Gömrük Komitəsinin şöbə rəisi həbs OLUNDUÖlkə başçısı tərəfindən gömrük sistemində aparılan islahatların əsas hədəflərindən biri də şəffaflığın təmin olunması, korrupsiya hallarının tam aradan qaldırılmasıdır. Gömrük sahəsində şəffaflığın təmin edilməsi, korrupsiyaya qarşı mübarizənin aparılması, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması istiqamətində Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir. Dövlət Gömrük Komitəsi və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının birgə gerçəkləşdirdikləri növbəti uğurlu əməliyyat tədbiri nəticəsində daha bir gömrük əməkdaşının qanunsuz əməli ifşa olunub.

Bu barədə Avrasiya.net-ə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Bildirilib ki, Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinə Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Tranzit şöbəsinin rəisi vəzifəsində çalışan Ceyhun Babayevin qanunsuz hərəkətləri barədə əməliyyat məlumatı daxil olub və bununla əlaqədar olaraq sözügedən hüquqazidd əməlin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlərin görülməsi təmin edilib. Belə ki, qüvvədə olan cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq hazırlanan cinayət haqqında məlumat gömrük orqanları tərəfindən istintaq aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Nəticədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və DGK Əməliyyat və İstintaq Baş İdarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılıb. Birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ceyhun Babayev daşıma fəaliyyəti ilə məşğul olan "Gate Est Group" MMC və "İnterlogistics" MMC-nin səlahiyyətli nümayəndəsindən MMC-lərə məxsus malların tranzit gömrük rəsmləşdirilməsinin tezləşdirilməsi müqabilində rüşvət kimi tələb etdiyi hər avtomaşına görə 50 ABŞ (85 manat) dolları olmaqla, ümumilikdə isə 15 avtomaşına görə 750 ABŞ dolları (1275 manat) məbləğində pulu 23 iyun 2020-ci il tarixdə alarkən cinayət başında prokurorluq və gömrük orqanlarının əməkdaşları tərəfindən yaxalanıb.

Faktla bağlı cinayət işi başlanılaraq Ceyhun Babayeva Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsində nəzərdə tutulmuş ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, gömrük sistemində şəffaflığın təmin olunması, korrupsiya hallarının tam aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər mütəmadi xarakter daşıyır və aşkar edilən bütün hüquqazidd əməllər barədə ictimaiyyət məlumatlandırılacaq.
Fond bağlanan banklarla bağlı hüquq mühafizə orqanlarına müraciət edəcəkƏmanətlərin Sığortalanması Fondu (ADIF) bağlanan son dörd bankda aşkar olunan hüquqi pozuntularla bağlı hüquq mühafizə orqanlarına müraciət edəcək.

Avrasiya.net-in məlumatına görə, bunu ADIF-in icraçı direktoru Tural Piriyev deyib.

Onun sözlərinə görə, bəzi bankların kredit verilməsi və bank qaydalarına riayət edilməməsi ilə bağlı nöqsanlar aşkar olunub: “Məlum olduğu kimi, ləğv edici funksiyası olduğuna görə Fond təkcə kompensasiyalar vermir, həmçinin kredit yığımı ilə də məşğuldur. Belə hallar aşkar olunduqda hüquq mühafizə orqanlarına müraciət olunur”.

O həmçinin əlavə edib ki, bağlanan son dörd bankda depozit qəbulunda yol verilən nöqsanlarla bağlı hüquq mühafizə orqanlarına mütləq şəkildə müraciət olunacaq.

Kərəm Həsənovun bu kadrları işdən çıxarıldıİqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Xidmətinin rəis vəzifəsini icra edən Mətin Eynullayev sabiq sədr Kərəm Həsənovun kadrlarını işdən çıxarıb.

Avrasiya.net Unikal.org-a istinadən xəbər verir ki, Dövlət Əmlak Xidmətinin Maliyyə şöbəsinin rəisi Ənnağı Cənnətov, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin rəisi Zəfər Abdulov, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin rəisi Hikmət Mustafayev, Torpaq Agentliyinin rəisi Muhamma Heratiyev tutduğu vəzifələrindən azad olunublar.

