SOCAR-ın xəbəri yoxdur, amma YDM-si 4 milyona “satılır”Binəqədi rayonunda yerləşən yanacaqdoldurma məntəqəsi satışa çıxarılıb.

Axar.az xəbər verir ki, yanacaqdoldurma məntəqəsi “İdeal-Hous” MMC tərəfindən satışa təqdim edilib.

Hazır vəziyyətdə, 40 sotluq özəlləşdirilmiş torpaqla, bütün standartlara uyğun olduğu bildirilən YDM-nin ilkin satış qiyməti 4 milyon 200 mindir.

Satışa təqdim edilən obyektin fotolarında SOCAR brendinin əks olunması isə anlaşılmazlıq yaradıb. Belə ki, satışa çıxarılan və fotoları yayılan YDM-in SOCAR-a məxsus olduğu təəssüratı formalaşıb.

Saytımıza açıqlama verən “SOCAR Petroleum”un sözçüsü Üzeyir Həbibbəyli bildirib ki, satılan obyektin SOCAR-a heç bir aidiyyəti yoxdur:

“Satışı həyata keçirən şirkət və ya şəxsin niyə SOCAR-a aid YDM fotolarından istifadə etdiyini aydınlaşdıracağıq. Ancaq məlumat üçün qeyd edim ki, “SOCAR Petroleum”a aid heç bir YDM satışa təqdim edilməyib”.
Daha 2 bank müflis elan olunduLisenziyaları ləğv edilmiş AGBank və NBC Bank məhkəmənin 14.05.2020-ci il tarixili qərarı ilə müflis elan edilib.

Avrasiya.net Mərkəzi Banka istinadən xəbər verir ki, həmin banklar üzrə Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilib.

Əhalinin bu banklardakı qorunan əmanətlərinin ödənilməsi vaxtı və yeri barədə Əmanətlərin Sığortalanması Fondu tərəfindən məlumat veriləcək.
"Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında aparıcı rola malikdir"Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında aparıcı rola malikdir.

Bunu politoloq Ramiz Alıyev "Xalq Cəbhəsi" qəzetinə ABŞ Prezidenti Trampın Azərbaycanlı həmkarı İlham Əliyevə ünvanladığı təbrik məktubunda rəsmi Vaşinqtonun Azərbaycanla Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək naminə 30 ildir əməkdaşlıq etdiyi məqama münasibətində deyib.

Politoloq qeyd edib ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rola malik olduğu artıq heç kəsdə şübhə yeri qoymur: "Azərbaycanın mavi yanacağı üçün Avropada etibarlı və uzunmüddətli bazarın təmin edilməsi, qlobal qaz bazarında ölkəmizin rolunun yüksəlməsinə əlverişli imkan yaradıb. Aparılan genişmiqyaslı işlər, nəzərdə tutulan infrastruktur layihələrinin tam başa çatdırılması deməyə əsas verir ki, Azərbaycanın mavi yanacağı Avropa üçün yeganə qaz mənbəyi ola bilər. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Morninqstar və ABŞ-ın Avrasiya Enerji məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstarın təbiri ilə desək “Azərbaycan təbii qazı Cənub Dəhlizinin genişləndirilməsi üçün mütləq vacibdir.” Cənub Qaz Dəhlizi Layihəsinin təşəbbüskarı Azərbaycan olub. Cənub Qaz Dəhlizi Avropa İttifaqı üçün nailiyyətdir və bu layihə Avropanın enerji təhlükəsizliyini gücləndirir.

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verməyə hazırdır. TANAP həm Türkiyənin, həm də Orta Şərqin ən uzun və ən böyük təbii qaz kəməri hesab olunur". Politoloq onu da vurğulayıb ki, nəticə etibarilə “Cənub Qaz Dəhlizi” layihəsi Avropa İttifaqının əsas enerji və geosiyasi təşəbbüsü olaraq qalacaq və Azərbaycan öz qazını Avropa İttifaqına ixrac etməkdə maraqlıdır. Cənub Qaz Dəhlizi layihəsinin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəməri (TAP) tamamlandıqdan sonra Azərbaycan Şahdəniz 2 yatağından çıxarılan təbii qazı TANAP və TAP vasitəsilə Avropaya ötürəcəkdir.

