və rolu olan Azərbaycan sözün əsl mənasında müstəqil siyasət yürüdür, öz dövlətçilik və milli maraqlarını daim müdafiə edir. Möhtərəm Prezidentimizin Nazirlər Kabinetinin iclasında qeyd etdiyi kimi, Azərbaycan özünü dünya miqyasında müstəqil ölkə kimi təqdim edə bilib, müstəqil siyasət aparan ölkə kimi tanınır. Bu amilin əsasında güclü siyasi iradə, xalq-iqtidar birliyi və s. məsələlər dayanır. Həmçinin iqtisadi müstəqilliyi də vurğulamaq gərəkdir.”

V.Rəhimzadənin sözlərinə görə, son illər aparılan mühüm islahatlar nəticəsində ölkə əhalisinin məşğulluğu yüksək səviyyədə təmin edilib, yeni iş yerləri açılıb: “Son 9 ayın sosial-iqtisadi göstəricilərinə görə, 226 min yeni iş yeri yaradılıb ki, onlardan 171 mini daimidir. Bu, onu göstərir ki, ölkəmizdə işsizlik aşağı səviyyədədir. Yeni iş yerlərinin yaradılması prosesi mütəmadi olaraq həyata keçirilir və bu proses uğurlu sosial-iqtisadi siyasətimizin mühüm tərkib hissəsi kimi xarakterizə edilir.”

YAP Siyasi Şurasının üzvü bildirib ki, bu il neft-qaz sənayesində də bir sıra əlamətdar hadisələrlə yadda qalacaq: “Bu sahədə “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun gələcəkdə işlənilməsi ilə bağlı imzalanan yeni kontraktı xüsusilə vurğulamaq lazımdır. Qeyd edək ki, kontraktın müddəti 2050-ci ilə qədər uzadılıb. Nəticədə ölkəmizin iştirak payı 11 faizdən 25 faizə yüksəlib. Mənfəət neftinin 75 faizi Azərbaycan tərəfinə veriləcək. Bununla yanaşı, SOCAR yeni kontraktın podratçısı kimi iştirak edəcək, ölkəmizə xarici neft şirkətləri tərəfindən 3,6 milyard dollar bonus ödəniləcək. Bununla yanaşı, bütün dünyanın diqqət mərkəzində olan “Cənub Qaz Dəhlizi” layihəsinin icrası istiqamətində işlər uğurla aparılır. “Şahdəniz-2” layihəsinin icrası 96 faiz səviyyəsindədir. TANAP-ın 82 faizi, TAP-ın isə 53 faizi icra olunub. Hesab edirəm ki, bütün bunlar neft-qaz sənayesinin, ümumilikdə Azərbaycanın sürətli inkişafına təkan verən mühüm amillərdir.”

“İki sahil” qəzetinin baş redaktoru onu da əlavə edib ki, ölkəmizin uğurlu inkişafı beynəlxalq səviyyədə də izlənilir və yüksək qiymətləndirilir: “Bu günlərdə Davos Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın iki pillə irəliləyərək 37-ci yerdən 35-ci yerə qalxması davamlı islahatların məntiqi nəticəsidir. Bu o deməkdir ki, Azərbaycan dünya miqyasında iqtisadi cəhətdən 35 ən rəqabətqabiliyyətli ölkə sırasındadır. Dövlətimizin başçısı cənab İlham Əliyevin Nazirlər Kabinetinin iclasında vurğuladığı kimi, bu, böyük uğurdur, tarixi nailiyyətdir.”
Azərbaycana ucuz və təhlükəli kərə yağları gətirilibAzərbaycanda kərə yağının bahalaşması ilə bağlı baş verən proseslər ölkəyə idxal olunan məhsulların keyfiyyətinə nəzarət məsələsini bir daha gündəmə gətirmiş oldu. Təcrübə göstərir ki, bir çox hallarda dünya bazarındakı dəyişikliklər üzündən bahalaşan məhsulların satışındakı azalma idxalçıların daha aşağı qiymətə, həm də daha aşağı keyfiyyətə mal gətirmələrinə yol açır.

Xatırladaq ki, ötən həftə kərə yağının kəskin bahalaşmasından sonra yaranan narazılıqlar bu məhsulun idxalçılarının açıqlama ilə çıxış etməsinə səbəb oldu. Ölkənin 7 ən böyük yağ idxalçısı qiymət artımının səbəblinə dair ictimaiyyətə izahat verdi. Həmin izahatdakı bir fikir xüsusilə diqqəti cəlb edir. Belə ki, idxalçı sahibkarlar bildirdilər ki, "bu gün mağazalarda digər ölkələrdən gətirilən bir sıra yağlar da istehlakçılara təklif olunur. Bu yağların qiyməti təxminən 12-13 manatdır”.