Sahibkarların götürdüyü kreditlərin 10 faizini dövlət ödəyəcəkDövlət 1 milyard manat kredit portfeli üzrə kreditlərin subsidiyalaşdırılması üçün 100 milyon manat vəsait nəzərdə tutub.

Avrasiya.net-in məlumatna görə, bunu açıqlamasında Sahibkarlığın İnkişafı Fondunun şöbə müdiri Nuranə İbadova deyib.

Onun sözlərinə görə, sahibkarın götürdüyü kreditin 10 faiz bəndi Sahibkarlığın İnkişafı Fondu tərəfindən kredit təşkilatlarına ödəniləcək. Sadə dildə desək, bir sahibkar 17 fazilə kredit götürübsə, həmin kreditin 10 faiz bəndi dövlət tərəfindən kredit təşkilatlarının hesabına ödəniləcək.

Sahibkarlara digər dəstək isə yeni kreditlərin verilməsidir ki, bu istiqamətdə 500 milyon manat ayrılacaq.

N.İbadova bildirib ki, bunula bağlı elektron platformanın yaradılması nəzərdə tutulur. Hazırda bu istimqamətdə işlər aparılır. Sahibkarla elektron platforma üzərindən müraciət etməklə, dövlət zəmanətli kreditlər ala biləcək.

Qeyd edək ki, pandemiya dövründə fəaliyyəti dayandırılan sahibkarlara ilk mərhələdə konpensasiyalar ödənilib. Dövlət Vergi Xidmətindən Trend-ə verilən məlumata görə, pandemiyadan zərər çəkmiş fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi proqramının icrası çərçivəsində 80 milyon manat yardım ayrılıb.
İran və Azərbaycan rəsmiləri iqtisadi məsələləri müzakirə ediblər İranın İqtisadi İşlər və Maliyyə Naziri ilə Azərbaycan Respublikası Baş nazirinin müavini arasında telefon danışığı baş tutub.

Avrasiya.net xəbər verir ki, İranın İqtisadi İşlər və Maliyyə Naziri və İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyanın iranlı sədri doktor Fərhad Dejpəsənd 16 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikası Baş nazirinin müavini və İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyanın azərbaycanlı sədri Şahin Mustafayevə zəng edib.

Doktor Fərhad Dejpəsənd bu telefon danışığı əsnasında koronavirus pandemiyası zamanı Azərbaycan iqtisadiyyatına ciddi ziyan dəyməməsini arzulayıb və mövcud vəziyyətdə iki ölkə arasında münasibətləri dərinləşdirmək sahəsində göstərdiyi səmimi səylərinə görə cənab Şahin Mustafayevə təşəkkür edib. O, ümidvar olduğunu bildirib ki, birgə əməkdaşlıq və qarşılıqlı köməklərimiz nəticəsində iki ölkə arasındakı iqtisadi əlaqələrin genişləndiyini və gücləndiyini görə bilərik.
İranın İqtisadi İşlər və Maliyyə Naziri özünün azərbaycanlı həmkarını İrana səfərə dəvət edib və ümidvar olduğunu bildirmişdir ki, sağlamlıq qaydalarına tam əməl olunmaqla 14-cü Birgə İqtisadi Komissiyanın iclası yaxın gələcəkdə Tehranda keçirilə bilər.

İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyanın iranlı sədri Şimal-cənub dəhlizində iki ölkə arasındakı ortaq layihələr, habelə Biləsuvarda iki ölkə arasındakı sərhədə yaxın bir yerdə sənaye şəhərciyinin inşası ilə bağlı son vəziyyətə toxunaraq, Azərbaycan Respublikasının giriş və çıxışlarında İranın tranzit yük avtomobillərinin sürücüləri ilə bağlı mövcud bəzi problemlərdən söhbət açmış və bu zəhmətkeş sinfin problemini həll etmək üçün cənab Şahin Mustafayevdən kömək istəyib.

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev İran İslam Respublikası rəsmilərinə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə göstərdikləri diqqətə görə təşəkkür edərək bildirmişdir: korona xəstəliyi ilə mübarizə və xəstəliyin yayılmasının ölkənin iqtisadi sektorlarına mənfi təsirini minimuma endirmək üçün hökumət cəmiyyətin həssas sektorlarını, işəgötürənləri və iqtisadi fəalları dəstəkləmək üçün hərtərəfli və detallı planlar hazırlayaraq bir çox addım atıb.