Onu da qeyd etmək lazımdır ki, Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi üzrə işlərin 88 faizdən çoxu tamamlanıb.

R.Alıyev sonda qeyd edib ki, Azərbaycan Avropanın enerji və nəqliyyat təhlükəsizliyinin təminatında aparıcı rola malikdir. Bütün beynəlxalq ekspertlər Azərbaycanın regionda təhlükəsizlik və sabitliyin təmin olunmasındakı rolunu yüksək qiymətləndirib, ölkəmizin “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində fəaliyyətini xüsusilə vurğulayıblar: "Bu ABŞ-ın da diqqətində olduğundan Azərbaycanın enerji sahəsindəki layihələrini dəyərləndirib və dəstəkləyib. ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş köməkçisi, habelə ABŞ-ın Azərbaycanda sabiq səfiri Mətyu Brayzə region ölkələri arasında dostluq və tərəfdaşlıq münasibətlərinin, eləcə də mövcud əməkdaşlıq mexanizmlərinin vaxtilə sabiq Prezident Heydər Əliyevin uzaqgörən siyasətinin bəhrəsi olduğunu bildirib. Bu layihələr həmçinin region əhalisinin rifahı üçün müsbət nəticələr verir. Həm region, həm də Avropa bu layihələrdən bəhrələnir".
3 ölkə imtina etdi: “Neft planı” məhv olur?.. - Şərhİraq, Nigeriya və Anqolanın OPEK+ sazişindən imtina etməsi digər dövlətlərin də buna dırnaqarası baxmasına səbəb olacaq. Hətta Rusiya da üzərinə düşən 2.5 milyon barrel nefti ixtisar etməkdən imtina edə bilər.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli "OPEK+"un neft hasilatının azalmasına dair razılaşmasından üç ölkənin – İraq, Nigeriya və Anqolanın imtina etməsi haqqında danışarkən deyib. O bildirib ki, OPEK+ razılaşması istənilən nəticəni vermədi:

"OPEK+ razılaşması əldə olunan gün artıq bəlli idi ki, hasilatın birdən-birə kəskin azalması qeyri-mümkündür. Çünki hasilatın kəskin azalması bəzi ölkələrə texniki olaraq problemlər yaradır".

N.Cəfərli "OPEK+"un neft hasilatının azalmasına dair razılaşmasından İraq, Nigeriya və Anqolanın imtina etməsinin səbəb və nəticələrindən danışıb:

"Bir çox ölkələrdə özəl neft şirkətləri fəaliyyət göstərir. Yəni bir digər problem də bu şirkətlərlə danışıqların hansı yöndə olacağı məsələsidir. Məsələn, İraq hökuməti yerli "Basra Oyl Kompani"yə hasilatı 1 milyon barrel azaltmağı tapşırsa da, ölkədə çalışan "Ekzon", BP və "Lukoyl" şirkətləri ilə razılıq əldə etmək mümkün olmayıb. Neft hasil edən ölkələrin bir çoxunda özəl şirkətlər fəaliyyət göstərir. Hansı ki, dövlət ilə özəl neft şirkətləri arasında razılaşma var. Bu razılaşmaya görə isə dövlət özəl neft şirkətinə əmr verə bilməz. Yəni dövlətlər neft hasilatını azaltmağa qərar versə də, özəl neft şirkətləri bu qərara uymaya bilər".

