"Vəsaitin səmərəliliyinə diqqət yetirilməlidir"

"Vəsaitin səmərəliliyinə diqqət yetirilməlidir""Hesablama Palatasının 2020-ci ildəki fəaliyyətinə dair hesabatı analitik təhlillə əhatə olunub, yeni formada və qanunvericiliyə uyğun hazırlanıb. Hesabatdan göründüyü kimi aparılmış nəzarət tədbirləri nəticəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması sahəsində də Hesablama Palatası tərəfindən məqsədyönlü işlər görülür".

Avrasiya.net xəbər verir ki, bu sözləri Milli Məclisdə Hesablama Palatasının 2020-ci il üzrə illik hesabatının müzakirəsi zamanı parlamentin Energetika, təbii ehtiyatlar və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib.

Hesabatın hazırlanmasına görə, Palatanın sədri Vüqar Gülməmmədova təşəkkür edən millət vəkili, bir neçə məqama diqqət çəkib:

"Hesabat ilində Palatanın daxilində səmərəli səmərəlililik auditi ilə bağlı yeni struktur bölməsinin yaradılması, kəmiyyətdən keyfiyyətə keçmək yolunda mühüm bir addım sayıla bilər. Təqdim edilmiş hesabatda kənar dövlət maliyyə nəzarəti tədbirləri üzrə 34 audit, 4 analitik və 3 monitorinq fəaliyyətinin həyata keçirildiyi qeyd edilir. Narahatedici məqam ondan ibarətdir ki, hesabat ilində audit tədbirləri üzrə nöqsanların təsnifat qrupları üzrə xüsusi çəkisinin büdcə qanunvericiliyinin pozulması üzrə 56,6%, əsaslı qoyuluşlar üzrə nöqsanlar 22,8%, vergi və gömrük qanunverciliyi ilə bağlı nöqsanlar 11,8% və dövlət satınalmaları ilə bağlı nöqsanlar 7,6% olduğu əksini tapıb".

Sadiq Qurbanov həmkarlarının diqqətini bir neçə vacib məsələyə yönəldib:

"Birincisi, dövlət satınalmaları sahəsində çoxsaylı nöqsanlara rast gəlinir, hesabatda qeyd edildiyi kimi dövlət satınalmalarında satınalma predmetinin ehtimal qiymətinin hesablanmaması və ya düzgün hesablanmaması, satınalmalar zamanı tələbatın səmərəli müəyyənləşdirilməməsi və s. hallar təkrarlanır.

İkincisi, kapital qoyuluşları sahəsində aşkar olunan nöqsanlar da önəmli məsələlərdir. Dövlət büdcəsi xərclərində əsaslı xərclərin xüsusi çəkisinin yüksək olması, xüsusilə də cari ildə ölkəmizdə aparılacaq tikinti, quruluculq işlərinin miqyasının böyük həcmdə olması bu xərclərin əhəmiyyətini daha da artırır. Bildiyimiz kimi hörmətli, cənab Prezident İlham Əliyevin bəyan etdiyi kimi hökumət işğaldan azad olunmuş torpaqlara böyük qayıdış planı tərtib edir. Bölgələrdə hər şey yenidən qurulmalı, inşa olunmalıdır. Hazırda işğaldan azad edilmiş bölgələrə böyük vəsaitin xərclənəcəyi nəzərdə tutulur. Hesablama Palatasının keçən illərdəki hesabatlarında da əsas nöqsanlardan biri kimi tikinti sahəsinin olduğunu nəzərə alsaq, Palatanın bu sahəyə xüsusi diqqət çəkməsi görüləcək işlərə xüsusi töhfə verə bilər. Belə ki, "Hesablama Palatası haqqında" Qanuna əsasən Palatanın dövlət büdcəsi və büdcədən kənar dövlət fondlarının icrasına rəy verməklə yanaşı, layihələrinə də rəy vermək səlahiyyəti var. Bunları nəzərə alaraq, yuxarıda qeyd edilən hər iki sahəyə - satınalmalara və kapital qoyuluşlarına, tikintiyə xüsusi diqqət yetirilməli, ayrılan vəsaitlərin səmərəli və qənaətlə xərclənməsi diqqətdə saxlanılmalıdır".

Millət vəkili daha sonra su probleminə toxunub. Qeyd edib ki, hazırda içməli su çatışmazlığı dünyanı ciddi narahat edir. "Dövlət səviyyəsində əhalinin su ilə təchiz olunmasına və suların çirklənməsinin qarşısının alınmasına xüsusi diqqət yetirilir. Bu baxımdan diqqətinizi bu sahələrə yönəldərək, su ehtiyatlarından səmərəli istifadə edilməsi və onların çirklənmədən qorunması sahəsinin, şəhər və qəsəbələrinin təmizləyici qurğularla tam təmin edilməsi, respublika ərazisində çirkab suların tam təmizlənməsinə nail olunması sahəsi üzrə, eyni zamanda ətraf mühitlə bağlı qəbul edilmiş dövlət proqramları üzrə müvafiq nəzarət tədbirlərinin aparılmasını təklif edirəm", - deyə S. Qurbanov vurğulayıb.

Komitə sədrinin sözlərinə görə, hesabatda özünüməşğulluq tədbirlərinin həyata keçirilməsi üzrə əmlakla təmin olunan vətəndaşların sayının 13065 nəfər olduğu qeyd edilir: "Bu çox yaxşı göstəricidir, dövlətin işsiz vətəndaşlara diqqətinin nəticəsidir. Həmin əmlakla təmin olunan vətəndaşların hazırkı durumu barədə monotorinq aparılmalı, verilmiş avadanlıqların istehsal və xidmət prosesində istifadə edilməsi vəziyyəti araşdırılmalı, yəni vəsaitin səmərəliliyinə diqqət yetirilməlidir".