O, həmçinin İran tərəfinin ortaq layihələrlə bağlı qaldırdığı fikirlərə cavab olaraq bildirmişdir ki, hər bir mövzunu ayrı ayrılıqda müvafiq orqanların məsul şəxsləri ilə müzakirə etmişik və bir-birimizin sıx əməkdaşlığı nəticəsində bu layihələri ən qısa müddətdə yekunlaşdırmağa çalışacağıq.
“NBC Bank”ın 100 əmanətçisinə pul qaytarılmayacaqAzərbaycanda bağlanan daha bir bankda əmanətçilərin bir hissəsi xoşagəlməz sürprizlə qarşılaşıblar.

Avrasiya.net FED.az-a istinadən xəbər verir ki, AMB-nin qərarı ilə lisenziyası ləğv olunan və müflis elan edilən "NBC Bank"ın bir sıra əmanətçilərinə bildirilib ki, onların əmanətləri sığortalanmayıb. Səbəbi odur ki, onlar banka əmanət qoyduğu müddətdə artıq "NBC Bank"a əmanət qəbul etmək qadağan edilibmiş.

Əmanətçilərə indi məlum olub ki, 2020-ci il yanvarın 27-dən etibarən Mərkəzi Bank "NBC Bank"ı əmanət qəbul etməyi qadağan edib, amma bank bu qadağaya baxmayaraq əmanət qəbul etməkdə davam edib. Nəticədə həmin tarixdən sonra banka pul yatıran 100-dən çox əmanətçi indi əmanətini ala bilmir.

Əmanətçilər bildirir ki, azı 100 nəfər banka məhz bu tarixdən sonra əmanət yatırıb.

Bankın əmanətçisi İlqar İmanov bildirib: "Mən aprelin 1-də banka 30 min manat yerləşdirmişdim, amma indi banka gedirəm, mənə deyirlər ki, həmin vaxt bankın əmanət götürmək hüququ olmayıb və qaytarıla bilməyəcək. Məndən başqa da banka həmin vaxtlarda, məsələn mart ayında 12 min manat, 20 min manat və sair məbləğdə əmanət yatıranlar var. Onlar da pullarını ala bilmirlər. Biz haradan bilə bilərik ki, banka əmanət yatırmaq qadağan edilib, bankın özü bunu bildirməyibsə, biz necə bilək? İstəyirik ki, Mərkəzi Bank və fond məsələyə aydınlıq gətirsin və pulumuz qaytarılsın".
Ramiz Mehdiyevin zavodunda nə baş verir? Şok ittihamlar Binəqədi rayonunda yerləşən “Bakı Poladtökmə” ASC-ni talan edirlər. İşin başında “Baku Steel Company”nin rəhbəri Rasim Məmmədov dayanıb. Ramiz Mehdiyevi özünün mənəvi atası hesab edən Rasim Məmmədov “Bakı Poladtökmə” ASC-nin istehsala qayıtmasının qarşısını almaq üçün sarsıdıcı addımlar atır. ASC-nin səhmdarları belə iddia edirlər.

İyunun 11-də ASC-nin bir qrup səhmdarı baş verənlərə etiraz etmək üçün Binəqədiyə yollanıb. “Bakı Poladtökmə” ASC adlandırılan zavodda 1978-ci ildə fəhlə olaraq işə başlamış Mustafa Cəlilov deyir ki, zavoddakı dəzgahları, istehsal xəttlərini söküb harasa aparırlar: “Bu zavodda fəhlə olaraq işə başladım. Sonradan institutda oxudum, ali təhsil aldım, zavodda fəaliyyətimi davam etdirdim. Ev növbəsində olduğumuza görə zavoddakı işimizdən ayrılmadıq. Sovet hökuməti dağılandan sonra zavod dayandı, bizə səhmlər verildi. Bizləri də işdən çıxardılar. Zavod sonradan özəlləşdirildi və kollektiv üzvlərinə, səhmdarlara dividend verilməyə başladı. Sonradan zavodda rəhbərlik dəyişdi, bizlərə dividend verilməsi də dayandırıldı. Son 10 ildə bizi zavoda buraxmayıblar”.