Ekspert vurğulayıb ki, bu gün Rusiyada da oxşar problem yaşanır:

"Rusiyada fəaliyyət göstərən "Lukoyl" da neft hasilatını azaltmağa dair Moskvanın öhdəsinə götürdüyü paydan imtina edir. Belə olduqda isə bütün yük dövlət neft şirkətlərinin üzərinə düşür. Həmçinin neft hasil edən ölkələr də bazarda öz paylarını itirmək istəmirlər. Bütövlükdə isə deyə bilərik ki, OPEK+ formatının neft hasilatının azalmasına dair qərarı hüquqi və texniki baxımdan çətinliklərlə üzləşə bilər".
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi regional inkişaf üçün yeni perspektivlər açacaq Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan hərtərəfli islahatların ən əsas elementlərindən biri də korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsidir. Bu məqsədlə milli səviyyədə həm inzibati, həm də institusional üsullardan geniş istifadə olunur və olunacaqdır.

Bildiyimiz kimi, korrupsiya və rüşvətxorluğun davamlı inkişafa dağıdıcı təsiri danılmaz bir faktdır. Bu gün ölkəmizdə korrupsiya və rüşvətxorluğun mövcudluğu ilk növbədə həyata keçirilən əhatəli iqtisadi və sosial proqramların nəticəliyinə, habelə ədalətli cəmiyyətin qurulmasına mənfi təsir göstərir. Eyni zamanda, son illər Cənab Prezidentin bilavasitə rəhbərliyi altında həyata keçirilən və bütün sahələri əhatə edən mərhələli islahatlarının səmərəliliyini artırmaq üçün korrupsiya və rüşvətxorluq hallarına son qoyulmalıdır.

Keçdiyimiz aylar korrupsiya və rüşvətxorluğa qarşı amansız mübarizə ilə xarakterizə olundu. Hüquq-mühafizə orqanları tərəfindən, xüsusilə rayon icra strukturlarında keçirilən əməliyyatlar regional inkişaf məsələlərinin yeni çərçivəyə daxil olduğunu nümayiş etdirir və Cənab Prezident tərəfindən aparılan ardıcıl islahatların davamıdır. Regionlarımızın davamlı inkişafına maneə yaradan məmurların ifşa olunub cəzalandırılması, regionlarımızın inkişafında yeni innovativ və daha səmərəli inkişaf modellərinin tətbiqinə yol açacaqdır. Bütün bunlar daha təminatlı, davamlı və uğurlu gələcəyimizin qurulmasına xidmət edəcəkdir.

Regional idarəçiliyə gətirilmiş yeni təfəkkürlü kadrların sayəsində innovativ inkişaf modellərinin də tətbiqi üçün münbit imkanlar yaradılacaqdır. Yeni yanaşmalar arasında zənnimcə “Əraziyə Əsaslanan İnkişaf” (ƏƏİ) yanaşmasına da xüsusi diqqət ayrılmalıdır və bu yanaşmanın regionlarımızda tətbiqi üçün ilkin araşdırmalar həyata keçirilməlidir.

Sonda onu da diqqətinizə çatdırım ki, korrupsiya və rüşvətxorluğun davamlı inkişafa destruktiv təsirləri qlobal səviyyədə müşahidə olunan bir haldır. Bunu nəzərə alaraq, “2030-cu ilədək Davamlı İnkişaf sahəsində Gündəliyin” 16-cı Məqsədinin əsas hədəflərindən biri korrupsiya və rüşvətxorluq hallarını əhəmiyyətli dərəcədə azaldaraq, səmərəli idarəçilik mexanizminin yaradılmasıdır. Bu gün milli səviyyədə aparılan mübarizədə məhz bu inkişaf qarşıda duran məqsədlərin reallaşdırılmasına xidmət etməkdədir və regionlarımızın müasir çağırışlara cavab verən iqtisadi dayanıqlılığını, sosial rifahını və ən başlıca olaraq şəffaf idarəçiliyini möhkəmləndirəcəkdir.

Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı

Azərbaycanda 36 yaşlı hüquqşünas nazir müavini təyin edildiİqtisadiyyat Nazirliyində kadr təyinatları aparılıb.

