Benzin qalxdı, avtomobillərin qiyməti niyə düşmür?

Benzin qalxdı, avtomobillərin qiyməti niyə düşmür?Tarif Şurası ötən ay Aİ-92 markalı benzin və dizel yanacağının qiymətlərini artırdı. Şuranın qərarı ilə Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. İndiyədək bu markalı benzinin 1 litrinin qiyməti 90, dizel yanacağınkı isə 60 qəpik idi.

Bu qərardan sonra avtomobil bazarında ucuzlaşma olacağı gözlənilsə də, bu baş vermədi. Hətta iddialara görə, avtomobil bazarında nəinki satışlar azalıb, əksinə, canlanma var və bunun fonunda qiymətlərdə az da olsa artım qeydə alınır.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini, “VECON CONSULTING” şirkətinin direktoru Vüqar Orucun sözlərinə görə, bunun obyektiv və subyektiv səbəbləri var:

“Əvvəla, qarşıdakı aylarda benzin və dizel yanacağının qiymətlərinin yenidən artacağı barədə müzakirələr dolaşır. Ehtimal edilir ki, yaxın aylarda yenidən qiymətlərdə artım olsun. Digər yandan elektrik enerjisi, qaz və ictimai nəqliyyatda gediş haqlarının artırılacağı da gözlənilir. Nəzərə alanda ki, bahalaşmanın əsas təsirləri əsasən onun baş verdiyi dövrdə nəzərə çarpır, yəni hardasa müvəqqəti xarakter daşıyır, bu mənada avtomobil bazarında durğunluq baş verəcəyi təqdirdə müvəqqəti xarakterli olacaqdı. Görünür artıq istehlakçılar rasional düşünür və daha gözləmə mövqeyinə üstünlük vermirlər”.

AQC rəsmisi bildirir ki, mövsümi olaraq avtomobil bazarı üçün aktiv bir dövr başlayır:

“Təbii ki, bunun da ciddi təsirləri var. Ənənəvi olaraq hər ilin müvafiq dövründə avtomobil bazarında canlanma yaranır. Digər yandan koronavirus pandemiyası dövründə hökumət əhalinin sağlamlığını qorumaq üçün şüurlu şəkildə iqtisadi fəallığı azaltdı. Əhali bir ildir ki, sosial həyatdan tərid olunmuş vəziyyətdədir. Pandemiya tam bitməsə də, artıq ciddi yumşalmalar var və cəmiyyət əvvəlki həyatına qayıtmağa başlayır. Bu da heç şübhəsiz müxtəlif bazarlarda, o cümlədən avtomobil bazarında müəyyən aktivliyə yol açır. Xüsusən əvvəlki dövrdən müəyyən vəsait toplayan şəxslər aktiv bazara geri dönürlər. Yəni, psixoloji faktorlar da qiymət artımına təsirsiz ötüşmür. Ümumilikdə ilin ilk yarısında iqtisadi fəallığın artacağı gözlənilən deyil. Müəyyən sahədə baş verən canlanmalar isə əsasən mövsümi və psixoloji amillərdən qaynaqlanır”.

Müsahibimiz əlavə edir ki, pandemiya əhaliyə yeni davranış tərzini aşıladı və şəxsi avotmobillərin daha təhlükəsiz olması təəssüratını gücləndirdi:

“Koronavirus pandemiyası zamanı ictimai nəqliyyat vasitələri, o cümlədən yerüstü və yeraltı nəqliyyat vasitələri virusun əsas yayılma mənbəyi oldular. Hazırda koronavirus pandemiyası bitməyib və bunun nə vaxt tam bitəcəyi bəlli deyil. Eyni zamanda yoluxucu-respirator xəstəliklərə qarşı əhali daha diqqətli olmağa başlayıb. Bu mənada hər kəs öz şəxsi avtomobilini əldə etməyin yollarını axtarır. Bu məqsədlə müəyyən büdcə formalaşdırır və ya əlində olan vəsaiti şəsxi avtomobil əldə etməyə yönəldirlər”.

Mənbə: sosium.az