Ekspertdən sensasion xəbərdarlıq: Böyük böhran gəlir

Ekspertdən sensasion xəbərdarlıq: Böyük böhran gəlirDünya iqtisadiyyatı çox təhlükəli dövrə qədəm qoyub, artıq texniki analizlərin və iqtisadi məntiqin qətl olunduğu zamandayıq.

Avrasiya.net xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, ölkələrin iqtisadiyyata səpdikləri 15 trilyon dollar, ucuz pullar, az qala faizsiz kreditlər real iqtisadiyyata getməyib:

“Bu gün birjalarda “nə qədər pisdirsə, o qədər yaxşıdır” prinsipi işə düşüb. Problemlər azalmır, virusin yeni ştammları yayılır, dünya daha sərt qapanır, iqtisadi münasibətlər və zəncirlər qırılır. Sərhədlər daha sərt bağlanır, amma sanki bütün dünya birjalarında güllük-gülüstanlıqdır. Bütün indekslər tarixi maksimumlardadır. Bu məntiqli və real deyil. Düşünürəm ki, bu və digər faktorlar yeni böhran dalğalarını yaradacaq.

Hazırda bütün xammal qiymətləri şişir, amma dünyada ÜDM azalıb. Aktivlik minimum səviyyədədir. Bu məsələ neft qiymətlərinə də aiddir. Sadəcə, bu sahə spesifikdir. Əsl süni qiymət artımıdır, kartel sövdələşməsidir, əslində cinayətdir.

OPEC+ ölkələri süni şəkildə hasilatı azaldıb qiyməti şişirdirlər. Bu zaman belə bir sual yaranır: Neftə tələbat artıbmı ki, qiymətlər şişsin?”

N.Cəfərlinin sözlərinə görə, bu il dünyada neftə tələbat 2019-cu ildən 7-8 mln. barrel az olacaq:

“OPEK+ hasilatı azaldır, qiymət qalxır, slans neft hasilatı daha rentabelli olur, “slans klapanı” açılır və qiymətlər yenidən düşməyə başlayır.

İndi də eyni şey olacaq, bu gün 63 dollar olan neft cəmi 2-3 aya yenidən 50-55 koridoruna qayıdacaq.

Başqa bütün əmtəələrdə də eyni vəziyyətdir. Bu gün mis qiymətləri tarixi maksimuma qalxıb, araşdırırsan ki, səbəbi nədir? Ehtimallar və şayiələrdən başqa heç nə yoxdur. Guya Çində istehsal yüksələcək, ona görə də xammallar bahalaşır. Dünya hələ qapalı, tələb hələ çox aşağıdır, axı bunu izah edən varmı? Yoxdur, deməli, süni balonlar yaranır, səhm bazarı ancaq “havayı pullara” görə şişir, şayiələrdən və primitiv manipulyasiyalardan qidalanır. Sabah o havayı pullar bazarlardan çəkilməyə başlayan kimi bütün balonlar bir-bir partlayacaq və dünya 2008-2009-cu illərdə baş verən böhranın daha böyüyünü yaşayacaq”.