Nazirlikdən Avrasiya.net-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi məqsədilə nazirliyin strukturuna daxil olan xidmətlərin əsasnamələri təsdiq edilib, həmçinin dövlət başçısının müvafiq sərəncamları ilə xidmətlərin fəaliyyətinin təmin edilməsi məqsədilə strukturların rəhbərliyində kadr təyinatları aparılıb:

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi üzrə

Əliyev Elnur Aydın oğlu iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

Elnur Əliyev ixtisasca hüquqşünasdır. Əmək fəaliyyətinə 2005-ci ildə İqtisadi İnkişaf Nazirliyində başlayıb. Əmək fəaliyyəti dövründə müxtəlif dövlət qurumlarında məsul vəzifələrdə işləyib, 2017-ci ildən vergilər nazirinin müşaviri vəzifəsində çalışıb. 36 yaşı var.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üzrə

Nəzərli Orxan Faiq oğlu Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib. O, həmçinin Dövlət Vergi Xidmətinin rəisi səlahiyyətlərini icra edəcək.

Orxan Nəzərli iqtisadçıdır, əmək fəaliyyəti dövründə uzun müddət xarici audit şirkətində yüksək vəzifələrdə, sonrakı dövrdə dövlət qulluğunda çalışıb. Son təyinata qədər vergilər nazirinin müşaviri, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin rəisi işləyib. Ölkə Prezidentinin sərəncamı ilə Orxan Nəzərliyə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilib. 35 yaşı var.

Musayeva Samirə Fəxrəddin qızı Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

Samirə Musayeva ixtisasca hüquqşünasdır. 2008-ci ildən vergi orqanlarında çalışır. Sonuncu iş yerində Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. "Dövlət qulluğunda fərqlənməyə görə" medalı və "Vergi orqanlarında xidmətdə fərqlənməyə görə" III dərəcəli medal ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Samirə Musayevaya 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilib. 35 yaşı var.

Vəliyev İlkin Etibar oğlu Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

İlkin Vəliyev iqtisadçıdır, əmək fəaliyyətinə 2002-ci ildə vergi orqanlarında başlayıb və işlədiyi dövrdə müxtəlif rəhbər vəzifələr tutub. 2016-cı ildə vergilər nazirinin müavini təyin edilib. 3-cü dərəcəli dövlət vergi xidməti müşaviridir. "Dövlət qulluğunda fərqlənməyə görə" medalı və "Tərəqqi" medalı ilə təltif olunub. 39 yaşı var.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə

Eynullayev Mətin Balasən oğlu Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib. O, həmçinin Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəisi səlahiyyətlərini icra edəcək.

Mətin Eynullayev ixtisasca hüquqşünasdır. Əmək fəaliyyəti dövründə uzun müddət dövlət qulluğunda müxtəlif yüksək vəzifələrdə çalışıb. 2018-ci ildə vergilər nazirinin müavini təyin edilib. 3-cü dərəcəli dövlət vergi xidməti müşaviridir. "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub. 45 yaşı var.

Yusubov Elçin Mustafa oğlu Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

Elçin Yusubov iqtisadçıdır, əmək fəaliyyəti dövrünün böyük hissəsini dövlət qulluğunda xidmət edib. Son təyinata qədər Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. 44 yaşı var.

Şahbazov Rüstəm Adıgözəl oğlu Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

Rüstəm Şahbazov iqtisadçıdır, əmək fəaliyyəti dövrünün böyük hissəsini dövlət qulluğunda xidmət edib. 2006-cı ildən Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin, 2009-cu ildən Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin müavini vəzifəsində çalışıb. 56 yaşı var.

Cəlilov Rafiq Əsgər oğlu Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

Rafiq Cəlilov iqtisadçıdır, əmək fəaliyyəti dövrünün böyük hissəsini dövlət qulluğunda xidmət edib. 2006-cı ildən Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin, 2009-cu ildən Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin müavini vəzifəsində çalışıb. 57 yaşı var.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti üzrə

Məmmədov Sahib Əli oğlu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəis müavini vəzifəsinə təyin edilib. O, həmçinin Xidmətin rəisi səlahiyyətlərini icra edəcək.