Mustafa Cəlilov deyir ki, bu ilin mayında onları zavoda çağırıblar: “Dedilər ki, dəzgahlar, qiymətli avadanlıqlar "silinməlidir", harasa dağıdılıb aparılmalıdır. Amma yenə də bizi içəri buraxmadılar. Sonradan bilindi ki, zavoddakı nə dəzgah, istehsal xəttləri varsa, söküb harasa aparırlar. Biz əlaqədar təşkilatlardan xahiş edirik ki, bunun qarşısını alsınlar. Bizlər bu zavodun işçiləriyik, bura səhmlər qoymuşuq, biz də insanıq, Azərbaycan dövlətinin vətəndaşlarıyıq. Müharibə veteranıyam. Bizə kömək etsinlər.

Baş verən cinayətə bərabər qanunsuzluqlara etiraz edənlərdən biri də Fazil Hüseynovdur. O, uzun illər “Bakı Poladtökmə” ASC-də rəhbər vəzifələrdə işləyib. Digər etirazçı kimi o da 1978-ci ildə zavodda işə başlayıb. 35 il zavodda müxtəlif vəzifələrdə çalışan Fazil Hüseynov deyir ki, zavod gözləri qarşısında yüksəlib, sonradan məhv olmaq təhlükəsi ilə üzləşib. İndi də talanla üz-üzədir: “Sovetlər Birliyi dağıldı, əksər zavodlar kimi bizim zavodda da vəziyyət pisləşdi. 2003-cü ilə qədər demək olar ki, çox çətin günlər yaşadıq. Zavodun bircə sütunları idi, çünki satıb qurtarmışdlar. Həmin il Zülfüqarlı qardaşları zavoda gəldilər, sərmayə qoyub zavodu sıfırdan yenilədilər. Mən o dövrdə Kadrlar şöbəsinin rəisi işləyirdim. Zavod 2-3 ilin ərzində dirçəldi, istehsal gücünü hər ötən gün artıra bildi. Bu müddət ərzində 1000 nəfərə yaxın işçi zavodda çalışmaqla əmək haqqı alır, dividendlər ödənirdi. İstehsal sexləri, oksigen sexi tikildi, Amerikadan, Hindistandan, Türkiyədən və başqa ölkələrdən ən müxtəlif avadanlıqları alıb ölkəyə gətirib bu zavodda quraşdırdılar. Təsəvvür edin ki, zavodun sovet dövründə illik istehsalı min ton idi. 2-3 il ərzində istehsal gücü 150 min tona çatdırıldı. Zavodda işçilər yaxşı dolanırdı, sosial məsələlər həll olunmuşdu”.

Fazil Hüseynov deyir ki, zavodun qara günləri 2011-ci ildən başlayıb: “Rasim Məmmədov öz komandası ilə zavoda daxil olub güc vasitəsi ilə sahib oldular. Bu gün 2020-ci ilin iyunudur. Ötən müddət ərzində səhmdarı oduğum zavoda 1 dəfə olsun buraxılmamışıq. 26 may 2020-ci ildə bizə çağırış vərəqələri göndəriblər. Gəlmişik, iclas keçirilməlidir. İclasın gündəliyində oan əsas məsələ zavodun əsas vəsaitlərinin silinməsidir. Gör zavod nə hala gəlib ki, 1000 nəfərlik kollektivi, istehsal gücü 150 min ton olan zavodu məhv edirlər. Biz Azərbaycan dövlətinə, jurnalistlərə müraciət edirik. Gəlin zavoda girin, zavodun içində olan bahalı avadanlıqlar məhv olunur, istehsal sexləri var ki, Amerikadan, Türkiyədən gətirib quraşdırmışdılar, onları da söküb aparırlar. Böyük kranlar var ki, qiymətləri 300-400 min manatdır, onları artıq söküb aparıblar. Fasiləsiz xətt vardı, qiyməti milyonlarla idi, onu da söküb aparıblar. Bu gün zavodun bütün işlək avadanlıqlarını söküb aparırlar. Zavod quru sütunların üstündə qalıb. Biz əlaqədar qurumlardan xahiş edirik ki, məsələyə müdaxilə etsinlər. Rasim Məmmədov 10 il ərzində bu zavodu sökdü, əvvəlini yedi, bizə də dividend vermədi, indi də söküb aparır, yenə pul vermir. Biz səhmdar olaraq hüquqlarımızın bərpa olunmasını tələb edirik. Azərbaycan dövlətindən xahiş edirik ki, bu işdə bizə yardımçı olsun”.