"Yeni Müsavat”ın apardığı araşdırmaya görə hazırda bazarda qeyd olunan qiymətə satılan əsasən Rusiya, Belarus və Ukrayna mənşəli kərə yağlarıdır. Dövlət Statistika Komitəsinin açıqladığı məlumatdan aydın olur ki, 2017-ci ildə bu ölkələrdən yağın kiloqramı 2-4 dollara idxal edilib. Halbuki həmin ölkələrdə yüksək keyfiyyətli (72 və 82,5 faizli) kərə yağının topdansatış qiyməti 5 dollardan aşağı deyil. Bu isə qeyd olunan ölkələrdən gətirilən yağların keyfiyyətini ciddi sual altında qoyur.

Bu fakt diqqəti idxal olunan ərzaq məhsullarının keyfiyyətinə nəzarət məsələsinə yönəldir. Qeyd edək ki, ölkədə istehsal olunan və kənardan gətirilən ərzaq məhsullarının keyfiyyətinə nəzarət məsələsi ötən ilin dekabrında prezident İlham Əliyev tərəfindən təsdiqlənən "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulan prioritet məsələlərdən biridir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən bu ilin 6 ayı üzrə həmin sənəddə nəzərdə tutulan tədbirlərin icra vəziyyətinin monitorinqi aparılıb. Monitorinq göstərib ki, "Əhalinin bütün təbəqələrinin etibarlı ərzaq təminatına nail olunması mexanizmlərinin formalaşdırılması” prioritetinin icrası istiqamətində işlərə hələ başlanmayıb.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının sözlərinə görə, idxal olunanda bütün növ məhsulların, o cümlədən də ərzaq məhsullarının həm Azərbaycanda, həm də dünyada qəbul olunmuş keyfiyyət standartlarına uyğunluğu yoxlanılır, uyğunluq sertifikatı verilir. Həmin sertifikatları verən təşkilatları Azərbaycan Akkreditasiya Mərkəzi publik hüquqi şəxsi seçir: “Onların siyahısı bizim internet saytımızda var. İdxal ediləcək məhsullar uyğunluq sertifikatı verilməsi üçün həmin təşkilatlar tərəfindən sınaq laboratoriyalarında yoxlanılır. Əgər müəyyən olunmuş standartlarla uyğundursa, ona uyğunluq sertifikatı verilir və idxalı həyata keçirilir. Uyğun olmayan məhsula isə belə sertifikat verilmir.”

Bəs hər hansı yolla istehlak bazarına standartlara cavab verməyən, aşağı keyfiyyətli məhsulların çıxarılmasına necə nəzarət olunur? Belə halların qarşısını almaq üçün hansı addımlar atılır?

Qurum rəsmisinin sözlərinə görə, 2 ildir ölkədə sahibkarlıq subyektlərinin yoxlanmasının qadağan olunması haqqında qanun qüvvədədir: “Buna görə də biz istehlak bazarında planlı yoxlamalar aparmırıq. Sadəcə, konkret müraciətlər olanda yoxlama həyata keçiririk. Bildiyiniz kimi, qanunun müddəti noyabrda bitir. Əgər yenidən müddəti uzadılmasa, biz planlı yoxlamaları bərpa edəcəyik. Uzadılsa belə, bu, o demək deyil ki, sahibkarlar aşağı keyfiyyətli, vətəndaşların sağlamlığı üçün təhlükə yaradan məhsulları gətirməlidilər. Onlar bu məsələdə öz üzərlərinə düşən məsuliyyəti layiqincə qiymətləndirməyi bacarmalıdılar.”

Xatırladaq ki, Nazirlər Kabinetinin 2016-cı il 4 mart tarixli 1853 nömrəli “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarına” edilən dəyişikliklər nəticəsində ixrac-idxal əməliyyatlarında sərhəd keçid məntəqələrində tələb olunan sənədlərin sayı azaldılıb. Belə ki, dəyişiklikliyə qədər ixrac missiyasını həyata keçirən sahibkarlardan fitosanitar, keyfiyyət, mənşə və idxal missiyasını həyata keçirən sahibkarlardan isə uyğunluq və mənşə sertifikatı tələb olunduğu halda, artıq bu sənədlər qaydalardan çıxarılıb. Beləliklə də idxal əməliyyatlarında gömrük ərazisində məcburi sertifikatlaşdırılmalı olan mallar gömrük ərazisinə idxal edildikdə onların uyğunluq sertifikatı tələb olunmur.