Sahib Məmmədov hüquq və iqtisadi təhsil alıb, müxtəlif beynəlxalq təşkilatlarda məsul vəzifələrdə, həmçinin dövlət qulluğunda çalışıb. 2014-cü ildən iqtisadiyyat və sənaye nazirinin müavini, 2016-cı ildən iqtisadiyyat nazirinin müavini təyin edilib. "Dövlət qulluğunda fərqlənməyə görə" medalı və "Tərəqqi" medalı ilə təltif olunub. 41 yaşı var.
Elman Rüstəmov: “Panika aradan qalxıb”Ölkəmizdə makroiqtisadi sabitlik qorunmaqdadır. Avrasiya.net-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov mətbuat konfransında bildirib.

E.Rüstəmov qeyd edib ki, inflyasiya 103 faiz civarındadır:

"Valyuta bazarında vəziyyət stabilləşib. Dollar satışı 56 milyon olub. Manatın məzənnəsi sabitdir. Manatın məzənnəsilə bağlı ajiotaj dövründə meydana çıxan panika aradan qalxıb".

E.Rüstəmovun sözlərinə görə, bu ilin yanvar-aprel aylarında da Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 3% təşkil edib.

“Bu isə bizim müəyyən etdiyimiz hədəfdən aşağıdır və ilin sonuna qədər də bu cür qalacağını gözləyirik”.

O deyib ki, rəhbərlik etdiyi qurum iqtisadiyyatın müxtəlif sahələrinə dəstək istiqamətində balanslı mövqe tutmağa çalışır: "Son 1 ildə Azərbaycanda kredit portfeli 1,9% artıb. Biznes kreditləri üzrə 4,1% artım, istehlak kreditləri üzrə bu qədər azalma, o cümlədən ipoteka kreditləri isə 5,2% artım müşahidə edilib”.
Keçmiş deputatın bankı necə çökdü?  Dünən Mərkəzi Bank tərəfindən lisenziyası ləğv edilən “AGBank” ASC keçmiş deputat Çingiz Əsədullayevə məxsusdur.

Yenisabah.az xəbər verir ki, keçmiş deputat “AGBank”ın Müşahidə Şurasının sədridir. Bankın rəsmi internet səhifəsində səhmdarların siyahısı və əqdləri bölməsində qeyd edilib ki, səhmlərin 33.57 faizi Çingiz Əsədullayev və ailəsinə məxsusdur.

İddia olunur ki, bu sadəcə formalistikadır. Yəni, yerdə qalan pay da bu və ya digər formada keçmiş deputata məxsusdur.

Çingiz Əsədullayev 2010-2015-ci illərdə Milli Məclisin deputatı olub. O, 90 saylı Ağdaş seçki dairəsindən mandat qazanıb.

Çingiz Əsədullayev həm də keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın dostu və biznes ortağı kimi tanınır. Onun rəhbəri olduğu bankda Eldar Mahmudova məxsus pulları saxladığı, həmin bank vasitəsi ilə xarici ölkələrdəki hesablara köçürdüyü barədə iddialar var.

“Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev və tanışı Rüfət Vəliyevin cinayət işində “AGBank”ın da adı hallandırılırdı. Məlumat üçün deyək ki, Malik Əliyev və Rüfət Vəliyev ölkədən 5 milyard 500 milyon manat nağd pul çıxarmaqda suçlanaraq həbs edilib. Mediada yayılan məlumatlara görə, həmin pullar Eldar Mahmudova məxsus olub. Milyardların bir hissəsi "AGbank" vasitəsi ilə ölkədən çıxarılıb.

Təsadüfi deyil ki, Çingiz Əsədullayevin qürubu Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılmasından sonra baş verib. Həmin vaxt Eldar Mahmudovu müdafiə edən Çingiz Əsədullayev əvvəlcə növbəti dəfə deputat olmaq şansını itirib. 2015-ci ildə keçirilən parlament seçkilərində onun namizəd olduğu 90 saylı Ağdaş seçki dairəsinin nəticələri ləğv edilib.