Digər səhmdar deyir ki, o da digər səhmdarlar kimi illərdir ki, “Bakı Poladtökmə” ASC-dən dividend ala bilmir: “2003-cü ildə zavod özəlləşəndən sonra 2 dəfə dividend veriblər. Sonradan zavod Zülfüqarlılardan alındı, bizə dividend verilməsi də dayandırıldı. Axırıncı dəfə də çağırıb dedilər ki, zavod ziyanla işləyir, dividend vermirik. Mən də sual verirəm – zavod ziyanla işləyirsə, özlərinə 2-3 min manat maaşı necə yazıb alırlar? Mən zavoda rəsmi olaraq yazmışam ki, cavab versinlər bilək, zavodun gəliri, çıxarı nə qədərdir, işçilərə nə qədər əmək haqqı verirlər? Bizə cavab verməkdən yayınırlar. 35 il bu zavodda işləmişəm. Səhmdarıyam zavodun. Bizim dividendlərimizi versinlər".

Şurayə Nəzərəliyeva da “Bakı Poladtökmə” ASC-nin həm səhmdarı, həm də zavodun işçilərindən olub. O, baş verənlərə dövlətin qarışmasını, zavodun talanmasının qarşısının alınması istəyir: “Dünən özüm buradan keçəndə gördüm ki, zavoddan dəzgahlar yüklənmiş maşınlar gedirdi. Bu maşınlar zavoda niyə girir? Əmlakı hara aparırlar? 1 deyil, 2 deyil yük maşını. Zavodu daşıyıb aparırlar. Dövlət bunun qarşısını almalıdır. Bizlər bu zavodda can qoyan insanlarıq. Bizi dəfələrlə bura çağırırlar, qapı dalında qalırıq, heç kim bizi qəbul etmir. Biz haqqımızı tələb edirik. Bunun pulu yoxdursa, səhmdara verə bilmirsə, o yekə bığıburma 10-15 nəfəri zavodda niyə saxlayır? Dəmir-dümürə oğru gələcək? O pulu elə bizə versin də, burada can qoymuşuq”.

Şurayə Nəzərəliyeva deyir ki, 2 dəfə dividend alıb: “Bizə Zülfüqarlı qardaşları dövründə dividend verildi. Amma sonra bizə pulumuzu vermədilər. Gəlirik, deyirlər ki, ziyanla işləyirik, borcumuz var. İş yoxdursa, orada binada o qədər adamı niyə saxlayır? Niyə qapıda o qədər mühafizəçi var?”.

Belə məlumatlar var ki, “Bakı Poladtökmə” ASC-dən talan olunan dəzgahlar, istehsal xətləri Rasim Məmmədovun Suraxanı rayonunda yerləşən və “Steel Company” adlandırılan gizli zavoduna daşınır.

Belə aydın olur ki, Rasim Məmmədov “Baku Steel Company”dən birdəfəlik uzaqlaşdırılacağı zamanı göz altına alıb və özünə ehtiyat variant hazırlayıb. Belə olmasaydı, “Baku Steel Company” kimi böyük bir zavoda rəhbərlik edən Rasim Məmmədovu Suraxanıda eyniprofilli zavod saxlamağa nə vadar edib? Bəli, səhv eşitmədiz, Rasim Məmmədov Suraxanı rayonu ərazisində böyük bir zavod saxlayır və həmin zavod “Steel Company” adlanır. 2011-ci ildə sahiblərindən zorla alınan “Bakı Poladtökmə” ASC BSC-nin sərəncamına ötürülüb.