Daha sonra isə “AGBank”da problemlər yaranmağa başlayıb. Və nəhayət, dünən Mərkəzi Bankın qərarı ilə onun bankınım lisenziyası ləğv edildi.
Əhali pulunu banklardan çəkir – Böhran ola bilərSon aylarda Azərbaycanda banklara yatırılan əmanətlərin həcminin azalması prosesi müşahidə olunmaqdadır. Belə ki, Mərkəzi Bankın açıqladığı statistik məlumatlara görə, təkcə bu ilin mart ayında əmanətlərin həcmi 5 faiz və ya 443 milyon manata qədər azalıb. Azalmanın 421 milyon manatı milli valyutada olan əmanətlərin payına düşüb.

Əmanətlərin azalması prosesinin apreldə də davam etdiyi bildirilir. Xüsusilə Mərkəzi Bank tərəfindən inzibatçı təyin olunmuş 4 bankın lisenziyasının geri alınması nəticəsində insanların banklara olan inamının azalması və əmanətlərin geri çəkilməsi prosesinin güclənməsi gözlənilir.

Qeyd edək ki, Mərkəzi Bankın yaydığı məlumata görə, lisenziyası geri alınmış 4 bankda əhalinin qorunan əmanətlərinin ümumi məbləği 686 milyon manat təşkil etməklə, ümumilikdə 215 min əmanətçini əhatə edir. Bu banklarda ümumi əmanət portfelinin 99 faizdən çoxu qorunan əmanətlərdir və onlar tam kompensasiya edilir: “Ləğvedici tərəfindən bankların öhdəliklərinin icrası ilk növbədə əmanətlərin qaytarılmasından başlayacaq. Aktivlərin reallaşdırılmasından və əmlakın satışından daxil olan vəsaitlər sözügedən bankların digər öhdəliklərinin (biznes subyektlərinin, eləcə də əmanətlərin sığortalanması sxemi ilə əhatə edilməmiş fiziki şəxslərin qarşısında olan öhdəliklərinin) qanunvericiliklə müəyyən edilmiş növbəliklə icrasına yönələcək”.

İqtisadçı-ekspert Samir Əliyevin “Yeni Müsavat” qəzetinə bildirdiyinə görə, əmanətlərin geri çəkilməsi prosesi martın əvvəllərində neftin dünya bazar qiymətinin kəskin ucuzlaşması ilə bağlı sürətlənib: “Azalma yalnız əmanətlərlə bağlı deyil, mart ayında hüquqi şəxslərin depozitlərində də ciddi azalma qeydə alınıb. Düşünürəm ki, əhalinin əmanətlərini geri çəkməsinin əsas səbəblərindən biri neftin kəskin ucuzlaşması fonunda yaranan devalvasiya təhlükəsidir. İnsanlar 2015-ci ildəki hadisələrin təkrarlanacağından ehtiyat edirlər. Xüsusilə qonşu ölkələrdə - Rusiya və Qazaxıstanda milli valyutaların dəyərsizləşməsi Azərbaycanda da əhali arasında təşvişin artmasına səbəb olur. Bu təşvişdən irəli gələrək banklardakı depozitlər geri çəkildi”.

S.Əliyevin sözlərinə görə, əhali əmanətlərini geri çəkib, onun bir hissəsini dollara çevirib, yenidən banklarda yeləşdirib. S.Əliyev buna misal olaraq dollarla olan əmanətlərdə cüzi artımın olmasını göstərdi: “Amma manat əmanətlərində azalma var. Əhali devalvasiyadan, bankların bağlanmasında qorxaraq əmanətlərini geri çəkib. Qeyri-maliyyə təşkilatları, şirkətlərdə də vəziyyət elədir. Şirkətlər də öz əmanətlərini azaltmağa başlayıblar. Aprel ayında 2 bankın, bu gün isə daha iki bankın lisenziyasının geri alınması əmanətlərin azalma sürətini daha da artıracaq. Düzdür, hazırda bütün əmanətlərin qorunması mexanizmi işləyir, bu isə əhalinin bağlanan banklardakı əmanətlərini almaq problemini minimuma endirir. Lakin bağlanan banklardan əmanətlərin geri alınması prosesinin özü də xeyli vaxt apardığına görə əhalinin bu aralarda banklara inamının daha da azalması gözləniləndir”.

S.Əliyev hesab edir ki, əmanətlərin azalması iyun-iyul aylarında da davam edəcək: “İnsanlarda banklara inam azalır, devalvasiya qorxusu isə əksinə, artır. Əmanətlərin Sığortalanması Fondunun sığotalanan əmanətlərin faiz dərəcəsini 10-dan 12 faizə qaldırmasının kökündə də ehtiyatlılıq dayanır. Yəni əhalinin əmanətlərini geri çəkəcəyindən narahatdılar. Əmanətlərin geri çəkilməsi isə kredit vermək üçün mənbə kimi istifadə olunan depozitlərin azalmasına gətirib çıxara bilər. Çünki hazırda ümumi kredit qoyuluşunda depozitlərin payı 70 faizdir. İnsanlar əmanətlərini götürərsə banklarda likvidlik problemi yarana və eyni zamanda banklar kredit verməkdə çətinlik çəkə bilər. Onsuz da kreditlərin ödənişində çətinlik yaranıb, əmanətlərin də geri çəkilməsi banklarda çox ciddi problemlərə səbəb ola bilər”.
Azərbaycanda daha iki bank BAĞLANDIAzərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli qərarları ilə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 57.1-ci və 57.3-cü maddələrinə əsasən “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrahbank” ASC-yə müvəqqəti inzibatçılar təyin olunub.

AMB-dən Avrasiya.net-ə verilən məlumata görə, bu bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib:

“Daha sonra Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə həmin banklardan ikisinin - “Atabank” ASC-nin və “Amrahbank” ASC-nin lisenziyaları həmin tarixdən etibarən ləğv edilib”. Rəsmi məlumata görə, bu qərarların qəbul edilməsindən ötən dövr ərzində Mərkəzi Bank tərəfindən müvəqqəti inzibatçı təyin edilmiş “AGBank” ASC və “NBCBank” ASC-də qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi davam etdirilib, müvafiq qiymətləndirmələr aparılıb:

““NBCBank” ASC-də müvəqqəti inzibatçı tərəfindən aparılmış qiymətləndirmələr bir daha həmin bankın maliyyə vəziyyətinin qeyri-qənaətbəxş olduğunu, kapitalın tam itirildiyini, likvidliyi ilə bağlı ciddi problemlərinin olduğu təsdiq olunub, əmanətlər üzrə öhdəliklərini yerinə yetirə bilmədiyi və banka tətbiq edilmiş təshih tədbirlərinə riayət edilmədiyi məlum olub. “NBCBank” ASC tərəfindən tətbiq edilmiş riskli və qeyri-prudensial kredit siyasəti nəticəsində, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanəti Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditləri istisna edilməklə, 30 aprel 2020-ci il tarixinə bankın kredit portfelinin 54%-i (73 mln. manat) qeyri-işlək statusundadır. Məqsədli ehtiyatlarda aparılan korreksiyalardan sonra bankın məcmu kapitalı mənfi 24 mln. manat təşkil etmişdir. Kapital mövqeyinin bərpası üçün 74 mln. manat məbləğində əlavə kapital qoyuluşu tələb olunurdu. Bundan əlavə, müvəqqəti inzibatçı tərəfindən müəyyən edilmişdir ki, bank təqdim etdiyi prudensial və statistik hesabatları davamlı olaraq təhrif edib. “AGBank” ASC-də də müvəqqəti inzibatçı tərəfindən aparılmış dəqiqləşdirmələr həmin bankın maliyyə vəziyyətinin qeyri-qənaətbəxş olduğunu, kapital mövqeyinin tam itirildiyi təsdiq edilmiş və daha da pisləşdiyi məlum olub. 30 aprel 2020-ci il tarixinə bankın kredit portfelinin 51%-i qeyri-işlək statusundadır. Məqsədli ehtiyatlarda aparılan korreksiyalardan sonra bankın məcmu kapitalı mənfi 167 mln. manat təşkil edib. Kapital mövqeyinin bərpası üçün 212 mln. manat məbləğində əlavə kapital qoyuluşu tələb olunurdu”.