Rasim Məmmədov uzun illər qara metallurgiya sənayesini nəzarət altında saxlamaq üçün əlindən gələni edib. Eyniprofilli zavodlara reyder hucumlarına başçılıq etməklə, istehsal xətlərini sıradan çıxarmaqla, bu sahədə fəaliyyətdə olan sahibkarları həbsə aldırmaqla, qorxutmaqla, bu məqsədə böyük mənada nail ola bilib. Rasim Məmmədovun qanunsuzluqları haqda yazan jurnalistlərin məhkəməyə çəkilməsi, redaksiyaların ağır cərimələr ödəməyə məhkum olunması da nəticə etibarilə azad medianın boğulmasını şərtləndirib.

Rasim Məmmədovun bu cür addımları uzun illər onun himayədarı olduğu bildirilən Ramiz Mehdiyevin hesabına araşdırılmamış qalıb. Bir müddət əvvəl Ramiz Mehdiyev vəzifədən uzaqlaşıdırılıb və Rasim Məmmədovun mənəvi atasının kreslosunu itirməsi onun narahatlığını artırdığı bildirilib. Buna görə də hazırda istehsal gücünü qısa müddətdə bərpa edə biləcək bütün zəbt olunmuş zavodlarda, sexlərdə talançılıq davam edir. Rasim Məmmədov qənimət kimi əldə etdiyi dəzgahları, kranları, istehsal xətlərini özünün zavoduna daşıtdırır. Düşünür ki, bu yola uzun müddət inhisarçı mövqeyini qoruyub saxlaya biləcək.

Rasim Məmmədov Bakıda metallurgiya zavodlarına və sexlərinə hucum etdiyi günlərdə Suraxanıdakı zavodu qurub. Orada illərlə 3 növbəli iş rejimi tətbiq olunub.

Yada salaq ki, Rasim Məmmədov 2010-cu ilin əvvəlindən başlayaraq Azərbaycanda metallurgiya sahəsini inhisara almaq üçün hərəkətə keçib. Ötən illər ərzində buna əsasən nail olub. Onun rəhbərlik etdiyi "dazbaşlar dəstəsi" metallurgiya ilə məşğul olan sahibkarların obyektlərinə reyder hucumları edib, işi məcburi qaydada dayandırıblar. Sahibkarların qara metal ehtiyatları qanunsuz olaraq əllərindən alınıb, metal istehsal edən avadanlıqlar sökülərək “Baku Steel Company”nin sobalarında əridilərək məhv edilib.

Metallurgiya sahəsindəki rəqibləri sıradan çıxarmaqla, həbsə aldırmaqla Rasim Məmmədov əsasən bu sahəni inhisara ala bilmişdi. Onu daha çox metallurgiya obyektlərinə basqın edən dəstəsinin başçısı kimi tanıyırlar. Qalır hüquq-mühafizə orqanlarının illərlə metallurgiya sahəsində baş verənlərə adekvat hüquqi qiymət vermələri üçün hərəkətə keçmələri. Belə görünür ki, o gün də uzaqda deyil… /Azpolitika.info
Dollar çökəcəkTezliklə, dollar çökəcək, eləcə də ABŞ-ın dünya iqtisadiyyatındakı rolu azalacaq.

Avrasiya.net xəbər verir ki, bunu “Blumberq”ə açıqlamasında amerikalı iqtisadçı Stiven Rouç deyib. O, Amerika iqtisadiyyatının zəifləməsinə koronavirusun təsir göstərdiyini bildirib.

Rouç bunun dolların üstünlüyünü də son qoyacağını söyləyib. Ekspert həmçinin dolların Trampın siyasəti fonunda 2021-ci ildə çökəcəyini bildirib.
BP 10 min əməkdaşını işdən çıxardırBöyük Britaniyanın BP neft şirkəti koronavirus pandemiyasının iqtisadi fəsadları və bərpa olunan enerji mənbələri ilə işə mərhələli keçidilə əlaqədar olaraq bütün dünyada 10 min əməkdaşı ixtisar edəcək.

Axar.az xəbər verir ki, bu barədə şirkətin icraçı direktoru Bernard Luninin əməkdaşlara ünvanladığı məktubda deyilir.

Qeyd olunur ki, ümumilikdə şirkətin əməkdaşlarının 15 faizi ixtisara düşəcək. Onların böyük əksəriyyəti bu il ərzində işdən azad ediləcək.