Qeyd olunanları nəzərə alaraq, kapitallarını tam itirdiklərinə, kreditorları qarşısında öhdəliklərini yetirə bilmədiklərinə, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiklərinə görə Mərkəzi Bankın İdarə Heyəti tərəfindən 12 may 2020-ci il tarixindən etibarən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci və 16.1.9-cu maddələrinə əsasən “AGBank” ASC-nin və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.8-ci, 16.1.9-cu və 16.1.16-cı maddələrinə əsasən “NBCBank” ASC-nin lisenziyaları ləğv edilib və hər iki bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub:

“Hökumət və Mərkəzi Bank tərəfindən atılan addımların əsas hədəfi bütövlükdə bank sisteminin sağlamlaşdırılması və əhalinin maraqlarının, xüsusilə onların banklarda olan əmanətlərinin qorunması və onların banklarda olan əmanətlərinin itirilməsi təhlükəsinin qarşısının alınması və onlardan sərbəst istifadə etmək imkanlarının yaradılmasıdır. Lisenziyası geri alınmış 4 bankda əhalinin qorunan əmanətlərinin ümumi məbləği 686 milyon manat təşkil etməklə, ümumilikdə 215 min əmanətçini əhatə edir. Bu banklarda ümumi əmanət portfelinin 99%-dən çoxu qorunan əmanətlərdir və onlar tam kompensasiya edilir. Ləğvedici tərəfindən bankların öhdəliklərinin icrası ilk növbədə əmanətlərin qaytarılmasından başlayacaq. Aktivlərin reallaşdırılmasından və əmlakın satışından daxil olan vəsaitlər sözügedən bankların digər öhdəliklərinin (biznes subyektlərinin, eləcə də əmanətlərin sığortalanması sxemi ilə əhatə edilməmiş fiziki şəxslərin qarşısında olan öhdəliklərinin) qanunvericiliklə müəyyən edilmiş növbəliklə icrasına yönələcək”.

Məlumat üçün bildiririk ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, Mərkəzi Bankın ərizəsi əsasında Bakı Apelyasiya Məhkəməsinin 30 aprel tarixli qərarları ilə “Atabank” ASC və “Amrahbank” ASC müflis elan olunub, Əmanətlərin Sığortalanması Fondu bu banklara ləğvedici olaraq təyin edilib. 1 may tarixindən bankların ləğvediciyə təhvil verilməsi prosesinə başlanılıb və hazırda təhvil-təslim prosesləri artıq yekunlaşmaq üzrədir.

Artıq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, “Atabank” ASC və “Amrahbank” ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent bank qismində “Kapitalbank” ASC seçilmişdir və qorunan əmanətlər “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tam kompensasiya olunacaq. Ləğv edilmiş bankların hamısı Əmanətlərin Siğortalanması Fonduna üzv banklardır və əhalinin bu banklarda qorunan əmanətləri heç bir dövlət vəsaiti cəlb etmədən Fond tərəfindən bağlanmış bankların aktivlərinin reallaşdırılmasından daxil olan vəsait və fəaliyyətdə olan bankların ödədikləri təqvim haqqı hesabına ödəniləcək. Mərkəzi Bankın bank sektorunun sağlamlaşdırılması istiqamətində qəbul etdiyi qərarlarının şəffaflığının təmin edilməsi məqsədilə geniş kommunikasiya tədbirləri həyata keçirilir, ictimaiyyət məlumatlandırılır və bu proses davam etdiriləcək.